Qələbəmizin rəhni: Güclü
iqtisadiyyat, qüdrətli ordu
Qırx dörd gün davam edən
və 2020-ci il noyabrın 10-da başa çatan Vətən
müharibəmiz xalqımızın 30 ilə yaxın davam edən
torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda
illərdir güclü dövlət quruculuğu istiqamətində
aparılan strategiyanın və müəyyən hədəflərə
hesablanmış ağıllı siyasətin məntiqi nəticəsi
oldu.
Birinci
Qarabağ müharibəsindən ağır itkilərlə
çıxan Azərbaycanda ötən 27 il ərzində
güclü dövlət quruculuğu həyata keçirildi.
Bu da təbiidir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin
əsas səbəblərindən biri orduda vahid
komandanlığın olmaması idisə, digəri isə
ölkədə mövcud olan özbaşınalıq səbəbindən
iqtisadi inkişaf üçün heç bir əsaslı
addımın atılmaması idi. Yəni, heç bir dövlətçilik
anlayışı olmayan təsadüfi şəxslərin
hakimiyyətə gəlmələrinin acı nəticəsi
olaraq torpaqlarımızın 20 faizi işğal edildi, ölkə
isə məhv olmaq təhlükəsi ilə üz-üzə
qaldı. Xalqın təkidli tələbi ilə hakimiyyətə
gələn ulu öndər Heydər Əliyev isə məhz
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” prinsipi əsasında dövləti əsaslı
şəkildə yenidən qurmağa başladı.
Müharibədən yenicə çıxmış bir
ölkənin 1994-cü ildə - atəşkəsin əldə
olunmasından bir neçə ay sonra “Əsrin müqaviləsi”
kimi önəmli bir sazişin imzalanmasına nail olması təbii
ki, Azərbaycanın qüdrətli dövlətə
çevrilməsi yolunda atılan ən önəmli addım
idi. Bununla yanaşı, Ermənistan istisna olmaqla bütün
qonşu ölkələrlə, digər xarici dövlətlərlə
və təsisatlarla qarşılıqlı iqtisadi maraqlara əsaslanan
əməkdaşlıq əlaqələri quruldu ki, bu da
zamanla ölkəmizin siyasi maraqlarının beynəlxalq
miqyasda təmin olunmasında mühüm rola malik oldu. Beləliklə,
Ermənistanın iqtisadi blokadasının və gələcək
hərbi məğlubiyyətinin təməli elə birinci
Qarabağ müharibəsindən dərhal sonra qoyulmuş
oldu.
Əgər
1993-2003-cü illər Azərbaycanın güclü dövlət
qurmaq yoluna ilk addımları kimi qiymətləndirilirsə,
sonrakı 17 il ərzində ölkəmiz Prezident İlham
Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlər
sisteminin fəal aktorlarından birinə çevrildi. Azərbaycanın
bir başa təşəbbüsü və iştirakı ilə
həyata keçirilən neft, qaz və nəqliyyat layihələri
nəinki ölkəmizin, həmçinin regionun iqtisadi
qüdrətini artırdı, buna paralel olaraq isə
bütün bu fürsətlərdən kənarda
qalmış Ermənistanın iqtisadi blokadasını daha da
gücləndirdi və işğalçı ölkənin
onsuz da məhdud olan iqtisadi imkanlarının üzərindən
tamamilə xətt çəkmiş oldu.
Təbii
ki, artan iqtisadi imkanlar artıq ordu quruculuğuna daha
böyük vəsaitlərin ayrılmasına, hərbi
arsenalımızın ən müasir texnikalarla təchiz edilməsinə
böyük imkanlar açırdı. Ötən illər ərzində
məhz hərbi məqsədlər üçün hər il
əvvəlkilərdən daha böyük məbləğlərdə
vəsaitlər ayrıldı, bir çox hallarda Silahlı
Qüvvələrimizə ayrılmış xərclər Ermənistanın
bütün dövlət büdcəsindən təxminən
2 dəfə çox olurdu. Bununla yanaşı, peşəkar
hərbçilərin hazırlanması istiqamətində də
böyük işlər görüldü. Hərbçilərin
beynəlxalq təlim və kurslarda iştirakları təmin
edildi, vətənpərvərlik ruhu ən yüksək səviyyədə
təbliğ olundu. Ən önəmlisi isə Azərbaycan
Ordusu dünyanın ən güclü 50 ordusundan birinə
çevrildi. Beləliklə, iqtisadiyyatı güclü olan
dövlət bir neçə il ərzində işğal
olunmuş ərazilərini cəmi 44 gün müddətində
azad etməyə qadir oldu.
"Biz
iqtisadiyyatı gücləndirməli idik və yaxşı
başa düşürdük ki, buna nail olmasaq biz düşməni
torpaqlarımızdan qova bilməyəcəyik." Bu sözləri
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada
hərbçilər qarşısında
çıxış edərkən deyib. Dövlət
başçısı vurğulayıb: "İlk növbədə
iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər
biz asılı vəziyyətdə olsaydıq, hansısa
başqa böyük dövlətlərdən asılı
olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu
şərəfli missiyanı yerinə yetirək. Ona görə
Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə
hesablanmış bütün lazımi addımlar
atıldı və qısa müddət ərzində biz buna
nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial
baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan
birinci sıralardadır".
Artıq
Ermənistan başa düşür ki, Azərbaycanla
hesablaşmaqdan başqa yolu qalmayıb. Ermənistan rəhbərliyi
də etiraf edir ki, onlar illər ərzində bütün sahələrdə,
xüsusilə də iqtisadi sahədə Azərbaycandan qat-qat
geridə qalmışdılar. Güclü iqtisadiyyatı,
qüdrətli Ordusu sayəsində Azərbaycanın
qazandığı Qələbə ilə “Dağlıq
Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə
qovuşub.
Sevinc Azadi
İki sahil.- 2021.- 12 noyabr.- S.16.