Bir ailənin Vətən sevdası
Şəhid
leytenant Yaqub Nəcəfovun torpağa
tapşırıldığı gündən bir il
ötür
2020-ci ilin oktyabr ayı idi. Bütün Azərbaycanın qəlbi
ön cəbhədə döyünürdü. Ərazi
bütövlüyümüzün bərpası uğrunda
edilən qəhrəmanlıqlar düşmən
tapdağı altında olan kənd, şəhər və qəsəbələrimizin
ard-arda işğaldan azad olunması ilə nəticələnirdi.
O günlərdə igid əsgər və zabitlərimizin qəhrəmanlıqları
ilə bərabər, şəhid valideynlərinin Vətən
adına səbirli və mətanətli
davranışları da ağızdan-ağıza
dolaşmaqda idi. Hələ bitməyən müharibə 44
gün davam edəcək, yüzlərlə igid öz
canı, qanı bahasına yeni Vətən Tarixi
yazacaqdılar...
Həmin ərəfələrdə bir şəhid
anasının böyüklüyünü - sözə, cümləyə,
kitaba sığmayacaq mətanətli davranışını
hadisə şahidlərinin dilindən heyrətlə dinləmişdim. Sumqayıtda
ailələrə şəhid xəbəri gəlir, hamı
qəhrəmanları son mənzilə yola salmaq
üçün toplaşır.
...Əsgər və zabitlər narahat halda valideynlərin
qarşısında susurlar. Bilirlər ki, onlar son dəfə
övladının üzünü görmək, şəhidlərin
arasında onu tanımaq və əmin olmaq istəyəcək
və axı, həm də buna ən çox onların
haqqı çatır. Amma necə desinlər ki...
Gözüyaşlı
ana şəhid cənazələrinə yaxınlaşıb,
“Bala, onların hamısı mənim balalarımdır. Vətən,
torpaq onları şərəfləri ilə qəbul edib, siz
verin, kimi versəniz, biz qəbul edəcəyik, - deyir, göz
yaşlarında boğulur...
44
günlük müharibə Azərbaycanın ən yeni Zəfər
tarixi kimi yaddaşlara yazıldı. Mənə elə gəlir
ki, Vətən müharibəsinin baş qəhrəmanları
şəhid analarıdır. Bu söhbəti eşidəndə
düşünmüşdüm ki, İlahi, şəhid
analarının ürəkləri bu boydadırsa,
onların
böyütdüyü övladlar nələrə
qadirdir?!
“Hansısa
şəhidi yaxından tanımaq istəyirsinizsə,
anası ilə söhbətləşin...” yazaraq, dəftərin bir küncünə
kiçik qeydlər etmişdim.
Vətən
müharibəsinin ən gənc şəhid zabiti
Ali Hərbi
Məktəbin (AHM) IV kurs tələbəsi, şəhid
leytenant Yaqub Məhəmməd oğlu Nəcəfovun
anasına oğlu ilə bağlı ilk sualı 20 il öncə
vermişdim. Onda ailənin üçüncü övladı
yenicə doğulmuşdu. Onu görmək üçün
Culfaya getmiş, peyğəmbər adı verilən bu
oğlanı beşikdə görmüş və “Xala, bu
uşaq niyə bu qədər çox gülür?”-deyə
soruşmuşdum. Xalam da sözlərimə gülümsəyərək
cavab vermişdi:--“Körpələr çox gülər də”.
Sonralar hər
dəfə Yaqubu görəndə nurlu simasında o körpəliyindəki
təbəssümün heç bir zaman itmədiyini
gördüm. Heç vaxt düşünməzdim ki, dindirməsən
danışmayan, bir az utancaq, sual verəndə hörmətlə,
qızararaq cavab verən, nəvələr arasında ən
kiçiyimiz olan bu oğlan 19 yaşlı motoatıcı
taqım komandiri kimi məzun belə
olmadan döyüşərək Şuşaya qədər
gedib çıxacaq, Vətən müharibəsinin ən gənc
şəhid zabiti kimi adını
onu tanıyanların və
Vətənin qəlbində əbədi ucaldacaq.
Əbədiyyətə
yüksəlişin İlahi işarəti
2000-ci
ilin 7-ci ayının 7-ci
günündə doğulmuşdu. Nə hikmətsə,
07.07.2000-ci il doğum tarixindəki rəqəmlərin cəmi
də “7”-dir. Təsadüflərə inanmıram, hardasa
oxumuşdum ki, təsadüf kimi gördüklərimiz əslində
ali qatda ən çox hesablanılanlardır. Bəlkə də bu, şərəfli qısa
ömrünə sonsuzluğu sığdıra biləcəyinin
İlahi işarəti idi?! “7” bir çox dinlərdə və
inanclarda müqəddəs sayılaraq sonsuzluğa işarə
edir.
“Facebook”dakı
“Yakub N-li Yakub” profil adı altında ən ciddi fotosunda belə
onun üzündəki nuru və təbəssümü
görmək olur. 19
yaşını yayda tamamlamışdı. “Bir il də belə getdi, ad günüm mübarək!”–yazıb,
özünü təbrik etmişdi. Nəsildə
yaşca ən balaca o idi, amma böyümüşdü və
hətta döyüşlərdə şücaət göstərib,
Vətən uğrunda, Şuşa
uğrunda əlbəyaxa döyüşə girə biləcək
qədər böyümüşdü. Amma biz onu hələ
də uşaq bilirdik və hər nə qədər uşaq
kimi qəbul etsək də, Vətən boyda ürəyi
varmış şəhid leytenant Yaqub Nəcəfovun...
Ziyalı ailəsində halal zəhmət ilə, Vətən
sevgisi, milli dəyərlərə hörmət ruhunda
böyüdülmüşdü. Valideynlərinin hər
ikisi müəllimdir. İstedadı, savadı, tərbiyəsi,
davranışları ilə seçilirdi. AHM-in dördüncü kursunda təhsilinə
başlayanda ermənilər bütün cəbhə boyu fəallaşır,
tez-tez təxribatlar törədirdilər. Vətən
müharibəsi elan olunandan sonra kursant Yaqub Nəcəfov
leytenant rütbəsi alıb döyüşlərə
atılmışdı. Əsgərləri
ilə fəxr edir, onlarla fotosunu paylaşanda “Canavarlarım mənim!”
yazırdı. Söhbətlərinin birində “Hamı Vətənini
sevə bilər, amma hər insan Vətənini şəhid
olmağa hazır olacaq qədər sevə bilməz!” --deyibmiş.
Üç
zabit övlad - üçü də ön cəbhədə
Atası Məhəmməd müəllim
danışır ki, Vətən müharibəsi elan edilməmiş
övladları bu barədə məlumatlı idilər. III kursu yenicə bitirib
doğum günü ərəfəsində yay tətilinə
gələn Yaqub
tezliklə Bakıya qayıdır, müharibədən
bir ay öncə - avqust ayında Beyləqandakı
döyüş təlimlərinə qoşulur: “Biz hiss edirdik
ki, ciddi əməliyyatlar olacaq, çünki digər iki
oğlum da Qarabağda fəallaşmaqda olan
düşmənlə üz-üzə qulluq edirdilər.
Daha sonra onu Gəncədə dağatıcı
döyüşlərinə hazırladılar. Həmişə formada, məsuliyyətli və cəsarətli
idi. Ordumuzun gücünü bilirdi, deyirdi
ki, ata, bu dəfə biz qələbə qazanacağıq”.
Yaqub Nəcəfov Vətən müharibəsində
iştirak edən üç qardaşdan ən kiçiyi idi. Ailədə üç
oğlan idilər, üçü də ali
təhsilli zabit olaraq düşmənlə ön xətdə
döyüşürdülər. Baş
leytenant, qazi İbrahim Nəcəfov və onun əkiz
qardaşı, baş leytenant İsmayıl Nəcəfov
AHM-in məzunlarıdır. 2016-cı ildən
öz arzuları ilə
Qarabağ bölgəsində Vətənə qulluq
edirlər. Məzun olduqdan sonra onlara Naxçıvanda, hətta
ailəsinin yaşadığı Culfada zabit kimi hərbi xidmətlərini
davam etdirmək təklif olunsa da, qardaşlar məhz bu ərazidə
ön cəbhədə xidmət etməyi üstün
tutublar. Bu gün də öndə xidmətini
davam etdirən baş leytenant İsmayıl Nəcəfov deyir
ki, biz düşünürdük ki, əgər bu sənəti
seçmişiksə, yolumuz hərb yoludursa, ön cəbhədə
olmalıyıq, düşməndən qisas almalıyıq.
Azərbaycan qalib ölkə kimi dünyada
tanınmalıdır. Bizim kimi, şəhid
qardaşımız da belə düşünürdü.
Elə buna görə bu sahəni seçdi”.
Yaqub hərbçi olmaq arzusunu dilə gətirəndə
valideynləri onun fikirlərinə hörmətlə
yanaşsalar da, əkiz qardaşlar narazılıq ediblər. Müxtəlif
vəd və təkliflərlə yeniyetmə məktəblini
fikrindən daşındırmaq istəsələr də mümkün
olmayıb. O, qardaşlarını hər dəfə hərbi
formada görəndə, arzusunu daha da qətiləşdirir, sənədlərini
Naxçıvan şəhərində yerləşən Heydər
Əliyev adına Hərbi Liseyə verir:
“Biz istəyirdik ki, üçümüzdən birimiz,
heç olmasa valideynlərimizin yanında qalsın. Biz xidmətlə
əlaqədar valideynlərimizə yetərincə diqqət
ayıra bilmirdik. İstəyirdik ki, heç
olmasa o fərqli sahə seçsin. Ondan
incidik, hətta bir müddət buna görə onu
danışdırmadıq. Amma o qərarında
israr etdi. Ona
dedik ki, biz ikimiz də cəbhədə ön xətdəyik,
heç olmasa elə istiqamət seç ki, nisbətən sənə
rahat olsun. Ehtiyac yarananda valideynlərimizin qayğıları
ilə məşğul ola biləsən.
Amma sonradan eşitdik ki,
özü ixtisas seçimində könüllü olaraq piyada
qoşunlarının tərkibində ön xətdə zabit
kimi fəaliyyət göstərmək arzusunu ifadə edib”.
Ağdam
döyüşlərində gözündən və bədəninin
müxtəlif nahiyələrindən yaralar alan
qazi İbrahim Nəcəfov deyir ki, onların hərbçi sənətinə
marağı uşaqlıqdan olub. “Əmilərim
Birinci Qarabağ müharibəsində ön xətdə döyüşüblər,
atam isə Naxçıvanda erməni hücumlarının
qarşısının alınmasında iştirak edib. Səfərbərlik elan ediləndə o da cəbhəyə
yollanmaq istəyirdi, yaşını nəzərə alaraq
icazə vermədilər. Dayım da hərbi
müəllim kimi şagirdlərə bu sənəti sevdirən
tanınmış ziyalılardandır”.
Bir ailədə
12 medal
Məhəmməd
Nəcəfov Vətən müharibəsində 3 zabit
övladının iştirakından fəxrlə
danışır: “Bir ata kimi onlarla qürur duyuram. Heç kimin əbədi qalmayacağı bu
dünyada şərəflə yaşamaq hər kəsə nəsib
olmur. Övladlarımın
üçü də qəhrəmandır. Vətən
müharibəsində onlar torpaqlarımızın
azadlığı üçün rəşadətlə
döyüşüblər. Ali Baş Komandanın sərəncamları
ilə şəhid oğlum “Şuşanın azad
olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi
iştirakçısı”, “Cəsur
döyüşçü”, qazi oğlum İbrahim Nəcəfov
“Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi
iştirakçısı”, “Cəsur
döyüşçü”, döyüşlərdə fəal
iştirak etmiş digər oğlum İsmayıl Nəcəfov
isə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi
iştirakçısı”, “Cəsur
döyüşçü” və “Hərbi xidmətdə fərqlənməyə
görə” III dərəcəli medalla təltif olunublar. İsmayıl həm də “Azərbaycan Ordusunun 100
illiyi” medalına layiq görülmüş zabitlərdəndir.
Yaqub Vətən müharibəsində şəhid olan
5 kursantdan biridir. Yaşına görə ən kiçikləri
də o idi. Azərbaycanın hərb
tarixinə ən gənc qəhrəman şəhid zabit kimi
adını yazdırıb. Mən
özüm də, qardaşlarım da döyüşlərdə
olmuşuq. Ancaq bu yaşda zabit
tanımamışam. Onunla fəxr edirəm,
övladlarımla qürur duyuram. Daima
uğurları ilə, tərbiyəsi, davranışları
ilə başımı uca ediblər. Yaqub
qəhrəman şəhidin valideynləri kimi zirvələrə
ucaldıb bizi. Vətən müharibəsindən bir il keçir. Ailəmiz demək
olar ki, hər gün insanlar tərəfindən ziyarət
edilir”.
Azad Şuşa uğrunda...
Şəhid leytenant Yaqub Nəcəfov şərəfli
döyüş yolu keçib. Füzulinin, Cəbrayılın, Zəngilanın,
Qubadlının, Şuşanın azad olunmasında fəal
iştirak edib. Dirsəyində bıçaq, ayağında
güllə izləri onun Şuşa
uğrunda baş verən əlbəyaxa döyüşlərdə
də iştirakından xəbər verir. Şəhidin
döyüşlərdə yaralanan qardaşı, bədənində
çoxsaylı qəlpə yaraları daşıyan baş
leytenant, qazi İbrahim Nəcəfov 2016-cı ildən Tərtər və
Ağdamda ön cəbhədə
qulluq edir. Deyir, çox istərdim,
Şuşanın alınmasında mən də iştirak
edim. Amma bu mənə yox, qardaşıma nəsib oldu:
“Şəhadətə yüksəlmək onun nəsibində
varmış. Təəssüf ki, mən
döyüşlərdə tez yaralandım. Ağdamda
gözümdən, əlimdən, ayağımdan
aldığım qəlpə yaralarına görə həkimlər
döyüşə davam etməyə imkan vermədilər. Çox israr etdim. Amma eşidəndə
ki, helikopterlə çıxarılmağımın
vacibliyindən danışırlar, məsələnin
ciddiliyini anladım. Yaralanan heç bir döyüşçü
yoldaşımız döyüş meydanını tərk
etmək istəmirdi. Düşməndən
qisas almağa fürsət yaranmışdı. Helikopterin düşmən
tərəfindən vurulma təhlükəsini nəzərə
alaraq, öncə bizi avtomobillə Yevlaxa, sonra Bakıya
çatdırdılar. Düşünürdüm
ki, kiçik əməliyyatdan sonra yenidən cəbhəyə
qayıdacağam. Amma həkimlər buna
imkan vermədilər. Bakıda təkcə
oktyabrda dörd dəfə əməliyyat olunmuşam”.
Qazimizdən şəhid qardaşını necə
xatırladığını soruşuram. Deyir, balaca qardaşım
çox tərbiyəli, bir az utancaq, işində çox məsuliyyətli
və mərd idi. O, evimizin sonbeşiyi, nəsildə ən
balacamız idi, şəhidlik mərtəbəsinə
yüksələrək bizim də böyüyümüz
oldu. Onun xatirəsi hər zaman qəlblərdə
yaşayacaq: “Məzun olmasa belə o peşəkar hərbçi
idi. 19 yaşında 30-dan çox əsgəri
vardı. Onlar sonralar bizimlə əlaqə
yaratdılar, yaralı olanları isə biz görməyə
getdik. O, tabeliyində olan əsgərləri təyin
olunan zamanda sağ-salamat lazım olan mövqeyə
çıxarmışdı. Bu, asan məsələ
deyildi, çünki çox sürətlə kifayət qədər
böyük məsafə qət etmişdilər. Nəzərə
alın ki,
tabeliyində olanların əksəriyyəti
Yaqubdan 10-20 yaş böyüklər idi. Onlara
bir ata qayğısı ilə yanaşırmış.
Siqaret çəkməzdi, ancaq onlar üçün 3 blok siqaret götürübmüş. Öndə özü irəliləyib, təhlükəsizliyə
əmin olandan sonra heyəti irəli aparırmış.
Şəhid olduğu məkan da onlardan xeyli irəlidə,
çətin relyefli ərazidə idi”.
Susmayan
xatirələr
Şəhid anası Xuraman Zeynalova mətanəti ilə
seçilən analardandır. Övladı ilə
vida mərasimində həm onun, həm də həyat
yoldaşı Məhəmməd müəllimin sərgilədiyi
məğrur və qürurlu duruş insanların diqqətini
çəkmişdi. Xuraman müəllimə şəhidliyin cəsarət
və igidliklə bərabər, bir iman məsələsi
olduğuna inanır: “İnandığı dəyərlər
uğrunda hər kəs sonadək mübarizə apara bilmir. Bu, mənim övladlarıma nəsib oldu. Qələbə, ərazi
bütövlüyümüzün bərpası, belə
oğulların haqq yolunda mübarizəsinin nəticəsidir”.
Yaqub ailəsinə xüsusilə dəyər verərdi,
imkan düşdükcə zəng edərdi. Anasına
tez-tez “ana, sən narahat olma” deyirmiş. Karate
və boksla məşğul olurdu, idmanı çox sevərdi,
müxtəlif medallar qazanmışdı. Son günlərdə tələbə
olsa belə, şəhidlik məqamına
ucalacağını sanki hiss edirmiş: “İyulda evə gəlmişdi,
doğum gününü evdə geniş qeyd etməyə
imkan vermədi, dedi yığışın gedək, gəzək,
özümüz birlikdə çox vaxt keçirək. Harasa tələsir, “vaxtım azdır” sözlərini
tez-tez təkrar edirdi.
Şəxsi əşyalarını saxladığı
diplomatın şifrəsini heç vaxt heç kimə verməzdi. Sonuncu dəfə diplomata
işarə edib dedi ki, “ana “333”, tapşırdı ki, əmanətlərdən
kimə nə çatacaqsa, kağızda qeyd etmişəm,
verərsən. Şəxsi əşyalarına
sonradan baxanda ona verilən hədiyyələri işlətmədiyini
gördük. Evdə “wifi”nin şifrəsini
də dəyişib, öz doğum tarixini əlavə
etmişdi: 07072000. Kompüterdə bütün
fotoları illər üzrə sistemləşdirmişdi.
Şuşada çətin əməliyyat şəraitində
döyüşüblər. Ondan gec xəbər
aldıq. Noyabrın 6-da İsmayıla
“Qardaşın Şuşanın küçələrini gəzir.
Qələbə bizimdir” yazaraq, mesaj göndərmişdi.
Şuşa alındıqdan sonra Xankəndi ətrafına
gedib, qayıdanda Şuşada döyüş zamanı şəhid
olub.
Öz sahəsini çox sevirdi. Deyirdi ana, piyada
qoşunları yerləşən, bayraq sancılan yerlər
artıq işğaldan azad olunmuş sayılır. Bir əsgəri
mənə dedi ki, Yaqubun o qədər böyük ürəyi
vardı ki... Heç unutmuram, emosional şəkildə
üç dəfə eyni cümləni ard-arda təkrarladı: --Xala,
Allaha and olsun, özündən çox bizi
düşünürdü...”.
Bu gün
Yaqubun təhsil aldığı Ali Hərbi Məktəbdə
onun dolabı və yatağına toxunulmur, xatirə olaraq
olduğu kimi
saxlanılır. Səhər toplanışında
digər zabitlər kimi, Vətən müharibəsinin ən
gənc şəhid zabiti - leytenant Yaqub Nəcəfovun da
adı çəkilir...
Ceyhun Zərbəliyev
İki sahil.- 2021.- 17 noyabr.- S.6.