Ürəklərdə
yaşayan fədakar alim və nəcib insan
Görkəmli alim,
professor Aida İmanquliyevanın əziz xatirəsinə həsr
olunur
Elə
insanlar var ki, ömür yolu qısadır, ancaq qoyub getdiyi mənəvi,
elmi, bədii irsi o qədər zəngindir ki, zaman keçdikcə
daha da yenilənir, şaxələnir, əhatə dairəsi
genişlənir. Hər dəfə
belə insanları xatırlayanda mütləq yeni ştrixlər,
yeni istiqamətlər, yeni xüsusiyyətlər
tapılır, kəşf olunur. Bu, onların daxili zənginliyindən, mənəvi
kamilliyindən, yüksək şəxsi keyfiyyətlərindən
irəli gəlir. Aida xanım İmanquliyeva da məhz belə
bir şəxsiyyət idi. Qısa, lakin mənalı
ömründə həm elmin zirvəsinə ucaldı, həm
də əhatəsində olduğu insanların əbədi
sevgisini qazandı.
Müasir
dövrdə bəşəriyyəti düşündürən
məsələlərdən biri də ortaq mənəvi dəyərlərin,
mədəniyyətlərarası dialoqun
yaranmasıdır. Azərbaycanın
görkəmli şərqşünası Aida
İmanquliyevanın yaradıcılığında Şərq-Qərb
mədəniyyətlərinin qarşılıqlı təsiri
və əlaqələri əsas yer tutmuşdur. Onun elmi fəaliyyətində
sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni
təməlini formalaşdıran amillər hazırda
müasir dünya elmini düşündürən problemlərdəndir.
Bu
gün ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin
qorunmasına yönəldilən və uğurla həyata
keçirilən dövlət siyasəti multikulturalizm sahəsində
əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin
xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış
unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin
gücləndirilməsini zəruri edir. 44 günlük Vətən
müharibəsində, apardığımız haqq
savaşında biz Azərbaycanda yaşayan dini, milli, mədəni-siyasi
kimliyindən asılı olamayaraq bütün insanların
birliyini gördük, vahid xalq olaraq Vətəni müdafiə
etmək üçün hər an, hətta canlarını
belə əsirgəmədən hazır olduqlarının bir
daha şahidi olduq. Təkcə biz yox, bütün dünya
şahid oldu.
Sivilizasiyaların qovuşağında yerləşən
Azərbaycanın zəngin mədəni-mənəvi irsə
və tolerantlıq ənənələrinə malik olması
beynəlxalq aləmdə etiraf edilir.
Məhz bu baxımdan Aida İmanquliyevanın
yaradıcılığı çox dəyərlidir. O, “Qələmlər
birliyi və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran”,
”Yeni ərəb ədəbiyyatı korifeyləri” kimi dəyərli
əsərləri ilə Qərblə
Şərq arasında mövcud
olan bu körpünü daha da möhkəmləndirmişdi.
Tanınmış
alim Vasim Məmmədəliyev
qeyd edirdi ki, “Aida xanım İmanquliyeva yeni və
müasir ərəb ədəbiyyatının ən
nüfuzlu, ən fundamental tədqiqatçılarından biri
kimi şərqşünaslıq tarixinə əbədi daxil
olan azsaylı mütəxəssislərdəndir”. Onun elmi və pedaqoji fəaliyyətini
təhlil edərkən bu fikirlər bir daha öz təsdiqini
tapır. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunda kiçik elmi işçilikdən bu elm
ocağının direktoru vəzifəsinədək yüksəlib.
Aida İmanquliyeva Azərbaycanda ərəb filologiyası
üzrə ilk qadın elmlər doktoru, professor idi. O,
keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti
Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının
Tədqiqi üzrə Əlaqələndirmə Şurasının
üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də
məşğul olan Aida xanım Sovet İttifaqında və
Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas
yaradıcılarından biri
olmuşdu.
Aida
İmanquliyeva elmi-təşkilatı fəaliyyətində
yüksək ixtisaslı ərəbşünas kadrların
hazırlanmasını diqqət mərkəzində
saxlayıb. Akademik Ziya Bünyadov görkəmli şərqşünasın
elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi
vurğulayıb. O, qeyd edirdi ki, Aida xanım həmişə
öz dərin elmi biliyini gənc alim və aspirantlarla
bölüşür, əlindən gələn köməyi
onlardan əsirgəmirdi. Onu tanıyanlar Aida xanımın
böyük zəhmətkeş və özünə
qarşı həddindən ziyadə tələbkar bir alim
olduğunu yaxşı bilirdilər. AMEA-nın müxbir
üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov
isə öz tələbə yoldaşı haqqında bu fikirləri
bildirmişdir ki, Aida İmanquliyeva tədqiqatında ana
yurdundan mühacirət edən, əksəriyyəti Amerikada məskunlaşan,
öz dilini, mədəniyyətini qorumağa və təbliğ
etməyə çalışan ərəb
ziyalılarının həyatını, fəaliyyətini
işıqlandırıb: “Ərəb xalqının o
dövrkü ictimai-siyasi cəhətdən ağır məhrumiyyətlərə
məruz qalmasını, cəhalətdən yaranmış
faciələri və itkiləri ürək ağrısı
ilə qələmə alan bu ziyalıların fəaliyyəti
onun 3 monoqrafiyası ilə, məqalələrində
dolğun səkildə öz ifadəsini tapmışdır”.
O,
çoxsaylı elmi əsərlərində (3 monoqrafiya, 70-dən
çox elmi məqalədə) Şərq və Qərb ədəbi-mədəni
əlaqələri, ərəb ədəbiyyatında
mövcud olan mühacir (məhcər) ədəbiyyatının
inkişaf tarixi, ədəbi prosesdə baş verən janr,
forma, metod təkamülünü analitik təfəkkür
prizmasından keçirərək təhlil edib. Aida xanım
tədqiqatları davam etdirərək dünya ərəbşünaslığında
ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus
ədəbi əlaqələrinə toxunur, dünya ədəbiyyatının
müxtəlif ədəbi cərəyan və
üslublarının yeni ərəb ədəbiyyatına təsirini
müəyyənləşdirir. O, aktiv bir vətəndaş-alim,
elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm
xadimi idi. Görkəmli alim Azərbaycan şərqşünaslar
məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə,
Sankt-Peterburqda, Poltavada, Hamburqda, Düşənbədə,
Tbilisidə və başqa şəhərlərdə
keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda
məruzələr etmişdir.
Tədqiqatçılar
daha yaxşı bilirlər ki, XIX əsrin sonları, XX əsrin
əvvəllərində bir çox xalqların ədəbiyyatlarında,
o cümlədən ərəb
ədəbiyyatında da
qadın mövzusu aktuallıq kəsb edir və bu, həm də mühacir yazıçılar
üçün də çox xarakterik idi. Onlar millətin
inkişafında qadınların emansipasiyası problemini həlledici
amillərdən hesab edirdilər. Bu baxımdan C.X.Cübranın qadınların
ailə və cəmiyyətdəki roluna, sevgi və nikah məsələlərinə
həsr etdiyi əsərlər xüsusilə seçilir.
Müəllifin yaradıcılığını geniş şəkildə
araşdıran Aida İmanquliyeva qadın azadlığı
mövzusunun sadəcə bir qadının şəxsi
dramı çərçivəsində deyil, dərin və
geniş məna daşıdığını qeyd
etmişdir. Tədqiqatçı öz
yaradıcılığında insanlara, insanlığa,
xüsusən də qadınlara
münasibət, qadın hüquqlarından bəhs edən
təhlillərdə mədəni, mənəvi dəyərlərə,
normalara xüsusi diqqət verir, həssaslıqla
yanaşırdı.
Onun
elmi fəaliyyətinə dövrünün ən məşhur
alimləri Ziya Bünyadov, İosif Bradinski, Anna Dolinina, Valeriya
Kripçenko, Rüstəm Əliyev kimi dünya şöhrətli
şərqşünaslar yüksək qiymət vermişlər.
Göründüyü kimi, Aida İmanquliyeva elmin zirvəsini
fəth edincə uzun və şərəfli bir yol
keçmişdi.
Aida
xanım şəxsiyyəti ilə ziyalılığı,
yaradıcılığı ilə mədəniyyəti vəhdətdə
olan insan idi. Böyüklə böyük, kiçiklə
kiçik kimi davranar, ona
müraciət edənlərə
köməyini əsirgəməzdi. O, görkəmli
şərqşünas alim, istedadlı pedaqoq olmaqla
yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl
övlad və həyat yoldaşı, fədakar ana idi. Mənsub olduğu nəslin
nüfuzundan əsla istifadə etməyərək bu yolu
öz əməyi ilə qət etmişdi. Bu gün onun şərqşünaslıq
elmi üçün yetişdirdiyi onlarla tələbəsi və
saysız-hesabsız xeyirxah əməlləri yadigar qalır.
Bu
böyük insanın çoxşaxəli, zəngin irsi təkcə onun
yaradıcılığına aid olmayıb, eyni zamanda, həm
də ailəsinin, övladlarının varlığında
yaşayır. Azərbaycanın böyük
ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya
Akademiyasının yaradıcısı, akademik, hörmətli
Arif Paşayevlə bərabər böyütdüyü
qızları - M.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, AMEA-nın
vitse-prezidenti, Oksford Universiteti nəzdində Nizami Gəncəvi
adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq Mərkəzinin Azərbaycan tərəfdən
rəhbəri Nərgiz xanım Paşayeva və Azərbaycanın
Birinci- vitse prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva bu
gün vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub
olduqları nəslin gözəl ənənələrini
yaşadaraq ölkənin ictimai-siyasi həyatında xüsusi
fəaliyyətləri ilə fərqlənirlər. Heydər
Əliyev Fondunun prezidenti kimi Mehriban xanım mədəniyyətlər
və sivilizasiyalararası dialoqun yaradılmasında həm Azərbaycanda, həm də
ölkədən kənarda bir
sıra uğurlu layihələrin həyata keçirilməsinə
başçılıq edir. Bu ailə üzvlərinin gözəl
xüsusiyyətlərindən biri də onların özlərinə
və ətraflarındakı insanlara ciddi tələbkarlıqla,
yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq
nümunəsi göstərmələri,
mənəvi harmoniyaya nail olmalarıdır. Bu gün biz fəxrlə
deyə bilərik ki, Aida xanım İmanquliyevanın ailə ənənələri
bu gün onun əsl-nəcabətli övladlarının
timsalında yaşayır və nəsildən-nəslə
keçərək əbədilik qazanır.
Hamımız
bu dünyada müvəqqəti
yaşayırıq. İnsan yaxşı əməli, xeyirxah
işi, insanlara verdiyi faydası ilə daim yadda qalır.
Bütün bu keyfiyyətlər insanı ölməz edir, əbədi
yaşadır. Görkəmli
alim, yüksək intellektə, kübar və nəcib mədəniyyətə
malik olan Aida İmanquliyeva insanların yaddaşında
yaşayır, xatirəsi hörmətlə anılır, hər
bir tədqiqatçının
yaradıcılığında sanki yenidən yazır-
yaradır. Bu, bir ölməzlik, əbədilikdir. Bu gün
Aida İmanquliyeva Azərbaycan xalqının ürəyində
məhz belə yaşayır.
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və
uşaq məsələləri
komitəsinin sədri, professor
İki sahil.- 2021.- 9 oktyabr.- S.10.