Nail Əsgərov: “Naxçıvanın
tarixi inkişaf yolunun güzgüsünə çevrilən
mətbu orqanda çalışmaq qürurvericidir
Bu il “Şərq
qapısı” qəzeti 100 yaşını qeyd edir.
Naxçıvanın bir əsrlik keşməkeşli tarixinə
yaxından şahidlik edən bu qocaman media qurumunun fəaliyyətinə
qısaca nəzər salmaq üçün elə qəzetin
öz doğma evini ziyarət etdik. Qəzetin Xəbərlər,
ictimai-siyasi məsələlər və kənar müəlliflərlə
iş şöbəsinin müdiri Nail Əsgərovdan
aldığımız geniş müsahibəni
oxucularımıza təqdim edirik.
– Nail
müəllim, əvvəla, sizi bir əsrlik mətbuat
orqanının əməkdaşı kimi yubiley münasibətilə
təbrik edirik. Ali Məclis Sədrinin “Şərq
qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması ilə
bağlı imzaladağı Sərəncam bu media orqanı ilə
yanaşı, ümimiyyətlə mətbuata verilən dəyərdir.
– Təşəkkür
edirəm. Sizi redaksiyamızda görmək xoşdur. Deyirlər,
tarixi yazmaq tarixi yaratmaq qədər şərəflidir. Məhz
bu baxımdan muxtar respublikamızın keçdiyi tarixi
inkişaf yolunun, ictimai-siyasi, sosial-mədəni həyatının
güzgüsünə çevrilən bir mətbu orqanda
çalışmaq, onun 100 yaşına şahidlik etmək
olduqca qürurvericidir. Onu da qeyd edim ki, muxtar
respublikamızda söz və mətbuat
azadlığının təmin olunması, jurnalistikanın
inkişafı üçün yaradılan şərait, media
əməkdaşlarına, jurnalistlərə verilən dəyər
yüksək səviyyədədir. Əsası 146 il əvvəl
qoyulmuş milli mətbuatımız milli düşüncə
tarixinin şanlı səhifəsi və maarifçiliyə
doğru yolun başlanğıcı idi.
Mətbuatın cəmiyyətə
təsirini yüksək qiymətləndirən ulu öndər
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra yeni inkişaf mərhələsinə
qədəm qoyan mətbuatımızın tarixində yeni səhifə
açıldı. Həmin illərdə Azərbaycanda
söz, fikir və mətbuat
azadlığının təmin edilməsi, kütləvi
informasiya vasitələrinin sərbəst fəaliyyətinə
imkanların yaradılması əsas vəzifə kimi
qarşıya qoyulmuşdu. “Şərq qapısı” qəzetinin
böyük formatda nəşrinə başlanılması, 50
illik yubileyinin qeyd olunması da məhz mətbuatın
inkişafına verilən önəmin təzahürü idi.
Ayrı-ayrı illərdə Ali Məclis Sədrinin
diqqət və qayğısı ilə bu mətbu orqanın
75, 80, 85, 90, 95 illik yubileyləri yüksək səviyyədə
qeyd olunub. “Şərq qapısı” qəzetinin 100 illik
yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam
təkcə “Şərq qapısı”nın deyil,
bütövlükdə, muxtar respublikanın kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyinin
nümunəsidir. Sərəncama əsasən təsdiqlənən
tədbirlər planına uyğun olaraq mətbu orqanın
yubiley tədbirləri yüksək səviyyədə qeyd
edilməkdədir.
–Bu qocaman media qurumunun yaranma
tarixinə nəzər salaq.
– Bildiyimiz kimi, 1921-ci il 9
noyabrda dünyaya “göz açan”,
“Cavanlar həyatı” adı ilə fəaliyyətə
başlayan doğma qəzetimiz daha sonra “Füqəra səsi” və nəhayət, 1922-ci
ilin aprel ayından “Şərq qapısı” adı ilə nəşr
olunmağa başlayıb. 1980-ci ildə “Sovet
Naxçıvanı” adlandırılan qəzet, 1989-cu ildə
xalqımızın müstəqillik uğrunda mübarizəsinin
başlanması ilə “Şərq qapısı” adını
yenidən bərpa edib, müstəqillik ideyalarının təbliğatçısına
çevrilib.
Yarandığı ilk
gündən müxtəlif tarixi mərhələlərdə
ictimai-siyasi həyatda özünəməxsus yer tutan “Şərq
qapısı” Naxçıvanda maarifin, elmin və ictimai fikrin
inkişafına mühüm töhfələr verib, peşəkar
jurnalist kadrların hazırlanmasında baza rolunu oynayıb. Bir əsrlik ömrə nəzər salsaq görərik
ki, qəzet sözün həqiqi mənasında, keşməkeşli
tariximizin əsl güzgüsünə çevrilib. Naxçıvanda elə bir ziyalı olmaz ki, “Şərq
qapısı”ndan onunla bağlı nəsə tapmayasan. Kiminsə ya ilk məqaləsi,
ya ilk şeiri, ya da ilk hekayəsi məhz bu mətbu orqanda dərc
olunaraq əbədiləşib, ya da hər hansı bir
uğuru haqqında söhbət açılıb.
1990-cı illərin əvvəllərində
Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbu
orqan kimi fəaliyyət göstərən “Şərq
qapısı” həmin dövrdə görkəmli dövlət
xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə
həyata keçirdiyi tədbirləri və qəbul etdiyi
tarixi qərarları geniş xalq kütləsinə
çatdırıb, ulu öndərin tarixi sərəncamları
ilk dəfə burada dərc olunub. Dolğun
informasiyaları, zəngin fəaliyyəti ilə həm
geniş oxucu kütləsinin, həm də ulu öndərin rəğbətini
qazanıb. Təsadüfi deyil ki, məhz
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə dövrün çətin şəraitinə baxmayaraq
nəşrdən dayanmayıb. “Mən
“Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə
almışam. Hələ gənc ikən
burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif
məsələləri öyrənmək üçün
“Şərq qapısı”ndan çox istifadə etmişəm.
O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”, – deyən
ulu öndərin yüksək dəyər verdiyi bu mətbu
orqanın əməkdaşı olmaq hər kəs kimi mənim
üçün də böyük fəxrdir. Böyük
söz və maarifçilik məktəbinin tələbəsi
olduğum üçün özümü xoşbəxt hesab
edirəm. “Şərq qapısı” bizim həm
keçmişimiz, həm bugünümüz, həm də gələcəyimizdir.
–“Şərq
qapısı” ötən əsrin 90-cı illərində
blokada Naxçıvanının əsl güzgüsünə
çevrildi. Qəzetin bu gün də
saxlanılan arxivi təhlili materialların hazırlanması
baxımından hansı əhəmiyyətə malikdir?
– Təbii ki, qəzet bu
müddət ərzində rəvan, rahat yol keçməyib,
çoxlu sınaqlarla, dövrün çətinlikləri ilə
üzləşib. 100 yaşının 30 ilini
blokada şəraitində olan Naxçıvanın
güzgüsünə çevirib özünü. Dövlətimizin xüsusi dəstəyi,
çalışqan, fədakar kollektivin əzmkar fəaliyyəti
nəticəsində Naxçıvanın informasiya
blokadasının aradan qaldırılmasına nail olunub.
Bu nöqteyi-nəzərdən yəqin sizin də
tez-tez qarşınıza çıxır “Dünən və
bu gün” rubrikasında hazırlanan yazılar. Həmin məqalələri qələmə alanda
arxivə müraciət etməli oluruq və bu zaman
Naxçıvanın ağır, məşəqqətli illəri,
su, istilik, elektrik, ekoloji problemləri, rayonların, kəndlərin,
evlərin, məktəblərin şəraitsizliyi gözlərimiz
önünə sərilir. Bəli, bir
vaxtlar “Şərq qapısı” müharibənin
ağrılı-acılı günlərindən, uzun
çörək növbələrindən, təbii qazın
yoxluğundan, su, ərzaq qıtlığından, təhsilin
aşağı səviyyəsindən, işsizlikdən yazırdı.
Dövlətimizin apardığı uğurlu
siyasət, uzaqgörən işlər nəticəsində
artıq həmin acınacaqlı hallar arxada qalıb, indi
muxtar respublikamızın inkişafından, tərəqqisindən,
qurub-yaradılanlardan, insanların firavan həyatından
“danışır” qəzetimiz. Ötən illər ərzində
bütün yaşayış məntəqələrində
aparılan quruculuq işlərinin gedişatı barədə
dolğun informasiyalar, xəbər materialları operativ surətdə
qəzetdə yer alıb, müasirliyə qovuşduqdan sonra isə
görülən işlərin mahiyyətini açan, dünən
və bu gün mənzərəsi yaradan, sosial-iqtisadi
inkişafın göstəricilərinə uyğun təhlili
yazılar dərc olunub. Keçmişin və bu günün
müqayisəli təhlili baxımından gələcək nəsillər
üçün dəyərli, fundamental mənbə kimi qəzetin
əhəmiyyəti olduqca böyükdür...
– “Şərq
qapısı” qəzetinin maddi-texniki bazasının
yaxşılaşdırılması Naxçıvanda söz
və fikir azadlığına verilən daha bir töhfədir.
Bu barədə fikirləriniz maraqlıdır.
– Fəxrlə deyə bilərəm
ki, müstəqillik illərində bütün sahələr
kimi muxtar respublika mətbuatı da yeni inkişaf mərhələsinə
qədəm qoyub. Ali Məclis Sədrinin “Naxçıvan
Muxtar Respublikasının dövlət mətbuat
orqanlarının maddi-texniki vəziyyətini
yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu
istiqamətdə mühüm tədbirlər həyata
keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində
– 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti
redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin
istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə
başlanılıb. Muxtar respublikada mətbuatın
inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya
mədəniyyəti də formalaşıb. 2018-ci ildə
Naxçıvan teleradiosuna, “Şərq qapısı”, şəhər
və rayon qəzetlərinə, Televiziya və Radio
Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan
müxtəlif avadanlıqlar alınıb verilib, sonrakı
dövrdə də teleradio və qəzetlərin maddi-texniki
bazaları gücləndirilib.
Qəzet 2012-ci ildən etibarən
www.serqqapisi.az saytı vasitəsilə dünyanın
Naxçıvanla bağlı informasiya tələbatını
ödəməyə başlayıb, elektron arxiv bazası
yaradılıb, sayt 2019-cu ildə tamamilə yenilənib. Qlobal informasiya məkanına çıxış
imkanı bu gün Naxçıvanla bağlı dəqiq
informasiyanın dünyaya çatdırılmasında
mühüm rol oynayır. Yaradılan hərtərəfli
şəraitin nəticəsidir ki, “Şərq qapısı”
qəzeti gözəl tərtibatı, maraqlı dizaynı,
foto keyfiyyəti ilə günümüzün mənzərəsini
gələcək nəsillərə çatdıran
maarifçilik salnaməsi funksiyasını uğurla həyata
keçirir.
–“Şərq
qapısı” qəzetində çalışan əməkdaşların
böyük əksəriyyətini gənclər təşkil
edir. İxtisaslı kadr və bir gənc
kimi gənclərin əməyinə verilən dəyəri
necə qiymətləndirirsiniz?
–Aqillər
deyirlər ki, tarixə düşmək özü də
uğur hesab edilir, amma ən böyük uğur tarixin
qatarında bu günə gəlib çatmaq və gələcəyə
getməkdir. Bu mənada böyük tarixi
inkişaf yolu qət edən “Şərq qapısı” da daim
öz qapılarını yaradıcı gənclərin
üzünə açır, onların sağlam təməllər
üzərində parlaq gələcəyə getməsində
mayak rolunu oynayır. Bu maarifçilik məktəbinin
məzunlarının müxtəlif istiqamətlərdəki
uğurlu fəaliyyəti də deyilənləri təsdiqləyir.
Bir faktı da qeyd etmək yerinə düşər
ki, son illərdə gənclərin qəzetə cəlbi
prosesi daha da sürətləndirilib, “Şərq
qapısı” ilə gənc jurnalistlər arasında möhkəm
mənəvi körpü yaradılıb, onların qəzetlə
əməkdaşlığı üçün münbit
şərait formalaşdırılıb. Bu
baxımdan Ali Məclis Sədrinin hamiliklə bağlı
imzaladığı müvafiq Sərəncamların icra əhəmiyyətini
xüsusi vurğulamaq istərdim. Belə ki, sərəncamın
icrası ilə bağlı həyata keçirilən tədbirlər
çərçivəsində “Şərq qapısı” qəzetinin
hamiliyinə verilən Naxçıvan Dövlət
Universitetinin Jurnalistika ixtisasında təhsil alan
tələbələrlə mütəmadi olaraq
görüşlər keçirilib. Tələbələrin
qəzetlə yaxından əməkdaşlıq etmələri
üçün onlar redaksiyaya dəvət olunub, buradakı
iş prinsipi ilə tanış edilib,
yaradıcı diskussiyalar aparılıb ki, bu da uğurlu nəticələrə
yol açıb.
Ümumiyyətlə, “Şərq qapısı” biz
jurnalistlərin gələcəyə sağlam təməllər
üzərində irəliləmək, öz yolumuzu tutmaq
üçün düzgün istiqamət aşılayan bir məxəzdir,
böyük məktəbdir. Gənc kadrından qocaman əməkdaşlarına
qədər hər birimizin bu məktəbdən öyrənəcəyi
çox şey var. Təqdirəlayiq haldır ki, dünyada
dezinformasiyaların geniş şəkildə vüsət
tapdığı bir dövrdə “Şərq qapısı” qəzeti
öz tarixi ənənələrinə sadiqlik göstərərək
məlumatın doğruluğu baxımından
unikallığını qoruyub saxlaya bilir. Hərtərəfli
yaradıcılıq şəraitinin təşkil olunması,
işçilərin əməkhaqlarının
artırılması, onların məişət şəraitlərinin
daha da yaxşılaşdırılması üçün
görülən tədbirlər böyük stimul yaratmaqla fəaliyyətin
günün tələbləri səviyyəsində
qurulmasına imkan verib. Biz də
yaradılan şəraitdən səmərəli istifadə
etməklə Ali Məclis Sədrinin müəyyənləşdirdiyi
fəaliyyət prinsiplərini, verdiyi tapşırıq və
tövsiyələri əldə rəhbər tutaraq
günümüzün salnaməsini yazmağa, dünənimiz,
bu günümüz və sabahımız arasında
körpü yaratmağa çalışırıq.
–Qocaman söz və maarifçilik
məktəbinin bir üzvü kimi 100 illik yubileyini qeyd edən
“Şərq qapısı” qəzetinin oxucularına və həmkarlarınıza
ürək sözləriniz...
–Düşünürəm
ki, “Şərq qapısı” qəzeti milli mətbuat, ictimai
fikir, ədəbiyyat və mədəniyyət tariximizdə
öz layiqli yerinə çoxdan yüksəlib. Bu gün də qəzet hamı tərəfindən
sevilən, sevə-sevə oxunan, cəmiyyətin
inkişafına töhfə verən, dövlətçiliyə
xidmət edən etibarlı media qurumudur. Bundan
sonrakı fəaliyyətində də uğurlu nömrələri,
maraqlı yazıları ilə könüllərdə taxt
quracağına əminəm. Hər birimiz
üçün əziz, doğma olan “Şərq
qapısı” qəzetinin 100 yaşı ilə əlaqədar
həmkarlarımı və oxucularımızı səmimi qəlbdən
təbrik edir, kollektivimizə 100 yaşlı bu maarifçilik
salnaməsinin ziyasında uğurlar arzulayıram. Qələmimiz
daim iti, sözümüz kəsərli olsun!
-Müsahibə üçün sağolun!
Həsrət
NAĞIYEVA
İki sahil.- 2021.- 9 oktyabr,- S.29.