General Polad Həşimov
2914 göyalpdan biri
Sən
onu görmürsən, lakin onunla söhbət edirsən, ona
dua edirsən, öz problemlərin barədə
danışırsan, şikayətlənirsən. Bəlkə
də hər gün onlarca dəfə Yaradanın adını
çəkirsən...
Elə
insanlar var ki, onlara da beləcə - müqəddəs
varlıq kimi münasibət bəsləyirsən.
Bu
insanı sağlığında tanıyan az olub, amma Azərbaycanda
hamı onu sevir.
Azərbaycanda
qəhrəmanlıq rəmzlərindən birinə
çevrilmiş general-mayor Polad Həşimovun
ölümü bütün Azərbaycan xalqına zərbə
oldu.
Ailəsi və anası ilə
birlikdə
kirayə mənzildə yaşayan
general
2016-cı
ilin aprel ayında dörd günlük müharibədən
sonra o vaxt hələ polkovnik rütbəsində olan Polad Həşimova
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə
görə yeni mənzilin açarları təqdim edildi.
Zabit həmin mənzili Aprel döyüşlərində həlak
olmuş əsgərinin ailəsinə verdi, öz ailəsi isə
yenə kirayə mənzildə yaşamağa davam etdi. Son bir
ildə Milli Qəhrəmanın sıravi xidmət
yoldaşları onun nəcibliyinə dəlalət edən
çoxsaylı belə faktları ictimaiyyətə
çatdırıb. Generalın qayğıkeş zabit
olmasını və tez-tez əsgərlərə şəxsən
kömək etməsini demək azdır. Onun tabeliyində olan
bir əsgər xatırlayır ki, məzuniyyətə getməyə
hazırlaşırdı, lakin nəinki valideynlərinə hədiyyə
almaq üçün pulu, heç yol pulu da yox idi. Ertəsi
gün hərbi hissənin komandiri Həşimov onu
çağırıb deyir: “Get hazırlaş, sabah evinizə
gedəcəksən. Səhər hərbi hissənin binası
qarşısında maşın səni gözləyəcək,
amma getməzdən əvvəl mənim yanıma gəl”.
Əsgər
belə də etdi. Səhəri gün Polad Həşimov həmin
hərbi qulluqçuya bir zərf verir və bu zərfi
yalnız evlərinin qapısı qarşısında
açmasını və ona zəng vurmasını xahiş
edir. Əsgər belə də edir. Zərfi açanda
görür ki, orada pul və valideynlərinə xoş arzular
bildirilən qısa məktub var.
Bəzi
generalların qısqanclığı Həşimova tez-tez
mane olurdu, lakin o, mərdliklə dözüm gətirirdi.
Tabeliyində olanlar ona səmimi hörmət bəsləyir və
onu sevirdilər, Həşimov da onlara bu cür münasibət
bəsləyirdi. Onun tabeliyində olanlara münasibətində
zərrə qədər təkəbbür, rütbəcə
onlardan böyük olmasına görə lovğalıq əlaməti
yox idi, hər kəsə qayğı göstərir, hər kəs
üçün narahatlıq keçirirdi. Öz işini
şərəflə və məsuliyyətlə yerinə
yetirirdi.
Üçüncü
Ordu Korpusunun qərargah rəisi, general-mayor Polad Həşimov
2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin
Tovuz istiqamətində başlamış döyüşlərin
gedişində, iyulun 14-də həlak olub. O vaxt bütün
Azərbaycan ayağa qalxdı. Qəhrəmanın ailəsinin
yaşadığı evin qarşısında on minlərlə
insan toplaşmışdı. Onlar Həşimovun anasına
müraciətlə bir səslə deyirdilər: “Ağlama,
ana, biz hamımız sənin oğullarınıq”.
Onun
tabutunu Sumqayıtdan Bakıya əllə gətirdilər.
Şəhər rəhbərləri Milli Qəhrəmanın
dəfn edildiyi Fəxri Xiyabana insan axınını məhdudlaşdırmışdı.
Elə həmin gecə bütün ölkədə yüz
minlərlə insan küçələrə və meydanlara
çıxdı. Onların əllərində bir
şüar vardı: “Cənab Prezident, bizə silah ver”.
Ölkə sanki qaynayırdı, aydın idi ki,
torpaqlarımızın azad edilməyə başlanması
yaxınlaşır.
Polad
Həşimov əslən Qəbələ rayonundandır.
Onun ölümündən sonra ölkənin bütün
guşələrində mağazaların vitrinlərində,
evlərin fasadlarına qəhrəmanın şəkilləri
asılıb. Azərbaycan Prezidenti Qəbələdə olarkən
Poladın portretinin qarşısında dayanmışdı.
Onun qətiyyətli baxışlarından görünürdü
ki, bu ölümün qısası alınacaq, özü də
bu, çox tezliklə olacaq.
Bütün qəhrəmanların
anası
Son
bir ildə bizim qəhrəmanlarımız, onların valideynləri
və yaxınları haqqında videolara baxarkən tez-tez təkrarlanan
belə ifadələr diqqəti cəlb edir: “Mənim
oğlum doğma torpaqlarımızı azad etmək və
Poladın qisasını almaq üçün müharibəyə
getdi”, “Polad Həşimov həlak olandan sonra biz onu saxlaya bilmədik,
o, qisas almağa getdi”, “General-mayor Polad Həşimovun həlak
olması xəbəri ona çox güclü zərbə
vurdu”.
Snayper
Rüfət Məmmədli 44 günlük Vətən
müharibəsinin qəhrəmanlarından biridir. 2016-cı
il Aprel döyüşlərinin iştirakçısı
olmuş Rüfət döyüş əməliyyatları
zamanı 98 düşmən əsgərini məhv edib.
Anası
xatırlayır ki, Rüfətin 2020-ci il iyul ayında Azərbaycan
Respublikasının dövlət sərhədinin Tovuz istiqamətində
Ermənistanın provokasiyasının
qarşısının alınmasında göstərdiyi
igidliyə görə general-mayor Polad Həşimov öz qol
saatını Rüfətə bağışlayıb.
General
həlak olandan sonra Rüfət onun qisasını
alacağına söz vermişdi. O, sözünün
üstündə durdu, Murovdağdan Şuşaya qədər
rəşadətli döyüş yolu keçdi və
Şuşada şəhid oldu.
General
Həşimovun anası Səmayə xanım Qarabağda həlak
olmuş bütün qəhrəmanların analarının rəmzinə
çevrilib. İndi Səmayə xanımın oğlunun
xatirəsinə ehtiramını bildirmək istəyən hər
kəs onun qapısını döyür. Bəzi ölkələrin
səfirləri bu qadının dözümlülüyünə,
təkcə Azərbaycanın deyil, bütün Türk
dünyasının fəxr etdiyi bir oğul
böyütdüyünə görə onun
qarşısında baş əyir, əlini öpürlər.
Təsadüfi deyil ki, Azərbaycanla bərabər başqa
ölkələrdə də küçələrə,
parklara, bağçalara Polad Həşimovun adı verilir,
onun portretləri mağazaların vitrinlərində
asılır.
Xalqın
öz qəhrəman övladına sevgisini ifadə edən
maraqlı bir statistik fakt: bu ilin altı ayı ərzində Azərbaycanda
doğulmuş 154 oğlana Polad adı verilib.
General
Həşimov haqqında hələ çox filmlər çəkiləcək,
çox kitablar yazılacaq. O, Azərbaycan
döyüşçüsünün, Vətən müharibəsinin
2914 şəhidinin hər birinin təcəssümüdür.
Türk
mifologiyasında qəhrəman döyüşçülərə
göyalp (“Səma qəhrəmanı”) deyirdilər. Bizim
şəhidlər Qarabağ uğrunda müharibənin
göyalplarıdır.
Qələbəyə inam
Son
illərdə Azərbaycanda qəhrəmanlara - mifik qəhrəman
obrazlarına yox, real qəhrəmanlara ehtiyac yaranıb.
Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın
işğal altında olması və düşmənin həmin
torpaqları dinc yolla qaytarmaqdan imtina etməsi cəmiyyətin
müəyyən hissəsində bədbinlik
yaratmışdı. Lakin bir nəfər özünün hər
çıxışında, hər müsahibəsində,
xarici nümayəndə heyətləri ilə
danışıqlarda, qaçqınlarla çoxsaylı
görüşlərdə deyirdi: “Biz torpaqlarımızı
azad edəcəyik, biz Qarabağa qayıdacağıq”.
Bu şəxs Prezident
İlham Əliyevdir.
Prezident
İlham Əliyevin
2010-cu il noyabrın 7-də Milli Qəhrəman
Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun
dəfn mərasimində nitqi bütün dünyaya belə
bir ismarış idi ki, Azərbaycan öz torpaqlarını
istənilən yolla qaytaracaq.
Ali Baş Komandan qəhrəmanlarla vida mərasimində
deyib: “Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı
üçün çox kədərli bir gündür. Bu aylar
ərzində bütün Azərbaycan Fəridin, Mübarizin
ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik
göstərmişdir. Mən bilirəm, bütün bu aylar ərzində
vətəndaşlarımız, müxtəlif bölgələrdə
yaşayan vətəndaşlar şəhid
övladlarımızın ailələrinə baş çəkib
başsağlığı vermiş, öz həmrəyliyini
göstərmişlər. Mübarizin və Fəridin qısa
və şərəfli həyatı Azərbaycan
xalqını daha da birləşdirdi.
Bu gün, eyni zamanda çox şərəfli
bir gündür. Çünki biz öz övladlarımızı burada
böyük ehtiramla son mənzilə yola salırıq.
Əminəm ki, onların əziz xatirəsi Azərbaycan
xalqının qəlbindən heç vaxt silinməyəcəkdir.
Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid
kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini
gözləyirlər. Onlar öz doğma torpaqlarını
azad etmək üçün hər an hazırdırlar. Azərbaycan
Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar,
ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı
bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda
silah-sursat, hərbi texnika, döyüş imkanları
vardır, eyni zamanda ordumuzda böyük ruh yüksəkliyi
vardır. Çünki bizim işimiz haqq işidir. Biz
heç bir ölkənin torpağını zəbt etməmişik.
Bizim torpaqlarımız uzun illərdir ki, işğal
altındadır. Bizim heç bir başqa dövlətin
torpağına iddiamız yoxdur. Amma öz
torpağımızdan heç kimə bir qarış verməyəcəyik.
Biz öz ərazi bütövlüyümüzü bərpa
edəcəyik. Mübarizlə Fərid başqa ölkənin
ərazisində həlak olmamışlar, öz doğma
torpağında şəhid olmuşlar.
Gün gələcək,
Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir”.
Həmin
gün 2020-ci il noyabrın 8-də yetişdi.
İki sahil.- 2021.- 5 noyabr.- S.8.