Yolumuz da, hədəfimiz də bəllidir
"İki
sahil" www.yap.org.az saytına istinadən Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin sədr
müavini, filologiya elmləri doktoru, professor Jalə
Əliyevanın müsahibəsini təqdim edir
- Jalə xanım, bu gün hər birimiz
qürurla Zəfərimizdən danışırıq. 30 ilin
işğalına son qoyuldu, ərazi
bütövlüyümüz bərpa olundu. Amma bunlar heç də asan başa
gəlmədi… 103 illik keşməkeşli
yola nəzər saldıqda Qələbəmizi,
Zəfərimizi şərtləndirən amilləri necə
şərh edirdəniz?
- Yandıq, kül olduq və
yenidən küllərimizdən doğulduq… Yenə tarixi
günlər yaşayırıq,
tarixi hadisələr, ildönümlər ərəfəsindəyik…
Qarşıdan 71 il mübarizə,
mücadilə aparıb, qanlar, canlar bahasına əldə
etdiyimiz müstəqilliyimizin
yenidən bərpasının 30 illiyi gəlir. 30 il
öncə tarixdə, qanlı XX əsrdə ikinci dəfə
müstəqilliyimizi qazandıq, onu bərpa və əbədiyaşar
edə bildik. Yenidən azadlığımıza qovuşmaq
üçün nələrdən keçmədik, nələrdən...
“Ya azad ol, ya tamam yan, Azərbaycan!” dedik…Yandıq,
kül olduq və yenidən küllərimizdən
doğulduq…20-30-cu illərin qanlı respressiyasından,
ziyalılarımızın məhvindən, sürgünlərdən,
torpaqlarımızın tikə-tikə bölünməsindən,
deportasiyalardan, Qarabağ fitnəkarlığından,
Sumqayıt təxribatından, Quqark, Masis
faciələrindən, Qanlı və Şanlı 20 Yanvardan,
Bağanis Ayrım soyqırımından və daha nələrdən
keçə-keçə 1991-ci ilin 30 avqustunda və 18
oktyabrında müstəqiliyimizin
yenidən bərpasına, azadlığımıza qovuşa
bildik. Ötən 30 il də hamar, asan keçmədi
bizim üçün… Çox təxribatlarla, çox fitnəkarlıqlarla,
çox qanlı ssenarilərlə
qarşılaşdıq... Başqışlaq,
20 noyabr, Xocalı, Daşaltı, Cəmilli, Qaradağlı,
Umudlu, Ağdaban, Ballıqaya, Gülüstan faciələrini,
qanlı qətliamlarını yaşadıq… Xocalı,
Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan…kimi yurd yerlərimizi itirdik, düşmən
həm yeraltı, həm də yerüstü sərvətlərimizi
qamarladı, yağmaladı…
1993-cü ilin qorxulu iyun hadisələri
ilə, 1994-cü ilin və 1995-ci ilin dövlət
çevrilişlərinə cəhdlərlə, dövlət
adamlarımızın qətlə yetirilməsi ilə
üz-üzə qaldıq…Sağdan da, soldan da, Şimaldan da,
Cənubdan da, Qərbdən də, Şərqdən vurulduq…
Amma yenilmədik, mübarizə əzmimiz
sındırıla bilmədi…Bir öldük, min dirildik…
Müasir müstəqil Azərbaycan
dövlətinin memarı, tarixi şəxsiyyət Heydər
Əlirza oğlu Əliyevin açdığı yolla və
bu yolu bir-bir öz hədəflərinə çatdıran
Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan,
ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən,
praqmatik və realist siyasəti ilə bugünlərə,
müstəqilliyimizin 3-cü dekadasına gəlib
çıxa bildik…Özü də əliboş gəlmədik
bu tarixi dönəmə, bu günlərə… Bir il öncə, yəni, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və
10 noyabr tarixində başa çatan tarixi 44 günlük Vətən
müharibəsi ilə arzularımızın ən
ülvisinə, ən müqəddəsinə qovuşduq, 30
illik qanlı Qarabağ savaşını Qələbə və
Zəfərlə başa çatdırdıq.
Düşməni məhv etdik, “Dəmir
yumruq”la başını əzdik, qarşımızda diz
çökdürdük, təslim etdik, kapitulyasiyaya məcbur
qoyduq, Qələbəmizi, Zəfərimizi etiraf etdirdik. Yenə
məğrur və dik duruşlu, alnıacıq,
üzüağ, başıuca bir millət, bir xalq, bir
dövlət olduq. O gündən bu günə də Qələbə
və Zəfərlərimizin ardı-arası kəsilmədi,
kəsilməyib və heç zaman da kəsilməyəcək.
Dünyaya meydan oxuyan 10 dekabr Zəfər
paradı, işğal olunmuş torpaqlarımıza tarixi səfərlər,
Qarabağın yenidən
dirçəldilməsinə başlanılması, tarixi təməlatmalar,
açılışlar,
“Şuşa-Müttəfiqlik Bəyannaməsi”, Şərqi
Zəngəzur iqtisadi rayonunun yaradılması və sair.
Hansından başlayıb, hansında
qurtaracağımızı bilmirik. Sevincimiz sevincimizə,
üzümüzdən, çöhrəmizdən illərlə
yox olan gülüşümüz gülüşümüzə
qarışıb.
- «Müstəqillik Günü haqqında» qanun
layihəsini necə xarakterizə edərdiniz?
- 18 oktyabrda
müstəqilliyimizin bərpasının 30 illiyini, ondan cəmi 20 gün
sonra 8 noyabrda Zəfər
Gününü qeyd edəcəyik.
Qələbə və Zəfər parlamenti olan, ilk Qələbə,
Zəfər büdcəsini qəbul edən VI
çağırış Milli Məclis olaraq, biz də 30
illiyimizə böyük sevinclə, qürurla
qatılırıq. Belə ki, Milli Məclisdə “Müstəqllik
Günü haqqında” qanun layihəsini artıq iki
oxunuşdan keçirmişik və cəmi iki gün sonra
sonuncu oxunuşda qəbul edəcəyik. Həmin qanun layihəsi
ilə bundan belə 28 mayı Müstəqillik Günü, 18
oktyabrı isə Müstəqilliyin Bərpası Günü
kimi qeyd edəcək, tarixiləşdirəcək, əbədiləşdirəcəyik.
- Bu günlərdə Qoşulmama Hərəkatının
60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli
Toplantıda ölkə Prezidenti, Qoşulmama Hərəkatının
sədri İlham Əliyevin
çıxışı Azərbaycanın beynəlxalq
münasibətlər sistemində yeri və rolunu özündə
necə ehtiva etdi?
- Qoşulmama Hərəkatının 60 illiyinə
həsr edilmiş Yüksək Səviyyəli Toplantı və
ya Azərbaycanın növbəti tarixi imzası… Bəli,
yuxarıda da qeyd etdiyim kimi, yenə tarixi hadisələr
içindəyik. Belə ki, oktyabrın 11-də
Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının
60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli
Toplantı öz işinə başladı. Azərbaycan
Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev tədbirin rəsmi açılış
hissəsinə sədrlik etdi. Bu yerdə
xatırlatmağa dəyər ki, Qoşulmama Hərəkatı
60 illik yubileyini qeyd edir. Azərbaycan da daxil
olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli
əməkdaşlıq əlaqələrinin qurulmasında və
inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı
beynəlxalq aləmdə öz prinsiplərinə
bağlılıq nümayiş etdirən mühüm təşkilatdır.
Azərbaycanın sədrliyi dövründə bu təşkilatın
qlobal çağırışlarla mübarizəyə
verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
«1961-ci ildə
Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı
qlobal sülh, ədalət və həmrəylik naminə həyata
keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada
mühüm rol oynamışdır. BMT Baş
Assambleyasından sonra ikinci ən böyük təsisat olan
Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə
edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə
malik 120 ölkəni birləşdirməklə,
multilateralizmin həqiqi nümunəsi hesab edilir» deyən
ölkə Prezidenti tarixi nitqində bildirdi ki, suverenlik və ərazi bütövlüyünə
hörmət, təcavüz aktlarından çəkinmə,
başqalarının daxili işlərinə qarışmama
kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq
prinsipləri Qoşulmama Hərəkatının təməlində
dayanır. Bu prinsiplər müasir beynəlxalq
münasibətlərdə aktual və vacib olaraq qalır.
Əgər bütün ölkələr Bandunq prinsiplərinə
riayət etsəydilər, onda biz dünyada müharibələr
və münaqişələr görməzdik. Sülhün,
təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin
gücləndirilməsinə töhfə vermək
üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı
ailəsinə daxil olmaq qərarına gəldi. Və qısa müddət ərzində Azərbaycan
Hərəkatın üzvləri arasında böyük etimad
və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının
liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci
illər üçün Qoşulmama Hərəkatının
sədri seçildi.
Bütün dünya 2020-ci ilin əvvəlində
COVID-19 pandemiyasına məruz qaldığı dövrdə
Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə
yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə
vaxtında və adekvat cavab verilməsi üçün ciddi
səylər göstərdi. Azərbaycan
pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər
edilməsi üçün bir sıra təşəbbüslər
irəli sürdü. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının
dövlət və hökumət başçıları səviyyəsində
onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü
irəli sürdük və onu təşkil etdik. Zirvə Toplantısının praktiki nəticəsi
olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin
əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən
məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə
Təşkilatı bu gün pandemiya ilə mübarizədə
Qoşulmama Hərəkatına üzv dövlətlərin
mövcud ehtiyaclarının təmin edilməsi
üçün həmin məlumat bazasından istinad mənbəyi
kimi istifadə edir. Bununla yanaşı, Azərbaycan “peyvənd
millətçiliyi”nə və peyvəndlərin zəngin
ölkələr tərəfindən öz ehtiyaclarından
daha artıq miqdarda alınmasına qarşı
narazılığını açıq şəkildə
ifadə etdi və bu gün də etməkdədir.
Belə hərəkətlər Qoşulmama Hərəkatına
üzv ölkələri öz əhalisini qorumaq imkanından
məhrum edir. Peyvəndlərə çıxış sahəsində
fərq çox böyükdür. Belə ki, Beynəlxalq hesabatlara əsasən,
dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin
ölkə tərəfindən alındığı halda,
aşağı gəlirli ölkələrdə peyvəndlənmə
2 faizdən azdır. Ona görə heç təsadüfi
deyil ki, cari ilin mart ayında Azərbaycanın
təşəbbüsü əsasında BMT-nin İnsan
Hüquqları Şurasında Qoşulmama Hərəkatı
adından peyvəndlərə bərabər və universal
çıxışın təmin edilməsinə dair qətnamə
qəbul edildi. BMT Baş Assambleyasının cari
sessiyası çərçivəsində də Azərbaycan
eyni mövzuda qətnamə layihəsini irəli sürməyi
planlaşdırır və Hərəkat
üzvlərinin növbəti dəstəyinə
arxalanır.
Çıxışında bir daha İkinci
Qarabağ müharibəsinə diqqət yönəldən
ölkə Prezidenti xatırlatdı ki, 2020-ci il sentyabrın
27-də Ermənistan Azərbaycana qarşı
genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə
əks-hücum əməliyyatına başladı və
işğal olunmuş torpaqlarımızı azad etdi. 44
günlük Vətən müharibəsi nəticəsində
tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il
noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur
oldu. Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
icrasını təmin etdi, 30 illik münaqişəyə son
qoydu və hərbi-siyasi yollarla ərazi
bütövlüyünü və tarixi ədaləti bərpa
etdi. Dağlıq Qarabağ münaqişəsi
keçmişdə qaldı. Daha sonra
çıxışında ölkə Prezidenti növbəti
tarixi təkliflə çıxış etdi və bildirdi ki,
Qoşulmama Hərəkatına üzv dövlətlər
artıq təsisatlanma ideyası üzərində
düşünsünlər. Azərbaycan da öz növbəsində
sədr qismində məsləhətləşmələr
apararaq, Hərəkata üzv dövlətlərin bununla
bağlı mövqeyini öyrənəcək.
Biz hər zaman sözümüzə, vədimizə,
imzamıza sadiq qalmışıq, dəyişməmişik və
dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də
bəllidir və bu yola, bu hədəfə doğru daim inamla,
qətiyyətlə irəliləyəcəyik!
İki sahil.- 2021.- 14 oktyabr.- S.4.