Zəfər sənin adındır,

Azərbaycan əsgəri!

 

Bir gözümüzlə gülsək bir gözümüzlə hər zaman ağlamışıq. Vətəndeyə-deyə illərlə ürəyimizə qara qanlar axıtmışıq. İllərlə dilimizdən düşməyən arzu, xəyal, istəkİllərdir hər sözümüzün, söhbətimizin əvvəli, sonu Qarabağİllərdir həsrətində olduğumuz, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına Böyük Qayıdışın arzusu ilə yaşamışıq. İllərdir hər duamızın içində qələbə arzusu... Nəhayət, yuxuda görməyi belə xoşbəxtlik hesab etdiyimiz arzumuz gerçəkləşdi.

Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ərazilərdə hücuma keçməsi birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Müharibənin ilk günlərindən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında dəmir yumruq kimi sıx birləşdi. Minlərlə igid vətəndaşlarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs orduya maddi mənəvi dəstək göstərməyə başladı. Qələbəyə doğru inamla irəliləyən qəhrəman əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, döyüş texnikalarını, infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edərək sürətlə kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi, strateji yüksəklikləri işğaldan azad etdi.

Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı 8 Noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli bayrağımız ucaldıldı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü. Şəhərlər, kəndlər, qəsəbələr bayram sevinci ilə Zəfər Gününü qeyd etdi. budur, şanlı Qələbəmizin bir ili tamam olur.

Zəfərə gedən bu yol qısa olsa da, bu 44 günün hər günü bizə bir ömür kimi gəldi. Hər günü yeni, xoş xəbərlər gözləyərək, həsrətlə başa vurduq. Aldığımız hər xoş xəbər bizə dünyanı bəxş edərkən, hər acı xəbər ürəyimizə xəncər kimi sancıldı. Şəhid analarının fəryadı, gözü yaşlı körpələrin ürək dağlayan səsi düşmənə olan nifrətimizi, intiqam hissini birə on artırdı. Ağrı-acısı uzun olan bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusu gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Bizim bu haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı.

Bu yurd savaşında Azərbaycanın yenilməz qardaşı Türkiyə daim xalqımızın yanında oldu. Həm siyasi, həm mənəvi dəstəyini bizdən əsirgəməyən can qardaşımız Türkiyə bir daha türkün türkdən başqa dostu olmadığını dünyaya sübut etməkdə bizə yardımçı oldu.

Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdurdeyən ulu öndər Heydər Əliyevin arzusu reallaşdı. Böyük Qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız xalqa əsrin sevincini yaşatdı.

Azərbaycan əsgəri! Bu söz necə iftixarla səslənir! Bu səslənişdə bir qürur var, zəfər var, qalibiyyət var. Zəfər sənin adındır, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmət izzətlə çəkilib. Bu günə qədər sənin şəninə yüzlərlə əsərlər yazılıb, mahnılar bəstələnib, abidələr ucaldılıb. Azərbacan əsgəri, sənin qəhrəmanlığın bundan sonra da hər zaman vəsf olunacaq, adın dillərə dastan olacaq.

 

Pərviz Babayev,

Bakı şəhəri Nəsimi rayonu icra şöbəsinin icra

məmuru, I dərəcəli ədliyyə qulluqçusu

 

İki sahil.- 2021.- 6 noyabr.- S.25.