Tamerlan Əliyevin
keçdiyi şərəfli
ömür yolu hər bir alim,
həkim və pedaqoq üçün müdriklik məktəbidir
Oktyabrın
6-da Azərbaycan Tibb Universitetində Azərbaycan tibb elminin
görkəmli nümayəndəsi, Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı, professor Tamerlan
Əliyevin 100 illiyinə həsr olunmuş “Təbabətin
aktual problemləri 2021” elmi-praktik konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
professor Tamerlan Əliyevin Fəxri xiyabandakı məzarını
ziyarət edib, məzarın önünə
gül dəstələri
qoyublar.
Tədbirin açılış mərasimində Prezident Administrasiyasının Humanitar
siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
Səhiyyə Nazirliyinin
Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
Cəmil Əliyev iştirak ediblər.
Səhiyyə nazirinin birinci
müavini, səhiyyə
nazirinin vəzifələrini
müvəqqəti icra
edən Teymur Musayev görkəmli alimin 100 illik xatirə yubileyinin təxminən 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi doğma universitetin divarları arasında qeyd olunmasını əlamətdar
hadisə kimi dəyərləndirib.
Tamerlan Əliyevin alim,
həkim və pedaqoq kimi keçdiyi
şərəfli ömür
yolunun hər bir alim və
həkim üçün
müdriklik məktəbi
olduğunu deyən Teymur Musayev Əməkdar elm xadiminin ömrünün sonunadək öz gücünü və bacarıqlarını doğma
Azərbaycana xidmətə
sərf etdiyini, xalqın rifahı naminə çalışdığını
diqqətə çatdırıb:
“Atası Əziz
Əliyevin yolunu davam etdirən Tamerlan Əliyev 1944-cü
ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən
sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya
və Mikrobiologiya İnstitutunda, sonradan Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışıb. 1945-ci ildən
isə onun əmək fəaliyyəti
Azərbaycan Dövlət Tibb İnstitutunun
fakültə terapiyası
kafedrası (indiki daxili xəstəliklər
kafedrası) ilə bağlı olub. Tamerlan Əliyev burada fakültə terapiyası kafedrasının
ordinatoru, assistenti, dosenti vəzifələrində
işləyib. 1970-1990-cı illərdə kafedranın
professoru olub və kafedraya rəhbərlik edib, ömrünün sonunadək
həmin kafedranın professoru vəzifəsində
çalışıb”.
Qeyd olunub ki, Tamerlan Əliyevin çoxcəhətli elmi tədqiqatlarının əsasını
Azərbaycanın kurort
amillərinin müalicəvi
təsiri, endokrin sistem xəstəliklərinin
patogenezinin, klinikasının
və müalicə üsullarının öyrənilməsi,
qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi
və digər problemlər təşkil edib. Görkəmli alim unikal təbii
ehtiyatlarla – mineral sular, palçıq vulkanları, Naftalan nefti, duz mağaraları
və digər müalicəvi mənbələrlə
zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf
perspektivlərinə böyük
diqqət yetirirdi.
1975-ci ildə Tamerlan Əliyevin şəxsi təşəbbüsü
və səyi nəticəsində Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində
90 yerlik endokrinologiya şöbəsi yaradılıb.
O cümlədən daxili
xəstəliklər kafedrasının
nəzdində Azərbaycanda
ilk dəfə intensiv kardioloji yardım şöbəsi,
reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi
təşkil edilib.
Səhiyyə nazirinin birinci müavini bildirib ki, professor Tamerlan
Əliyev Azərbaycanda
kardioloji xidmət sisteminin təşkilinə
və inkişafına
böyük əmək
sərf edib. Alimin təşəbbüsü ilə
keçmiş SSRİ miqyasında
ilk dəfə 4 nömrəli klinik xəstəxananın nəzdində
miokard infarktı və şəkərli diabeti olan xəstələrin
distansion diaqnostikası,
təxirəsalınmaz yardımı,
həmçinin intensiv
terapiyası təşkil
olunub. Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə
qızıl hərflərlə
yazılmış xidmətlərindən
biri də bilavasitə onun təşəbbüsü və
təşkilatçılığı ilə yaradılmış
akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.
“Professor Tamerlan
Əliyevin ölkəmiz
üçün tibb sahəsində yüksək
ixtisaslı elmi kadrların hazırlanmasında
da əvəzsiz xidmətləri olub. Bu gün onun
elmi məktəbinin yetirmələrinin adları
ölkəmizdə və
xaricdə böyük
ehtiramla çəkilir”,
- deyə Teymur Musayev vurğulayıb.
Tibb Universitetinin
rektoru, professor Gəray Gəraybəyli çıxışında görkəmli
alimin həyat və fəaliyyətindən
bəhs edib. Diqqətə çatdırıb
ki, Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvan
Muxtar Respublikasının
Şahtaxtı kəndində
böyük dövlət
və elm xadimi Əziz Əliyevin ailəsində
dünyaya göz açıb. Hələ uşaqlıq illərindən
alicənablıq, həssaslıq
və ziyalılıq
ruhunda tərbiyə alıb.
Tamerlan Əliyevin
müharibə illərində
hərbi hospitalda işlədiyini xatırladan
G.Gəraybəyli görkəmli
alimin endokrinologiya sahəsində apardığı
elmi tədqiqatların
əhəmiyyətindən söhbət açıb.
Qeyd edib ki, Tamerlan Əliyev
respublikamızda endokrinologiya
və kardiologiya elminin inkişafına təkan verib, on ilə yaxın
müddət ərzində
Respublika Endokrinologiya Cəmiyyətinin sədri
olub. Onun rəhbərliyi ilə 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanıb, hazırda onlar endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.
Professor Tamerlan
Əliyev 250-dən artıq
elmi əsərin, o cümlədən 12 monoqrafiya
və bir dərsliyin müəllifidir.
Alimin “Endokrinologiya” əsəri bu sahədə Azərbaycan dilində yazılmış
ilk dərslik idi. Görkəmli alimin Azərbaycanda tibb elminin və
səhiyyənin inkişafındakı
xidmətləri dövlətimiz
tərəfindən layiqincə
qiymətləndirilib. O, 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat
üsulları” monoqrafiyasına
görə Respublika Dövlət Mükafatına
layiq görülüb.
Professor Tamerlan
Əliyevin Azərbaycanın
hüdudlarından kənarda
da yaxşı tanındığını, bir
çox beynəlxalq miqyaslı konfrans və simpoziumlarda ölkəmizi layiqincə
təmsil etdiyini söyləyən rektor onun insani xüsusiyyətlərindən
də danışıb:
“Tamerlan müəllim
olduqca sadə, müdrik, qayğıkeş
və xoşxasiyyətli
insan idi. Ona müraciət edənləri səbirlə
dinləyər, ehtiyacı
olanlara təmənnasız
yardım edərdi. Son dərəcə təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni
səviyyəyə malik
bir insan olan Tamerlan Əliyev
gəncləri daim elmə həvəsləndirərdi”.
Professor Gəray
Gəraybəyli əmin
olduğunu bildirib ki, Tamerlan Əliyevin
elmi irsi, xeyirxah əməlləri bundan sonra da
yaşayacaq, əsərləri
bundan sonra da tibb sahəsinin
inkişafı üçün
təməl rolunu oynayacaq.
Sonra Əməkdar
elm xadiminə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Milli Məclisin
Səhiyyə komitəsinin
sədri, akademik Əhliman Əmiraslanov və Tibb Universitetinin
daxili xəstəliklər
kafedrasının müdiri,
professor Rafiq Məmmədhəsənov Tamerlan
Əliyevlə bağlı
xatirələrini bölüşüblər.
Onun pedaqoq kimi auditoriyalarda maraqlı mühazirələr
oxuduğu, bir həkim kimi isə xəstələrə
diqqətlə və qayğı ilə yanaşdığı xatırlanıb.
Sonra Türkiyənin
Qazi Universitetinin rektoru, professor Musa Yıldız və Rusiya Elmlər Akademiyasının
akademiki Anatoli Martınovun videomüraciəti
dinlənilib.
Professor Tamerlan
Əliyevin ailə üzvləri adından çıxış edən
akademik Cəmil Əliyev çıxışçılara
və tədbir iştirakçılarına minnətdarlığını
bildirib.
Açılış mərasimdən sonra Tibb Universitetinin III daxili xəstəliklər
kafedrasının dosenti
Nağdəli Zamanovun
dünya şöhrətli
alimin xatirəsinə
həsr olunmuş “Ləyaqət timsalı” kitabı konqres iştirakçılarına paylanılıb.
Qeyd edək
ki, 11 beynəlxalq universitet və cəmiyyətlərdən nümayəndələrin
qatıldığı konqresin
işi üç gün müddətində
tibbin və təbabətin aktual problemlərini əhatə
edən 32 simpoziumla davam edəcək.
İki sahil.-
2021.- 7 oktyabr.- S.6.