Ömrünü Azərbaycan
xalça sənətinin
inkişafına həsr
etmiş görkəmli rəssam
Lətif Kərimov - 115
Ana-nənələrimizin əl-əməyi, göz nuru olan xalçalarımız mədəni informasiyaların qorunub saxlanıldığı qədim yun kitabələrimizdir. Soyuq daş kitabələrdən fərqli olaraq bu kitabələr isti nəfəslərin, sevgi dolu qəlblərin, səbir dolu beyinlərin qaynar məhsuludur. Əlvan rənglər insan övladının zəngin təxəyyülünü ortaya qoyur. Bu sənət xalqımızın əsrlərdən bəri ilmə-ilmə göz nurundan süzülərək qanımıza, canımıza hoparaq özünün ən ali zirvəsinə çatmışdır. Xalçalarımız həyat tərzlərini yaxşılaşdırmaq adına adi kənd daxmalarında əcdadlarımız tərəfindən yaransa da, bu gün dünya muzeylərində özünə yer tapıb. Bacarıqlı anaların oğul və qızları onlara əmanət sənətin daha da mükəmməl bir səviyyəyə çatması yolunda əllərindən gələni əsirgəməmişdirlər.
Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun əməyi də xüsusilə qeyd olunmalıdır. Xalçaçılıq xalq tətbiqi sənətinin ən qədim sahələrindən biridir və Lətif Kərimov bu sənətə yeni həyat verən, ona dünya miqyasında şöhrət gətirən əvəzsiz bir sənətkar və müəllimdir.
Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub. Bu görkəmli sənətkar Qarabağda öz xalçaları ilə məşhur olan “Allahverənlər” nəslindəndir. Xalqımıza biri-birindən dəyərli insanlar verən bu barlı-bəhərli diyar Lətif Kərimov kimi bir sənətkarı da ərməğan etmişdir. Sənətkarın uşaqlıq illəri, xoş xatirələri məhz burada keçib, burada o, xalça sənətinin sirlərinə yiyələnib. 1912-ci ildə Lətif Kərimov 6 yaşında olarkən valideynləri ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar olaraq İranın Məşhəd şəhərinə köçməyə məcbur olub. Dünyaya göz açdığı andan etibarən hanadakı xalçaya vurulan həvənin səsi onun qulağında ana laylası qədər doğmalaşır. Ağlı kəsdiyi andan etibarən onu əhatə edən mühitdə xalçaların naxışlarında özünü tapıb. Xalçaçılıq sənətinə həvəsi onda sevimli anası Telli Hacı Nəsib qızı oyadıb.
Lətif məktəbə getdiyi dövrdə artıq öz müəllim və yaşıdlarını incəsənətə olan istedadı ilə heyran edib. 1922-ci ildə məktəbi bitirdikdən sonra Lətif Kərimov Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında əvvəlcə köməkçi, sonra təlimatçı, daha sonra xalça eskizləri üzərində işləyən rəssam kimi işləmişdir. 1929-cu ildə Lətif Kərimov öz doğma diyarına-Şuşaya qayıdır. Bir il sonra “Azərxalça” birliyində rəssam-təlimatçı kimi əvvəl Şuşaya, Tiflisə və nəhayət 1932-ci ildə Bakıya təyin edilir. 1945-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinin dəyişməz müdiri və eyni zamanda M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda fəal pedaqoji iş aparır.
Dünya şöhrətli sənətkar Azərbaycan xalça yaradıcılığının fəal təbliğatçısı olan Lətif Kərimov dekorativ-tətbiqi sənət sahəsində görkəmli nəzəriyyəçi alim, üç cildlik “Azərbaycan xalçası” monoqrafiyasının müəllifidir. Hansı ki, rəssamın uzun illər apardığı elmi tədqiqat və zəngin təcrübəsinin məhsuludur.
Müəllif bu əsərində özünün tətbiqi dekorativ incəsənətin müxtəlif sahələrində göstərdiyi praktiki fəaliyyəti nəticəsində əldə etdiyi, sistemləşdirib ümumiləşdirdiyi çoxlu yeni məlumatları elm aləminə təqdim edib. I cilddən sonra Lətif Kərimovun səyi nəticəsində daha iki kitabı 1983-cü ildə çapdan çıxıb. Sənətkarın Azərbaycan xalça sənətinin tədqiqinə həsr edilmiş əsərləri Azərbaycan xalqının əsrlər boyu davam edən zəngin bədii irsinin öyrənilməsi və mənimsənilməsində əvəzsiz bir xidmətidir. Bakıda 1983-cü ildə “Şərq xalçalarının incəsənəti” adlı beynəlxalq simpozium, 1988-ci ildə isə “Azərbaycan xalça sənəti” adlı beynəlxalq simpozium keçirilib. Hər iki simpoziuma dünyanın hər yerindən, xarici ölkə nümayəndələrinin, xalça sənətinin bilicilərinin, onun müxtəlif sahələrinin mütəxəssislərinin cəlb edilməsi L.Kərimovun adı ilə bağlıdır. Lətif Kərimovun Bakıda 1967-ci ildə yaratdığı ölkədə ilk “Dövlət xalça və xalq tətbiqi sənəti muzeyi” mədəniyyətimizə ən böyük töhfəsi özünün isə şah əsəridir. O, eyni zamanda, nadir süjetli xalçaların, metal, mərmər, çini məmulatın müəllifi, görkəmli qrafik rəssam və dizayner idi: Onun yaradıcılığında milli ənənələr, kompozisiya tamlığı, təsvir vasitələrinin koloritliyi, bənzərsiz sənət nümunələri meydana gətirmişdir. Azərbaycan mədəniyyətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edən Lətif Kərimov 1937-ci ildə öz əsərləri ilə Ümumdünya Paris sərgisində, 1938-ci ildə Nyu-York sərgisində, eləcə də fərdi sərgiləri ilə 1986-cı ildə Londonda 1954-cü ildə Moskvada, 1976-cı ildə Bakıda, 1978-ci ildə Tiflisdə uğurla iştirak etmişdir.
Lətif Kərimovun yaradıcı təxəyyülünün nəticəsi olan “Əfşan”, “Əcəmi Naxçıvani”, “Xətai”, “Ağaclı”, “Bəndi - rumi”, “Firdovsi”, “Şəbi - hicran”, “Əsrlərin nəğməsi” və s. xalçaları müasir Azərbaycan xalçaçılığında yeni mərhələnin başlanğıcıdır. 26 yaşında yaratdığı “Əfşan” xalçası yaradıcılığında önəmli yer tutur. “Əfşan” naxış kompozisiyasının və məna dəyərinin zənginliyi ilə seçilən bir sənət əsəridir. “Xətai” kompozisiyası sənətkarın tez-tez müraciət etdiyi kompozisiyalardan biridir. Klassik poeziya və musiqi aludəçisi olan Kərimov bu meyarları öz sənətində ustalıqla istifadə etmişdir. Məhəmməd Füzuliyə həsr etdiyi “Şəbi-Hicran” xalçası bu qəbildən olan biridir. Sənətkarın “Səməd Vurğun”, “Nəsimi”, “Firdovsi” və s. xalçalarında vurduğu naxışlar onların yaradıcılığına bələd olmasından xəbər verir. Sənətkar qədimlə müasirin ortaq nöqtəsini tamamlayan onlarla əsərin yaradıcısıdır. O, ərsəyə gətirdiyi əsərlərində saysız hesabsız naxış nümunələrini bir araya gətirərək onların vəhdətini ortaya çıxartmışdır.
Özünün də qeyd etdiyi kimi, hələ altı yaşında bu sənətə qədəm qoymuş və həyatının sonuna qədər ömrünü xalça sənətinə həsr etmişdir.
Sənətkar 8 sentyabr 1991-ci ildə Bakı şəhərində dünyaya əbədi olaraq gözlərini yummuşdur.
Lətif Kərimov, yaşayıb yaratdığı bütün dövrlərdə dövlətə xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur: Stalin mükafatı (I dərəcə) - 1950 (İ.Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalça), “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı - 30 aprel 1955, “Azərbaycan SSR Xalq rəssamı” fəxri adı - 24 may 1960, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı - 16 noyabr 1981, “Qırmızı Əmək Bayrağı” ordeni - 2 mart 1957, “Xalqlar Dostluğu” ordeni - 14 noyabr 1986, “Şərəf Nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu il 16 noyabr tarixində Azərbaycan ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və həmin tarix - 16 noyabr ölkəmizdə “Azərbaycan Xalçası Günü” kimi bayram edilir. Bu tarixin, bütün ömrünü Azərbaycan xalça sənətinin inkişafına həsr etmiş Lətif Kərimovun doğum günü ərəfəsinə təsadüf etməsi də elə rəmzi məna daşıyır.
Bu gün Azərbaycanda xalça sənətinin layiqli davamçıları, Lətif Kərimov kimi sənətkarların yetirmələri vardır ki, onların yaradıcılığında da ustadın dəsti-xətti özünü büruzə verir. Əlvan rəng duyumu, təkrarsız kompozisiya həlli və onların harmoniyasını ustalıqla bir araya gətirən əvəzsiz bir sənətkardır Lətif Kərimov. O, Azərbaycan xalça sənətinin təkrarı olmayan məktəbini yaradaraq, nəsillərə yadigar buraxmışdır.
Sevinc Səbzəliyeva,
Naxçıvan
Dövlət Xalça Muzeyinin
əməkdaşı
İki sahil.- 2021.- 16 noyabr.- S.8.