Ruhu Şuşa
göylərini NURLANdıran!
“Atamın
barmağı yaralanıb,
sağalan kimi gələcək”
Vətən göylərini bürüyən
qara buludlar sürünə-sürünə gəlib Qarabağın baş tacı Şuşanı zülmətə
qərq edəndə bir yaşının tamam olmasına hələ on gün vardı. Körpə gözlərinin
özü kimi təmiz, saf, işıqlı gördüyü
dünyanın rənginin
dəyişməsi təəccübləndirdi
onu, instinkt olaraq anası Həqiqətə sığındı,
çaşqın-çaşqın baxdı ətrafa və hiss elədi ki, qaranlığın, şərin qarşısında
dayana bilmək üçün həqiqətin
yanında olmaq lazımdır. Sonra sığındığı anası niyəsə ağlaya-ağlaya bağrına
basdı onu – tək oğul balasını, canını,
canından bir parçanı qorumaq üçün evindən-eşiyindən
baş götürüb
qaçdı. Ağdama
qaçdı, ancaq arxalarınca sürünən
qara bulud haqlayacaq deyə, dayana bilmədi burda, Bərdəyə qaçdı, Bakıya qaçdı... Və beləcə, qaçqın
kimi, köçkün
kimi böyüyəsi
oldu qucağındakı
körpə Nurlan... Və yaşının üstünə yaş gəldikcə, ayaqları
bərkidikcə Nurlan
anladı ki, addımlarını basacağı
Vətən torpağı
bir yaşına on gün qalmış büründüyü zülmətdə,
yağı tapdağında
əsir qalıb... Və bir şeyi
də anladı Nadirin ilk və tək oğul övladı – didərginlik
bu böyük millətin övladlarına
yaraşmır!..
Haqqında: Həsənov Nurlan
Nadir oğlu 1991-ci il mayın 19-da Şuşa şəhərində
anadan olub. Birinci Qarabağ müharibəsində
erməni faşistlərinin
torpaqlarımızı, o cümlədən
Şuşanı işğal
etməsindən sonra,
öz doğma yurdundan didərgin düşərək ailəsi
ilə birlikdə məcburi köçkün
kimi Bakıda məskunlaşıblar.
1997-ci ildə burada Şuşa şəhər
3 nömrəli tam orta
məktəbə daxil
olub, 2008-ci ildə həmin məktəbi “əla” qiymətlərlə
bitirib. 2008-2012-ci illərdə
Azərbaycan Texnologiya
Universitetində “İnzibati
idarəetmə“ ixtisası üzrə
təhsil alıb. Hər zaman vətənpərvərliyi, mərdliyi,
əsl kişi
xarakteri ilə çoxlarından fərqlənən
Nurlan Həsənov 2012-ci
ildə Azərbaycan Silahlı Qüvvələrinin
Naxçıvan şəhərində
yerləşən “N” saylı
hərbi hissəsində
həqiqi hərbi xidmətə yollanıb. Zabit kurslarında hərbi bilikləri öyrənərək
xidmətinə leytenant
kimi davam edib. Daha sonra müddətdən
artıq xidmət edən zabit kimi Gəncəyə “N” sayli hərbi hissəyə göndərilib,
taqım komandiri olaraq xidmət çəkib. Nümunəvi xidmətinə, verilən
tapşırıqları vaxtında
və yüksək səviyyədə yerinə
yetirdiyinə görə
dəfələrlə təltif
edilib. 2014-cü ildə ehtiyatda olan zabit kimi
tərxis olunaraq evə qayıdıb.
2020-ci ilin sentyabrında, nəhayət o böyük
gün çatanda Nurlan
da ürəyi Vətən
eşqi və qisas hissi ilə
döyünən minlərlə
cəsur oğullarımız
kimi Ali Baş Komandanın çağırışına
qoşulub, ayın
21-də könüllü olaraq
təlimlərə yollanıb.
Sentyabrın 27-də torpaqlarımızın
Erməni işğalçılarından
azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin
ilk günündən ön
xətdə ağır
döyüşlərə qatılıb. Füzuli
və Cəbrayıl istiqamətində həyata
keçirilən əks-hücum
əməliyyatlarında böyük
sücaət və rəşadət göstərən
Nurlan sonuncu dəfə anası ilə əlaqə saxlayanda “məndən narahat olmayın, hər şey yaxşıdır, Şuşanı
almağa gəlmişəm”,- deyib. Ancaq...
Oktyabrın 1-də Füzulinin azad
olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına
şəhid olan Nurlan Həsənov bir
gün sonra Bakı şəhərində,
yaşadığı Biləcəri
qəbiristanlığında torpağa tapşırılıb.
Canını Vətən yolunda
fəda etmiş Nurlanın qəhrəmanlığı
layiqli qiymətini alıb. O, Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərəncamları ilə
ölümündən sonra
“Vətən uğrunda”,
“Cəsur döyüşçü”,
“Cəbrayılın azad
olunmasına görə”,
“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib, yaşadığı
Biləcəri qəsəbəsində
adına xatirə bulaq kompleksi tikilib.
...Nurgül adlı
qız və Məhəmməd adlı
oğul yadigarı qalıb Nurlanın. Balaca Məhəmməd körpə gözlərinin
özü kimi təmiz, saf, işıqlı baxışlarla
baxır dünyaya – bir az da
çaşqın baxışlarla.
Baxır ki, bir ildən artıqdır görmədiyi
atası şəklə
dönüb, bulaq olub və hamı
onun qarşısında
təzim edir, nənəsi Həqiqətə
sığınır... Nurgülsə yavaş-yavaş anlayır
nələr olduğunu,
bir az böyükdür
axı. Əvvəl “atamın barmağı yaralanıb, sağalsın
gələcək” deyirdi,
indi hərbi forma geyinir, üçrəngli bayrağımızı
götürüb dalğalandıra-dalğalandıra
dayanır şəklinin
yanında və “cənab leytenant” mahnısını oxuyur:
Barıt
qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar?
Səndən təsəlli bir
zabit mundiri...
... Bir yaşına on gün qalmış ana qucağında çıxdığı ana
Vətənin – Şuşanın
azadlığını görmək
qismət olmadı, arzusuyla yaşadığı,
xəyalını qurduğu
böyük Qələbəmizi
ruhu göylərdən
seyr etdi Nurlanın. Ruhu azad Şuşanın göylərində şaddır,
çox şükür,
Şuşanın göylərini
NURLANdırır!
Şəhadətin mübarək, 29 illik
ömrə qəhrəmanlıq
tarixi sığdıran,
əbədi Vətən
olan şəhid! Şəhadətin mübarək,
Nurlan!
Mahir Rəsuloğlu
İki sahil.- 2021.- 1 oktyabr,- S.7