Nəriman Həsənzadə:
Şuşa öz məlhəm havası, bal kimi şirin
suyu, qənirsiz gözəlliyi ilə möhtəşəmdir, bənzərsizdir!
Xalq
şairi Nəriman Həsənzadə Şuşada Molla Pənah
Vaqifin məqbərəsinin açılış mərasimindən
zəngin təəssüratla qayıdıb. O, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü
ilə tikilən və milli ədəbiyyata
sevgisinin ifadəsi olan bu gözəl
memarlıq abidəsinin
təntənəli açılışında
da iştirak edib.
Elə AZƏRTAC-ın müxbiri ilə söhbətinə
də həmin hadisədən başlayıb:
“O xoşbəxt taleli
insanlardanam ki, mənə bu abidənin 39 il əvvəlki açılış
mərasimində iştirak
etmək də nəsib olub. O vaxt Ulu Öndər açılışa
ailə üzvləri
ilə bərabər elm, mədəniyyət və incəsənət xadimlərinin böyük
bir qrupunu da aparmışdı. Onun böyük şairə olan bu münasibəti milli ədəbiyyata, Vaqif yaradıcılığına
məhəbbətdən irəli
gəlirdisə, bir tərəfdən də diyarın tarixi, mədəni abidələri,
əhalisinin etnik mənsubiyyətini nümayiş
etdirməklə əlaqədar
idi. Həmin tədbirdə Ulu Öndərin söylədiyi
nitq onun bu tarixi diyara
qayğısının, ona
verdiyi yüksək dəyərin və böyük ədəbiyyat
sevgisinin ifadəsi idi”.
Xalq şairi
xatirəsinə davam edərək deyib: “Həmin gün güclü qar yağırdı. Amma biz elə bilirdik
yağan qar deyil, çiçək yağışıdır. Açılış
bayram əhval-ruhiyyəsində
keçdi. Dahi rəhbər bir-bir şairlərə, yazıçılara
söz verdi. Elə bil Ulu
Öndər özü
də şairləşmişdi.
O, Vaqif poeziyası haqqında, onun yaradıcılığı haqqında
çox gözəl sözlər dedi. Ümumiyyətlə, Heydər
Əliyev poeziyanı çox sevirdi, ədəbiyyatı gözəl
bilirdi. Mən də həmin tədbirdə çıxış
edib yeni qələmə aldığım
“Vaqif” adlı şeir oxudum. Həmin şeirdə belə misralar vardı:
Heykəllər sadəcə əl işi deyil,
Məhəbbət dediyin başqa məramdı.
Dünyadan gedənin
gedişi deyil,
Dünyada qalana
bir ehtiramdır...
39 il sonra
Ulu Öndərin layiqli varisi, Prezident İlham Əliyev qalib sərkərdə kimi Şuşaya səfər etdi. Həmin görüntüləri izləyəndə
çox kövrəldim.
Açılış tədbirini
bir daha xatırladım, sanki o günü yenidən yaşadım. Ürəyimdən
kövrək bir arzu keçdi ki, kaş yenidən
Şuşada Vaqifin məqbərəsinin açılışına
gedə biləydim...
Tale mənə
bu xoşbəxtliyi nəsib etdi. Mən vaxtilə “Ədəbiyyat və incəsənət” qəzetinin
redaktoru işləyəndə
Vaqif Poeziya Günlərində də
iştirak etmişəm.
Sonralar mərhum musiqişünas Firudin Şuşunski ilə də getmişəm. O vaxt texnikum tələbələri
ilə görüşlər
keçirildi, çıxış
etdim. Böyük mehmanxananın açılışında
oldum. Bu tarixi şəhərlə
bağlı xatirələrim
çoxdur: İsa bulağı, Cıdır
düzü, şəhərin
gözəl təbiəti...
Şuşa işğal
olunandan sonra ona ithaf edilən
qəm-kədər dolu
bir neçə şeir, “Xarıbülbül”
poemasını yazdım.
Amma budəfəki
səfər başqa idi. “Zəfər
yolu” ilə irəlilədikcə, dolayları
qalxdıqca ürəyim
riqqətlə döyünür,
qəlbim köksümə
sığmırdı. Müzəffər
Ali Baş Komandanın rəhbərliyi
ilə qəhrəman
əsgərlərin azad
etdiyi Qarabağın baş tacı olan Şuşa şəhərinə aparan
yollar, dağlara
qalxan dolaylar, küçələr, evlər,
bağlar da sanki illər uzunu onun həsrəti
ilə yaşayan doğma adamların gəlişindən sevincək
olmuşdu. Qəddar və amansız düşmənin dağıdıb
viran qoyduğu, xarabaya çevirdiyi şəhərin yenidən
dirçəlib canlanması,
ev-ev, küçə-küçə,
addım-addım tikilib-qurulması,
daha gözəl və daha füsunkar
görkəm alması
qəlbimi iftixar hissi ilə doldurdu. Hazırda şəhərdə gedən
tikinti və quruculuq işləri onun daha abad
və gözəl gələcəyindən soraq
verir”.
Nəriman müəllim
təəssüratlarını belə yekunlaşdırıb:
“Vaqifin məqbərəsinin
açılışında iştirakım isə unudulmazdır. Özümü
çox xoşbəxt
hesab edirəm ki, Şuşanın bugünkü növrağını
gördüm, bir vaxt mənə yuxu kimi, nağıl
kimi gələnlər
indi həqiqətə
çevrildi. Bu dəfə
də çıxış
etdim, ürək sözlərimi qalib Sərkərdə, Prezident
İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırdım. Ömrümün
ixtiyar çağında,
yaşımın bu vədəsində böyük
şairin yenidən bərpa edilən məqbərəsi önündə
çıxış etmək
mənim üçün
çox böyük bir sevinc, izah
olunmaz və unudulmaz bir duyğu
idi. Bu çox
böyük fədakarlığa,
bu çox igidlik, qəhrəmanlıq
və vətənpərvərlik
nümunəsinə görə
Ali Baş Komandana təşəkkür
etdim. Əlbəttə,
bunlar hamısı onun “dəmir yumruğ”unun sayəsində
mümkün oldu. Mənfur düşmənin tar-mar etdiyi, daşı-divarı
da söküb bərbad vəziyyətə
saldığı yurd
yerləri indi gülə-çiçəyə, yaraşıqlı və bənzərsiz guşəyə
çevrilir. Şuşa
öz məlhəm havası, bal kimi şirin suyu, qənirsiz gözəlliyi ilə möhtəşəmdir, bənzərsizdir!
Onun sabahı daha gözəl və daha möhtəşəm
olacaq. İndi bunu tarixi şəhərə
qədəm basan hər kəs hiss edir. Bu
gözəlliyi və
möhtəşəmliyi yaşamağa
dəyər!”
İki sahil.- 2021.- 15 sentyabr.- S.14.