Vüqar Bayramov: İnanıram ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq

 

 

-Azərbaycanda 44 günlük Vətən müharibəsinin və postmüharibə dövrünün yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizin iqtisadi inkişafını necə qiymətləndirirsiniz?

 

- Bir il öncə sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi və yaşayış məntəqələrimiz və döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə tutuldu. Həmin gün düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa edildi. Azərbaycan artıq yeni quruluculuq mərhələsinə qədəm qoyur. Keçmiş məcburi köçkünlərimizin öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizə həyatın yenidən qayıtması demək olacaq. Bu, ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımından da vacibdir. Bu ilin may ayında Füzuli Beynəlxalq Hava Limanının inşası ilə tanış olan zaman çoxlarımız üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi bəlkə də bir arzu kimi görünürdü. Artıq bu hava limanında tamamlanma işləri aparılır.

 

Cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir. Füzuli Aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı «Qarabağın hava qapısı» elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcək.

 

İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 mlyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək.

 

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxışı zamanı bildirib: «Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik». Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəməyənlər razılaşmalıdırlar ki, ölkəmiz öz hərbi gücü ilə istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Bunu 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər bir daha təsdiq etdi. Revanşist meyillər sadəcə həmin ölkə və ya ölkələrdəki mövcud problemləri dərinləşdirir. Aydındır ki, kifayət qədər həssas bölgə olan Cənubi Qafqazda dayanıqlı sülh və iqtisadi əməkdaşlıq kommunikasiyaların paralel bərpasından keçir. Cənubi Qafqaz yeni mərhələdə revanşist meyillərə deyil, ərazi bütövlüyünü tanımaqla sülh şəraitində yaşamağa köklənməlidir.

 

-"Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Ermənistanın hava məkanı ilə uçmağa başlayıb. Bu kontekstdə Zəfərdən sonra regionda formalaşan yeni düzənə nəzər salmağınızı istərdik…

 

- Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir. Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhədyanı  dövlətlərin maraqlarına cavab verir.

 

Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

 

Ermənistanın torpaqlarımızın bir hissəsini uzun müddət işğal atlında saxlaması nəticəsində Cənubi Qafqaz iqtisadi potensialından tam olaraq istifadə edə bilməyib. Cənubi Qafqazın cəmi ümumi daxili məhsulunun həcmi 79.2 milyard dollardır. Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər.

 

Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanıram ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq.

 

- İran ilə yaşanan son münasibətlər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr də müzakirə edilən məsələlərdəndir. Bununla bağlı nə deyərdiniz?

 

- Cənub qonşumuz ilə ticarət dövriyyəmiz 2016-cı ildən sonra daha çox artsa da ötən il pandemiyanın təsirlərindən qaça bilmədi. Belə ki, İran ilə ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub. Bu, o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir. İrandan illik idxalın həcmi isə 300 milyon dollardır. Bu o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub. Göründüyü kimi, İran ilə ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İran ilə ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə bu, ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək. İrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmamalıdır. Azərbaycanın illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır. Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milyon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları (çay (177.2 min dollar), düyü (167.4 min dollar) makaron məmulatları (51.4 min dollar) və s.) idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asılılığının yaranmasına imkan vermir. Azərbaycan ərazi bötüvlüyümüzə hörmətlə yanaşan ölkələr ilə dostluq münasibətlərini davam etdrməkdə maraqlı olan dövlətdir. Ümid edək ki, qonşuluq prinsiplərinə qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq.

 

- Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonu ərazisində «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının yaradılmasının əhəmiyyəti nədən ibarətdir?

 

- Kifayət qədər böyük iqtisadi imkanları olan Şərqi Zəngəzur iqtisadi rayonunun 27 ildən çox işğal altında qalması səbəbindən potensialından istifadə edilə bilinməyib. İşğaldan azad olunmamışdan əvvəlki ildə sözügedən iqtisadi rayonda cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi cəmi 0.1 faiz olub. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlə də ifadə olunmayb. Göründüyü kimi, 27 ildən çox müddətdə həmin ərazilərimizin böyük iqtisadi potensialı Ermənistan işğalı nəticəsində məhv edilib.

 

Cəbrayıl rayonunda sənaye parkının yaradılması regionun sənaye potensialının reallaşmasına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonu təbii ehtiyatlarının həcmi baxımından seçilən rayonlarımızdandır. Bu, sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır. Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonunda çox yaxın gələcəkdə regional nəqliyyat və logistik şəbəkə formalaşacaq. Zəngəzur dəhlizinə inteqrasiya və Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası kontekstində logistik imkanlar daha da güclənəcək. Bu isə yeni tranzit və ixrac potensialı deməkdir.

 

«Araz Vadisi İqtisadi Zonası”» sənaye parkı Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması fonunda daha səmərəli fəaliyyət göstərə biləcək. Sənaye parkında həm emal, həm də təkrar emal müəssisələrinin yaradılacağı gözlənilir. Sənədə əsasən, qabaqcıl texnologiyalara və «yaşıl enerji» konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi prioritet olacaq.

 

Bütövlükdə, sənaye parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhvə verəcək. Bu isə regionun qeyri-neft ixrac imkanlarının formalaşacağından xəbər verir.

 

-İşğaldan azad olunmuş ərazilərdəki su ehtiyatlarının idarə edilməsi necə həyata keçiriləcək?

 

- Suqovuşanın azad edilməsi 4 rayonun su ilə təminatına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, su hövzəsinə nəzarətin həyata keçirilməsi, bütövlükdə həmin ərazilərin işğaldan azad olunması xüsusən kənd təsərrüfatında suvarma sularına olan tələbin ödənilməsində xüsusi paya malik olacaq. Eyni zamanda, su elektrik stansiyalarının bərpa edilməsi, həm də həmin ərazilərdə yaşayan və məskunlaşacaq vətəndaşlarımızın elektrik enerjisi ilə təminatının ödənilməsində xüsusi rol oynayacaq. Bu, elektrik şəbəkəsinin inkişaf etdirilməsi, elektrik enerjisinə çıxışın əlçatanlığının artırılması baxımından da vacib hesab olunur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə olan su ehtiyatlarının idarə edilməsi Qarabağda, Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafına dəstək olacaq, digər tərəfdən, yayda suya olan tələbin ödənilməsində müəyyən çətinliklərin xeyli azaldılmasına imkan verəcək.

 

Bir sözlə, deyərdim ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri həmin ərazilərdə iqtisadiyyatın bərpa edilməsinə, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına təkan verəcək.

 

Şəmsiyyə Əliqızı,

 

Könül Əliyeva

 

İki sahil.- 2021.- 9 oktyabr.- S.9.