Azadligin mubarek, Füzuli !
Füzuli həsrətinin vüsala qovuşduğu tarix-17
oktyabr
Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdi. Prezident İlham Əliyev bu xoş xəbəri “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ
Azərbaycandır!” Füzulinin azad
edilməsi Azərbaycan Ordusunun döyüş
meydanındakı üstünlüyünü daha da
gücləndirdi.
Vətən müharibəsinin strateji əhəmiyyətli
Füzuli əməliyyatı
Vətən müharibəsinin gedişində Füzuli
rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı,
Pirəhmədli, Musabəyli, İşıqlı,
Dədəli kəndləri və Füzuli şəhəri
şanlı ordumuz tərəfindən 17 oktyabr tarixində
işğaldan azad edilmişdir. Ermənistanın
təxribatlarına cavab olaraq Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin komandanlığı
ilə 2020-ci il 27 sentyabr
tarixində başlayan Vətən müharibəsində
Füzuli şəhəri daxil olmaqla rayonun 62
yaşayış məntəqəsi işğaldan azad
edilmişdir. Bu döyüşlərdə
əslən Füzuli rayonundan olan 80 nəfərədək
döyüşçü şəhid olmuş, 300
nəfərədək hərbçi yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun
İkinci Qarabağ müharibəsində cənub-şərq
cəbhəsində baş vermiş ən
əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin
Cəbrayıl və Xocavənd rayonunun bir sıra
yaşayış məntəqələri Azərbaycan Ordusu
tərəfindən azad edilmişdir.
Füzuli uğrunda döyüşlər
Vətən müharibəsi zamanı ən ağır
döyüşlərdən olmuşdur. Çox böyük
peşəkarlıq, məharət, şücaət və
fədakarlıq tələb etmiş bu döyüşlər
haqqında kitablar yazılacaq. 30 il ərzində
düşmən təmas xəttində möhkəm istehkam
qurmuşdu. Bəziləri hesab edirdi ki,
Füzuli şəhərini işğaldan azad etmək
mümkün deyil. Hətta ən tanınmış
hərbi mütəxəssislər də belə fikirdə idi
ki, Füzulini işğaldan azad etmək üçün
bəlkə aylarla vaxt lazım olacaq. Füzulinin
azad edilməsi Vətən müharibəsinin
gedişatında strateji əhəmiyyət kəsb
etmişdir.
2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasında
“Füzulinin azad olunmasına görə” medalı təsis
olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin sərəncamları ilə Füzuli rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak
edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin
azad olunmasına görə” medalı ilə təltif olunub.
Qanla silinən tarix
1993-cü il avqustun 23-də erməni hərbi
birləşmələri Füzuli şəhəri, Horadiz
qəsəbəsi və rayonun 82 kəndini işğal edib,
bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından
didərgin salıblar. Ermənilər
işğal müddətində Füzuli şəhərini
və rayonun kəndlərini dağıdıb, mədəni,
tarixi, dini abidələri, qəbiristanlıqları yerlə
bir edib, ekoloji terror törədiblər. Müharibə zamanı rayon sakinlərindən 657
nəfəri şəhid olub, 400 nəfər
sağlamlığını itirib, 181 nəfər itkin
düşüb. Torpaqlarımızın
müdafiəsi uğrunda fədakarlıq göstərmiş
füzulilərdən 6 nəfəri Azərbaycanın Milli
Qəhrəmanı adına layiq
görülüb. 1994-cü ilin yanvarın
əvvəllərində həyata keçirilən və
Azərbaycanın hərb tarixinə qızıl
hərflərlə yazılan Horadiz əməliyyatı
nəticəsində qısa müddətdə 21 min hektar
ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz
qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər
Heydər Əliyevin qətiyyəti, böyük
sərkərdəlik məharəti, döyüş
bölgəsinə gedərək hərbçilərdə
güclü ruh yüksəkliyi yaratması
nəticəsində nail olub.
Xatırladaq ki, zəngin infrastruktur və tarixi abidələrə
malik olan Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət
və memarlıq abidələri, mağara və kurqanlar,
çoxlu sayda türbə, qəbirüstü abidələr,
at, qoç fiqurları, körpüləri 27 il idi ki,
erməni vandalizminin qurbanına çevrilib. İşğaldan əvvəl 2 şəhər, 16
qəsəbə, 82 kənd və başqa yaşayış
məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu
tarixi-dini abidələrlə, xüsusən də
türbələrlə zəngin bir ərazi olmuşdur. Bu
abidələr sırasına Əhmədalılar və ya
Arğalı türbəsi (XIII əsrin sonu), Babı
türbəsi (1273-cü il) rayonun
işğaldan azad olunmuş hissəsində yerləşir.
Qarğabazar kəndində XVII əsrə aid karvansara və
məscid, XVIII əsrə aid türbə, Aşağı
Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII
əsr), Aşağı Veysəlli kəndində abidə
kimi XII əsr qəbiristanlığı və Mir Əli
türbəsi (XIII əsr), Qoçəhmədli
kəndində XVIII əsr məscid və yaşayış
binası, Horadizdə XIX əsr məscid və İmamzadə
türbəsi, Füzuli şəhərində, Qacar,
Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX
əsrə aid məscidlər, Saracıq və
Gorazıllı kəndlərindəki XIX əsr
körpüləri, “Məşədi Həbib” hamamı (XIX
əsr), Merdinli kəndi yaxınlığında daşdan
yonulan at, qoç fiquru, dünyanın ən qədim insan
məskənlərindən olan Azıx mağarası,
həmçinin ondan çox kurqan tipli arxeoloji
abidələri aid etmək olar.
Zəfərdən intibaha doğru 1 il
Qırx dörd günlük Vətən
müharibəsində qazanılan Zəfərdən dərhal
sonra azad olunmuş ərazilərin bərpasına
başlanılıb. Qələbədən sonra Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın
həmin ərazilərə çoxsaylı
səfərləri zamanı yeni infrastruktur obyektlərinin
təməli qoyulur, yeni layihələrə start verilir.
Böyük Qayıdış bütün məsələlərə
kompleks yanaşma tələb edir. Elə buna görə
də işğaldan azad olunmuş ərazilərə
Böyük Qayıdışın təmin edilməsi
üçün şəhər və kəndlərin
bərpası və yenidən qurulması, həmin
ərazilərdə müasir infrastrukturun yaradılması
məqsədilə 2021-ci ilin dövlət
büdcəsində 2,2 milyard manat
vəsait ayrılıb. Görülən
işlər və büdcədən ayrılan vəsait
göstərir ki, işğaldan azad olunmuş
ərazilərin bərpası və yenidən qurulması
üçün böyük siyasi iradə var.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin Zəfərimizdən sonra ilk
görüşü noyabrın 11-də 1 saylı
Kliniki Tibbi Mərkəzdə müalicə olunan
hərbçilərlə oldu. Dövlət başçısı görüşdə bildirmişdir:
“Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik
göstəririk, birlik göstəririk və bu birlik onsuz da
cəmiyyətdə var idi. Ancaq bu
Zəfərdən sonra bu, daha da yüksək
səviyyəyə qalxdı. Bu birlik
bizə imkan verəcək ki, işğaldan azad edilmiş
torpaqlara yenidən həyat qaytaraq, məcburi
köçkünlərimizi o yerlərə maksimum qısa
müddət ərzində qaytaraq. Qarabağ
bölgəsi, gözəl tarixi diyarımız sanki
yenidən doğulacaq, yenidən canlanacaq,
dirçələcək. Azərbaycanın
ayrılmaz hissəsi və ən gözəl
güşələrindən biri olan Qarabağ əsl
cənnət məkanına çevriləcəkdir”.
Qarabağımızın digər
guşələri kimi, Füzuliyə də həyat
yenidən qayıdır. İşğaldan azad edildikdən sonra burada
quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış
sursatlardan təmizlənməsinə başlanılıb. Erməni hərbi birləşmələrinin
təxribatı nəticəsində mülki əhaliyə,
dövlət əmlakına, infrastruktur obyektlərinə,
habelə sahibkarlıq subyektlərinə dəyən
ziyanın qiymətləndirilməsi üçün
bütün lazımi tədbirlər görülür. Yerli və xarici ekspertlərin iştirakı ilə
aparılacaq bu işlər nəticəsində erməni
vandalizminə adekvat qiymət verilir.
Tarix Zəfərdən sonra 2020-ci il noyabrın
16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli
rayonuna səfər ediblər. Dövlət
başçısı Füzuli şəhərində
Azərbaycan bayrağını qaldırıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun –
Zəfər yolunun təməli qoyulub.
Dövlət başçısı
İlham Əliyev Füzuliyə səfərləri
çərçivəsində
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci
kilometrində Füzuli-Şuşa yolunun avtomobil yolunun –
Zəfər yolunun təməli qoyulub, həmçinin,
Füzuli rayonunda hava limanının təməllərini
qoyub. Eyni zamanda, Horadiz-Ağbənd
dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun
təməli qoyub, Füzuli rayonundakı Aşağı
Köndələnçay su anbarında yaradılan
şəraitlə tanış olub, “Füzuli” yarımstansiyasının
açılışında iştirak edib.
Bərpa çərçivəsində
gerçəkləşdirilən layihələr
sırasında Qarabağın hava qapısı olan Füzuli
Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın
və Zəngilan rayonlarında da aeroportların tikintisi
həm sosial-iqtisadi, həm də strateji cəhətdən
olduqca böyük önəm daşıyır.
Füzuli Beynəlxalq Hava Limanı
Qarabağ və Şərqi Zəngəzurun bərpası,
inkişafı üçün mühüm önəm
daşıyır. Aeroportun bu iqtisadi bölgələrdə istehsal
olunacaq sənaye məhsullarının dünya bazarlarına
çıxarılması və bütövlükdə
regionun ixrac imkanlarının genişləndirilməsi
baxımından böyük əhəmiyyəti var. Füzuli
Aeroportu işğaldan azad edilmiş ərazilərimizə
xarici turistlərin gəlməsi baxımından da olduqca
faydalıdır və yeni imkanlar yaradacaq. Qarabağın
incisi hesab olunan və Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərinə
gəlmək istəyən xarici turistlərin sayı isə
kifayət qədər çoxdur. Füzulidə
hava limanının tikilməsi imkan verəcək ki, həmin
turistlər daha sərfəli və qısa yolla, praktik olaraq
birbaşa düşməndən təmizlənən ərazilərimizə
səfər edə bilsinlər. Həmçinin
aeroport yükdaşımalar, xüsusən də beynəlxalq
yükdaşımalar üçün vacib əhəmiyyət
kəsb edir.
Hava limanının inşası və yaxın
gələcəkdə istifadəyə verilməsi yeni iş
yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş
ərazilərimizdə məskunlaşan
vətəndaşlarımızın
məşğulluğunun təmin olunması baxımından
önəmlidir.
Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Füzulidə, Şuşada, Qarabağda aparılan tikinti-quruculuq, abadlıq işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. İşğalçı Ermənistanın
dağıtdığı yerləri Azərbaycan yenidən
qurur, bərpa edir və abadlaşdırır. Prezident
İlham Əliyevin tapşırığı ilə
Füzuli rayonunda belə bir qısa müddətdə bu
cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava
Limanının inşasının həyata
keçirilməsi sözün əsl mənasında misli
görünməmiş hadisədir və bu, bir daha Prezident
İlham Əliyevin mənfur düşməndən
azad olunmuş torpaqlarımızda böyük yenidənqurma
və tikinti işlərinin aparılması barədə
fikirlərinin bariz nümunəsidir.
Füzuli həsrətinin vüsala qovuşduğu tarix
17 oktyabr- nəinki füzulililərin
xatirəsində, Azərbaycan dövlətinin tarixində
əbədi qalacaq. Müharibənin
hər günü 30 ilə yaxın torpaq həsrəti
ilə yaşayan soydaşlarımız üçün demək olar ki, bir ilə
bərabər idi. Böyükdən kiçiyə hamı
ön cəbhədə gedən döyüşləri izləyir, Qələbə
xəbərlərini gözləyirdi. Bu gün füzulilər, ümumilikdə
xalqımız sevinclidir. Torpaqlarımızın xilaskarı Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevlə fəxr edir və
hədsiz qürur duyurlar. Bəli, bu gün
işğaldan azad edilən bütün ərazilər, o cümlədən Füzuli
öz tarixinin ən parlaq və qürurverici
günlərinə şahidlik edir.
Hər bir azərbaycanlı
Vətənimizin bütövlüyü uğrunda
canını fəda edən qəhrəman
şəhidlərimizi rəhmət və ehtiram,
qazilərimizi böyük minnətdarlıqla yad edir və
edəcəkdir. Çünki Vətən fədailərimiz
torpaqlarımızın işğal günlərini öz
qanları ilə yuyub, yaddaşlarda
Qələbə-Zəfər tarixlərini yazdılar.
Yaqut Ağaşahqızı
İki sahil.- 2021.- 16
oktyabr.- S.14.