Rusiyalı politoloq: Əminəm ki, Qarabağ tamamilə başqalaşacaq, müasir
və iqtisadi cəhətdən inkişaf
etmiş diyar olacaq
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana belə tezliklə, 44 gün ərzində məğlub
olacağını gözləmirdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan qoşunlarının 44 gün
ərzində qazandığı
parlaq Qələbə
Azərbaycan xalqının
öz məqsədlərinə
nail olmaq əzmini və imkanlarını bütün
dünyaya göstərdi.
Politoloq, jurnalist,
millətlərarası münaqişələr
üzrə mütəxəssis
Yevgeni Mixaylov bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində
söyləyib.
Politoloq deyib:
“Azərbaycan Ordusunun nümayiş etdirdiyi müharibə aparılmasının müasir
formaları və üsulları hələ
uzun illər boyu beynəlxalq ekspertlər tərəfindən
öyrəniləcək, ona
görə ki, dronların tamamilə yeni formada tətbiqi
bütün dünyaya
göstərdi ki, artıq böyük
döyüş hissələrindən
deyil, vəzifələrin
icrası üçün
kiçik xüsusi bölmələrdən istifadə
edilməklə yeni, yüksək texnoloji müharibələr erası
başlanır”.
Y.Mixaylovun fikrincə,
ötən bir il həm də
Azərbaycan xalqının
işğaldan azad edilmiş əraziləri qısa müddətdə
bərpa etmək imkanlarını göstərdi.
O deyib: “Yeni aeroport tikilib, yollar salınıb. Şuşanın bərpası
işləri tam sürətlə davam edir. Şuşa ölkənin mədəniyyət
paytaxtı elan edilib. Mənim fikrimcə, yaxın aylarda şəhər tamamilə bərpa olunacaq. Dünya birliyi, çoxsaylı iri şirkətlər Qarabağın bərpasında
iştirak etmək arzusundadırlar. Azərbaycanın
öz ərazilərini
bərpa etməyə
və azərbaycanlı
məcburi köçkünləri
oraya qaytarmağa gücü çatar. Əminəm ki, Qarabağ tamamilə başqalaşacaq, müasir
və iqtisadi cəhətdən inkişaf
etmiş diyar olacaq”.
Politoloq Azərbaycanın
beynəlxalq arenada mövqelərinin möhkəmlənməsini
də qeyd edib. Y.Mixaylov sonda deyib: “Azərbaycan və sülhyaratma prosesində onun tərəfdaşları
– ilk növbədə,
Türkiyə və Rusiya Ermənistanı, o cümlədən sərhədlərin
delimitasiyası və
demarkasiyası barədə
əldə edilmiş
razılaşmaları yerinə
yetirməyə məcbur
etməyə çalışırlar,
Zəngəzur dəhlizinin
açılması üzrə
iş gedir. İndi nailiyyətlər
haqqında çox danışmaq olardı, lakin bütün bunlar 44 günlük müharibə nəticəsində
mümkün olub. Bu müharibə Azərbaycanın qələbəsi
ilə başa çatıb və torpaqların sülh yolu ilə qaytarılması
barədə çoxillik
səmərəsiz danışıqlara
nöqtə qoyub. Ermənistan məğlub olub. Bu məğlubiyyət
ona öyrətməlidir
ki, qonşularla dinc yanaşı yaşamağı və razılığa gəlməyi
öyrənmək lazımdır.
Erməni tərəfin
Azərbaycan ilə sərhədlərdə mütəmadi
olaraq törətməyə
çalışdığı bütün provokasiyalar puç oldu, onlar rusiyalı sülhməramlıları təqsirkar
kimi qələmə verirlər. Ermənistan bu münaqişəyə
üçüncü ölkələri,
o cümlədən ABŞ və Fransanı cəlb etməyə çalışırdı. Bütün
bu provokasiyalar da nəticəsiz qaldı, bu ölkələr Ermənistanın
dediklərinə uymadılar.
Mənim fikrimcə, Ermənistanda anlamağa başlayıblar ki, vəziyyəti gərginləşdirmək
olmaz. Son vaxtlar həm Ermənistanın baş nazirinin, həm də başqa şəxslərin sülh
müqaviləsi imzalamağın
mümkünlüyü barədə
kifayət qədər
pozitiv çıxışları
eşidilir. Mənim fikrimcə, yaxın gələcəkdə müqavilə
imzalanacaq”.
Iki sahil.-
2021.- 14 oktyabr.- S.3.