Xuraman
İsmayılqızı: Amalına, ideyasına sadiq “Şərq
qapısı” qəzeti bu günümüzü gələcək
nəslə çatdıracaq birəsrlik yaşı olan
tarixdir
Həmsöhbətim
1967-2001-ci illərdə “Şərq qapısı” qəzetində
fəaliyyət göstərən qadın jurnalistlərimizdən
biri Sadiqova Xuraman İsmayıl qızıdır (Xuraman Məmmədova).
Yazacağım məqalə üçün qəzetin
90-cı illərdəki səhifələrini vərəqləyəndə
Xuraman Sadiqova imzasına, necə deyərlər, hər
addımbaşı rast gəldim. Qəzetin uzun illər məhsuldar
işçisi olmuş bu xanımı axtarıb tapdım.
Çox çətin olmadı. O, hazırda bu gün bizim də
hər nömrəsini maraqla izlədiyimiz “İki sahil” qəzetində
çalışır.
Söhbətimizə
keçməzdən əvvəl Xuraman xanım haqqında
qısaca məlumat vermək istərdim. O, 21 sentyabr 1951-ci ildə
Naxçıvan şəhərində ziyalı ailəsində
anadan olub. Naxçıvan şəhərindəki 2 nömrəli
orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin (BDU) Jurnalistika fakültəsinə qəbul olunub
və 1974-1975-ci tədris ilində həmin ali məktəbin
məzunu kimi “Şərq qapısı” qəzetində oxucu
olaraq fəaliyyətə başlayıb. Sonrakı illərdə
qeydiyyatçı, ədəbi işçi, baş ədəbi
işçi kimi fəaliyyətini davam etdirib. Çalışqanlığı
və işə məsuliyyəti nəzərə alınaraq
qəzetin Sosial həyat şöbəsinə müdir təyin
edilib. Onun yaradıcılığında üstünlük təşkil
edən publisistik yazılarda cəmiyyətdə baş verən
hadisələrin işıqlandırılması, dövlətçilik
maraqlarının qorunması, ailə, məişət məsələləri,
sadə insanların əməyə
bağlılığı, onların qazandıqları nailiyyətlər,
milli adət-ənənələrin təbliği, gənclərin
peşəyönümü üzrə istiqamətləndirilməsi,
elm, mədəniyyət və incəsənət kimi aktual məsələlər
öz əksini tapmaqla vaxtilə özünə oxucu rəğbəti
qazanıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq
2002-ci ildə Bakı şəhərinə köçən
Xuraman Məmmədova həmin vaxtdan etibarən “İki sahil” qəzetində
fəaliyyətini davam etdirir. Xuraman xanım muxtar
respublikamızda gedən abadlıq, quruculuq, inkişaf proseslərini
daim izləyir və çalışdığı qəzetdə
işıqlandırır. Elə jurnalist peşəkarlığının
nəticəsidir ki, onun fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib, “Əməkdar jurnalist” fəxri
adına layiq görülüb, həmçinin Həsən bəy
Zərdabi mükafatı laureatıdır.
–
Xuraman xanım, sizinlə həmsöhbət olduğum
üçün çox şadam. Əvvəlcə, “Şərq
qapısı” qəzeti ilə bağlı fikirlərinizi
öyrənmək istərdim...
– Sağ olun, mən
də şad oldum. XX əsrin əvvəllərində, 1921-ci
il noyabr ayının 9-da böyük mütəfəkkirlər
yetişdirən Naxçıvanda “Cavanlar həyatı”
adı ilə ilk mətbu orqan kimi nəşrə başlayan,
“Füqəra səsi” ilə yoluna davam edən “Şərq
qapısı” qəzeti ulu öndər Heydər Əliyevin təbirincə
desək, tarixi nailiyyətimiz olan müstəqillik illərində
demokratiyanın əsas şərtlərindən olan söz, mətbuat
azadlığının təbliği, plüralizmin
qorunması istiqamətində böyük yol keçərək
obyektivliyi, operativliyi ilə fərqlənmişdir.
– Siz burada uzun illər
çalışmışsınız.
Yaddaşınızdakı hansı xatirələri bizimlə
bölüşə bilərsiniz?
– Bəli, 55 illik
jurnalistlik fəaliyyətimin 35 ili həmişəcavan olan
“Şərq qapısı” qəzeti ilə bağlı
olduğu üçün özümü xoşbəxt
sayıram. Onu da qeyd edim ki, redaksiyada birgə
çalışdığım Afət Məmmədovla ailə
həyatımın təməli də elə bu qəzetdə
qoyulub. Bu baxımdan illərdən bəri
çalışdığımız kollektivin əməkdaşları
ilə bağlı hadisələri xoş xatirə kimi yad
edirik. Redaksiyada yaradıcılıqla bağlı
apardığımız müzakirələr, hər səhər
keçirilən beşdəqiqəlikləri, şirin xatirələri
yada salır, həyatdan köçənləri rəhmətlə
anırıq. – Maraqlıdır, jurnalistlik fəaliyyətiniz,
qəzetlə əməkdaşlığınız necə
başladı?
– Atamın yolunu
davam etdirmək üçün jurnalist olmaq istəmişəm.
Bu da səbəbsiz deyil. Hələ orta məktəbdə
oxuyanda “Şərq qapısı” qəzetinin Məktublar
şöbəsinin müdiri olan atamın yanına gələndə
yaranan bu maraq məni jurnalist peşəsinə bağladı.
Bu qəzetdə çalışdığım 35 il mənim
üçün həyat məktəbi oldu. Ulu öndər
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri işlədiyi dövrdəki fəaliyyətim isə
mənim üçün siyasi hazırlıq,
yaradıcılıq məktəbi oldu. Qəzetlə
bağlı ən xoş, yaddaqalan xatirələrim də o
illərə söykənir. Qeyd edim ki, həmin vaxt qəzet
redaksiyasında səmimi, işgüzar kollektiv
formalaşmışdı.
– Beləliklə,
“Şərq qapısı”nın həyatında
da yeni dövr başlandı...
– Bəli, Moskvadan
Bakıya, sonra Naxçıvana qayıdışı ilə
bütünlükdə ölkədə baş verən hadisələri
uzaqgörən zəkası, dövlətçilik təcrübəsi
ilə təhlil edən, Azərbaycanın müstəqilliyinin
əbədiliyi naminə tarixi xidmətlər göstərən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
işləyən görkəmli dövlət xadiminin
1990-1993-cü illərdəki siyasi fəaliyyətinin
ensiklopediyası olan “Şərq qapısı”nın həyatında
da yeni dövr başlamış, qəzet Azərbaycanın
çoxsaylı mətbu orqanları arasında birinci olaraq
ölkəmizi düçar olduğu bəlalardan xilas etmək
qüdrətinə malik, tanınmış dövlət
xadiminin xilaskarlıq missiyasını, liderlik məharətini
işıqlandırmış, ulu öndərin tarixi xidmətlərinin
təbliği yolunda inamla addımlamışdır.
“Mən “Şərq
qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm.
Hələ gənc ikən, burada orta məktəbdə,
pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri
öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm”
söyləyən ulu öndər üçün bu qəzet
ideoloji tribuna, Naxçıvandakı fəaliyyətinin
yaddaş xronologiyasıdır. Torpaqlarımızın Ermənistan
silahlıları tərəfindən işğal olunduğu
bir dövrdə Naxçıvanın qorunması birbaşa
ulu öndərin siyasi iradəsi, qətiyyəti ilə
bağlıdır.
– Ulu öndərin
Naxçıvana gəlişi ilə bağlı yaranan mənzərəni
öz gözlərinizlə görməniz yaradıcı insan
kimi jurnalistika fəaliyyətinizə necə təsir etdi?
– 1990-cı ilin 22
iyul günü tarixə təkcə
naxçıvanlıların deyil, bütünlükdə Azərbaycan
xalqının yaddaşında ulu öndər Heydər
Əliyevin xilaskarlıq missiyasının
başlanğıcı kimi yazılıb. Həmin gün
doğma ocağı Naxçıvana qayıdan dahi şəxsiyyəti
həmyerliləri böyük sevinclə
qarşıladılar. Dahi liderlə Naxçıvan şəhərindəki
mərkəzi meydanda keçirilən görüşə 100
minə yaxın həmyerlisi toplanmışdı. Müdrik
şəxsiyyətin ümidverici sözləri jurnalist kimi
sonrakı fəaliyyətimizdə qəzetimizin bütün əməkdaşlarına
bələdçi oldu. O illərdə nəinki ölkə,
hətta xarici ölkələrin jurnalistləri belə, Azərbaycanın
ictimai-siyasi həyatında baş verənləri, Ermənistanın
işğalçılıq siyasətinin əsl mahiyyətini
öyrənmək üçün Naxçıvana gəlir,
bu müdrik şəxsiyyətlə görüşür,
Prezident cənab İlham Əliyevin vurğuladığı
kimi, artıq siyasi və hərbi qələbə nəticəsində
həll edilən Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətləri zəngin dövlətçilik
təcrübəsinə malik ulu öndərdən öyrənirdilər.
O illərdə hakimiyyətdə olan AXC – Müsavat
cütlüyünün muxtar respublikaya, Ali Məclisin Sədri,
ulu öndər Heydər Əliyevə qarşı qərəzli
münasibəti, qısqanclığı bəlli idi. Ulu
öndərə xalqın məhəbbətini özlərinin
məhvi kimi anlayan səbatsızların ümummilli liderə
təzyiqlərinin əsasında da layiq olmadıqları
kreslolarını itirmək qorxusu dayanırdı. Bir gün
Litvadan gələn müxbirlərdən ilk onu soruşdum ki,
nə üçün bura gəlibsiniz? “Gəldik, bir gün
Bakıda olduq, sonra Naxçıvana gəldik. Bilirsiniz, indi Azərbaycanda
ən böyük dəyişikliklər Naxçıvanda
gedir. Bunu biz eşitmişik, ona görə də
Naxçıvana gəlmişik”, – dedi. Ulu öndərin
dövlətçilik təcrübəsini, uzaqgörən
siyasətini təsdiqləyən belə etiraflar çoxdur.
Onun ideyalarını təbliğ etdiyim, o tarixi anların
şahidi olduğum üçün özümü xoşbəxt
hesab edirəm. Onun sədrliyi ilə keçirilən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sessiyalarının, müzakirə olunan məsələlərin
hər biri tarixi əhəmiyyəti ilə seçilməklə,
gələcəyimizin etibarlı qarantı idi. Bu möhtəşəmlikdən
təşvişə düşənlərin qəzetimizin əməkdaşlarına
təzyiqlərinin bir səbəbi də ulu öndərin
bütün siyasi fəaliyyətinin qəzetdə
işıqlandırılması, əməkdaşlarımızın
sevimli liderləri ətrafında sıx birləşmələri,
onun siyasətini dəstəkləmələri idi. Bu yerdə
bir hadisəni xatırladım... Növbəti iş
günü yenicə başlamışdı. Çiynində
avtomat olan bir nəfər redaksiyaya gələrək ulu
öndər Heydər Əliyevi müdafiə etdiyimiz
üçün hamını qorxutdu. Hətta güllələyəcəyi
ilə təhdid etdi. O vaxtlarda qəzetin redaktor müavini olan
rəhmətlik Elxan Əliyev ağsaqqal kimi onlara səhv
etdiklərini söylədi, dövlətçiliyə xəyanət
yolundan çəkinməklərini tövsiyə etdi. O
dövrdə muxtar respublikada bütün hadisələr ulu
öndərin ideyaları, tövsiyələri əsasında
cərəyan etdiyi üçün onun cəsarəti, xalq
üçün göstərdiyi fədakarlıq hamı
üçün nümunə idi. Ulu öndərin təşəbbüslərinin,
xalqa xidmətinin nümunələri olan və müstəqilliyimizin
əbədiliyinin təminatına yönəldilən tarixi qərarlar,
həyata keçirilən tədbirlər demək olar ki,
bütün yazılarımızın ana xəttini,
ideyasını təşkil edirdi. Qəzetimizin bütün əməkdaşları
silahları olan qələmləri ilə ulu öndərin ətrafında
sıx birləşir, onun siyasətinin təbliği
üçün var qüvvə ilə
çalışırdılar.
– Bəs siz nə
vaxtsa ümummilli lider Heydər Əliyevlə
görüşmək şərəfinə nail ola bildiniz?
– …1992-ci il oktyabr
ayının 5-i idi. Ali Məclisin iclas salonunda ulu öndərin
təşəbbüsü ilə Türkiyədə təhsil
almağa göndərilən bir qrup naxçıvanlı gənclə
görüş keçirildi. Sonra Naxçıvan şəhərindəki
12 nömrəli tam orta məktəbdə onlarla
görüşə gələcək ulu öndəri foyedə
gözləyirdik. Yüksək intellektə və qeyri-adi zəkaya
malik olduğunu hər məqamda, görüşlərdə,
məntiqli çıxışı ilə təsdiqləyən,
gənclərin hamisi olduğunu onlara sevgisi ilə bildirən
görkəmli dövlət xadimi foyeyə daxil olan kimi
hamı ilə görüşdü, hal-əhval soruşdu.
Kimlərin hansı təşkilatı təmsil etməsi ilə
maraqlandı. Sonra mənə müraciətlə “Gəl
görək, jurnalist xanım, bu uşaqlara xeyir-dua verək”,
– dedi. Naxçıvanlıların yadında olar. Erməni
silahlılarının qəfil hücumu nəticəsində
yaralanan yerli sakinlərin müalicə üçün
Türkiyəyə göndərilməsini təşkil edən
ulu öndər onların səhhəti ilə
maraqlanırdı. Xəstələri yolasalma mərasimində
iştirak etdiyim üçün yaralıların, onların
ailələrinin ulu öndərə minnətdarlıq dolu
sözlərinin də şahidi oldum. O ağır illərdə
bir nəfər kimi xilaskarlarının ətrafında birləşən
naxçıvanlıların hər biri, o cümlədən
qadınlar torpaqları uğrunda canından keçməyə
hazır əsgər idilər. Qadınlar cəmiyyətinin
bir qrup üzvü ilə birlikdə əsgərlərə mənəvi
dəstək olmaq üçün dəfələrlə cəbhə
bölgələrində olmuşam. Bir dəfə Sədərəyə
getmişdik. “Əjdaha”, “Mil”, “Ucubiz” yüksəkliklərində
növbə çəkən əsgərlərlə
görüş keçirdik, şəraitləri ilə
maraqlandıq. Ozamankı iqtidarın səbatsızlığı
üzündən dağınıq, ordu adlandırmaq belə,
mümkün olmayan əsgərlərin ərzaqla təminatı,
şəraiti ürəkaçan səviyyədə deyildi.
Maraqlandıq, dedilər ki, kəndin lap kənarında yerləşən
ikimərtəbəli ev (əgər səhv etmirəmsə,
ev sahibinin adını Sabir dedilər) çörək
zavodunun müdirinin şəxsi evidir. Hərbi hissənin
istifadəsinə verib. Əsgərlərlə
görüşdə təhlükəsizliyin təminatı
baxımından bizə dedilər ki, 4-5 nəfər bir yerdə
durmayın. Ermənilər həmin dəqiqə atəş
açırlar. Amma heç kim nə qorxdu, nə də
çəkindi. Orada rastlaşdığımız bir rus
zabitinin sözləri indi də xatirimdədir. O bildirdi ki, illərdən
bəridir, bir çox şəhərlərdə xidmət etmişəm.
Yeganə xalq sizsiniz ki, atəş gələn tərəfdən
uzaqlaşmaq əvəzinə, güllə səsi eşidilən
səmtə qaçırsınız, kiməsə kömək
etməyə can atırsınız. Bu, multikultural ənənələrə
sadiq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin
nümunəsidir. Belə humanist xarakterə, xeyirxah əmələ
malik bir xalqın nümayəndəsi olduğumuz
üçün qürur duyduq.
– Hər an
düşmən silahının açılacağı
gözlənilən cəbhə bölgəsindən xatirələriniz,
yəqin ki, çox olar...
– İcazə verin
birini də bölüşüm sizinlə. Əsgərlərlə
növbəti görüşümüz Yuxarı Buzqov kəndində
oldu. Bu hərbi hissə, demək olar ki, ermənilərlə
üz-üzə mövqedə yerləşirdi. Hamının
“RAF” adlandırdığı 12 nəfərlik balaca avtobusla kəndə
gedəndə yolda heç bir nəqliyyat vasitəsilə
rastlaşmadıq. Ermənilərin hücumlarının
intensivləşdiyi, əlavə tələfata yol verilməməsi
üçün yollar bağlanmışdı. Bizimlə birgə
olan göz həkimi Elmira Əliyeva (indi haqq
dünyasındadır) dedi ki, ermənilər yolumuzu kəssələr,
özümüzü qorumaq üçün heç nəyimiz
yoxdur. Aramızda nisbətən cəsur olan rəhmətlik
şairə Elmira Qasımovanın “Narahat olmayın, məndə
tapança var” sözləri ani təlaşımıza son
qoydu. Elmira xanımın həyat yoldaşı hərbçi
olduğu üçün onun dediklərinə inandıq və
sakitləşdik. Əsgərlərlə
görüşüb Naxçıvana qayıtdıqdan sonra
Elmira xanım bildirdi ki, mənim silahım yox idi. Sizi təşvişdən
qurtarmaq üçün belə dedim. Yəni “deyilən
sözə özündə inam yaratmaq həqiqət qədər
güclü hissdir” sözlərinin hikməti o anda
sınandı.
– Xuraman xanım, o
çətin və məşəqqətli illərin
şahidi kimi həmin tarixi sınaq dövrü ilə
müqayisədə muxtar respublikamızın bu günü
necə görünür?
– Muxtar
respublikanın təhlükəsizliyini təmin edən,
insanları üzləşdikləri çətinliklərdən
qurtarmaq üçün bütün imkanlardan istifadə edən
ulu öndərin ən yaxşı köməkçisi, daim
onunla birgə olan, bu gün onun siyasətini, Vətən, xalq
üçün gördüyü işləri davam etdirən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbovun xidmətləri əvəzsizdir. Ümummilli
lider Heydər Əliyev məktəbinin yetirməsi kimi ulu
öndərin siyasətini uğurla davam etdirən Prezident cənab
İlham Əliyevin ölkənin daha da qüdrətlənməsi
naminə müəyyənləşdirdiyi konseptual proqramlar,
islahatlar muxtar respublikanın iqtisadi inkişafı, qüdrətlənməsi,
ən ucqar kəndlərin simasının dəyişilməsi,
əhalinin həyat səviyyəsinin yüksəldilməsi, mədəniyyətin,
incəsənətin inkişafı məramına xidmət
edir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun fədakarlığı
sayəsində bu qədim diyar gündən-günə
gözəlləşir, müasirləşir, inkişaf edir.
Bu ilin may ayında muxtar respublikaya səfəri zamanı
Naxçıvanda aparılan quruculuq işlərini yüksək
dəyərləndirən, bir neçə obyektin
açılışında iştirak edən, görülən
işlərlə bağlı məmnunluğunu Azərbaycan
Televiziyasına müsahibəsində belə ifadə
etmişdir: “Naxçıvan sürətlə inkişaf edir.
Bütün sahələr üzrə işlər müsbət
istiqamətdə gedir. Yollarla, elektrik təchizatı,
qazlaşdırma ilə bağlı – bütün istiqamətlər
üzrə muxtar respublikada görülən işlər məni
çox sevindirir... Vaxtilə Naxçıvanda işıq yox
idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də
Ermənistan tərəfindən kəsilmişdi. İndi isə
Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin
edir və bərpa olunan mənbədən istifadə edir. Bu,
çox önəmlidir. Çünki bu,
Naxçıvanın gözəl təbiətinə və
ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”
Prezident cənab İlham Əliyev bu qədim diyarın daim
cavanlaşan, müasirləşən simasını muxtar
respublika rəhbərinin Vətənə sədaqəti,
insanlara qayğısı kimi qiymətləndirir.
–
Naxçıvanlı jurnalistlər Ali Məclis Sədrinin
diqqət və qayğısını daim öz üzərlərində
hiss edirlər...
– Ali Məclis Sədrinin
mətbuatın inkişafına göstərdiyi diqqət
yüksək səviyyədə olmaqla demokratik islahatların
tərkib hissəsi olan azad sözə göstərilən
qayğıdır. “Şərq qapısı” qəzetinin birəsrlik
yubileyinə hazırlığın yüksək səviyyədə
təşkili bu diqqətin ifadəsidir. Doğma ocağım
Naxçıvana hər gəlişimdə, ilk növbədə,
mənim üçün hər zaman əziz olan “Şərq
qapısı” qəzeti redaksiyasına da baş çəkir,
keçmişləri xatırlayır, yaradıcı
kollektivin rahat işləməsi üçün yaradılan
şəraitlə qürur duyuram. 2010-cu ildə qəzet
üçün yeni binanın istifadəyə verilməsi, ən
müasir informasiya texnologiyaları ilə təmin olunması
sevindirici haldır. Bütün əməkdaşların rahat
çalışması üçün yaradılan şərait
qəzetin simasını dəyişmişdir. Bir zamanlar
qurğuşun iyi verən mətbəənin əvəzinə
ən müasir çap ləvazimatları ilə təmin
olunan yeni mətbəənin təşkili, qəzetin rəngli
nəşrinə başlanılması milli mətbuata,
yaradıcı insanlara, informasiyaların obyektivliyinə və
operativliyinə göstərilən diqqət və
qayğıdır. Bütün bunlar isə qəzetin daha
peşəkar səviyyədə nəşrə hazırlanmasına
öz müsbət təsirini göstərir. Qəzeti
müntəzəm izləyən bir jurnalist kimi son illərdə
“Şərq qapısı”nın səhifələrində
aktual və jurnalistika baxımından peşəkar
yazıların dərc olunması, ictimai-siyasi təhlili məqalələrin
hazırlanması, xüsusilə gənc qəzet əməkdaşlarının
uğurları məni çox sevindirir. – Doğma qəzetlə
bağlı son sözünüz?
–…İllər
arxada qalıb. 100 illik tarixi olan doğma qəzetimin 35 ilində
imzam olduğu üçün fəxr edirəm. Ulu öndər
Heydər Əliyevin “Naxçıvanlıların öz fədakarlığı,
işgüzarlığı hesabına Naxçıvan
yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesi
gedir” sözləri bu gün artıq reallıqdır.
Dünya sivilizasiyasına böyük töhfələr verən
Naxçıvan ziyalılarının ideoloji tribunası olan
“Şərq qapısı” qəzeti isə bu yüksəlişin
aynası, bu günümüzü gələcək nəslə
çatdıracaq birəsrlik yaşı olan tarixdir. Bu tarixə
dəyər verib yüzillik yubileyin dövlət səviyyəsində
qeyd olunması ilə bağlı Sərəncam imzalanması
isə muxtar respublika rəhbərinin jurnalistikaya, mətbuata
böyük dəyər verməsinin, ulu öndər Heydər
Əliyevin muxtar respublikada mətbuat sahəsindəki
ideyalarının da sədaqətlə davam etdirilməsinin
ifadəsidir.
–Maraqlı
müsahibə üçün çox sağ olun.
Güntac Şahməmmədli
İki sahil.-2021.-2 sentyabr.-S.11.