Qarabağ indi dünyanın hər yerindən
görünür
“İki sahil” yap.org.az
saytına istinadən YAP İdarə Heyətinin üzvü,
Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradovanin müsahibəsini təqdim edir.
- Bahar xanım, Vətən müharibəsinin
başlanmasından bir il ötür. Əldə edilən nəticələr
haqda fikirləriniz necədir, regionun və ölkəmizin həyatında
baş verənlər barədə nə deyə bilərsiniz?
- Bu günlər həyatımızın ən
yaddaqalan, qürur və fəxarət dolu anlarını
yaşayırıq. Tarixi yüzilliklərə, məzmunu isə
insanlıq əleyhinə cinayətləri ərazi və maddi
maraqlarını reallaşdırmaq üçün
mümkün və məqbul
hesab edən bir ideologiyadan – erməni faşizmindən
qaynaqlanan təcavüz siyasətinin nəticələrini
aradan qaldıraraq Azərbaycanın işğal altında olan
şəhər və kəndlərinin azad
olunmasının ildönümlərini qeyd edirik.
Vətən müharibəsinin
başlandığı ilk dəqiqələrdən, son
anlaradək uşaqdan böyüyə hər kəsin
qatıldığı bu 44 günlük müqəddəs
savaşı bütün dünya heyrət və böyük
maraqla izlədi.On illərlə ayrı düşdüyümüz
yurd yerlərimizə dönüşün, yəni
Böyük Qayıdışın ilk addımları
atılmaqdadır.
Böyük Zəfərdən bir ildən də
az müddət keçməsinə baxmayaraq, genişmiqyaslı
bərpa, quruculuq işləri həyata keçirilməkdədir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin
bilavasitə göstərişi və bir çox hallarda
yaxından iştirakı ilə törədilmiş
müharibə və insanlıq əleyhinə cinayətlərin,
ağır nəticələri, ətraf mühitə, şəhər
və kəndlərimizə maddi-mədəni abidələrimizə
qarşı həyata keçirilən barbarlıq
və vandalizmin izləri diqqətlə öyrənilir, qeydə
alınır, vurulan ziyan hesablanır. İnsanların şəxsi
əmlakına, sağlamlığına o cümlədən
yaxın və doğmalarına qarşı törədilən
cinayət əməlləri sənədləşdirilir.
İşğaldan azad olunan ərazilərimiz
minalardan təmizlənir, əkin yerlərimiz və meşə
təsərrüfatının istifadəyə yararlı hala
gəlməsi üçün lazımi tədbirlər
görülür.
Ən əsası hər keçən gün
daha çox soydaşımızın 30 illərə söykənən
həsrətinə son qoyulur. Xarici ölkələrdə
yaşayan azərbaycanlılar da daxil olmaqla ən müxtəlif
təbəqələrdən olan nümayəndə heyətlərinin
regiona səfərləri təşkil olunur. Mediaturlarda
ictimai-siyasi xadimlər, siyasi ekspertlər, tanınmış
aparıcı beynəlxalq media nümayəndələri
işğalın ağır nəticələri və Azərbaycanın
reallaşdırdığı meqa layihələrlə
tanış olmaq və dünyanı məlumatlandırmaq
imkanı əldə edirlər.
Əvvəllər bizim özümüzdə daxil olmaqla hər kəsin
üzünə bağlı olan Qarabağ indi artıq
dünyanın hər yerindən görünür. Onunla
birlikdə Ermənistanın və ona bütün illər ərzində
dəstək verən dairələrin də eybəcər
siması özünü göstərir.
Tarix ən müxtəlif dönəmlərdə,
xüsusilə də son 30 ildə bu regionda
barbarlığın və vandalizmin, humanizm və quruculuqla, o
cümlədən faşizmə söykənən təcavüz
siyasətinin insanlıq və ədalətlə mübarizəsinə
şahidlik edib. Amma görünən odur ki, birincilər
ikincilərə böyük hesabla uduzmaqdadırlar. Bu region
ölkələrinin arasındakı əməkdaşlıq
formatlarına və onun məzmununa da xeyli sayda korrektələr
etməkdədir. Dağlıq Qarabağ adlı problem
artıq tarixin arxivinə göndərilib. Cənubi
Qafqazın sülh quruculuğu və təhlükəsizlik
arxitekturasına yeni yanaşmalar günümüzün
reallığıdır. Və bu reallığı Azərbaycan
yaradıb.
- Bahar xanım, bu gün Füzuli rayonu da, sizin
doğulub boya-başa çatdığınız Füzuli
şəhəri də azaddır. Keçmiş məcburi
köçkün kimi hansı hissləri keçirirsiniz?
- Hələ erkən yaşlarda
Füzulini tərk etsəm də ailəm, doğmalarım
orada yaşadığı üçün 1993-cü ilin
avqustun 23-dən sonra köçkunlük statusum olmasa da bu həyat
mənim də taleyimə yazıldı. Bizim üçün
həyatın və dünyanın başlanğıcı
olan o məkandan hamımız ayrı düşdük.
Ailələr, dost və qohumlar pərən-pərən
düşdü. Saysız-hesabsız itkilərə məruz
qaldıq. Mənəvi – psixoloji sarsıntılar
keçirdik, ümidsizliyə qapılanlar, bu statusun
ağırlığına dözməyib dünyadan
köçənlərimiz oldu. Bir gün torpaqların tərəfimizdən
azad ediləcəyinə qəlbən inanıb onu gözləyənlərimizin
xeyli hissəsinin ömrü buna yetmədi. Sosial – iqtisadi
çətinliklər, ehtiyac və məhrumiyyətlər yol
yoldaşları oldu. Amma heç bir vaxt Qarabağı,
Füzulini ürəklərindən düşüncələrindən
kənar tutmadılar. Nə Qarabağımızı, nə də
onun yolunda canını qurban verən insanları
unutmadılar. Erməni düşmənçiliyinin
ağır fəsadlarından, beynəlxalq dairələrin ədalətsiz
davranışlarından sınmadılar, ümidlərini
itirmədilər. Hər zaman dövlətimizin, dövlətçiliyimizin
yanında oldular. Yalnız ona güvəndilər, ən kritik
hallarda onun müdafiəsinə qalxdılar, əsl vətəndaş
məsuliyyəti və cəsarət nümayiş etdirdilər.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə şərtlənən müstəqil dövlət
quruculuğuna hər tərəfli qoşuldular. Təmas xəttinə
yaxın ərazidə yaşayıb, işləmək,
iqtisadi-sosial, hüquqi və hərbi islahatlara dəstək
vermək, Birinci Qarabağ müharibəsindən sonrakı
dağıntıların aradan qaldırılması
üçün əllərindən gələni etdilər. Xüsusilə Horadiz döyüşlərindən
sonra işğaldan azad edilmiş kənd və qəsəbələrin
bərpası, yeni şəhərciklərin tikilməsi və
geriyə qayıdan köçkünlərin məskunlaşması
ilə Böyük Qayıdışın bünövrəsini
qoydular. Ermənistan Silahlı Qüvvələrinin
darmadağın etdiyi doğma yurda həyatı və uşaq
gülüşlərini qaytardılar. Bununla da köçkün
həyatı sürən digər soydaşlarımıza gələcəyə
inam, öz dövlətinin gücünə, liderinin qətiyyətinə
güvən hissi daha da yüksəldi.
Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf yoluna sədaqət nümayış etdirən
ölkə Prezidenti İlham Əliyevin Prezidentliyi dönəmində
isə bütün istiqamətlərdə dinamik inkişaf,
sosial, iqtisadi yüksəliş, ordunun müdafiə və
hücum imkanlarını əhəmiyyətli dərəcədə
genişləndirən, hərbi-siyasi və diplomatik sahədə
əldə edilən uğurlar bütün parametrlər üzrə qüvvələr nisbətini
ölkəmizin xeyrinə böyük dərəcədə dəyişdirdi.
Bu sahədəki inkişafı və təmas
xəttində yaşayan insanların sosial durumunun hansı səviyyədə
olduğunu görmək üçün Füzuliyə,
Horadizə səfər etmək, buradakı insanlarla söhbətləşmək,
onları dinləmək kifayət edirdi.
2000 - 2019 –cu illər ərzində
Füzuli seçicilərini Milli Məclisdə təmsil edən
deputat, bütün bu proseslərin içərisində olan
bir şəxs kimi Azərbaycanımızın bu günkü
inkişaf səviyyəsinə çatması, hərbi
qüdrətə, iqtisadi potensiala, daxili ictimai-siyasi sabitliyə
necə nail olması barədə, insanlarımızın
həyatını, regionun reallıqlarını, Azərbaycanın
imkan və potensialını, dünyada ona olan münasibətlərin
bu illər ərzində necə dəyişdiyini sübüt
edən dəlil və faktlar gətirə, saatlarla yorulmadan
danışa bilərdim.
Amma buna artıq lüzüm yoxdur. 44
günlük Vətən müharibəsi və onun nəticələri
hər şeyi aydın görməyə imkan verir.
Bütün
keçmiş köçkünlər kimi füzulilər də
bu nəticələri öz həyatında aydın şəkildə
hiss edir. Güclü orduya, Müzəffər Ali Baş
Komandana və onun dəmir yumruğunda cəmləşən
gücə söykənərək Dağlıq Qarabağ
adlanan erməni problemini tarixin arxivinə göndərməklə
Azərbaycan öz xalqının siyasi iradəsini ifadə edən
milli dövlətin qlobal proseslərdə rolunun nəyə
qadir olduğunu ortaya qoydu. Belə bir dövlətin
vətəndaşı olmaq keçmiş köçkünlər
üçün ikiqat qürur mənbəyidir. Ona görə ki, onlar artıq natamamlıq kompleksindən
birdəfəlik qurtuldular. Varlığı ilə fəxr
etdikləri ölkə Prezidenti cənab İlham Əliyevin
diqqətini, himayəsini, eyni zamanda, etibarı və
etimadını köçkün olduqları zaman hər
addımda hiss edən bu insanlar indi azad Qarabağın
qürurlu sakinləri kimi öz yurdlarına dönəcəkləri
günü səbirsizliklə gözləyirlər.
Artıq füzulilərin həyatında 23 avqust deyil, 17
oktyabr tarixi böyük bir yer tutur. Düz bir ildir ki,
Füzuli azaddır, bütün işğaldan azad olunan digər
regionlarımız kimi o da sinə dolu nəfəs alır,
sabaha böyük inam və nikbinliklə baxır.
Bu torpağı düşmən tapdağından xilas
edən igid oğullarımızın, qəhrəmanlığının
nəticəsi olan azadlığı üçün onlara
borclu olduğunu unutmur, şəhidlərimizin xatirəsinə
ehtiram, qazilərimizə isə diqqət və qayğı
göstərir.
Mən də onlardan biri olaraq,
keçmiş köçkünlərin keçdikləri
bütün hisslərə şərik olduğumu bildirir, hər
birimizin adından ölkə Prezidenti, Müzəffər Ali
Baş Komandanımız və füzulilərin sevimlisi cənab
İlham Əliyevə qələbə duyğusunu tam mənası
ilə hər birimizə hiss etdirdiyinə görə
minnətdarlığımı bildirir, özünün
baş qəhrəmanı olduğu Vətən müharibəsində
əldə etdiyi Böyük Zəfər münasibətilə
onu və bütün xalqımızı ürəkdən təbrik
edirəm.
İki sahil.- 2021.- 16 oktyabr.- S.11.