Tarixinə sahib çıxan xalq məğlubedilməzdir
Vətən
müharibəsindən sonra ölkəmizin qədəm
qoyduğu yeni inkişaf mərhələsində dövlətçilik
tariximizdə müstəsna əhəmiyyətə malik tarixi
günlərin mahiyyət və məzmun baxımından daha
dəqiq təsbit olunması zərurəti yaranıb
18 oktyabr müstəqilliyimizin yenidən bərpasının
30 illiyi ərəfəsindəyik. 30 ildə ilk dəfə
olaraq bu tarixi böyük qürur hissi, sevinclə qeyd edəcəyik.
Artıq 30 ilə yaxın həllini gözləyən
Dağlıq Qarabağ münaqişəsi tarixə
qovuşub, torpaq həsrətinə son qoyulub, tariximizdə
yeni səhifə açılır. Azərbaycan bu illərdə
sülh danışıqlarına üstünlük verdiyini
atdığı hər addımında sübut etdi.
İşğalçı Ermənistan danışıqlara
qatılsa da bunu imitasiya naminə etdikləri 44 günlük
İkinci Qarabağ müharibəsində bir daha təsdiqlədi.
Artıq Zəfərimizin əldə
olunmasından bir il ötür. Zaman hadisələrə
düzgün dəyər vermək, mahiyyətini dərindən
dərk etmək üçün zəngin mənbədir. 44
gündə 30 ilin işğalına son qoyulduğunu
böyük inam və qürur hissi ilə qeyd edirik. Əsas
olan bu Qələbəni şərtləndirən amillərdir.
Vətən müharibəsində Qələbənin əldə
edilməsinin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət
sahəsində uğurlar, ən ümdəsi torpaq, Vətən
sevgisi əsas rol oynayır. Azərbaycan müstəqilliyini
1991-ci il oktyabrın 18-də yenidən bərpa etsə də
onun sevincini ulu öndər heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra yaşamağa başladı.
1993-2003-cü illər tariximizə dirçəliş,
inkişaf, tərəqqi dövrü kimi yazıldı.
O illərdə qoyulan möhkəm təməl 2003-cü ildən
başlanan yolun Qələbə ilə nəticələnməsinə
əsas verdi. Cənab İlham Əliyev 2003-2020-ci illəri ərazi
bütövlüyümüzün bərpasına
hazırlıq illəri kimi xarakterizə edir. Azərbaycan
iqtisadi möcüzələr ölkəsi kimi tanındı,
beynəlxalq münasibətlər sistemində yerini və
rolunu möhkəmləndirdi, münaqişənin həlli
üçün möhkəm hüquqi baza
formalaşdırdı. Bütün bunlara əmin olmaq
üçün cənab İlham Əliyevin son illərdə
diplomatiya sahəsində qazandığı uğurlara
diqqət yetirmək kifayətdir. Belə ki,
2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik
iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi”
bəyan edən Prezident İlham Əliyev bir ilin tamamında
xalqımıza Zəfər sevincini yaşatdı, Ermənistana
və ona havadarlıq edən dövlətlərə
reallığı sübut etdi. Onu da qeyd
edək ki, «Valday» Diskussiya Klubunda səsləndirdiyi bəyanatların
davamı olaraq Prezident İlham Əliyev 2019-cu il oktyabrın
11-də MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə iclasında
çıxışı zamanı Ermənistanın təcavüzkar
siyasətini tutarlı faktlarla sübut etmişdi. 2020-ci il
fevralın 15-də Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində, eləcə də
həmin ilin iyunun 18-də Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
Sammitində Ermənistanın faşist ideologiyasını, Azərbaycana
qarşı etnik təmizləmə, dövlət terrorizmi və
işğalçılıq siyasətini ifşa edən
Prezident İlham Əliyev işğalçı ölkənin
baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl
dərs keçmişdi. “Azərbaycanın ərazi
bütövlüyü istənilən digər ölkənin ərazi
bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini
bütün dünyaya bəyan edən dövlət
başçısı İlham Əliyev Ermənistan
işğal olunmuş Azərbaycan torpaqlarından
çıxmayınca bölgədə heç bir müsbət
irəliləyişin mümkün olmayacağını
vurğulamaqla yanaşı, Azərbaycanın öz milli
maraqları uğrunda sona qədər mübarizə
aparacağını bildirmişdi.
44 günlük İkinci Qarabağ müharibəsi
bunun təsdiqi oldu. Reallıq bu idi ki, beynəlxalq
təşkilatların qərar və qətnamələrində
Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə
də konkret zaman yetişəndə icra edilməyən
kağız parçası olaraq qalırdı. Lakin səbir,
iradə və qətiyyət artıq tarixə qovuşan
Dağlıq Qarabağ münaqişəsinin həllində
əhəmiyyətli rol oynadı. 30 ilə yaxın dövrdə
Azərbaycan səbir, sülh danışıqlarına
sadiqlik nümayiş etdirməklə yanaşı, ən
yüksək tribunalardan bəyan etdi ki, biz
danışıqları imitasiya naminə aparmaq istəmirik.
Sülh danışıqları səmərə verməyəcəyi
təqdirdə hərb yoluna üstünlük verəcəyimiz
şəksizdir. Azərbaycanın öz
torpaqlarını istənilən yolla azad etməsi suveren
hüququdur. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin
növbəti təxribatları dövlətimizin,
xalqımızın səbir kasasını doldurdu, Müzəffər
Ali Baş Komandan «Hücum» əmrini verdi. 44 gün davam edən
Vətən müharibəsində Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
şanlı Qələbə qazandı, yeni tarix yazdı.
Bu gün tarixi Zəfərin
yaratdığı yeni reallıqları yaşayırıq.
Reallıqlardan irəli gələn zərurətlərdən
biri də ölkəmizin suverenliyi, dövlət müstəqilliyi
və milli kimliyi ilə bağlı rəmzi hadisələrə
yenidən baxılmasıdır. Belə ki, Azərbaycanın
Vətən müharibəsində tarixi ədaləti bərpa
etməsi SSRİ dövründə süni şəkildə
ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin
siyasi leksikondan çıxarılması, tarixi
torpaqlarımızda qurulmuş Ermənistan ərazisindəki
yaşayış məntəqələrinin Azərbaycanın
milli toponimləri ilə təqdim
olunması və digər məsələləri
aktuallaşdırdı. Bununla yanaşı, 28 May tarixinin
Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin
Bərpası Günü adlandırılması ilə
bağlı Milli Məclisə təqdim olunmuş Qanun layihəsi
də hadisələrin öz həqiqi dəyərini
almasının təsdiqidir. Bu, adi düzəliş kimi
görünsə də, mahiyyət baxımından
böyük məna kəsb edir. Cənab İlham Əliyevin
«Mən tam əminəm ki, əgər Azərbaycan Xalq
Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı
görə bilsəydilər, onlar da ölkəmizlə fəxr
edərdilər» fikirləri bir çox məqamlara
aydınlıq gətirir.
Əbəs yerə deyilmir ki, tarixinə sahib
çıxan xalq məğlubedilməzdir. 103 illik tarixi vərəqlənən
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, ilk respublika dövründə həyata keçirilən
tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb
etdi.” Bu qiymətləndirmənin davamı olaraq cənab
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasını xalqın milli oyanışının məntiqi
yekunu kimi səciyyələndirərək bildirir ki, müsəlman
Şərqində ilk parlament respublikası- Azərbaycan Xalq
Cümhuriyyəti xalqımızın qədim dövlətçilik
ənənələrini yaşadaraq, müasir dövrə xas
dövlət təsisatlarının yaradılmasına nail
olmuşdur.
Zəfərimiz bir daha bu
reallıqlara işıq saldı ki, 18 oktyabr Müstəqillik
Günü adlandırılsa da, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktının preambulası mahiyyət
etibarilə müstəqilliyin bərpası ideyası üzərində
qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30
avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin
adı da "Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında" adlanır.
Düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və
müasir Azərbaycan arasında siyasi-hüquqi varisliyin daha dəqiq
və qabarıq formada ifadə olunmasını təmin edir. Bu, həmçinin ermənilərin “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktının adına istinad edərək,
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
heç vaxt müstəqil Azərbaycanın tərkibində
olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il
2 sentyabr tarixli referendumla onun tərkibindən
ayrılması barədə ortaya atdıqları arqumenti də
tam sıradan çıxarır. 28 may tarixinin Müstəqillik
Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası
Günü kimi təsbit olunması Azərbaycanın dövlət
suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması
faktına əsaslanır. Bu, ərazi
bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin
tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli
perspektivdə bu, azərbaycanlıların tarixi
torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla
qayıdışı perspektivi üçün əsasları
daha da gücləndirəcək.
Müstəqillik tariximizin
ayrı-ayrı mərhələlərinin öyrənilməsi,
düzgün dəyərləndirilməsi daim ulu öndər
Heydər Əliyev və onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən qarşıya
mühüm vəzifə kimi qoyulub. Ümummilli Liderin
yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının II qurultayında dahi şəxsiyyət
bu mühüm hadisənin müstəqilliyimizin bərpasının
10-cu ildönümünə təsadüf etdiyini önə
çəkərək bildirmişdir ki, bu gün 10, 20
yaşı olan gəncin keçmiş dövr haqqında məlumatı
yoxdur, Azərbaycanın müstəqillik yolunun
ağır dövrlərdən keçməsindən xəbərsizdir.
Hər bir nəslin öz keçmişi haqqında aydın təsəvvürə
malik olması vacib amillərdəndir. Ümummilli Lider, eyni
zamanda, bildirmişdir ki, gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi
yaxşı bilməlidirlər.
30 illik yolun ümumiləşdirilmiş ifadəsi
bugünkü qalib Azərbaycandır. Ulu öndər
Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin təkmil
islahatları ilə daha da yeniləşmiş, müasirləşmiş,
dünya birliyinin layiqli üzvü kimi yeri və rolunu
artırır. Ən əsası bu gün qalib ölkə
kimi diktə edən tərəf olaraq regionda yeni
reallıqlar yaratmaqla beynəlxalq münasibətlər
sistemində yeri və roluna yeni əlavələr edir.
Yeganə Əliyeva
İki sahil.-
2021.-12 oktyabr.- S.5.