Nitqi orduya bərabər lider
Görünür, Azərbaycan
Tanrının diqqətinə layiq məkan olduğu
üçün bu yurdun sakinləri zaman-zaman Vətən
qarşısında çətin, eyni zamanda, gərəkli
sınaqlardan çıxmalı olublar: mərdlik, qeyrət, qəhrəmanlıq,
rəşadət sınaqlarından. Sanki bu
torpağın insanlarının alnına yazılıb, hər
qarışı qanları-canları ilə qorumaq və bundan
da qürur duymaq və nəhayət, dünyaya nümunə
olmaq.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsini
icra edən Hüseyn Əlixanovun və Mərkəzin
aparıcı eksperti, filologiya üzrə fəlsəfə
doktoru Almaz Bayramovanın “Nitqi orduya bərabər lider” sərlövhəli
məqaləsində yer alıb. Məqaləni təqdim
edirik.
XXI əsrin birinci rübü -
BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı,
Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı
və digər mötəbər beynəlxalq təşkilatların
qəbul etdikləri qətnamə və qərarlara,
xalqımızın həmişə sülh tərəfdarı
olmasına və təcavüzkar Ermənistana
münasibətdə də bu mövqedən
çıxış etməsinə baxmayaraq, Azərbaycan hələ
də erməni faşistləri tərəfindən zəbt
olunmuş torpaqlarının itkisi, bir milyona yaxın
qaçqın və didərgin düşmüş həmvətənlərinin
acı taleyi ilə yaşayırdı. Qarabağ
adlı Azərbaycan cənnəti hələ də mənfurların,
miskinlərin, ləyaqətsizlərin tapdağı altında
inləyirdi. Qarabağın da çöhrəsi bu vətən
dərdini ruhu ilə yaşayan hər bir azərbaycanlı
kimi, solğun və bədbin görünürdü. Sanki bu qədim
diyar intizar içində idi, qəribsəmişdi, öz
doğmaları üçün.
Nə yaxşı ki, Ulu Tanrı Azərbaycan
xalqının taleyinə ümummilli liderimiz Heydər
Əliyev kimi dahi insanı, xilaskar rəhbəri nəsib etdi. Məhz onun xalqına, vətəninə sonsuz məhəbbəti
misilsiz əvəzolunmaz xidmətləri sayəsində
1988-1995-ci illər ərzində ölkəmizin
parçalanmasına, vətəndaş müharibəsinin
başlanmasına, düşmən tərəfindən daha
çox ərazilərin işğalına, maddi-mədəni
sərvətlərimizin mənimsənilməsinə və
nəticə etibarı ilə ölkəmizin iqtisadi və
siyasi əsaslarına qarşı yönələn qəsdlərin
qarşısını almaq mümkün oldu. Məhz Ulu
Öndərin yürütdüyü düzgün və məqsədyönlü
siyasət nəticəsində ölkə sabit həyata və
dinamik inkişaf yoluna qədəm qoydu.
2003–cü ildə keçirilən prezident
seçkilərində Ulu Öndər xalqa müraciət edərək
Azərbaycanın gələcəyini etibar etdiyi İlham
Əliyev barədə dahiyanə uzaqgörənliklə
demişdi: “O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar
bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Dahi şəxsiyyət tərəfindən
söylənən bu fikirlər Azərbaycan xalqının
İlham Əliyevə ilkin olaraq ən yüksək səviyyədə
göstərdiyi etimadın əsasını qoydu.
Azərbaycan son otuz il ərzində
böyük çətinliklərlə üzləşmiş
və bu dövr siyasi proseslər baxımından da mürəkkəb
bir dövrü əhatə etmişdi. Həmin
dövrün birinci onilliyi ərzində İlham Əliyevin
ölkənin siyasi və iqtisadi həyatında bir sıra məsul
vəzifələr daşımasına baxmayaraq, onun uzun illər
Ulu Öndərin həyat və iş təcrübəsindən
mənimsədiyi, həm də ən yüksək səviyyədə
aldığı təhsil sayəsində topladığı
bilik və bacarığı, siyasi uzaqgörənliyi,
prinsipial qətiyyəti, milli dəyərlərimizə
sarsılmaz bağlılığı barədə geniş
ictimaiyyətə tam şəkildə məlum deyildi. Eyni
zamanda, qapalı, soyuq təbiəti də yox idi, bu
böyük şəxsiyyətin. Məktəb
və iş yoldaşları, müəllimləri, onun təhsil
aldığı, eləcə də işlədiyi qurumlarda və
kollektivlərdə özünü təkəbbürlü,
iddialı aparması halları ilə heç vaxt
rastlaşmadıqlarını, əksinə, hər zaman
çox ünsiyyətcil, mehriban, sadə təbiətli
olduğunu qeyd edirdilər.
Ulu Öndərin tövsiyəsi
və xeyir-duası ilə Azərbaycan xalqının yüksək
etimadla Azərbaycan Prezidenti seçdiyi İlham Əliyev
Ümummilli Liderin vəsiyyətlərini layiqincə yerinə
yetirdi, xalqımızın ümidlərini doğrultdu.
İlk illərdən Ulu Öndərin iqtisadi, siyasi,
hüquqi, mədəni, ordu quruculuğunda möhkəm dayaqlar üzərində təməlini
qoyduğu işləri Prezident İlham Əliyev ləyaqətlə
davam etdirdi, beynəlxalq sahədə yeni-yeni uğurlara imza
atdı. Məlum oldu ki, artıq oğul Əliyevdə də
ata Əliyevin mühakimə və mübarizə taktikası,
problemə yanaşma strategiyası, Vətən torpaqlarına
və xalqına sonsuz sədaqəti və digər mənəvi-genetik
dəyərləri nəinki mövcuddur, bu dəyərlər
onun həyat tərzinin və fəaliyyətinin başlıca
prinsiplərini təşkil edir.
Prezident İlham Əliyev
xalqının elə bir oğlu və elə bir şəxsiyyətdir
ki, o, Azərbaycan xalqını dünyaya fədakar,
sülhsevər, eyni zamanda, haqq yolunda hər bir formada
mübarizə aparmağa və qalib gəlməyə qadir
xalq olduğunu əyani şəkildə sübuta yetirdi.
Bununla yanaşı, o, şəffaf zəkası
və açıq siyasəti ilə dünyanın zəhləsini
tökən yaltaq, paxıl, xain, tamahkar, torpaq oğrusu olan erməni
təbliğatının yalan və böhtanla
quraşdırılmış mif dayaqlarını ifşa
etdi, yüz illərlə Azərbaycana və azərbaycanlılara
qarşı düşmənçilik siyasəti yürüdənlərin
davamçıları olan köçəryanları,
sarkisyanları, paşinyanları və onların güvəndikləri
və “məğlubedilməz” hesab etdikləri hərbi
qüvvələrini diz çökdürdü.
İlham Əliyevin əzmkarlığı,
cəsarəti, ən kritik fövqəladə anlarda səbir
və təmkin nümayiş etdirməyə qadir olması,
yüksək səviyyədə müasirliyə, intellektual
biliklərə, xüsusilə beynəlxalq hüququn
bütün incəliklərinə malik olması, 27 il ərzində
BMT Təhlükəsizlik Şurasının icrasını təmin edə bilmədiyi qətnamələri,
beynəlxalq özünümüdafiənin bütün
imperativ və fakültativ normalarına riayət etməklə
44 gündə Müzəffər Ali Baş Komandan olaraq öz
ordusunun gücü sayəsində ildırım sürəti
ilə icrasını təmin etməsi və haqlı
olaraq, düşmənə havadarlıq edənlərə
açıqdan-açığa meydan oxuması, onun
adının Azərbaycan xalqının Zəfər tarixinə
“LİDER SƏRKƏRDƏ” olaraq həkk etdi.
Prezident İlham Əliyevin ən
çox nəzərə çarpan və Ulu Öndərdən
əxz etdiyi ən mühüm keyfiyyətlərdən biri də
ilk illərdən fərqli olaraq, müharibə dövründə
hər kəsin diqqətini cəlb edən və yüksək
rəğbət qazanan danışıq üslubu və
nitq mədəniyyəti idi. Bəli, düşmən üzərində
Qələbənin qazanılmasında bacarıqla aparılan
silahlı müharibə ilə yanaşı, dövlətimizin
başçısının ritorika vasitəsi ilə
apardığı müharibənin də rolu
danılmazdır. Məhz Liderimizin nitqləri vasitəsilə
dünya Azərbaycanı yaxından tanıdı, Azərbaycan
isə İlham Əliyevin natiqlik qabiliyyətinə və məharətinə
daha da yaxından bələd oldu. Onun yüksək nitq qabiliyyətinin
örnəyi, əxz etdiyi mənbə isə məhz atası
Heydər Əliyevdir. Heydər Əliyevi böyük siyasətçi
kimi tanıdan, gücləndirən cəhətlərdən
biri məhz nitq kommunikativliyi, dinləyicini ifadə etdiyi fikirlərin
həqiqiliyinə inandırmaq, cəlb etmək qabiliyyəti
idi. Hər kəs, hətta başqa dövlətlərin
nümayəndələri bu böyük şəxsiyyətin
nitqinə saatlarla qulaq asmaqdan yorulmurdular. Ulu
Öndər danışarkən ölkənin ən sadə vətəndaşları
da onun timsalında özünə güvən yeri
görürdü. Onun qəbulunda, yaxud görüşündə
olmuş insanların xatirələrində də qeyd olunurdu
ki, ünsiyyət zaman ilk dəqiqələrdə
keçirdikləri həyəcan çox az zamandan sonra
tamamilə yox olur, böyük Liderin simasında qarşı
tərəf doğma bir insan təəssüratı
yaradırdı.
Dilşünas alimlərin fikrincə, Heydər
Əliyevin nitqlərində nəzərə çarpan
başlıca cəhət onun özünəməxsus Heydər
Əliyev üslubudur. Müşahidələr göstərir
ki, Heydər Əliyevin nitqlərinə təkcə rəsmi
üslub nümunəsi kimi deyil, bu nitqlərdə müxtəlif
üslubların qovuşaraq konkret məqsədə, ideyaya
xidmət etməsi özünü göstərir. Burada əsas
məqsəd hansı üslubi xüsusiyyətlərdən istifadə
edilməsindən asılı olmayaraq, fikrin açıq,
aydın, inandırıcı şəkildə xalqa
çatdırılmasıdır. Məhz ona görə də
bu nitqlərdə rəsmi, elmi, bədii, publisistik üslub
çalarları bir vəhdət şəklində
özünü göstərir.
Heydər Əliyevin nitqlərində ikinci və
ən çox nəzəri cəlb edən xüsusiyyət dəqiqlik,
ardıcıllıq, məntiqilik, sabitlik və təmkindir. Bu
xüsusiyyətlər birlikdə nitqə bir müdriklik,
dahiyanəlik verir, onu dinləyəni inandırır,
etimadını qazandırır. Heydər Əliyevin nitqlərini
təkcə linqvistik baxımdan tam şərh etmək
qeyri-mümkündür. Bu nitqləri fəlsəfi, psixoloji,
siyasi-ictimai, hüquqi, mədəni, məntiqi və s.
baxımdan analiz etməklə onların dinləyicilərinə
təsir gücünün mahiyyətini anlamaq mümkün ola
bilər.
Bəli, Ulu Öndərin nitq fəaliyyəti
barədə deyilən fikirləri tamlıqla İlham
Əliyevin nitqi barədə söyləmək olar. Bu dəyərli
şəxsiyyət xarici jurnalistlərlə bir üslubda, bir əhvali-ruhiyyə
ilə danışırdısa, onun
çıxışını səbirsizliklə gözləyən
xalqla bir başqa tərzdə danışırdı.
Filoloq alim Rafael Hüseynov “Hər nitqi bir əsər”
adlı məqalədə yazırdı: “Prezident
İlham Əliyev nə vaxt kürsüdə olubsa, hansı
mövzuda danışıbsa, həmişə nitqi parlaq olub,
ifadə etdiyi həqiqətlərə, fikirlərinin məntiqi
ardıcıllığı, sözlərin, ifadələrin
dəqiq seçimi ilə dinləyəni cəlb və heyran
edib. Eyni dərəcədə sərbəst
danışdığı üç dilin üçündə
də eyni səviyyədə - həm Azərbaycanca, həm
ingiliscə, həm rusca. Lakin Prezident İlham
Əliyevin 2020-ci il sentyabrın 27-dən ermənilərin
özlərinə xas quldur və terrorçu xisləti ilə
Azərbaycana bütün cəbhəboyu növbəti
hücuma keçəndən, bunun ardınca şanlı
Ordumuzun əks həmlə ilə bir-birinin ardınca
müşayiət edilən Zəfər marafonunun
başlanmasından sonrakı hər
çıxışı, hər müsahibəsi, hər
müraciəti öz-özlüyündə tarixi bir hadisə,
siyasi nitq mədəniyyətinin qızıl səhifələri
sayılmalıdır”.
Dövlətimizin başçısı
güclü nitq yaddaşına malikdir, O, hər zaman hansı
şəraitdə, hansı fikri ifadə etdiyini və edəcəyini
gözəl xatırlayır. Təsadüfi
deyil ki, dövlətimizin başçısının nitqlərində
tərəddüd yer almadı, qətiyyət Prezidentin nitqlərinə
bacarıq qədər mükəmməl bir rəng qatdı.
İstər məntiqi ideya baxımından, istərsə də
fikri ifadə etmək baxımından yalnız qətiyyət.
Digər ölkələrin dövlət
başçılarının nitq quruluşunda müşahidə
olunan hezitasiya – “hmmm”, “aaaaa” kimi ifadə ünsürləri
İlham Əliyevin nitqinə tamamilə yaddır. Cənab Prezidentin nitq opponenti ilə dəyərli cəhətlərindən
biri onun demək olar ki, artıq əl hərəkətlərindən
də çox az hallarda istifadə etməsidir. Çox
hallarda əl jestlərinin iştirakı bəzən nitq
müəllifinin özünü daha çox ifadə etməsinin
çətinliyində özünü göstərir.
İlham Əliyev isə olduqca yüksək nitq vərdişlərinə
malik olduğu üçün hər hansı nitq tərəddüddən,
ifadə imkansızlığından uzaqdır.
Söhbət siyasət kimi ciddi və
qlobal mövzu ətrafında gedirsə, nitqdən olduqca dəqiq
faktlar tələb olunur. Ölkə rəhbəri nitqində
çox məsuliyyətlidir, xüsusilə statistik rəqəmlər
bildirərkən dəqiq olmayan rəqəmlərə
müraciət etmir. Siyasət mühiti çox mürəkkəb
sahə olduğu üçün burada münasibətlərin
formalaşması, ünsiyyətin qurulması da çox fərqli
bir sistem təşkil edir. Bu çevrə elə psixoloji vəziyyətlər
tələb edir ki, bəzən digər məsələlərdə
o qədər də məqbul sayılmır. Siyasətdə
olur ki, münasibətləri qurmaq, nizamlamaq üçün
bir-birinə rəqib, hətta düşmən olan qüvvələr
nitq ünsiyyətinə daxil olmağa, əl verməyə,
ardıcıl olaraq hətta gülümsəməyə belə
məcbur olurlar.
Müharibə dövründə səslənən
nitqlər emosionallığı ilə fərqlənir. Bu məqamlarda
ürəkdən səslənən, xalqın mənafeyini,
hisslərini əks etdirən hər bir söz, hər bir fikir
xalqın hafizəsinə əbədi həkk olur, dillər əzbərinə
çevrilir. Təbii ki, övladını itirmiş valideyn
qarşısında hər cür nitq gücsüzdür. Lakin böyük natiq-liderlər bu kimi çətin
məqamlarda da sözün gücündən istifadə etməyi
bacarmalıdırlar. İlham Əliyev bu natiqlik
sınağını da ən yüksək səviyyədə
yerinə yetirməyi bacardı. İnsanlar doğru yolu
ayırd edə bilirdilər. Övlad itkisi nə qədər
acı olsa belə, göz nuru olan övladlarının
seçdikləri bu müqəddəs yolu sayğı ilə
qəbul etdilər. Dövlətimizin
başçısının da gələcəyə ümid
dolu sözləri insanlardan itkilər qarşısında
sönməməyə, əksinə qürurla durmağa
ruhlandırdı. Təsadüfi deyil ki, Prezident İlham
Əliyevin xalqa müraciətlərində düşmən tərəfə
ünvanladığı mesajlar bu gün əhalinin dilində
əzbərə çevrilib. İlham Əliyev məhz Azərbaycan
dilini gözəl bilməsi sayəsində xalqın ürəyinə
yol tapa bildi. Vətəndaşlarımız müharibə
dövründə Prezidentin simasında artıq ölkəni
idarə edən rəsmi şəxslə bərabər,
doğma insan, xalqının yenilməz övladını
görürdülər. Təbii olaraq İlham Əliyevin
müharibə ilə bağlı nitqlərini və
çıxışlarını bütün ölkə əhalisi
təqdir etdi.
İlham Əliyevin nitq mədəniyyətinin ən
yüksək səviyyədə olduğunu, siyasi və elmi cəhətdən
məntiqi dolğunluğunu filoloqlar, politoloqlar və
hüquqşünaslar daha aydın müşahidə etdilər.
Ali Baş Komandanın xarici ölkələrin
nüfuzlu KİV-inə müsahibələri və beynəlxalq
konfranslarda Qarabağın tarixi, BMT qətnamələrinin
icra olunmaması səbəbləri, Ermənistanın
işğalçı və təcavüzkar siyasəti və
s. tarixi faktların təkzibolunmaz sübutlarla dünya
ictimaiyyətinin nəzərinə
çatdırılmasına dair çıxışları
beynəlxalq hüququn və Azərbaycan diplomatiyasının
zirvəsi olmaqla, düşmənin uzun illər dünyada
kök salmış anti-Azərbaycan təbliğatını
darmadağın etdi.
Müharibə dövründəki nitqlərə
xüsusi rəng qatan xüsusiyyətlərdən biri xəlqilik
və millilikdir. Bu cür nitqlər xalqa daha yaxın, doğma
və inandırıcı təsir bağışlayır. Xalq dilində işlədilən frazeoloji vahidlərdən
liderin də istifadə etməsi, yəni xalqla xalqın öz
dilində danışması təbii ki, dövlət
başçısını da öz vətəndaşına
yaxınlaşdırırdı. Bundan irəli gəlir ki,
İlham Əliyevin əhali ilə efir ünsiyyəti
zamanı istifadə etdiyi bu cür ifadələr hər
kəsin dilində əzbərə çevrilmiş, sitat
elementi olmuşdu.
İlham Əliyevin nitqinin daha təsirli
xüsusiyyətlərindən biri səsindəki inamdır. Natiq dövlət başçısı müharibə
dövrünün ən ağır günlərində
ölkə əhalisinə ünvanladığı müraciətlərdə
yer alan inamı, optimistliyi hər zaman əhalidə qələbəyə
inam yaratdı. İlham Əliyevin nitqinin önəmli cəhətləri
kimi ölkə vətəndaşlarına müraciətdə
xəlqiliyin, xarici jurnalistlərlə müsahibələrdə
hüquqiliyin və digər cəhətlərin geniş yer
aldığını görürük.
Prezidentimizin nitq potensialının yüksək
göstəricilərindən biri də onun xarici dillərdə
də ən mükəmməl səviyyədə
danışmasıdır. Dövlətimizin
başçısının müxtəlif dillərdə
söz ehtiyatı heyrət doğurur. Xarici dildə
çıxışlarında belə İlham Əliyev
söz tapmaqda hər hansı çətinliklə üzləşmədi.
Müsahibələrdə ən mürəkkəb
və önəmli məsələ ilə bağlı suallara
cavab verərkən o, sakit və təmkinlə heç bir
nitqi məhdudluğuna məruz qalmadan fikirlərini olduqca
aydın, əsaslı şəkildə və dəqiq
faktlarla dünya ictimaiyyətinin diqqətinə
çatdırdı. Onun nitqlərində heç bir
sözün yersiz, yaxud başqa sözün yerində işləndiyini
sezmirik. Dünya mediası da Prezidentimizin düşmən tərəflə
müqayisədə bu sahədə də çox
böyük üstünlüyünü müşahidə
etdi. Cənab Prezidentin nitqləri müxtəlif
istiqamətlərdə və ünvanlarda yayımlandı.
Xarici ölkə kanallarına verilən müsahibələr,
ölkə əhalisinə ünvanlanan müraciətlər,
çağırışlar, müsahibələr bu şəkildə
mükəmməl bir tərzdə Azərbaycanın səsini
dünyaya çatdırmağa yönəlmişdi.
Müsahibələr ölkə əhalisinin
kiçikdən-böyüyədək hamının diqqət
mərkəzində oldu. Hər kəsi əksər
hallarda düşmən dəyirmanına su tökən, bir
çox hallarda münaqişədən geniş təsəvvürü
olmayan, intriqant meyilli jurnalistlərin
qıcıqlandırıcı suallarına verilən kəskin
cavablar maraqlandırırdı. Müzəffər Ali Baş
Komandanın müharibə ilə bağlı müsahibələri
XXI əsr üçün yeni üslub, yeni model nitq
strategiyası hesab edilə bilər. Müsahibələr
ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin,
müxtəlif kanalları vasitəsi ilə
aparılırdı. Həmin müsahibələri izlədikdə
bəzən hansısa ölkəni təmsil edən, erməni
tərəfini dəstəkləyən kanalın aqressiyasını,
bəzən neqativ münasibətini müşahidə etdik. Lakin Qələbəni gözə almış
Liderin bu kimi qeyri-adekvat münasibətlər üzərində
dayanmadığı aydın hiss olunurdu. İlham Əliyev əsl
lider, əsl diplomat olaraq bu kimi kiçik hisslərə
qarşılıq vermək əvəzinə yaranmış
imkanlardan istifadə edərək dünya ictimaiyyətinə
məsələnin gerçək mahiyyətini -
Qarabağ həqiqətlərini, müharibənin səbəblərini,
nankor qonşularımızın yersiz tələblərini
dünyaya çatdırmağa üstünlük verirdi. Azərbaycan
Prezidenti bu müsahibələri özünün real
mübarizə və silah üsuluna çevirdi və
döyüş meydanında olduğu kimi bu müharibədə
də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən
doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə
yer alırdı. İlham Əliyev müharibə
dövründə verdiyi müsahibələrdə öz səriştəsini,
yetkin siyasətçi imicini bir daha nümayiş etdirdi.
Müasir dövrün uğurlu lider modelini təqdim etdi. Lakin dövlətimizin başçısı ilə
müsahibə aparan bir çox jurnalistin səriştəsi və
yetkinliyi barədə bu sözləri demək
qeyri-mümkündür. Ümumilikdə Azərbaycan Prezidenti
ilə müsahibə aparan jurnalistlərin bəzilərinin səthi
məlumatlara malik olduqları özünü büruzə
verirdi. Qarabağ münaqişəsi kimi ciddi bir məsələ
ilə bağlı müsahibə aparmaq üçün isə
bir sıra jurnalistlərin obyektiv araşdırmalar aparmağa
meyilli olmaması təəssüf doğururdu.
Jurnalistikaya aid keyfiyyətlərdə qeyd edilir
ki, sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı
olmaq çox önəmlidir. Eyni zamanda, müsahib haqqında
daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən
böyük üstünlüyüdür. Yalnız savadlı
şəxs informasiyalardan yetərincə istifadə edə və
xoş həmsöhbət ola bilər. Çünki jurnalistin
dünyagörüşü müsahibin ona olan hörmət və
etibarını artırır. Bu hal müsahibədə
mühüm önəm kəsb edir. Məcazi mənada da olsa
yaxşı deyiblər ki, müsahibə sanki bir dueldir. Lakin
bu, silahların deyil, intellektlərin sözlə
döyüşüdür. Burada ya jurnalist qalib gəlir, ya da
müsahib. Qələbə qazanmaq isə hansı tərəfin
daha hazırlıqlı olmasından birbaşa
asılıdır. Lakin İlham Əliyevlə müsahibə
aparan bəzi xarici jurnalistlər ya yetərli qədər məlumatlı
deyildilər, ya da yetərli qədər bitərəf. Belə
ki, verilən suallar bir çox hallarda işğalçı
Ermənistanın mövqeyindən verildiyi hiss olunurdu. Bu isə jurnalistikanın əsas şərtlərindən
olan neytrallıq prinsipinə zidd olaraq qiymətləndirilir.
İlham Əliyev siyasətinə, mövqeyinə və
potensialına daha yaxşı bələd olan rus
jurnalistikasının nümayəndəsi isə Azərbaycan
Prezidentinin bu siyasi qabiliyyətini vurğulamaqdan yan keçə
bilməyib, İlham Əliyevin təhsil aldığı ali
tədris ocağının məhz Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu olduğunu və bunun
qabarıq şəkildə göründüyünü
qürurla qeyd etdi.
İlham Əliyev müsahibələrdə
yüksək mədəniyyət və səbir nümayiş
etdirirdi. Bütün bu qıcıqlandırıcı, daha
“ağıllı” jurnalist görünmək üçün
verilən suallara baxmayaraq, Prezident məlumatlandırmaqdan, məqsəd
və prinsipləri açıqlamaqdan yorulmurdu. Dinlədikdə
bəzi eyni mövqeli ölkələr tərəfindən
müsahibə aparan jurnalistlərin sualları da oxşar, bəzən
eyni olduğunu görürdük.
Müsahibələrdə bəzən jurnalist
etikasına riayət olunmadığı, sual
ünvanlandığı şəxsin kimliyi unudulurdu. Son dərəcə
ciddi mövzu ətrafında aparılan müsahibələrdə
jurnalistlər bir çox hallarda sanki ittiham mövqeyi
tutması özünü büruzə verirdi. Xalqa
açıqlayıcı müraciətlərinin birində
dövlətimizin başçısı ondan müsahibə
götürən bir xarici jurnalistin onunla sanki prokuror kimi
danışdığını, onu ittiham etmək cəhdi
barədə irad tutdu. Belə hal bir qədər
də onların öz peşəkarlığını
şübhə altına qoyurdu. “Əl-Ərəbiyyə”
kanalının jurnalistinin sual zamanı işlətdiyi “hadisələr
nəzarətdən çıxır” kimi ifadə səsləndirməsi
hansı baxış bucağından deyildiyi məlum deyildi.
Nəzarətdən çıxma hansı qüvvələrin
nəzarəti nəzərdə tutulması da jurnalistin tam
özünün ehtimal etdiyi məsələdir. Eyni zamanda, “Dağlıq Qarabağda müharibə
yenidən gündəmə gəlib” fikrini ifadə edən
jurnalist anlamalı idi ki, bu münaqişə onun
üçün bir xarici jurnalist olaraq yenidən gündəmə
gələ bilər, Azərbaycan üçün isə uzun
illər gündəmdə olan problem olaraq qalırdı.
“Əl-Cəzirə” telekanalının
müxbirinin verdiyi “Siz Ermənistanı bu müharibəni, bu
münaqişəni başlamaqda
günahlandırırsınız. Bir çoxları iddia edə
bilər ki, Ermənistan öz cari ərazisini və 2018-ci ildəki
“məxməri” inqilabdakı qələbəni nəzərə
alaraq münaqişənin başlamasına risk etməzdi. Buna
Siz nə deyirsiniz?” sualı cavab tələb edən sualdan
daha çox, heç bir əsası olmayan fikir ifadə etməsi
ittiham etmə kimi məzmun daşıyır.
Digər bir sualdakı ifadə tərzinin də
qıcıqlandırıcı və provakasion olması təəccüb
doğurur: “Siz atəşkəslə bağlı beynəlxalq
ictimaiyyətin çağırışlarına məhəl
qoymamaq seçimini edirsiniz?”. Digər sualda isə məntiqə
zidd bir fikir səslənir: “Sonuncu münaqişəyə
baxdıqda, Azərbaycan Ordusu cəbhədə müəyyən
irəliləyişə nail olub və xüsusilə
Füzuli rayonu ətrafında bəzi kəndləri geri
alıb. Bu, o deməkdir ki, Azərbaycan geri
qaytardığı həmin ərazilərdən geri çəkilməyə
hazırlaşmır?”. Bu kimi sualı verən jurnalistin məntiqi
düşüncəsi şübhə altına düşə
bilər. Oxşar suallarda işğala məruz
qalmış ölkə ilə işğal etmiş ölkə
arasında fərqi görmək istəməməsi da təəssüflə
qarşılanırdı. İlham Əliyevdən müsahibə
götürən bəzi xarici ölkələrin jurnalistlərinin
onun əhatəli hazırlığı barədə məlumatsızlıqları
nəzərə çarpırdı. Qərəzli
və absurd sualların qarşısında belə narahatlıq
və ya hiddət göstərməyən Azərbaycan
Prezidenti şübhəsiz ki, qarşı tərəfdə
daxilən rəğbət yaradırdı. Müsahibələr
arasında Türkiyə və Rusiya jurnalistlərinin
müsahibələri səmərəli mahiyyəti ilə
fərqlənirdi. Həmin müsahibələrdə jurnalistlərin
daha məlumatlı olduqları problemlə bağlı daha
neytral və optimal sualları vermələrindən məlum
olurdu. Problemi dərinliyi ilə dərk edən bu ölkələrin
jurnalistlərinin Liderimizin şəxsiyyətinə xüsusi
hörmət və rəğbəti də aydın sezilirdi.
Müzəffər Ali Baş Komandan verdiyi bu
müsahibələrlə əslində bütün
dünyanın fikrini tam dəyişdi. Bəzi
ölkələrin xüsusi öyrədilmiş, əvvəlcədən
planlaşdırılmış suallarla dolu hücumlarına
baxmayaraq, Prezidentimiz məqsədinə nail oldu,
dünyanın böyük bir hissəsinin rəğbətini
qazandı. Bununla da bərabər mükəmməl nitqi, təfəkkür
və məntiq potensialı Prezidentimizi dünya siyasi səhnəsində
ən uca kürsüyə qaldırdı. Şərhlərinin
zənginliyi və əhatəliliyi ilə Müzəffər
Ali Baş Komandan dünyaya siyasi nitqin ən uğurlu nümunəsini
təqdim etdi. Prezident İlham Əliyevin müsahibələri
tam bir bilgi mənbəyi idi, nitqində irəli
sürdüyü faktlar, arqumentlərin zənginliyi jurnalistlərin
ən yüksək şəkildə məlumatlanmalarına səbəb
olurdu. Baxmayaraq ki, jurnalistlər
ardıcıllıqla hazırladıqları müsahibələrdə
daha çətin, gərginlik yarada bilən suallar verməyə
cəhd etsələr də, Müzəffər Ali Baş
Komandanın polad məntiqi də dəmir yumruğu qədər
güclü oldu. Onun faktları analiz etmək qabiliyyəti
və təqdimatı həmin jurnalistləri “tərk-silah”
etdi.
Dünya siyasətində
uğursuz nitq nümunəsi göstərən dövlət
başçıları çox olub. Ən aparıcı
ölkələrin siyasi liderlərinin bəzən səriştəsiz
və ya etik göstəricilərdən uzaq
davranışları yaddaşlarda qalıblar. Yüksək postlara nail olmuş siyasət
adamları analoji situasiyalarda gərginliyə, sualların
qıcıqlandırıcı mahiyyətinə dözməyərək
təhqirə, qeyri-adekvat münasibət nümayiş etdirərək,
dialoqları yarımçıq qoyub, bununla da dünya
ictimaiyyətinin qınağına tuş gəlib. Fransa prezidentlərindən biri postuna hələ yeni
qədəm qoyduğu ilk vaxtlarda qadın jurnalistin bəzi
qıcıqlandırıcı suallarına cavabında onu təhqir
etməsi, birbaşa yayımlanan verilişdə dialoqu
yarımçıq qoyub getməsi, onun fəaliyyətinə
başladığı ilk günlərdə təkcə
fransızların arasında deyil, bütün dünyada ikrah
qazandırdı. Olaydan bir qədər sonra Prezidentin buna dərin
təəssüfünü bildirməsi onun haqsız
olmasının sübutu idi. Lakin olay artıq insanların
beynində həmin şəxs haqda təəssüratını
yaratmışdı. Görünür, həmin şəxs
prezident postuna yiyələnsə də, hələ kifayət
qədər siyasi etika və peşəkarlığa yiyələnə
bilməmişdi.
Əslində, bir çox əcnəbi
jurnalistlərin heç də gərəkli obyektivliyə,
jurnalistika prinsiplərinə riayət etdiyini söyləmək
olmaz. İşğalçı ölkənin təcavüzkar
mövqeyini müdafiə etməyə yönələn
suallar verilməsi, əksər hallarda əhali arasında
jurnalistin mənsub olduğu ölkənin, agentliyin münasibəti
kimi qəbul olunurdu: “Əvvəllər soyuq müharibə
olmuş bu münaqişə indi Azərbaycanı və Ermənistanı
alova bürüyüb. Bu müharibə keçmişdən
qaynaqlanır və indi artilleriya mərmilərinin səsi eşidilir.
Dağlıq Qarabağ yenidən gündəmə gəlib,
müharibə Qarabağdan və beynəlxalq tərəflərin
müdaxilələrindən kənara doğru genişlənir,
regional müharibəyə çevrilməklə bağlı
xəbərdarlıqlar mövcuddur. Münaqişənin həlli
yolu, beynəlxalq müdaxilələr bizim Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ilə
müzakirəmizin mövzusu olacaq”.
Təqdimatdan açıq-aydın
anlaşılır ki, müsahibənin aparıcısı
Dağlıq Qarabağ problemi barədə səthi biliklərə
malikdir. “Soyuq müharibə”
adlandırdığı münaqişədə hətta “atəşkəs”
adlandırılan dövrdə ardıcıl olaraq azərbaycanlı
əsgərlərin, zabitlərin, hətta dinc sakinlərin
öldürüldüyündən, ardıcıl olaraq erməni
tərəfin atəşkəsi pozduğundan ya xəbəri
yoxdur, ya da özünü xəbərsizmiş kimi
göstərir. Daha sonra həmin aparıcının verdiyi suala
nəzər salaq: “Prezident Əliyev, açıq-aşkar
görünür ki, Azərbaycan ilə Ermənistan
arasında hadisələrin gedişi nəzarətdən
çıxır. Bu hərbi əməliyyatların genişlənməsinin
hər hansı bir həddi varmı?”. Sualda məsələnin
mahiyyətini bilmədən Azərbaycan Prezidentini müharibənin
aparılmasında və regionda yayılmasında təşəbbüskar
kimi göstərmək meyili sezilir. Lakin dövlətimizin
başçısı bu cür suallarda gizlənən eyham və
qərəzə əhəmiyyət verməyərək ən
dolğun cavablandırmanı təmin edirdi.
Digər suallar da birmənalı deyildi: “Prezident Əliyev, əgər Ermənistan Sizin təqdim
etdiyiniz bu təşəbbüsə cavab verməsə, bu
eskalasiya davam edəcək və mülki şəxslərin həyatı
üçün qorxular olacaq və bunun bədəli çox
yüksək olacaq”, “Lakin Prezident Əliyev, “Əl-Ərəbiyə”
vasitəsilə Ermənistan prezidenti danışıqlar
haqqında danışdı və dedi ki, münaqişə
danışıqlar yolu ilə həll olunmalıdır. Siz
buna nə cavab verərdiniz?”.
Müsahibələrin birində jurnalist tərəfindən
verilən sual: “Bəziləri hesab edir ki, bu böhran
genişlənsə, Sizin torpaqlarınız savaş
meydanına çevriləcək və bu, sizin xeyrinizə
olmayacaq. Bu, bir növ sizin torpaqlarınızda marionetlər
müharibəsinə bənzəyir. Siz qorxmursunuz ki, bu,
regionlar arasında mübarizə olar?”
Prezidentin
dolğun cavabı: - Xeyr, marionetlər müharibəsi yoxdur. Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq
ictimaiyyət tərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox
güclü mövqeyi var. Mən bizim nailiyyətlərimizlə
bağlı sizə cəmi iki misal gətirə bilərəm.
Bir neçə il bundan əvvəl 155
ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik
Şurasına seçildi. Bu, bizim müstəqil
siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq
ictimaiyyətin çox məsuliyyətli üzvü olması
sayəsində oldu. Keçən il
biz Bakıda 120 ölkənin iştirakı ilə
Qoşulmama Hərəkatının sammitini keçirdik və
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə
götürdü. Bu şərəfli vəzifə
120 ölkənin yekun qərarı ilə Azərbaycana həvalə
oldu. Marionet ölkə bu dəstəyi ala
bilərmi? Marionet ölkələr
miskindir. Heç kim onlara diqqət
yetirmir. Bu gün Azərbaycanın sözü
dünya üçün əhəmiyyət kəsb edir.
Bu gün regionda Azərbaycan olmadan heç bir
siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata
keçirilə bilməz və bizə marionet deyənlər
özləri marionetdir. Qoy, onlar
güzgüyə baxsınlar. Onlar ölkələrə
yuxarıdan aşağı baxmağa öyrəşiblər.
Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik.
Dünyada heç bir ölkənin bizim işlərimizə
müdaxilə etməyə haqqı yoxdur və onlar bunu
başa düşməlidirlər. Öz ərazi
bütövlüyünü bərpa etmək Azərbaycanın
maraqlarına xidmət edir. Azərbaycanın
bir milyon insanı öz doğma torpaqlarına
qayıdacağı vaxtı gözləyir və biz hökumət
olaraq bunu təmin edəcəyik. Biz
insanlarımızı öz vətəninə
qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik,
kəndlərimizi bərpa edəcəyik. Biz
işğal olunmuş bütün ərazilərdə Azərbaycan
bayrağını qaldıracağıq.
- Prezident
Əliyev, Avropa deyir ki, Sizinlə Ermənistan arasında olan
böhranın hərbi həlli yoxdur. Siz
Avropanın bu mövqeyinə necə cavab verərdiniz?
- Mən
çox eşidirəm münaqişənin hərbi yolla həlli
yoxdur. Birincisi, mən bununla razı deyiləm.
İkincisi, yaxşı, əgər hərbi
yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik
həll verin. BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əməl edin.
Onlar dünyanın ən ali beynəlxalq
qurumu tərəfindən qəbul olunub və bu qətnamələr
erməni qoşunlarının işğal olunmuş ərazilərdən
heç bir şərt olmadan çıxarılmasını
tələb edir. Biz 1992-ci ildən bu yana
danışıqlar aparırıq və bu 28 il ərzində
hər hansı diplomatik həll olubmu? Vasitəçilər
və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll
təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər.
Lakin o dondurulmuş deyil. Biz
nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim
torpağımızda oturmağa və bizim insanlarımıza
öz evlərinə geri qayıtmağa icazə verməməyə
nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin
yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan
bunu özü edəcək. Bu da baş
verir. Mən bir daha münaqişənin həllinə
kömək etmək istəyən bütün tərəflərə,
həmçinin Ermənistan rəhbərliyinə deyirəm
ki, nə qədər gec deyil işğala son qoyun. Bəyanat
verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın
ərazi bütövlüyünü qəbul edirsiniz,
işğal olunmuş bütün ərazilərdən
çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz
və Azərbaycan ərazisində “Qarabağ Ermənistandır”
deyən Ermənistanın baş naziri Azərbaycan xalqı
qarşısında üzr istəməli və deməlidir “Qarabağ
Ermənistan deyil” və onda biz dayanarıq”.
Bu suallarda heç bir neytral məlumatlandırma,
araşdırma təşəbbüsü müşahidə
olunmur. Əksinə, suallar sanki bir erməni tərəfin
sualları kimi görünür. Lakin
Prezidentin dolğun və əsaslandırılmış
cavabları bu kimi “müdafiəçi”ləri ifşa edirdi.
“Qarabağ sizin üçün bu qədər önəmlidirmi?”
sualı isə jurnalistin mövzu haqqında məlumatsızlığı
ilə bərabər etikadan nə dərəcədə uzaq
olduğunu açıq-aşkar göstərir.
Dövlət başçısının sonuncu - Qələbə
çıxışı da ölkə əhalisi tərəfindən
xüsusi olaraq müsbət emosiyalarla qarşılandı. Bu, isə təbii
idi. Prezident İlham Əliyev bu
çıxışında Qələbə sevincini xalqla, məhz
öz xalqı ilə bölüşməsi gecə
saatlarına təsadüf etdi. Azərbaycan bu Zəfər
xəbərindən sonra qalib bir ölkə olaraq yuxudan
oyanacaqdı, qürurlu, xoşbəxt, özgüvənli, gələcəyə
inamla:
“- Bu gün ölkəmiz üçün tarixi bir
gündür.
Bu gün Ermənistan-Azərbaycan
Dağlıq-Qarabağ münaqişəsinə son qoyulur.
Hesab edirəm ki, indicə imzalanmış
üçtərəfli Bəyanat məsələnin həlli
istiqamətində son nöqtə olacaqdır. Bu Bəyanatı
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş
naziri imzalamışlar (Bəyanatın bəndləri səsləndirilir).
Əziz həmvətənlər, əziz bacılar və
qardaşlar.
Bu Bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm
ki, bu Bəyanat videokonfrans şəklində
imzalanmışdır və ilk mərhələdə 3
ölkənin başçısı bu videokonfrans vasitəsilə
Bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan
baş naziri bundan imtina edib. Bu, müəyyən
dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu Bəyanat Ermənistanın
hərbi kapitulyasiyası deməkdir. Ona
görə bu Bəyanatı videokonfrans formatında Rusiya
Prezidenti və mən imzalamışıq və bu Bəyanat
rus dilində tərtib edilibdir. Mənim
burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə
təqdim edilib və Rusiya və Ermənistan dövlət,
hökumət başçıları bu sənədi
imzalayacaqlar.
Bir daha demək istəyirəm ki, Ermənistan baş
naziri Paşinyanın bu hərəkəti
başadüşüləndir. Halbuki hesab edirəm
ki, hər bir insan öz əməllərinə görə
cavab verməlidir. Hər bir insan hətta
onun üçün ölkəsi üçün ən
ağır, ən kritik vəziyyətdə özünə
hörmət saxlamalıdır. Onsuz da
Paşinyan bunu imzalayacaq. Biz onu məcbur
etdik. Ancaq onu hansısa bağlı bir yerdə,
qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına,
namərdcəsinə imzalayacaq. Öz
xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun
hesabına imzalayır!
Bu Bəyanat bizim şanlı Qələbəmizdir. Şadam ki, bu
gün bu müjdəni Azərbaycan xalqına verirəm.
Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəblərindən
biri də dünən qeyd etdiyimiz parlaq Qələbəmizdir,
tarixi qələbəmizdir, Şuşanın işğaldan
azad edilməsidir, Şuşa
Qarabağın tacıdır! Şuşanın
azad edilməsi həm böyük siyasi, həm böyük
strateji, eyni zamanda, çox böyük mənəvi məna
daşıyır. Biz Şuşaya
qayıtdıq, biz Şuşanı qaytardıq, biz
Şuşada yaşayacağıq və işğaldan azad
edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq.
İnsanlar o torpaqlara qayıdacaq, orada
yaşayacaq, insanlarımızın 30 illik həsrətinə
son qoyulur”.
Azərbaycan söz sənətinin məskəni
olmuşdur. Azərbaycan sözə hər zaman qiymət verən
xalq olmuşdur. Bu torpaq nizamilər,
füzulilər, nəsimilər, vurğunlar, vahabzadələr
yetişdirib. Bu xalqın Qələbəsində də
sözün qüdrəti hiss olunmalı idi. Bu
dəfə isə sözün qüdrətindən şairlərimiz,
yazarlarımız deyil, dövlətimizin
başçısı, liderimiz, Müzəffər Ali Baş
Komandanımız istifadə etdi. Qarabağ
müharibəsində söz müharibəsi də rəhbərinin
dili ilə aparılmasaydı, bu Qələbə solğun
görünərdi. Sevinsək də, bu qədər
mənəvi doyum duyğusu almayacaqdı. İlham
Əliyev sözün qüdrəti ilə də Qələbəni
xalqına yaşatmağa nail oldu. Rəhbərimizin
“Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, sən azadsan! Əziz
Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri
onu canlı olaraq eşidənlərin heç zaman
qulaqlarından getməyəcək. Bu
müraciətlər artıq bir daha hansısa yadelliyə yenilməyə
imkan verməyəcək. Bu şüarlar
Azərbaycan adı ilə eyni mənalı sözlər silsiləsinə
çevriləcək və tarixə həkk olunacaq.
Əvvəldə qeyd etdiyimiz fikrə
qayıdırıq - Tanrı bizi bu bəladan qurtarmaq
üçün Sizlərlə bir dövrdə
yaşamağı, Zəfər sevincini birgə yaşamağı
nəsib etdi.
Çox təşəkkür edirik Sizlərə, Azərbaycan
xalqının sevimlisi və ümidgahı, Sizin
silahdaşınız, Azərbaycan qadınının simvolu
Mehriban xanıma və Sizə, cənab Prezident! Bu çətin dövrdə dövlətimizin
başçısı nə yaxşı ki, Siz oldunuz. Dahi Heydər Əliyevin davamçısı, nə
yaxşı ki, bizimlə oldunuz, inşallah, uzun illər
olacaqsınız. Özünüz demişkən,
“Sözümüz əməlimizdir!”.
Azərbaycan apardığı ədalətli müharibə
ilə bütün dünyada ədaləti bərpa edən
yeni müharibə modeli yaratdı. Dünyanın bütün
xalqları XXI əsrdə İlham Əliyevin simasında
müasir siyasi lider modelini gördü, dövrünün
xalqına dövlətinə torpağına bağlı
Müzəffər Ali Baş Komandanını tanıdı...
Dövlətimizin başçısı Qanlı
Yanvardan, Xocalı soyqırımından sonra ürəkdən
sevinə bilməyən xalqına, verdiyi qurbanların
ağırlığına baxmayaraq sevinməyi öyrətdi,
sevinc hissi yaşatdı. Özü bizimlə sevindi. Sevinc hisslərini bütün rəsmi çərçivələri
yararaq xalqı ilə bərabər yaşadı. Bəzən kövrəldi, göz
yaşlarını saxlamadı. Bəzən
isə siravi vətəndaş kimi gülüşü ilə
belə bizimlə oldu. Çünki o da
bizlərdən biridir. Çünki o da 20
Yanvar, Xocalı, 20 Noyabr - Çaykənd faciələrinə
bizim qədər yanmışdı. O da bizimlə bərabər
Şuşa, Kəlbəcər,
Laçın və digər yurd yerlərimizin itkisini
yaşamışdı. Ürək dolu sevinməyə,
içdən gülməyə hamıdan çox onun
haqqı var. Müzəffər Ali Baş Komandanımız
üçün yalnız ölkəsi və xalqının mənafeyi
önəmlidir. O, heç vaxt bəzi ölkələr
kimi haqqa-ədalətə sığmayan siyasət
yürütməmişdi, təzyiqlərdən çəkinərək
Qarabağdan əlini üzməmişdi.
...Artıq
müharibənin ağır, gərgin günləri geridə
qalıb. Uzun illər üzərimizdə ən
ağır yük olaraq qamətimizi əyən, hələ də
davam edəcəyini düşündüyümüz ədalətsizlik,
nəhayət, sona çatıb. Bu Qələbə
sevincini bizə Azərbaycan xalqının mərd
oğulları - Yenilməz Sərkərdə İlham
Əliyevin Müzəffər Ali Baş Komandalığı
altında ölümün gözünün içinə
şəhidlik zirvəsindən baxaraq yalnız Zəfər
uğrunda irəliləyən Azərbaycan Ordusunun qəhrəman
əsgər və zabitləri yaşatdı.
Həmin günlərin acıları, eləcə də
sevinci, Vətən torpaqlarını canı-qanı
bahasına geri qaytaran oğullarımızın əfsanəvi
qəhrəmanlığı, xalqımızın dünyaya
nümunə olacaq birlik əzmi barədə bədii və
tarixi əsərlər yazılacaq, filmlər çəkiləcək. Hər bir
qazimizin adı, şəhidimizin xatirəsi əziz tutulacaq, əbədiləşəcək
və heç zaman unudulmayacaq.
Bu günlərdə də Azərbaycan
xalqının gələcək xoşbəxtliyi naminə
mübarizəsini davam etdirən Azərbaycanın yeni tarixini
yazmış əvəzolunmaz Liderimiz və müasir Ordumuzun
yenilməz sərkərdəsi İlham Əliyevin qəhrəmanlıq
salnaməsi gələcək nəsillərə, eləcə
də müasir dünya ölkələri və liderləri
üçün örnək olacaq.
İki sahil.- 2021.- 19 oktyabr.- S.4;7.