Zaman Konstitusiyamızın nə qədər
güclü,
kamil və həyati
ali sənəd olduğunu təsdiqlədi
12 noyabr- Müstəqil Azərbaycanın ilk milli
Konstitusiyasının qəbul edildiyi Gündür
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 26 il bundan əvvəl qəbul edilmiş ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu həmin il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan konstitusionalizminin tarixinə nəzər salsaq, görərik ki, ilk Konstitusiyanın qəbulu məhz SSRİ dövrünə təsadüf edir. SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən 1995-ci il Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Konstitusiyanın stabilliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir, ictimai münasibətlərin inkişafı prosesi konstitusiyaların zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsini labüd edir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər. Bu baxımdan hüququn müasir inkişaf tendensiyaları və ölkəmizin inkişaf etmiş və müasir ölkələrin ailəsinə fəal inteqrasiyası Azərbaycanda konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Bu zərurətdən irəli gələrək 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər də öz növbəsində Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədlərinə xidmət etmişdir.
Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirilmiş, bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli özünüidarəetmə orqanları olan bələdiyyələr yaradılmış və fəaliyyətə başlamış, xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşmışdır. Bu institutlar Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin edilməsinə, ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verməklə hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir.
Müstəqil dövlətimizin ilk Konstitusiyası əvvəlkilərdən köklü surətdə fərqlənir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Əsas qanunlarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdi. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır. Sovet konstitusiyalarından fərqli olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması xüsusi əhəmiyyət kəsb edir. Əsas Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilmişdir. Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə uzun sürən totalitar sistemdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından – əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə edilməsində iştirak hüquqları və sairədən yararlanmaq imkanı verilmişdir. Bu, onun birbaşa göstəricisidir ki, insan amili ölkə Konstitusiyasının əsas diqqət mərkəzində durur.
Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdır. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyanın demokratik dəyərlərini əks etdirir.
Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşdirilmişdir.
Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunmuşdur. Əsas Qanun konstitusiya quruluşunun vacib başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.
Necə xoş və qürurvericidir ki, Konstitusiyanın qəbulunun 26-ci ili Vətən müharibəsində qazandığımız böyük Qələbənin sevincini qeyd etdiyimiz günlərə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla icra edərək böyük qələbəyə imza atmışdır. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu. Eyni zamanda, işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpası həm də soydaşlarımızın konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Konstitusiyamızın qəbul edilməsinin 26-cı ilində qürur və fəxrlə deyə bilirik ki, Əsas Qanunumuzun müddəaları bütöv Azərbaycanın ərazisində ali qüvvəyə malikdir.
Artıq zaman Konstitusiyamızın nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib.
Konstitusiyaya hamı tərəfindən ardıcıl və dönmədən əməl olunması, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə uyğunlaşdırılması hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Konstitusiyaya ciddi riayət edilməsi dövlətin uğurlu inkişafının və cəmiyyətdə vətəndaş həmrəyliyinin əsasıdır.
Yaqut Ağaşahqızı
İki sahil.- 2021.- 12 noyabr.- S.8.