Revanşizm meyilləri, qonşu xalqlara
nifrət, ilk növbədə, Ermənistanın özü
üçün təhlükəlidir
şərtləndirir
“İki sahil”in
növbəti müsahibi Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini Sevinc Fətəliyevadır:
- Sevinc xanım, artıq 44 günlük Vətən
müharibəsinin başlanmasından bir il ötdü. Sizcə,
postmüharibə dövründə dövlətimizin xarici
siyasət kursunun ən vacib məsələləri
hansılardır?
- 44 günlük Vətən müharibəsi
tariximizin qürur səhifəsidir. Azərbaycan xalqı bu
müharibənin başlandığı 27 sentyabr tarixində
torpaqlarımızın azadlığı uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz
xatirəsini böyük ehtiramla yad etdi, Anım Günü
respublikamızın bütün guşələrində qeyd
olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Anım
Günü ilə əlaqədar xalqa müraciətində
qeyd etdiyi kimi, Qələbəni bizə bəxş edən qəhrəman
şəhidlərimiz, əsgər və zabitlərimiz bizim
qürur mənbəyimizdir. Onların qəhrəmanlığı,
onların şücaəti, fədakarlığı artıq
dastana çevrilib.
Torpaqlarımızın işğalı
dövründə Prezident İlham Əliyev öz
çıxışlarında dəfələrlə Azərbaycan
xalqının işğalla barışmayacağını,
nəyin bahasına olursa-olsun torpaqlarımızın geri
qaytarılacağını qətiyyətlə bəyan
edirdi. Dövlətimizin başçısı prinsipial və
düşünülmüş siyasət yürüdərək
ötən 18 ildə ölkəmizi gücləndirdi, onun beynəlxalq
nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi.
Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində
sistemli tədbirlər həyata keçirildi. Bütün
bunlar tarixi Qələbəmizə zəmin yaratdı. Tarixi Qələbəmiz
təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə,
məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa
olunması, müzəffər xalq, qalib dövlət deməkdir.
Dövlətimizin başçısının
dediyi kimi, “Dağlıq Qarabağ” adlı inzibati ərazi
mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa
etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək
iqtidarında deyil. Çünki 44 günlük müharibədə
Azərbaycanın Qələbəsi erməni faşizmi üzərində
qələbə idi. Bu gün hələ də Ermənistanda
revanşist düşüncədə olanlar var. Ermənistanda
hakimiyyət dəyişikliyinə baxmayaraq, bu cəmiyyətin
xisləti dəyişməyib. Bu ölkədə azərbaycanofobiya,
islamofobiya hələ də tüğyan edir. Ermənistanda azərbaycanlılara
qarşı olan nifrət rəsmi ideologiyaya çevrilib. Amma
bu kimi hallar ermənilərə yaxşı heç nə vəd
etmir. Erməni faşizminin təzahürləri, revanşizm
meyilləri, qonşu xalqlara nifrət, ilk növbədə,
Ermənistanın özü üçün təhlükəlidir.
Bu amillər Ermənistanı bir dövlət kimi məhvə
sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər
yaxşı olar. Azərbaycan bundan sonra da Ermənistanın hər
bir təxribatına layiqli cavab verəcək. Onlar dəmir
yumruğu unutmamalıdırlar.
Vətən müharibəsində parlaq Qələbəmiz
Azərbaycanın regionda, eləcə də beynəlxalq
müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirib. Hazırda bizim siyasətimiz qələbəmizi
siyasi müstəvidə daha da möhkəmləndirmək,
regionda yaranmış yeni vəziyyətə uyğun
addımların atılmasından ibarətdir. Müharibədən
sonra regionda əməkdaşlıq və inkişaf məsələləri
xarici siyasətimizin başlıca prioritetlərindən
biridir.
- Sizin fikrinizcə, bu il iyunun 15-də
Azərbaycan və Türkiyə prezidentləri İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən
Azərbaycanın mədəniyyət mərkəzi olan
Şuşada imzalanmış Bəyannamə ölkələrimizə
nə kimi siyasi dividendlər qazandıracaq?
- Bu gün Azərbaycan-Türkiyə münasibətləri
ən yüksək zirvədədir. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri
zamanı tarixi anlar yaşandı. Belə ki, qədim şəhərimiz
olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin
gələcəyini müəyyən edən müttəfiqlik
haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə
iki ölkə arasında əlaqələri ən yüksək
səviyyəyə qaldırır. Bəyannamədə
göstərilən bütün müddəalar keyfiyyətcə
daha yüksək işbirliyinin təminatıdır. Azərbaycan
ilə Türkiyənin əməkdaşlıq əlaqələri
unikal müttəfiqlik nümunəsidir. Sənəddə
strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq
istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq
müstəvidə birgə əməkdaşlıq, siyasi
münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət,
təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini
tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi,
Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və
Avropa üçün önəmi göstərilir.
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq
amilinə də xüsusi yer verilir. Bu, bir daha göstərir
ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq.
Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.
Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan
bütün məsələlərdə bir yerdədir, bundan
sonra da bu, belə olacaq. Eyni zamanda, Bəyannamədə Zəngəzur
dəhlizinin açılması ilə bağlı çox
açıq ifadələr öz əksini tapır. Bu da
İkinci Qarabağ müharibəsindən sonra yaranmış
yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz
Türkiyə ilə Azərbaycanı dəmir yolu və
avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi
haqqında nəinki danışırıq, biz əməli,
praktiki işlərimizlə onu yaradırıq. Azərbaycanın
Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və
iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata
keçirilməsi ilə Şərqdən Qərbə
bütün ölkələrin istifadə edə biləcəyi
yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Müttəfiqlik
haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin
əks olunması böyük məna daşıyır. Həmçinin
müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin
qüdrətini artıran amillərdən biri də hərbi sənaye
sahəsindəki əməkdaşlıq olacaq. Bilirsiniz ki, 44
günlük Vətən müharibəsində pilotsuz
uçuş aparatları böyük rol oynayıblar.
Müdafiə sənayesi sahəsində əlaqələrin
inkişafı ölkələrin hərbi qüdrətini
artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi
kimi inkişaf edəcək.
Bütövlükdə, Şuşa Bəyannaməsi
Azərbaycan ilə Türkiyənin
qardaşlığını bütün dünyaya
nümayiş etdirən bir mesajdır. Diplomatik
münasibətlərin yeni səviyyəsinə gəlincə,
Şuşa şəhərində qardaş Türkiyənin
baş konsulluğunun açılmasına dair qəbul
olunmuş qərar iki ölkə arasında münasibətləri
dərinləşdirməklə yanaşı, Türkiyənin
işğaldan azad olunmuş ərazilərdə aparılacaq
bərpa-quruculuq işlərində oynayacağı
roldan xəbər verir.
- Azərbaycan, Türkiyə və Pakistan
arasında inkişaf etməkdə olan strateji müttəfiqlik
münasibətlərinə dünyanın
baxışını necə qiymətləndirirsiniz?
- Azərbaycan dost ölkələrlə
bütün səviyyələrdə əlaqələrini
daha da gücləndirir. Azərbaycan, Türkiyə və
Pakistan çoxtərəfli münasibətlərin
inkişafını strateji prioritet kimi müəyyənləşdiriblər.
Bu ölkələr arasında çoxvektorlu münasibətlər
praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də qarşılıqlı etimad
mühiti münasibətlərin inkişafına xidmət edən
strateji amil kimi çıxış edir. İkinci Qarabağ
müharibəsində Türkiyə və Pakistan Azərbaycanın
haqlı mübarizəsinə qətiyyətli dəstək
nümayiş etdiriblər. Bu siyasi və mənəvi dəstək
əsl qardaşlıq nümunəsidir.
Bir neçə ay əvvəl Azərbaycan,
Türkiyə və Pakistan parlament sədrlərinin birinci
üçtərəfli görüşünün
yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması da bu
kontekstdə xüsusi vurğulanmalıdır. Bu
addım tarixi-mənəvi və siyasi-strateji baxımdan
olduqca mühüm əhəmiyyətə malikdir, eləcə
də dost, qardaş və strateji tərəfdaş olan
üç ölkə arasında çoxşaxəli
münasibətlərin yeni mərhələdə daha da
möhkəmləndirilməsinə xidmət edən, tərəflər
üçün yeni perspektivlər yaradan strateji amildir.
Tərəflər arasında parlamentlərarası
üçtərəfli əməkdaşlıq
formatının təsis edilməsi, eyni zamanda, əməkdaşlığının
dərinləşdirilməsi, inteqrasiyanın intensivləşdirilməsi
prosesinə vacib töhfədir.
Buraya hərbi əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi də daxildir. Bu
baxımdan Azərbaycan, Türkiyə və Pakistanın
xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin
iştirakı ilə keçirilən “Üç Qardaş -
2021” beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi
tərəfdaşlıq münasibətlərinin bariz
nümunəsidir.
Bütövlükdə, Türkiyə, Pakistan
və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni
aparıcı güc mərkəzinin formalaşmasını
şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti,
heç şübhəsiz, rifah və inkişaf vəd edir,
regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə,
təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Son vaxtlar istər işğaldan azad olunmuş ərazilərimizdə,
istərsə də dövlət sərhədlərimizdə
səngiməyən erməni təxribatlarının
şahidi oluruq. Bu problemlə bağlı müvafiq və
cavabdeh beynəlxalq təşkilatların fəaliyyətini
necə dəyərləndirirsiniz?
Bəli belə xoşagəlməz hallara rast gəlirik. Hesab edirəm
ki, dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar erməni
təxribatlarına qarşı sərt mövqe bildirməli,
beynəlxalq hüquq əsasında ciddi addımlar
atmalıdırlar.
- Sevinc
xanım, Ermənistanın xalqımıza qarşı törətdiyi
cinayətlərlə bağlı ödəməli olduğu
təzminat məsələsi artıq gündəmdədir. Bu istiqamətdə görülən işlər barədə
məlumat verə bilərsinizmi?
- Həqiqətən
də 30 illik işğal dövründə Ermənistan
torpaqlarımızda əsl vandalizm törədib. Düşmən işğal etdiyi
torpaqlarımızda hər şeyi məhv edib. Bütün yaşayış məntəqələri,
tarixi, mədəni, dini abidələr yerlə-yeksan olunub, təbiətə
ciddi ziyan vurulub, təbii sərvətlərimiz talanıb və
digər cinayətlərə yol verilib. 44
günlük Vətən müharibəsində də təcavüzkar
ölkə öz xislətinə uyğun davranıb. Belə ki, bu dövrdə də hərbi, insanlıq
əleyhinə cinayətlər törədilib, mülki əhali
və yaşayış məntəqələri hədəfə
alınıb, şəhər və kəndlərimiz
qadağan olunmuş silahlardan atəşə tutulub. Bütün bunlar erməni faşizminin təzahürləridir.
Əlbəttə ki, erməni tərəfi bu cinayətlərə
görə cavab verməlidir. Bunu dövlətimizin
başçısı da dəfələrlə bəyan edib.
Bilirsiniz ki, müvafiq dövlət qurumları
Ermənistanın törətdiyi cinayətlərin hüquqi
müstəvidə qiymətləndirilməsi ilə
bağlı sistemli işlər aparır, bu prosesə beynəlxalq
ekspertlər də cəlb olunub. Törətdiyi
həmin əməllərə görə Ermənistanın təzminat
ödəməsi ilə əlaqədar müvafiq beynəlxalq
instansiyalara müraciət ediləcək. Hazırda
bu istiqamətdə işlər davam edir və sualınıza
aidiyyəti qurumlar daha dəqiq cavab verə bilər.
Cavid Əkbərov
İki sahil.- 2021.- 22 oktyabr.- S.13