Şanlı tariximizin
Zəfər, Qələbə bayramı
Azərbaycan ədliyyə sisteminin
xalqımızın, ölkəmizin müstəqillik yolunda
apardığı mübarizəsi onun şanlı
keçmişini ehtiva edən zəngin bir dövrlə
bağlıdır. Müstəqil dövlətimizin ədliyyə
tarixinin ən şərəfli zamanı 1918-ci
ildə Azərbaycan Demokratik
Respublikasının yaranması ilə başlayır. Müasir
müstəqil Azərbaycanın Ədliyyə Nazirliyinin
yenidən yaranıb formalaşması, görkəmli dövlət
xadimi, ulu öndər
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.
Belə ki, 1970-ci ilin oktyabrın 27-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ədliyyə tarixində yeni, uğurlu bir mərhələnin təməli qoyulmuşdur. Həmin dövrdən Ədliyyə Nazirliyi ölkəmizdə sabit və səmərəli fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə ədliyyə-hüquqi yardım yaxşılaşdırılmış, notarial xidmətlərin fəaliyyəti və məhkəmə ekpertizalarının yüksək səviyyədə aparılması təmin edilmişdir. Ümumiyyətlə, ədliyyə işi təkmilləşərək onun gələcək inkişafı üçün əsaslı zəmin yaranmışdır. Dövlət müstəqilliyinin bərpasından sonra ədliyyə orqanlarının işlərinin günün, dövrün tələbləri səviyyəsində qurulması üçün geniş, əsaslı tədbirlər proqramı həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artırılmış, səlahiyyət dairəsi nəzərəçarpacaq dərəcədə genişlənmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmış, o cümlədən genişmiqyaslı məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazasının yaradılması ardıcıl xarakter kəsb etmişdir. Demokratik prinsiplərə əsaslanan yeni tipli məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyət dairəsi genişləndirilmiş, onların qarşısında yeni məsul vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır. Danılmaz faktdır ki, ölkəmizdə hüquq-məhkəmə sistemi uğurla təkmilləşdirilmiş, əhaliyə göstərilən notarial və digər hüquqi xidmətlərin, fiziki, hüquqi şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, “Asan xidmət” mərkəzlərinin, penitensionar müəssisələrin və məhkəmə icraçılarının işi müasir tələblər səviyyəsində qurulmuşdur.
Böyük fərəh hissi ilə vurğulanmalıdır ki, ədliyyə işçilərinin və hakimlərin fəaliyyətində mənəvi stimul yaradılması məqsədilə ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi müəyyən edilmişdir. Artıq 21 ildir ki, həmin gün ədliyyə işçilərinin peşə bayram kimi qeyd edilir. Hər il bu bayram günündə biz hamımız- məhkəmə-hüquq işçiləri, hakimlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şuarsının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə müasir Azərbaycanın memarı, xalqımızın görkəmli oğlu, ümummilli liderimiz Heydər Əliyevin işıqlı xatirəsini dönə-dönə anır, Ulu Öndərin Fəxri xiyabandakı məzarını ürəkdolusu ehtiramla və gül-çiçək dəstələri ilə ziyarət edirik.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkə ədliyyəsinin inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılıb, yeni-yeni regional məhkəmələr yaradılıb, hakimlərin sayı bir neçə dəfə artırılıb. Bu sahədə həyata keçirilən islahatlar sayəsində vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb. Bu gün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran ən ümdə vəzifələrdən biridir.
Ədliyyə orqanlarının əməkdaşları öz peşə bayramları ərəfəsində ikiqat sevinc içindədirlər. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən tapdağında olan tarixi torpaqlarımızı işğaldan azad etməsinin bir illiyi məhz elə noyabr ayına təsadüf edir. Xalqımız haqlı olaraq bu ayı bayramlar ayı adlandırır. 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü, 17 Noyabr - Milli Dirçəliş Günü və 22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür. Necə deyərlər, bizim bayramımız bayramlara qarışıb.
Qəhrəman Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Zəfər artıq “dəmir yumruğ”un rəmzi ilə əbədiləşdirilir. Təbii ki, bu böyük Qələbə, şanlı Zəfər heç də asanlıqla əldə olunmayıb. Qətiyyətli, cəsur Prezidentimiz İlham Əliyev 2020-ci il 28 sentyabr saat 00.00 dan Azərbaycan Respublikasının bütün ərazilərində hərbi vəziyyət elan etdi. Həmin günün səhəri ölkədə qismən səfərbərlik elan olundu. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması, təcavüzkar Ermənistanın sülhə məcbur edilməsi, tarixi ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Silahlı Qüvvələtimiz tərəfindən düşmənə endirilən sərrast, güclü zərbələr nəticəsində bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun Hadrut qəsəbəsi və digər ərazilərimiz işğaldan azad edildi. Qarət olunmuş, dağıdılmış binalar, evlər, şırım-şırım olan yaralı torpaqlarımız dərindən nəfəs almağa başladı. Qalib Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də böyük fərəh, ehtişam hissi ilə Şuşanın işğaldan azad olunması xəbərini xalqımıza çatdırdı. Ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin düşməndən təmizlənməsi müjdələri bütün ölkəni bürüdü. Nəhayət, işğalçı ölkənin baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü ordumuzun rəşadəti, Xalq-Prezident-Ordu birliyi Qələbəmizin mühüm amilləri kimi tarixin səhifələrinə yazıldı.
Qarabağın tacı Şuşa şəhərinin işğaldan azad olunmasını əsas götürərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Zəfər Günü” təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən böyük Qələbənin əbədiləşdirillməsi məqsədilə 8 noyabr tarixinin hər il respublikamızda Zəfər Günü kimi qeyd edilməsi qərara alındı. Bununla yanaşı, Bakı şəhərində “Vətən müharibəsi Memorial kompleksi” və “Zəfər müzeyi” yaradılması da xalqımızın böyük sevincinə səbəb oldu. Müxtəlif orden və medalların təsis edilərək cəsur, qəhrəman hərbçilərimizə verilməsi ordumuzun əsgər və zabitlərinin böyük ruh yüksəkliyinə səbəb oldu.
2020-ci dekabrın 10-da Bakının Azadlıq meydanında təntənəli şəkildə keçirilən şanlı Zəfər paradı öz möhtəşəmliyi ilə bütün dünyaya səs saldı. Mətbuatdan bizə o da məlum oldu ki, bu xoş xəbəri qardaş Türkiyə Respublikası necə böyük fərəh və qürur hissilə qarşıladı. Onu da qeyd edək ki, bu şanlı savaşda ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının işığında qardaş Türkiyə Cümhuriyyətinin mənəvi və siyasi dəstəyini bir daha hiss etdik.
Bəli, bu Zəfər paradı qalib və yenilməz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qazanılan Qələbənin “dəmir yumruq”la bağlanan rəşadətinin əks-sədası idi. Bundan başqa, 2021-ci il aprelin 12-də ölkə başçısının tapşırığı ilə Hərbi Qənimətlər Parkının açılışı oldu. Tarixi Zəfər yürüşünü bir daha əyani surətdə göstərən düşmənin əzik-üzük, sınıq-salxaq texnikası məğlub, yaralı əsgərlər kimi başıaşağı dayanmışdı. Bütün bunların fonunda xalqımız bir daha əmin oldu ki, torpaqlarımıza bir daha yadellilərin ayağı dəyməyəcək. Əldə edilən möhtəşəm Qələbə, tarixi Zəfər Azərbaycan xalqının necə vətənpərvər bir xalq olduğunu və onun sarsılmaz milli birliyini və həmrəylini bir daha bütün dünyaya nümayiş etdirdi. Öz dədə-baba topraqlarımıza Böyük Qayıdışımızla şəhidlərimizin, Xocalı, Gəncə, Bərdə qurbanlarının müqəddəs ruhunu şad etdik. Bütün dünyada işğalçı kimi tanınan təcavüzkar Ermənistana öz yerini göstərdik.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, Azərbaycanın üçrəngli bayrağını işğaldan azad olunmuş torpaqlarımızın üzərində dalğalandıran, ərazi bütövlüyümüzün uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-sini Anım Günü kimi təsis etdi. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, xalqımız əbədi olaraq hər il bu günü hörmət və məhəbbət hissi ilə qeyd edəcək, həmin tarixin məzmununu, mahiyyətini tarixi xatirə günü kimi nəsildən-nəsilə ötürəcəkdir. Torpaqlarımızın işğal tarixi, Qələbə tarixi də yetişməkdə olan gənc nəsil üçün tarix dərslərində tədris olunacaqdır. Ali Baş Komandanımızın “Biz öz torpaqlarımızda vuruşurduq. Bu yerlər bizim dədə-baba yurdumuzdur” kimi tarixi sözlərini qürurla xatırlayacaqlar.
Qarşıdan daha bir bayram – Ədliyyə işçilərinin peşə bayramı gəlir. Bu bayram ədliyyə işçiləri tərəfindən hər il ikiqat sevinc hissi ilə qeyd olunur. Ancaq bu il bayram bizim üçün xüsusilə əlamətdar olacaq. Ona görə ki, bu bayrama biz Zəfər, Qələbə ovqatı içində gəlirik. “Dəmir yumruq” əməliyyatı bütün dünyaya bəyan etdi ki, biz qalib xalqıq, müzəffər ölkənin vətəndaşlarıyıq. Qarabağ Azərbaycandır!
Ceyhun Tağıyev,
Nəsimi Rayon Məhkəməsinin hakimi
İki sahil.- 2021.- 18 noyabr.- S.11.