Prezidentin “Gənc
nəslin tərbiyə
edilməsi” çağırışı
kontekstində Nizami Gəncəvi irsi
"Gənc nəslin tərbiyə edilməsi hər bir
dövlət üçün xüsusi əhəmiyyət
daşıyan məsələdir. Və o
ölkələrdə ki bu məsələyə fikir
verilmir, o ölkələr vaxt keçdikcə böyük
problemlərlə üzləşə bilərlər. Əgər
gənc nəsil tərbiyə edilməsə, əgər
gənc nəslə ümumbəşəri
dəyərlər aşılanmasa, o zaman
gələcəkdə problemlər qaçılmazdır”.
Bu fikirləri ölkə başçısı İlham
Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında
səsləndirmişdi. Bu günlərdə Füzuli
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündə Prezident İlham Əliyev
yenidən bu məsələyə xüsusi vurğu saldı:
“Əsas vəzifəmiz gəncləri
vətənpərvərlik ruhunda böyütməkdir.
Çünki bu olmasa, bizim arzularımız
yarımçıq olacaq. Vətənpərvərlik olsa,
Vətənə bağlılıq olsa, heç bir
qüvvə bizim qabağımızda dura bilməz.”
Məlumdur ki, Azərbaycan uşaq ədəbiyyatı
daim diqqətdə saxlanılan sahə olub. Milli
müstəqilliyimizin ilk illərində ölkədə
baş verən müəyyən ictimai-kataklik proseslər
uşaq ədəbiyyatında da durğunluğun yaranmasına
rəvac vermişdi. Bu, ümumən
ədəbiyyatımızın mənzərəsini ehtiva
edən bir proses idi. Uşaq ədəbiyyatı isə
həmişə ümumi ədəbiyyatın bir sahəsi
olub. Həmin illərdə yaşayıb yaradan uşaq
yazıçı-şairlərinin yaradıcı
qələmi daha çox Qarabağ acılarına, yurd itkisinə
həsr olunmuş nümunələrlə
görünürdü. 90-cı illərin ortalarından
başlayaraq ümummilli lider Heydər Əliyevin uşaq
ədəbiyyatına xüsusi diqqəti, bu sahədəki
dirçəlişin təminatçısı oldu. Müstəqil
dövlətin qurulması və inkişafı
yönümündə dövlətin maraqlarına xidmət
edən siyasət əsas prioritetə çevrildi.
Ölkənin bütün sferalarında, o cümlədən
humanitar düşüncə sistemində gedən yeni
təfəkkür quruculuğu, azərbaycançılıq
ideologiyasının qabardılması, milli məfkurə
xəttinin önə çəkilməsi proseslərinin
içində uşaqlara qayğı və diqqətin
artırılması, gənc, savadlı nəslin
formalaşması da əsas qayəni təşkil edən
məsələlər idi.
Ölkə Prezidenti İlham Əliyevin 2009-cu ili
"Uşaq ili" elan etməsi isə görülən
işləri sürətləndirməklə bərabər,
uşaq ədəbiyyatının müxtəlif janrlarda ortaya
qoyulan nümunələrinin intensivliyi, təbliği,
tədqiqi, nəşr və mətbuatda çap imkanları
baxımından həlledici bir tarixə çevrildi. Bu
sahə bu gün də dövlətimizin və onun nüfuzunu
qoruyan yaradıcı insanların yorulmaz əməyi
sayəsində inkişafdadır.
Sonuncu qurultayda ölkə başçısının
çağırışı bu yöndə daha dərin
düşünməyə və uşaq ədəbiyyatı
nümunələri üzərində sistemli
çalışmalara yol açır. Gənc nəslin
tərbiyələnməsi və ümumbəşəri
dəyərlər kontekstində müqtədir
vətəndaş kimi yetişməsi üçün yeni
nümunələrin ərsəyə gəlməsinə
çalışmaqla bərabər, əsas
işlərdən biri həm də meydanda olan layiqli
faktları milli dəyərlər işığında
yenidən nəzərdən keçirməkdir. Bu
istiqamətdə böyük Azərbaycan şairi Nizami
Gəncəvinin irsi zəngin material verir.
Nizami Gəncəvinin irsi Azərbaycan yazılı uşaq
ədəbiyyatının məhvərində dayanan
böyük arsenaldır. Yaradıcılığı
büsbütün nəsihət üslubu,
əxlaqi-mənəvi dəyərlərin, insani
özəlliklərin təbliği üzərində
qərarlaşan şair poeziyasının ehtiva etdiyi
bütün fəlsəfi dərinliyə, metafizik qata
baxmayaraq, ilk növbədə bu keyfiyyətlərin
üstünlüyü ilə önəm kəsb edir.
Azərbaycan uşaq ədəbiyyatının
təşəkkülü, formalaşması və
inkişafı tarixindən bəhs edən bütün
kitablarda, ədəbi-elmi və pedaqoji-metodik
ədəbiyyatların əksəriyyətində,
eləcə də uşaq ədəbiyyatına həsr
edilən dərsliklərdə yazılı uşaq
ədəbiyyatının tarixini bir qayda olaraq Ə.
Xaqani, N. Gəncəvi və M. Füzulidən
başlayırlar. Rafiq Yusifoğlunun “Uşaq
ədəbiyyatı” (2002), Qara Namazovun “Azərbaycan
uşaq ədəbiyyatı” (2007), Zahid Xəlil
və Füzuli Əsgərlinin “Uşaq ədəbiyyatı”
(2007), Vüqar Əhmədin “Azərbaycan uşaq
ədəbiyyatı” (2006) kimi dərslik və dərs
vəsaitlərində klassik sənətkarların
ədəbi irsində olan didaktika, öyüd və
hikmətli, nəsihət xarakterli nümunələr uşaq
ədəbiyyatının örnəkləri kimi təqdim
edilmişdir. Hərçənd XIX və XX əsr
ziyalıları olan S.Ünsizadə, S.Ə.Şirvani,
F.Köçərli və başqaları bu tip
əsərlərin uşaqların yaş və bilik səviyyəsi
üçün uyğun olmadığını, onların
yalnız oxu materialı kimi işə
yaradığını vurğulamışdır. Bu
qənaəti doğuran əsas səbəb ana dili
məsələsi idi ki, dövrün ziyalıları
uşaqlar üçün yazılan əsərin onların
öz ana dilində olmasını, milli
xüsusiyyətlərin nəzərə alınmasının
vacibliyini irəli sürür, dünyagörüş və
bədii zövqün formalaşması məsələsini
ikinci planda qabardırdılar. Bu ziyalılara görə
Ə. Xaqani, N.Gəncəvi, S.Şirazi kimi
sənətkarların əsərləri, “Gülüstan”,
“Bustan”, “Leyli və Məcnun” və s.
kitabların heç biri Azərbaycan dilində
yazılmamış, uşaq dünyası, onların yaş
psixologiyası nəzərə alınmamışdır. Amma
burada bir mühüm məqam var və bu məqam
ümumiyyətlə, Nizami irsinin dünya
mədəniyyətinin içindəki yerini, yolunu
müəyyənləşdirməklə birbaşa
bağlı məsələdir. Məlumdur ki, Nizami irsi
İslam Şərqi mədəniyyəti içindədir.
Bu, həmin dövrün reallığıdır. O
dövrdə ədəbiyyat büsbütün
ümum-islam Şərq mədəniyyəti içində
qərarlaşmışdı. Nəinki Azərbaycan uşaq
ədəbiyyatı, ümumiyyətlə, Azərbaycan
ədəbiyyatı deyilən bir anlayış yox idi. Həmin
dövrdə mədrəsə və məktəblərdə
adı çəkilən sənətkarların, o
cümlədən Nizaminin əsərlərindən dərs
vəsaiti kimi istifadə edilmiş, onlardakı
nəsihətamiz fikirlər, ibrətamiz hekayələr
tərbiyəvi əhəmiyyəti ilə böyük rol
oynamışdır. Maraqlı bir faktın
üzərində dayanmaq olar. 1947-ci ildə Nizami Yubileyi
Komitəsi və Azərbaycan Sovet Yazıçıları
İttifaqının nəşr etdirdiyi “Nizami” adlı
çoxcildliyin dördüncü cildində (redaktoru: Səməd
Vurğun, müavinləri: Mikayıl Rəfili və
Cəfər Cəfərov) Nizaminin bəzi
əsərlərinin Əvəz Sadıqov
tərəfindən nəsr tərcüməsi verilmiş,
kitabda yer alan bir neçə hekayə - “Xorasanlı və
xəlifə”, “Çoban və üzük”, “Rəssam Maninin
hekayəsi”, “Şəkər” və
“Çörəkçinin sərgüzəşti” uşaq
ədəbiyyatı nümunəsi kimi təqdim olunmuşdur.
Onu deyək ki, Nizami Gəncəvinin əsərləri
uşaqlar üçün bir çox şair və
yazıçılarımız tərəfindən
işlənmişdir. Bunlardan “İsgəndər və
çoban” (Mirmehdi Seyidzadə, 1940), “Fitnə” (Mir Cəlal,
1941), “Kərpickəsən” (Mir Cəlal), “İlin
fəsilləri” (Mir Cəlal), “Xeyir və şər” (Mir
Cəlal), “Sehirli üzük” (Abdulla Şaiq), “Yaralı
oğlan” (Qılman Musayev) kitablarının adını
çəkmək olar. Eləcə də 1939-cü
ildə “Pioner”jurnalı” nəşriyyatında Səməd
Vurğunun təqdimatı və tərcüməsində
Nizaminin uşaqlar üçün şeirləri çap
olunmuşdur.
Göründüyü kimi, Nizami irsi uşaq
ədəbiyyatı üçün maraqlı və
zəngin məxəz olmuş, istər yüksək
sənət materiyası, istərsə də
aşıladığı mənəvi dəyərlər
baxımından faydalı nümunə hesab edilmişdir.
Hər halda “oxu materialı” kimi faydalı olsa belə dünya
və cəmiyyət məsələlərinin geniş
problematikasına varan Nizami sözünün yetişən yeni
nəslin idrakında əvəzsiz təsir mənbəyi
olması şübhəsizdir. Ona görə də
“Azərbaycan yazılı uşaq ədəbiyyatının
tarixinin süni surətdə qədim və orta
əsrlərə aparılması cəhdi tarixi, elmi-pedaqoji
və məntiqi cəhətdən qeyri-elmidir” (Xeyrulla
Məmmədov), - kimi fikirlərlə razılaşmaq olmur.
Əksinə, zəmin, bünövrə kimi elə
bu zaman kəsimlərini məqbul sayaraq, bu sırada Nizami
irsinin böyük missiya həyata keçirdiyini danmaq olmaz.
Hansı missiya? Bu barədə fikirlərimizi
əsaslandırmağa çalışaq.
Əvvəlcə onu vurğulayaq ki, neçə
yüzillik boyu Nizamidən təsirlənən şair və
yazıçılar arasında uşaq
ədəbiyyatımızın bir sıra
nümayəndələri vardır. Bu sənətkarlar Nizami
Gəncəvinin müxtəlif əsərlərindən
bəhrələnərək hekayə və pyeslər ortaya
qoymuşlar. Məsələn, Abdulla Şaiq şairin “Yeddi
gözəl” poeması əsasında “Fitnə”,
“İsgəndərnamə” poeması əsasında isə
“Nüşabə” pyeslərini yazmışdır. Mirmehdi
Seyidzadənin “Sevgi” və “Fitnə” əsərləri
Nizaminin “Xosrov və Şirin” və “Yeddi gözəl”
poemasının motivləri əsasında
yaradılmışdır. Sovet dövrü Azərbaycan
uşaq ədəbiyyatının tanınmış
nasirlərindən olan Əli Səmədli Nizaminin “Yeddi
gözəl” poemasında yer alan “Xeyir və şər” hekayəsinin
motivləri əsasında “Hərənin bir ulduzu”
nağıl-povestini qələmə almış, Çin
qızının söylədiyi bu məşhur hekayəni
sadə və rəvan uslubda uşaqlara ərməğan
etmişdir.
Ədəbiyyat tariximizdə maraqlı bir fakta da diqqət
yönəltmək istəyirəm. Məlumdur ki, Seyid Əzim
Şirvani qəzəlinə gözəl bir nəzirə
yazmış şagirdi Ələkbərə hədiyyə
olaraq Nizaminin “Xəmsə”sini göndərmişdir. Nizaminin
əsərlərinin uşaqlar üçün deyil,
böyüklər üçün
yazıldığını bildirən Seyid Əzim yəqin
ki, “Xəmsə”ni də elə bu kontekstdə - layiqli bir “oxu
materialı” olaraq öz şagirdinə uyğun
bilmişdir. Hər halda danılmaz faktdır ki,
gələcəyin ən gözəl satiriki olmaqla
yanaşı, ədəbiyyat tariximizə ən gözəl
uşaq mətnlərinin müəllifi kimi adını
yazdırmağı bacaran Mirzə Ələkbər Sabirin bu
hünərində Nizaminin məşhur beşliyinin
məxsusi rolu olmuşdur.
Nizami öz yaradıcılığı ilə əsl
insanla əsl şairi birləşdirən
yüksəkliyə adlamış sənətkardır. Bu,
onun yaradıcılığında konsepsiya, təlim
səviyyəsində gerçəkləşdiyindən,
dünya və cəmiyyət məsələlərindən
böyük həssaslıqla bəhs edildiyindən burada
uşaq, yaxud böyük yaş senzinin çalarlarını
axtarmağın özü belə yersiz görünür. Bütün
hallarda aşılanan ideya ruhsal yetkinlik, saf və ali
başlanğıcdır, kamil şəxsiyyət
olmağın sərhədlərini hədəfə alan
rəmz və işarələr sistemidir,
mənəvi-əxlaqi zənginlik və nəcib xarakter
yaratmaq qayəsinə yön almış sənətdir. O
zaman biz mahiyyətə enib formanın deyil, məzmunun
faydalılığı haqqında düşünüb
qərar çıxarmalıyıq. Nizaminin çox
məşhur – “Zalım padşahla Zahidin dastanı”,
“Kərpickəsən kişinin dastanı”, “Sultan
Səncər və qarı”, “Fitnə”, “Nuşirəvan və
bayquşların söhbəti”, “Meyvəsatanla
tülkünün nağılı”, “Bülbül ilə
qızılquşun dastanı”, “Yaralı uşağın
dastanı" və başqa hekayətlərindəki
ibrətamiz motivləri bir-bir şərh edərək
onlardakı didaktik səviyyənin uşaqlar üçün
nə qədər faydalı olmasından geniş bəhs
etmək mümkündür. Bura şairin bütün
poemalarına səpələnmiş təmsil və
alleqoriyadan məharətlə istifadəni, nağıl
janrında sərgiləmiş olduğu ideya-məzmun vüsətini,
humanist qayənin gücünü əlavə etsək,
görürük ki, Nizami əsərlərində yeddidən
yetmiş yeddiyə hər kəsin ala biləcəyi bir
hikmət, bir dərs vardır. Dünya ədəbiyyatında
xüsusi olaraq uşaqlar üçün yazılmayan, lakin
bütün yaş qrupları tərəfindən
məhəbbətlə qarşılanan və
çağımızadək oxunan əsərlər
vardır. Bəşər əhli illərdir K. İ. Çukovskinin,
P.P.Yermolovun əsərlərini təkrar-təkrar çap
edir, A.S.Puşkinin nağıllarını, İ.A.Krılovun
təmsillərini sevə-sevə oxuyur. Görkəmli rus
tənqidçisi V.Belinskinin belə bir fikri var: “Uşaq
ədəbiyyatı balaca uşağın
tərbiyəedilmə, şəxsiyyətinin formalaşdırılma
vasitəsidir... Uşaqlar nəticə, təsdiq və
məntiqi ardıcıllıq
tələb etmirlər, onlara surətlər,
rənglər və səslər lazımdır. Uşaqlar
ideyaları sevmirlər, onlara tarixi rəvayətlər,
povestlər, nağıllar və hekayələr
lazımdır”. Bu baxımdan, yaradıcılığında
daim xalq folklorundan, təbiət təsvirlərindən
geniş istifadə edib çoxsəsli və
çoxçalarlı mətnlər ortaya qoyan Nizamini uşaq
ədəbiyyatının memarları sırasında almaqda
tam haqlıyıq.
Qeyd edək ki, Nizamiyə bu statusu qazandıran həm
də onun oğlu Məhəmmədə yazdığı
nəsihətlərdir. Məlumdur ki, Nizami oğlu
Məhəmmədə üç əsərində xitab
etmişdir: “Xosrov və Şirin”, “Leyli və Məcnun” və
“Yeddi gözəl” poemalarında. Hər yeddi ildən bir -
7, 14, 21 yaşlarında edilən bu müraciətlərlə
Nizami oğlunu mənən ömrün müxtəlif
instansiyalarından keçirməyə, hər yaş
mərhələsinə müvafiq ata nəsihəti
verməyə çalışmışdır. Bunun
özü Nizaminin uşaqlarla bağlı həssas mövqe
sərgiləməsinin, onlara hər yaşda hansı
dəyərləri aşılamağı bilməsinin
göstəricisidir.
Əvvəlcə bunu deyək ki, şair bu
şeirlərdə oğluna gözəl müraciət
üsullarına yer verir: “Yeddi yaşlı balam,
gözümün nuru!”; “Sən, ey on dörd
yaşlım, hər elmə yetkin”! Məmməd Əmin
Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində
yazır: “İlk aşkının yadigarı oğlu Muhammedi
(Mehmed) Şair daima düşünmüş, bu “Türk
çocuğunu” candan bir ilgi ile beslemiştir. Şairin, kendi
“Mehmetciği”ne hitap eden beyitleri dikkate değer
düşünce ve duyğularla doludur. Birer baba
ögüdü şeklinde olan bu hitaplar, hakim Şairin, olgun
adam tipinin nasıl yetişebileceği hakkındakı en samimi
duyğularına tercüman olmaktadır. Çok sıcak bir
ilginin mahsulu olan bu duyğuları ile o, sevgili oğlunun
hatırasını dahi, sevimli eserleri ile beraber, ebedileştirmiştir. Zaten
o, oğlunu eserlerinden biri gibi telakkı etmekte, onu kitaplarına
kardeş saymaktadır”.
Bu fikirlər Nizaminin oğlu Məhəmmədi klassik
ədəbiyyatımızda ilk uşaq obrazı kimi təqdim
etməyə imkan verir. Bu obraz Nizaminin
əsərlərində daim diri, dinamik şəkildə daim
mərkəzdədir. Oğlunun adı necə deyərlər,
şairin dilinin əzbəridir, ən sevimli
əsərlərini ya Məhəmmədə xitabən
başlayır (“Leyli və Məcnun” və “Yeddi
gözəl”), ya da bitirir (“Xosrov və Şirin”). Şairin nəsihətlərində
meyar birdir: Nizami övladına elm, sənət yolunun
tükənməz bir xəzinə olduğunu anladır, bilik əldə
etməyi, peşə sahibi olmağı cəmiyyət
içində hörmət qazanmanın yeganə rəhni kimi
qiymətləndirir: “Ucalmaq istəsən, bir kamala çat, /
Kamala ehtiram göstərər həyat”.
Həmid Araslının 1940-cı ildə böyük
yaşlı uşaqlar üçün sadə bir dildə
yazıb çap etdirdiyi “Şairin həyatı” (redaktoru: Mir
Cəlal) kitabında nəql olunur ki, bir gün evə
gələn zaman oğlu Məhəmmədin şeir
yazdığını görən Nizami ona elm yoluna
yönəlməyi, sənətin dərinliklərinə
varmağı təlqin etmişdir:
“Oğlunun elmdən, öyrənməkdən əl
çəkib gücü düşmədiyi işə
yapışmasından qorxan ata, onun təhsili ilə daha ciddi
məşğul olmaq lazım gəldiyini
düşündü.
Məhəmməd öz şeiri haqqında atasının
rəyini bilmək istəyir və diqqətlə ona
baxırdı.
Demək şair olmaq istəyirsən?
Bəli, ata!
Çox böyük arzudur. Ancaq oğul, hələ savad
öyrən, bilik qazan! Elmsiz sənət, boş və
mənasız əyləncədir. Fiqh öyrən,
təbabət öyrən, şeirlə, qəzəllə məşğul
olma. Xalqa biliklə, bacarıqla kömək et. Xalqın
dərdinə qal və öz xidmətinlə dünyanı
bəzə!”
Nizaminin oğluna nəsihətində bir məqamı da
qeyd etmək lazımdır. Tanrı sevgisi Nizaminin
əsərlərində aparıcıdır,
əvvəldən sonadək dominantlığını
qoruyur. Onun üçün Tanrısız heç bir
əxlaqi dəyərlər sistemi yoxdur. Tanrıya
münasibət ölümsüzlük məqamında
qərar tapmışdır. Burada Tanrı da, insan da diri, yer
üzünün əşrəfi sayılan
varlıqlardır. Onlardan biri digərini yetirən əsas
səbəb kimi çıxış edir. İnsan
Tanrını duyduğu, hiss etdiyi, ona tapındığı
qədərincə öz varoluşunun
təminatçısı salıya bilər. Nizami
Gəncəvi oğlu Məhəmmədə
nəsihətində yazır: “Sən Tanrıyla əhdini
pozmasan, / Səni əmin eləyirəm ki, hər
şeydən xilas olarsan”.
Təsadüfi deyil ki, Allah sevgisini şair oğluna
yeddi yaşından aşılamağa
çalışır: “Ruzi verdi sənə o
pərvərdigar, / Üstündə mənim yox, onun adı
var”. Yalnız bu məqam istisna olmaqla digər
xüsusiyyətləri şair oğluna mərhələli
şəkildə - yaş senzlərinə uyğun təlqin
edir: bilik öyrənməyi, sənət dalınca getməyi,
əxlaq, ədəb, mərifət elmindən hali
böyüməyi. Bu təlqinlər içində
özünü öyrənmək, öz dəriniyinə
enmək kimi mühüm cəhəti də unutmur: “Bu əyri
cizgilər cədvəlində sən/ Özünü
şərh edib, özünü öyrən!” Bəli,
özündən, ilkinliyindən Allaha doğru aparan yol! Bu
yolun süvarisi isə qazanılan bilik və sənətdir!
Nizami Gəncəvinin “Oğlum Məhəmmədə
nəsihət”i hər bir valideyn üçün proqram
səciyyəli poetik mətndir. Şair burada övlad
tərbiyəsinin əsaslarını, üsul və
metodlarını açıqlayır. Bir övladı
faydalı insan, şəxsiyyət kimi necə
yetişdirmək olar? Həyatın mənası
nədədir, məqsəd, qayə necə
olmalıdır? Səkkiz yüz səksən ildir Nizami
öz öyüdləri ilə insanı gözəl
tərbiyə əsasında böyütməyin, nizamı
və ahəngi fərdi-mənəvi “mən”də
aramağın yollarını təklif edir bizlərə.
Və səkkiz yüz səksən ildən sonra da bu yol bütün
naqislikləri yarıb keçməkdə xalis xilas kimi
görünür!
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru, dosent
İki sahil.- 2021.- 21 oktyabr.- S.7.