İlmə-ilmə, naxış-naxış tariximiz… -

 

Azərbaycan Milli Xalça Muzeyindən reportaj

 

 

Toxunanda barmaqlarının ucundan iliklərinə qədər ilıq bir duyğunun axdığı göz oxşayan, ruhu sakitləşdirən, tariximizin, genetik kodlarımızın ilmələrlə naxışlarına köçürüldüyü xalçaların necə hazırlandığını bilirsinizmi? Göy yaylaqlarda yaşıl otlardan yeyib-bəslənən qoyunların yum-yumşaq yunları yazda havalar qızanda və payızda soyuqlar düşməmiş qırxılır, xalça toxumağa yarayanı seçilir, qalanı da yorğan-döşək salmağa işlənir. Bəs necə? Axı hər yun yaramır xalçaya, tükləri qarışdan uzun, rəngi ağappaq olmalıdır. Sonra analar, nənələr o ağappaq, uzun yunu yuyacaq, sərib qurudacaq, bardaş qurub qabaqlarına töküb didəcəklər ki, tüklər seyrəlsin. Daraqda daranmış yunu əl boyda əlçimlər edib, teşidə, cəhrədə əyirib ipə çevirəcəklər. İp də gərək ip ola ha, nazik, eyni qalınlıqda, yoxsa onunla incə naxışlar vurmaq olmaz axı. Həyətdə odundan ocaqlar qalanacaq, iri qırxkiloluq qazanlarda qaynayan suyun içinə otlardan, bitkilərdən ataraq təbiətin özündən alındığı üçün yüzillərlə solmayan rənglərlə iplər boyanacaq. İndi bildinizmi niyə yunun ağappağı yaxşıdı? Boyayanda yaxşı rənglənsin deyə, ağ rəng başqa rənglərə daha yaxşı boyanır deyə. Elə ki boyanmış iplər sərilib quruduldu, hə, bax bu zaman atalarımız, dədələrimiz də işə qarışacaq. Xalça toxumaq üçün dəzgahı – hananı onlar qurmalıdırlar, özü də toxunacaq xalçanın ölçüsünə uyğun. Nəhayət, əsasən uzun gecələrindən dolayı qışın əvvəlində anamız, nənəmiz, bəzən də elə ikisi də hana arxasına keçəcək, üç mavi, beş qırmızı, iki yaşıl, ilmə-ilmə naxışlara çevirəcəklər yuxusuz gecələrini…

 

Yəqin bildiniz, yeni “Muzeylərimiz – tanıyaq, tanıdaq” rubrikamızın ilk qonağı Azərbaycan Milli Xalça Muzeyidir. Daha doğrusu, qatlanmış xalça formasındakı unikal və modern dizaynlı binası ilə şəhərimizin arxitekturasına gözəllik qatan muzeyə biz qonaq olduq.

 

Haqqında

 

Xalqımızın milli mədəniyyətinin və incəsənətinin nadir, əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələrinin, həmçinin müasir dövr rəssam və xalq sənətkarlarının unikal əsərlərinin toplandığı Azərbaycan Milli Xalça Muzeyi 13 mart 1967-ci ildə yaradılıb. Dünyanın ilk ixtisaslaşmış xalça muzeyidir. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Yarandığı vaxtdan 1993-cü ilə kimi Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi adlandırılıb. 2019-cu ildən yeniAzərbaycan Milli Xalça Muzeyi adı ilə fəaliyyət göstərir. 2017-ci ildə Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına layiq görülüb.

 

Azərbaycan xalçalarının dünyada ən zəngin kolleksiyasının toplanıldığı muzeydə 10 mindən artıq eksponat “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiya saxlanılır. Burada tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. Kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.

 

Əvvəllər Bakı şəhəri Neftçilər prospekti, 123-a ünvanında Muzey Mərkəzinin binasında yerləşən muzey 2014-cü ildə Dənizkənarı Milli Parkın ərazisində (Mikayıl Hüseynov prospekti-28) tikilmiş yeni binasına köçmüşdür.

 

Xalçaların sehrli dünyasına səyahət…

 

Bir az vaxtsız gəlmişik. Həm iş gününün sonuna yaxın olması baxımından, həm də… Yəqin ilk dəfə gələn hər kəs özünü mənim kimi qınayar niyə daha əvvəl gəlmədiyi üçün. Birinci mərtəbədən başlayırıq muzeylə tanışlığa. Burada kilim, palaz, cecim kimi xovsuz xalçalar, tunc və antik dövrə aid nadir əşyalar, xalça toxunmasında istifadə edilən proloqda adlarını çəkdiyim qədim alətlər qorunur. Xüsusi mühitdə və temperaturda saxlanılan eksponatlar o qədər maraqlıdır ki, gördüyü hər bir sənət əsərini göz yaddaşına yığıb saxlamağı gəlir insanın. Arxeoloji qazıntılar zamanı aşkarlanaraq qismən bərpa edilən gil qabların üzərindəki naxışlar diqqətimi çəkir. Öyrənirəm ki, həmin naxışlardan qədim xalçaların toxunuşunda da istifadə edilib.

 

Qeyd edim ki, xalçaların sehrli dünyasına səyahətimizdə muzeyin mətbuat katibi Ülvinə Fərzəliyeva və muzey bələdçisi Aidə Bəşirova bizə bələdçilik etdilər və yeri gəlmişkən, hər ikisinə təşəkkür borcum var.

 

Mənim girişdə sözlə ifadə etməyə çalışdığım xalçaların toxunma prosesini burada eksponatların qarşısındakı kiçik ekranda əyani izləmək mümkündür. Ekranın yanındakı kiçik xalça-replikanın nəyə xidmət etdiyi ilə maraqlanıram. Ü.Fərzəliyeva bildirir ki, muzeyin özündə toxunma üsulu ilə hazırlanmış ənənəvi xalçaların bu replikaları fiziki məhdudiyyətli ziyarətçilər üçün nəzərdə tutulub. Təəccüblənməyə dəyməz, çünki Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə ilk inklüziv muzeydir: “Burada hər kəs üçün əlçatanlıq təmin edilib, bütün mərtəbələrdə əlil arabalarının hərəkətinə şərait nəzərdə tutulub. “Sərhədsiz muzey” layihəsi çərçivəsində hazırlanan replikalarda mütəxəssislərimizin tətbiq etdiyi xovlu və xovsuz xalça texnologiyası görmə məhdudiyyətli insanlara onlara toxunmaqla xalçanın ornamentləri, quruluşu və kompozisiyası haqqında məlumat əldə etmək imkanı yaradır. Eyni zamanda, yenə də görmə məhdudiyyətli qonaqlar üçün replikaların hər iki tərəfində Brayl əlifbası ilə Azərbaycan və İngilis dillərində məlumat lövhələri yerləşdirilib.”

 

İpək kəlağayılar, onların hazırlanmasında istifadə edilmiş qədim alətlər və digər maraqlı eksponatlarla da zəngin olan ikinci mərtəbə əsasən xovlu xalçaların qruplar şəklində qorunduğu yer kimi təqdim olunur. Elə muzeyin ən “yaşlı”, ən dəyərli xalçaları da burada yerləşir – 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən alınaraq muzeyə bağışlanmış “Xətai” və ya digər adı ilə “Əjdəha” xalçası, Azərbaycan Milli Xalça Muzeyinin uzun müddət almaq istədiyi, nəhayət xaricdə yaşayan mesenat həmvətənimiz tərəfindən 2020-ci ildə alınaraq muzeyə hədiyyə edilmiş, Vətən müharibəsindəki Zəfərimizdən sonra Qələbənin simvoluna çevrilən “Qarabağ” xalçası, 2017-ci ildə Avstriyada auksiondan alınmış, təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir sənət incilərindən sayılan Şamaxı xalçası. Hər biri bir gözəllik, hər biri tariximiz və bələdçimiz Aidə Bəşirova hər biri haqqında elə sevgiylə məlumat verir ki, təkrar-təkrar baxmaq istəyirsən!

 

Nəhayət, masir sənət nümunələrinin, xalçaçı-rəssamlarımızın yaratdıqları şedevr əsərlərin qorunduğu üçüncü mərtəbəyə qalxırıq. Burada vaxtın necə sürətlə keçdiyini hiss etmək olmur, zamanın bir az dayanmasını, gözlərinin gördüyü gözəlliklərdən doymasını istəyirsən. Sağollaşmaq lazımdır əslində, iş vaxtı çoxdan bitib. Ancaq…

 

Keçmiş məcburi köçkün xalçalar!

 

Qarşısında dayandığımız növbəti guşə diqqətimi çəkir. Burada 1992-ci ildə erməni vandallarının Şuşamızı işğal etməsindən az öncə xilas edilib Bakıya gətirilmiş xalça və eksponatlar yerləşdirilib. Müvəqqəti… Və indi qonaq sayılırlar artıq. 30 ilə yaxın mənim kimi məcburi köçkün həyatı yaşamış xalçalarla danışıram ürəyimdə, gözaydınlığı verirəm: “Bilirsiniz yəqin, Şuşamız azaddır artıq! Siz də artıq məcburi köçkün deyilsiniz, gözünüz aydın!”

 

Ülvinə Fərzəliyeva deyir ki, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə 1985-ci ildə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulub: “Filial 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə fəaliyyətinə başlayıb. Həmin vaxt qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə muzeyin əsas fondundan milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilib. Filial cəmi beş il,1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərə bilib. Həmin ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı olmaqla, 183-ü təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilib və Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilib. Qeyd edim ki, Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi isə əşyalarını qismən xilas edə bilib. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Allaha şükürlər olsun ki, bu eksponatların bir qismi bu gün artıq azad Şuşamızda sərgilənir və binası bərpa edildikdən sonra hamısı yenidən öz yerinə qaytarılacaq.”

 

Allaha şükürlər olsun! Bu möhtəşəm Qələbəmizin memarı Müzəffər Ali Baş Komandana eşq olsun! Rəşadətli ordumuza eşq olsun! 

 

Və son olaraq…

 

Azərbaycan Milli Xalça Muzeyi həm də beynəlxalq simpoziumlar və konfranslar, sərgi və digər tədbirlərin keçirildiyi elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilib. Ü.Fərzəliyeva muzeydə ictimaiyyətlə iş üzrə daimi interaktiv layihələrin həyata keçirildiyini bildirir: “Burada rəssamlıq və turizm üzrə ali təhsil müəssisələrinin tələbələri üçün könüllü proqramları, peşəkar dekorativ-tətbiqi sənət ustaları və sənətsevərlər üçün yerli və xarici ekspertlər tərəfindən ustad dərsləri, ailələr üçün isə müsabiqə və oyunlarla dolu “Ailə günü” təşkil olunur, həmçinin muzeydə hamının qatıla biləcəyi tətbiqi sənət və etnoqrafiya üzrə mühazirələr keçirilir.”

 

Öyrənirəm ki, pandemiyadan əvvəl ölkənin ən çox qonaq qəbul edən muzeylərindən olan Azərbaycan Milli Xalça Muzeyinin şəhərimizə gələn turistlərin azalması ilə ziyarətçiləri də azalıb. Baxmayaraq ki, biletlər elə də baha deyil – böyüklər üçün 7 manat, məktəblilər üçün 3 manat. Üstəlik, yaşı 65-dən yuxarı olan vətəndaşlar, şəhid ailələri, qazilər və incəsənət sahəsi üzrə təhsil alan tələbələr isə muzeyi ödənişsiz ziyarət edə bilərlər.

 

Məncə, muzeylərimizin qonaq sayının daha çox turistlərin hesabına formalaşması tendensiyasına son qoymağın vaxtı çoxdan çatıb. Tariximizlə, dəyərlərimizlə tanış olmaq, ona sahib çıxmaq üçün özümüz daha çox getməliyik. Həm də mənəvi istirahətimiz üçün…

 

Mahir Rəsuloğlu

İki sahil.- 2021.- 15 sentyabr.- S.22.