Şuşanın
Vaqif dünyası: Dünən, bu gün, sabah...
Şuşada
Molla Pənah Vaqifin məqbərəsinin önündə 39
illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən, həm də Zəfər ovqatlı ilə təntənəli təşkili xalqımıza əvəzsiz sevinc hissi yaşatdı. Bu möhtəşəm
tədbir
sabahımız üçün verilən maraqlı
mesajları ilə də
tariximizin yaddaşına həkk olundu.
Tarixə
çevrilən dünən
Ötən
əsrə aid mənbələrdə bildirilir ki, 1967-ci ildə
Heydər Əliyev Şuşada olarkən Molla Pənah Vaqifin
məzarını ziyarət etmək istəyib, lakin görkəmli şairin məzarını tapa bilməyiblər.
Ulu Öndərin göstərişi ilə məzar tezliklə
tapılıb. 70-ci illərin əvvəllərində bərbad halda olan,
dağılmış məzarı ziyarət edən Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev
çıxışlarının
birində Şuşada
gördüyü məzarın Molla Pənah Vaqifə layiq
olmadığını söyləyib. Beləliklə, rəhbərin göstərişi
ilə 1980-1981-ci illərdə Vaqifin məzarı
üstündə abidə və türbə ucaldılıb.
Molla
Pənah Vaqifin muzey - məqbərə kompleksinin
inşasına Azərbaycanın tanınmış memarları
Əbdülvahab Rahim oğlu
Salamzadə və Eldar İbrahim oğlu Kanukovun layihəsi əsasında
1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin
Cıdır düzünə yaxın ərazidə şairin 1797 -ci
ildə edam olunduğu
ərazidə cəhrayı
rəngli yerli mərmərdən
inşa edilib. O zaman muzeydə
Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən
dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
1982-ci
ilin yanvarın
14 -də Azərbaycanın o zamankı rəhbəri Heydər
Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin
və Şuşada Poeziya Evinin təntənəli
açılışı olub. Həmin qarlı qış günündə
keçirilən açılış mərasiminə
Şuşaya ölkəmizin
istedadlı sənət adamları toplaşıb. Həmin tarixdən etibarən hər
il avqust ayında Vaqif Poeziya Günləri təşkil olunub.
Ənənəyə çevrilən və Azərbaycan ədəbiyyatı
tarixində öz bənzərsizliyi ilə seçilən
Vaqif Poeziya Günləri 1991-ci ilədək hər il avqust
ayında şairin vətəni Qazaxdan başlayıb,
Şuşanın əsrarəngiz Cıdır düzündə
yekunlaşardı. Ədəbiyyatsevərlər arasında
böyük maraqla qarşılanan bu günlər çərçivəsində
şeir gecələri ilə yanaşı, konsert
proqramları da təqdim edilirdi.
1992-ci
ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi,
dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv
edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini
dağıdıblar. Bu gün artıq 39 illik tarixi olan Vaqif Poeziya
Günləri 29 il idi ki,
işğal nəticəsində
Şuşada keçirilmirdi. Lakin Azərbaycan
xalqı öz sevimli şairini bir an da
olsun unutmadı. Molla Pənah Vaqifin adının UNESCO-nun
“2016–2017-ci illər üçün görkəmli şəxslərin
və əlamətdar hadisələrin yubileyləri
proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik
zəngin ədəbiyyatı tarixində silinməz izlər
qoymuş bu qüdrətli söz ustasının
yaradıcılığındakı humanist dəyərlərə
verilən yüksək qiymətin təzahürü idi.
2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah
Vaqif İli” elan edilərək, bu çərçivədə
tədbirlər keçirilmişdi. Prezident İlham
Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah
Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il
12 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə
şairin xatirəsinə həsr edilmiş elmi-praktik
konfranslar, rəsm sərgiləri və digər bu qəbildən
olan silsilə tədbirlər təşkil olunmuşdu.
Hamımızın gözlədiyi tarixi gün
"Əziz
dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə
atam durmuşdu, mən isə o tərəfdə durmuşdum.
Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin
açılışı idi. Ondan sonra ikinci dəfə
1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə
Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri
keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin
açılışını biz qeyd edirik. Vaqif Poeziya
Günləri keçirilərkən atamın 59 yaşı
var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki,
hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən
hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı
və yenidən biz nəfəs almağa
başlamışıq”
Bu sözləri Azərbaycan
Prezidenti İlham Əliyev avqustun 30-da Şuşa
işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən
ilk dəfə şairin doğma şəhərində yenidən
təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi
açılış mərasimindəki çıxışı
zamanı deyib.
Aşılış
mərasimində "Bir də Şuşanı görəcəyimə
inanmırdım" deyən və Şuşada olduğuna
görə Azərbaycan Prezdentinə, müzəffər
ordumuza minnətdarlığını bildirən Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev
çıxışına bu sözlərlə yekun vurub:
“Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli
var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu
Azərbaycanın hərbi gücünün yoludur, siyasi
gücünün yoludur, iqtisadi gücünün yoludur və
möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan
ədəbiyyatının Zəfər yoludur!"
Rəsmi
açılış mərasimindən sonra tədbir
iştirakçıları Molla Pənah Vaqifin bərpa
edilmiş və yenidən qurulmuş muzey-məqbərə
kompleksini ziyarət ediblər. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri
çərçivəsində avqustun 31-də isə xalq şairlərinin, həmçinin
orta nəsil və gənc şairlərin
çıxışları, muğam sənətkarlarının
ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik
kompozisiya tədbirə xüsusi
rəng qatıb. Xalq artistləri Mehriban Zəkinin, Pərviz Məmmədrzayevin,
Əməkdar artistlər Gülzar Qurbanovanın və Elşən
Rüstəmovun çıxışları alqışlarla
qarşılanıb. Azərbaycan təbiətinin, tarixinin və
sənətinin nadir incisi olan Şuşa şəhərində
keçirilən Vaqif Poeziya Günlərinə “Qarabağ, ana
yurdum” mahnısı ilə yekun vurulub. Molla Pənah Vaqifin
ölməz ruhu
da sanki ziyarətinə
gələn iştirakçılara uğurlu yol diləyirdi.
Sabahımıza işıq salan mesajlar
Prezident İlham
Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət
paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi
festivalının və Vaqif Poeziya Günlərinin bərpa
edilməsi təkcə Şuşa şəhərində
deyil, bütövlükdə torpaqlarını işğaldan
azad etmiş və ərazi bütövlüyünə
qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatının
böyük təntənəsidir.
Vaqif Poeziya Günlərinə
ürək dolu sözlə gələnlər sırasında
Xalq şairi Sabir Rüstəmxanlı Şuşada yenidən
bərpa olunan
şeir bayramının dünyaya bir mesaj
olduğunu qeyd edib: “İlk növbədə
Şuşanın işğaldan azad olunması, Azərbaycanın
qədim mədəniyyət mərkəzinin ruhunun
özünə qayıtması, ədəbiyyat
adamlarının bura gəlişi, Vaqif məqbərəsinin
və Poeziya Günlərinin bərpası son dərəcədə
böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir.”
Azərbaycan
Prezidenti Şuşada Vaqif Poeziya Günlərinin
iştirakçıları ilə səmimi söhbəti zamanı gələn il Poeziya Günlərini beynəlxalq tədbir kimi
keçirməyi bildirib. Xalq
yazıçısı Anar da dövlət
başçısına oktyabr
ayında Azərbaycan
yazıçılarının
növbəti qurultayının Şuşada keçirilməsini və xaricdən də qonaqların iştirak edəcəyini söyləyəndə Prezident: “Keçirin, yaxşı
olar. Yer də var burada keçirmək üçün” deyə
razılığını bildirib.
Dövlət
başçısının Vaqif Poeziya Günlərinin aşılış mərasimində qeyd etdiyi
kimi, festivallar, poeziya günləri, mədəni tədbirlər
və bir çox başqa tədbirlər artıq
keçirilir və keçiriləcək: “Demişdim ki,
Şuşanı biz dirçəldəcəyik. Bu da baş
verir, biz Şuşanı dirçəldirik. Yaşasın
Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
Nurəddin
Muğanlı
İki sahil.-2021.-2
sentyabr.-S.9.