Kəlbəcər
erməni vandalizminin əyani nümunəsinə çevrildi
Dünya bir
il bundan öncə 10 noyabr Bəyanatına uyğun olaraq ermənilərin
rayonu boşaltmaq üçün istədikləri əlavə
vaxtda törətdikləri vəhşiliklərə
şahidlik etdi
Tarixi
Zəfərimizin birinci ildönümü arxada qalsa da 10 noyabr
üçtərəfli Bəyanatına uyğun olaraq
müharibəsiz azad edilən
Ağdama, Kəlbəcərə və Laçına
qovuşduğumuz tarixləri qeyd edir, bir daha 44 günün
dünyaya səs salan məqamlarını təhlil edərək
Qələbəmizlə qürur duyuruq. 44 gün ərzində
döyüş meydanında 5 şəhərin, 4 qəsəbənin,
300-ə qədər yaşayış məntəqəsinin,
bir sıra strateji yüksəkliklərin əldə edilməsinə
nail olan Azərbaycan Ordusu Ermənistanı diz
çökdürdü. Noyabrın 8-də Qarabağın
ürəyi olan Şuşamızın, noyabrın 9-da 70-dən
artıq kəndin, bir qəsəbə və 8 strateji yüksəkliyin
işğaldan azad edilməsi işğalçı dövləti
təslim olmağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan və
Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin
imzaladıqları birgə Bəyanatda əksini tapan müddəaların
hər biri Azərbaycanın Qələbəsini, Ermənistanın
məğlubiyyətini təsdiqlədi. Həmin sənəddə noyabrın 15-də Kəlbəcərin,
noyabrın 20-də Ağdamın və dekabrın 1-də
Laçının qaytarılması öz əksini tapıb.
Ötən il noyabrın 20-də Ağdamın
qaytarılması xəbəri dövlət
başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən
xalqımıza böyük sevinclə
çatdırıldı. Eyni zamanda, noyabrın 23-də cənab
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
Ağdam şəhərinə səfərləri oldu.
Dövlət başçısı üçrəngli
bayrağımızı işğaldan azad edilmiş
torpağımızda yüksəklərə qaldırdı,
onlar Ağdam məscidini ziyarət
etdilər. Müzəffər Ali Baş Komandan məscidin qarşısında
çıxış edərək bugünkü Qələbəmizə
yol açan amilləri diqqətə çatdırdı. Noyabrın 25-də isə
xalqımız Kəlbəcərin qaytarılması sevincini
yaşadı. İki gündən sonra Kəlbəcərin işğaldan
azad edilməsinin bir ili tamam olur.
Qeyd
edək ki, 10 noyabr Bəyanatına uyğun olaraq Kəlbəcər noyabrın 15-də
qaytarılmalı idi. Amma Ermənistan Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan
əlavə 10 gün vaxt istədi. Rayonu boşaltmaq
üçün ayrılan vaxtın kifayət etmədiyi
bildirilsə də, amma evlərin yandırılmasından,
ağacların qırılmasından, gözə
görünən nə varsa hamısının Ermənistana
daşınmasından, bir
sözlə ekoloji terrordan göründü ki, vaxt azlıq
etməyib, amma xislətlərinə uyğun hərəkətlərini
davam etdirmək üçün əlavə vaxta ehtiyac olub.
Azərbaycan yenə də humanist dəyərlərə
sadiqliyini nümayiş etdirərək, həmin vaxtı verdi.
Dünya ermənilərin törətdikləri vəhşiliklərə
şahidlik etməklə 30 ilə
qədərki dövrdə yeritdiyi siyasətə də
aydınlıq gətirdi. Dövlət başçısı
İlham Əliyev Kəlbəcərin işğaldan azad
olunması sevincini xalqımıza çatdırarkən bir
daha diqqəti danışıqlar dövrünə yönəldərək
bildirmişdir ki, o vaxt bütün beynəlxalq təşkilatlar,
böyük dövlətlərin liderləri münaqişənin
yalnız sülh yolu ilə həllinin vacibliyini,
münaqişənin hərbi həllinin
mümkünsüzlüyünü
bildirirdilər. Azərbaycan tərəfi isə daim bildirirdi ki, problemin hərb yolu
ilə həlli var. Danışıqlar prosesi səmərə
vermədiyi təqdirdə hərb yoluna üstünlük
veriləcəyi istisna edilmirdi.
Azərbaycan
münaqişənin həlli məqsədilə bütün
beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etmək istəyini
bildirirdi. O zaman işğalçı dövlət və
münaqişənin həllində vasitəçilik
missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri
bu addımı onların vasitəçilik missiyasından
imtina kimi təqdim edirdilər.
Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi
ki, bunun ATƏT-in Minsk qrupunun
vasitəçilik missiyasına heç bir aidiyyəti
yoxdur. Azərbaycan işğal edilmiş ərazilərimizdə
həyata keçirilən süni məskunlaşdırma
faktını araşdırmaq üçün BMT Baş
Assambleyasına müraciət edəndə də bunu
ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi təqdim
etməyə çalışdılar. Həmin ərəfədə
ATƏT-in Faktaraşdırıcı Missiyası
yaradıldı və bu missiyanın üzvləri iki dəfə
ardıcıl şəkildə işğal olunmuş ərazilərimizdə
oldular. Nəticə bu oldu ki,
süni məskunlaşdırma faktı mövcuddur, amma
bunu hansı tərəfin həyata keçirdiyini söyləmək «beynəlxalq hüquqa ziddir», bu,
birtərəflilik kimi qəbul edilə bilər. Azərbaycan
dövləti daim bu sualla dünyaya müraciət edirdi ki,
işğalçı adı ilə
çağrılmadığı təqdirdə
münaqişənin həllində vasitəçilik
missiyasını yerinə yetirmək nə qədər real
görünə bilər? Real
olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə
həllini, Ermənistan isə
status-kvonu saxlamaq, əbədi etmək istəyirdi. Düşünürdülər
ki, əgər 28 il ərzində buna nail olublarsa, deməli,
bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların
havadarları daim onları müdafiə edəcək,
onların arxasında dayanacaq, onların əvəzinə müharibə
aparacaqlar. Dövlət başçısının qeyd etdiyi
kimi, ermənilər ümumiyyətlə,
hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu
ziyanlı və xəstə təfəkkürlə öz
ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir,
bunlara mütləq kömək göstərməlidir. Bəs,
siz özünüz nəyə qadirsiniz? Əgər hər
zaman kiminsə ətəyindən yapışıb hansısa
imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz?
Bax, bu təfəkkür onların cəmiyyətini də demək
olar ki, yanlış istiqamətə aparıb.»
44
günlük müharibə onların bu yanlış
düşüncələrini bir daha dünyaya
çatdırdı. Ermənistanın baş naziri Nikol
Paşinyanın müharibə dövründə
havadarlarından necə incik düşdüyü sərsəm
bəyanatlarından da aydın görünürdü. Hər
kəsə qarşı iddialarla çıxış etməklə,
sanki bugünədək beynəlxalq hüququ kobud şəkildə
pozan, hətta müsahibələrində
açıq-aşkar onun mövcudluğunu inkar edən Nikol
Paşinyan deyil, başqası idi. Paşinyan elə
düşünürdü ki, müstəqilliyi formal xarakter
daşıyan Ermənistanı maraqlarının icrasında
bir vasitəçi kimi qəbul edən dövlətlər
bütün hallarda onu dəstəkləmək
imkanındadırlar. Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər
deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq,
qonşu dövlətlərə qarşı əsassız
torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi
qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti də çox yaxşı bilir ki,
torpaqlarımız döyüş meydanında məğlub
olmaqla düşmənə verilməyib. Həmin illərdə
ölkəmizə rəhbərlik edən AXC-Müsavat
cütlüyünün ölkədə yaratdığı
ağır durum ordu quruculuğunda da özünü
qabarıq şəkildə büruzə verirdi. Ordu
torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin
maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan
bu vəziyyətdən istifadə edərək
torpaqlarımızı işğal etmişdi. Dövlət
başçısı İlham Əliyev xalqa bütün
müraciətlərində, o cümlədən Kəlbəcərin
işğaldan azad olunması xəbərini çatdırarkən
bu məqamı xüsusi qeyd etmişdir ki, bütövlükdə
torpaqlarımızın işğal altına düşməsində
əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir.
Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla
hakimiyyətə gəlməsəydilər, əgər
dövlət çevrilişi etməsəydilər, bəlkə
də, torpaqlarımız işğal altına düşməyə
bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə
ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir.
Ancaq hər halda, torpaqlarımızın işğal
altına düşməsində onların birbaşa
iştirakı, əli var və bu məsuliyyəti onlar
daşıyırlar.
Ermənistan
və ona havadarlıq edən dövlətlər haqq-ədalətin, beynəlxalq
hüququn, tarixi həqiqətlərin
kimin tərəfində olduğunun bir daha şahidi oldular.
Qeyd etdiyimiz kimi, yazılan
saxta tarix, faktların inkar edilməsi
heç zaman inandırıcı görünə, qəbul
edilə bilməzdi. Amma ermənilər onlara maraqlarını icra etmək
üçün bir vasitəçi kimi baxan dövlətlərin
dəstəyinə arxalanaraq bu
torpaqları əbədi saxlayacaqlarını
düşünürdülər.
Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər
dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə
barışacaq. Amma düşündüklərinin əksini
gördükdə diz çöküb təslim oldular.
Bu
gün qürurluyuq ki, torpaqlarımızın işğal
deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. Kəlbəcər rayonu 1993-cü
il aprelin 2-də işğal edilib. Həmin dövrdə
hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz
və xəyanətkar siyasəti rayonun işğalına
şərait yaradıb. Hazırda Kəlbəcəri tərk
edən erməni əhalisi 1993-cü ildə rayonun
işğalından sonra orada qeyri-qanuni məskunlaşıb.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən
işğalçı Ermənistan Kəlbəcər ərazisində
ermənilərin fəal məskunlaşdırılmasına
başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri
- Azərbaycan torpaqlarını tərk edən ermənilər
təhlükəsiz şəkildə, atəşə məruz
qalmadan rahatlıqla bütün əşyalarını
götürdülər. Azərbaycan Ordusu onlara ərazini tərk
etmək üçün bütün şəraiti
yaratdı. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə
erməni vandalizminin əyani nümunəsinə çevrildi.
Ermənilər buranı tərk edərkən evləri
yandırıb, vandallıq edib, meşələrə od
vuraraq, suları çirkləndirərək ekoloji fəlakət
törədiblər.
Ötən
ilin bu günlərində Kəlbəcəri
boşaldarkən ermənilərə yaradılan şərait
bu gün də bizləri
1993-cü ildə rayonun azərbaycanlı əhalisi
oradan zorakılıqla qovulub,
dağ yolları ilə, ayaqyalın, piyada şəkildə
erməni təcavüzkarlarından qaçıb xilas
olduqlarını yada salmaq məcburiyyətində qoyur.
Onların bir çoxu qırğına məruz qaldı, atəşə
tutuldu, meyitləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə
500-dən artıq dinc sakin həlak oldu, yüzlərlə
insan girov və ya itkin düşdü. Azərbaycan əhalisi
özü ilə heç nə götürə bilmədi,
sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən
qarət olundu. Yaşanan iki hadisə
Azərbaycan və Ermənistan arasındakı fərqi
aydın şəkildə ortaya qoyur. Təkcə 44
günlük Vətən müharibəsi, həmçinin 10
noyabr Bəyanatına uyğun olaraq Ağam və Kələbəcərin
boşaldıması zamanı törədilənlər Azərbaycanın
illərdir necə vəhşi ilə üz-üzə
qaldığını nümayiş etdirdi.
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva düşməndən təmizlənən Kəlbəcərdə
2021-ci il avqustun 16-da səfərdə olarkən, dövlətimizin
başçısı burada Azərbaycan bayrağını
qaldırdı və rayonda bərpa-quruculuq, tikinti işlərinə
rəsmi start verdi. Bildirdi ki,
indiki mərhələdə bizim əsas vəzifəmiz
müharibənin nəticələrini möhkəmləndirmək,
azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan
sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.
Keçmiş məcburi köçkünləri azad
edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə
duran məsələdir. Hazırda rayon ərazisində
müxtəlif infrastruktur layihələri
reallaşdırılır. Toğanalı-Kəlbəcər
avtomobil yolu üzərində Murovdağda tunelin tikintisi həyata
keçirilir. Qısa müddətdə işə salınan
110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə
rayonun işıqlı gələcəyindən xəbər
verir. İşğaldan azad edilmiş digər
rayonlarımız kimi, Kəlbəcər də özünəməxsus
iqtisadi imkanlara malikdir. Rayonun torpaqları olduqca məhsuldardır
və tarixən burada kənd təsərüfatı,
heyvandarlıq kimi sahələr inkişaf etdirilib. Yaxın
perspektivin əsas hədəflərindən biri elə
bölgədə aqrar sahəni inkişaf etdirməkdir.
Buranın yaylaqları isə qoyunçuluğun
inkişafına xidmət edəcək. Qızıl, civə
kimi yeraltı sərvətlərin, mərmərin
çıxarılması və emalı sənayesinin təşkili,
xalçaçılığın genişləndirilməsi
də ölkə iqtisadiyyatına böyük fayda gətirəcək. İqtisadi rayonların yeni
bölgüsünün həyata keçirilməsi rayonlar üzrə ixtisaslaşmaya
geniş imkanlar açacaq ki, bu da öz növbəsində
ölkənin hərtərəfli inkişafını sürətləndirəcək.
Bu zonada su mənbələrinin çoxluğu diqqət
çəkir. Elə ölkəmizin mineral su
ehtiyatlarının da 40 faizə qədəri Şuşa,
Laçın və Kəlbəcərin payına
düşür. Ümumiyyətlə, azadlığa qovuşmuş
ərazilərimizdə 120-dək müxtəlif tərkibli
mineral su yataqları var. Turşsu, İstisu, Bağırsaq,
İlıqsu, Minkənd sularının müalicəvi əhəmiyyəti
böyükdür. Onlar da bərpa olunacaq və yenidən
istehsalına başlanacaq. Hazırda
Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq
proseslərinə onlarla tanınmış şirkət, minlərlə
mütəxəssis və işçi qüvvə cəlb
edilib. Qardaş Türkiyənin şirkətləri bu prosesdə
fəallıqları ilə diqqət çəkirlər. Cənab
İlham Əliyev Azərbaycanın bütün bərpa
proseslərinin öhdəsindən layiqincə gəlmək
iqtidarında olduğunu bildirir: “Biz bundan sonrakı əsas hədəfləri
düzgün müəyyən edərək, bu hədəflərə
çatmağa da nail olacağıq”. İnanırıq ki,
çox keçmədən Şərqi Zəngəzurun da
bütün infrastrukturu bərpa ediləcək və doğma
yurdlara böyük köç baslanacaq.
Yeganə Əliyeva
Iki sahil.- 2021.- 23 noyabr. S. 5.