Tarixin şanlı 44 günü
Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, ikinci Qarabağ savaşı, böyük Qələbə kimi də adlandırılan 44 günlük şanlı Zəfər tarixindən artıq bir il ötür… Çox tez keçdi bir il. Lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Necə güclü, necə qüdrətli dövlətimizin olduğuna, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımızın varlığına bu 44 gündə bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.
Otuz il boyunca heç bir beynəlxalq təşkilatın addım atmadığına, dünya birliyinin işğalçılara göz yumduğuna əmin olan dövlətimiz artıq öz məsələsini özü həll etmək qərarına gəldi. On minlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə başladı. Hətta ölkə xaricində olan həmvətənlərimiz də konsulluqlara müraciət edərək könüllü ordu sıralarına yazıldılar. Onlar döyüşə hazır olduqlarını və 30 illik həsrətə son qoymaq üçün axır nəfəslərinə qədər döyüşəcəklərini dedilər. Əvvəllər bu sözlər bizə bir mif kimi, bir təsəlli kimi gəlirdi. Lakin İkinci Qarabağ savaşı göstərdi ki, həqiqətən Vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, onu sonda nə gözləyəcəyini bilmədən gözüyumlu döyüşə gedən, qazi olaraq həyatının sonuna kimi şikəst qalmağı gözə alan, bütün sevdiklərini, ailəsini, övladlarını geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə gedən igidlərimiz var imiş. İnsan necə böyük daxili qüdrətə, iradəyə və Vətən eşqinə malik olmalıdır ki, arxasında buraxdıqlarına baxmadan ölümə gedə bilsin. Mənim həyat yoldaşım da 2 dəfə könüllü olaraq müharibədə iştirak etmək üçün müraciət etmiş və döyüşlərdə iştirak etmişdir.
Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsi. Düşmənin hərbi təcavüzündən sonra 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin Sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundular.
Həmin igidlər 30 il ərzində “biz döyüşməyə hazırıq, lazım olsa ölümə də gedərik” ifadəsinin yalnız söz xatirinə deyilmiş olmadığını sübut etdilər. Bəs son damla qanına qədər vuruşan döyüşçülərimizdə bu əzm haradan idi? Bu sualın çox sadə cavabı var. Onlar öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdülər. Azərbaycan dövləti heç zaman heç kimin torpağına göz dikməmiş və öz ərazisinə aid olmayan torpaqlar barədə ərazi iddiasında olmamışdır. Ali Baş Komandanın da dediyi kimi, “biz öz torpaqlarımızda vuruşuruq”. Bunun əksinə olaraq erməni əsgərləri ümumi səfərbərlik nəticəsində zor gücünə toplanır, məcburi olaraq Qarabağ bölgəsinə gətirilirdi. Onlar çox gözəl bilirdilər ki, bu torpaqlar Azərbaycanındır. Heç kim özünə aid olmayan ərazi uğrunda həyatını təhlükəyə atmaq istəməz.
Qələbəmizin payında Vətənə canını fəda edən şəhidlərimiz, öz sağlamlıqlarını qurban verən qazilərimiz, müharibənin dəhşətləri içərisində böyük travma alan veteranlarımızdan əlavə bu cür mərd oğulları yetişdirən valideynlərin, heç nəyə baxmadan onları gözüyumulu cəbhəyə yola salan mərd xanımların da böyük rolu var idi. Mən özüm də daxil olmaqla bir neçə müharibə iştirakçısının xanımı ilə əlaqə saxladıqda ortaq bir məqama şahid oldum. Biz yoldaşlarımızı müharibəyə fəxrlə yola saldıq, onların ardınca ağlamadıq, mərd dayandıq, başımızı uca tutduq, çünki biz möhkəm olmalı idik ki, onlar güc toplayıb düşmənə daha ağır zərbələr endirə bilsinlər. Biz möhkəm olmalı idik ki, övladlarımız atalarının necə bir qəhrəman olduqlarını dərk edə bilsinlər.
Mən yoldaşımı cəbhəyə yola salan ilk gündən azyaşlı övladıma “Sənin atan qəhrəmandır, düşmənləri bizim torpaqlarımızdan qovmağa gedir” deyə izah etdim. Qızım balaca ürəyi ilə çox sevinirdi ki, atam pis adamları qovur. Lakin zaman-zaman onun üçün çox darıxaraq ağlayırdı. Əgər biz xanımlar da göz yaşı töksəydik kim onlara təsəlli verəcəkdi? Çox çətindir döyüşçü xanımı olmaq, eyni zamanda da qürurvericidir. Həmin günlərdə keçirilən qarışıq hissləri sözlə ifadə etmək qeyri-mümkündür. Hər səhəri ümidlə açmaq arzusu, hər gecə səhərin hansı xəbərlə açılacağını bilmədən yuxuların ərşə çəkilməsi. Bir neçə gün cəbhə ilə əlaqə saxlaya bilmədikdə bütün mümkün ola biləcəklərin bir anda ard-arda xəyalında canlanması, və ürəyindəki narahatlığı heç kimə büruzə verməmək üçün güclü görünmək məcburiyyəti. Bütün bunlar yalnız 44 gündə deyil, müharibə bitdikdən sonra döyüşçülərimiz geri qayıdana qədər yaşandı. Kaş ki bütün mərd oğullarımız şanlı Qələbə ilə nəticələnən müharibədən sağ-salamat geri qayıdaydı. Kaş ki heç bir uşaq atasız, heç bir valideyn övladsız, heç bir bacı qardaşsız, heç bir xanım həyat yoldaşsız qalmayaydı.
2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq müharibənin sonlandığı elan olunanda hər yanda Qələbə sevinci yaşandı. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Azərbaycanın 30 ilə yaxın düşmən tapdağı altında qalan dilbər guşələri öz əbədi sahiblərinə qayıtdı. Bu sevinclə yanaşı, şəhidlərimizin ailəsində hüzn, hələ cəbhə bölgəsində olan hərbçilərimizin ailəsində isə narahatlıq hissləri bir-birinə qarışdı.
Həyat yoldaşım gizir Ağayev İlkin Elman oğlu Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayılda olarkən döyüş yoldaşları ilə birlikdə tank əleyhinə minaatanın dalğasına tuş gəlmişdir. Bunun nəticəsində bir qulağı eşitmə qabiliyyətini itirmişdi. 44 gün ərzində hər an ölümlə üz-üzə idilər. Lakin bu, onları qorxutmadı, onları dəhşətə gətirən gözləri önündə faciəli şəkildə şəhid olan döyüş yoldaşları idi. Ona görə də müharibə iştirakçıları içərisində aylar sonra aldıqları travma nəticəsində canına qəsd edənlər də oldu. Üstündən bir il keçməsinə baxmayaraq hələ də müharibə barədə söhbət açılarkən bu qanlı savaş iştirakçılarının halı dəyişir, gözləri yaşarır. Təkcə ona görə yox ki, müharibədə dəhşət içində döyüşdülər, ağrılar, acılar çəkdilər, yaralandılar, böyük travma aldılar, həm də ona görə ki, döyüş yoldaşlarının şəhidlik zirvəsinə yüksəlmələrinin şahidi oldular.
Bizim qəhrəmanımız müharibədə yaşadıqları barədə söz açanda gördüklərinin filmlərdə çəkilənlərdən qat-qat dəhşətli olduğunu deyir. Təkcə Şuşa uğrunda gedən döyüşlər bütün dünyanı lərzəyə salmışdı. Hərbçilərimiz sıldırım qayaları, yüngül silahlarla aşmış, düşmənlə əlbəyaxa döyüşmüş, şəhid və yaralı yoldaşlarını da özləri ilə daşımışdılar.
Qırx dörd gün ərzində cəbhədəki şanlı Qələbəmizlə yanaşı, Azərbaycan xalqı informasiya cəbhəsində də üstünlüyü əlinə aldı. Xalqımız gerçəkləri dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsində də qalib gəldi. Bu qalibiyyətin başında da Ali Baş Komandan dururdu. Prezident İlham Əliyev müzəffər ordumuzun uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsini dünya birliyinə və mediasına çatdırdı.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləri də öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də, Qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu Zəfərin neçə-neçə igid oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq. Əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq, uğrunda ölən varsa, Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır.
Azərbaycanın şanlı Qələbəsini öz canları və qanları ilə yazan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyir və hər birinin qarşısında baş əyirik. Həmçinin onların ailələri qarşısında baş əyirik. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Bəli, 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər, “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımızın, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində Qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Nuridə
Əlizadə,
Ədliyyə
Akademiyasının baş məsləhətçisi,
I dərəcəli ədliyyə
qulluqçusu
İki sahil.- 2021.- 6 noyabr.- S.21.