Əhməd Tərabik:
Azərbaycanın müharibədə
Zəfəri İslam
dünyasının qürur
mənbəyidir
Asiya və
Yaxın Şərq məsələləri üzrə
tədqiqatçı, “Qarabağ:
Qafqazda sülhə aparan yol”, “Aida
İmanquliyeva: Şərqşünaslıq
üzrə tədqiqatların
öndəri”, “1915-ci il
hadisələri: Türkiyə-Ermənistan münasibətləri üzrə
proqnozlar” əsərlərinin
müəllifi, hazırda
“Dəmir yumruq. 2020-ci
il Qarabağ müharibəsi” kitabı
üzərində çalışan
misirli alim Əhməd Abdo Tərabik Qarabağa səfərdən qayıtdıqdan
sonra təəssüratlarını
AZƏRTAC-ın Qahirədəki
xüsusi müxbiri
ilə bölüşüb.
Misirli tədqiqatçı
ilə müsahibəni
təqdim edirik.
-Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalı
sizin tədqiqatlarınızın
əsas mövzularından
biridir. Bu marağınızın səbəbini
öyrənmək istərdik.
-Artıq həllini
tapmış Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi dünyadakı
digər analoji problemlər kimi diqqəti çəkən
mövzudur. Uzun illər Azərbaycanın
haqlı tərəf olması beynəlxalq ictimaiyyət tərəfindən
etiraf edilirdi, Ermənistanın işğalçı
dövlət olması
da hamıya məlum idi. Lakin ədalət öz yerini tapmırdı. Hətta bəzi dairələr işğalçı dövləti
dəstəkləyir, yaxud
onun beynəlxalq hüquqa etinasız münasibətinə göz
yumurdular. Azərbaycanın
Qarabağ üzərində
hüquqlarını beynəlxalq
sənədlərə uyğun
olaraq tanıyanlar da işğala son qoymaq istiqamətində
heç bir addım atmaq istəmirdilər. Təəssüflə
qeyd etməliyəm ki, ədalətin arxa plana keçdiyi
bir dünyada yalnız güclülər
haqlı olur. Belə olan halda başqasının ərazisinə hücum məqsədi ilə deyil, öz torpaqlarını işğaldan
azad etmək məqsədilə Azərbaycan
dövləti də öz gücünü göstərməli oldu.
Azərbaycanın haqlı mübarizəsini
dəstəkləməyim də
məhz bir gün ədalətin öz yerini tutacağı ilə bağlı idi. Kitablarımda və məqalələrimdə ərəb
dünyasını Ermənistanın
işğalçı siyasəti
və təcavüzə
məruz qalan Azərbaycanın mövqeyini
təbliğ etməyə
çalışmışam. Düşünürəm ki,
ədaləti dəstəkləmək
hər bir vicdanlı ziyalının
borcudur.
-Əvvəllər də Azərbaycana səfərləriniz olub.
Maraqlıdır, bu dəfə azərbaycanlıların
əhval-ruhiyyəsində hansı
dəyişiklikləri gördünüz?
- Əlbəttə, bu səfərim tamamilə fərqli idi. Bundan əvvəl
Azərbaycan vətəndaşları
ilə söhbətlərdə
müəyyən hüznlü,
kədərli ifadələr,
eyni zamanda, torpaqların azad olunacağına ümid kəlmələri eşidirdim.
Oradakı dostlarım,
alimlər mütləq
bir müharibənin labüdlüyü və torpaqların azad olunmasının zəruriliyi
barədə fikirlərini
söyləyirdilər. Amma
bu dəfə fərqli mənzərə
ilə qarşılaşdım.
Heydər Əliyev Beynəlxalq Aeroportuna endiyim dəqiqədən çöhrələrdə təbəssüm,
xoşbəxtlik gördüm.
Hər kəsin simasında milli Zəfərin sevinci hiss olunurdu.
Bizi Şuşaya
aparan avtomobilin sürücüsünün sevincini
sözlə ifadə etmək çətindir. Yolun ətrafındakı mənzərələrin
fotoşəkilini çəkərkən
gözlərində bir
nəşə vardı.
O bildirdi ki, əslən Ağdamdandır
və 16 yaşında
ikən gecənin qaranlığında öz
doğma yurdunu tərk etmək məcburiyyətində qalıb.
Əlavə etdi ki, 30 ilə yaxın torpaq həsrəti sona çatıb və yenidən öz dədə-baba yurdunu azad görmək
onun üçün ən böyük səadətdir. Bunu eşitdikcə bir daha əmin oldum ki, Azərbaycan
təkcə öz torpaqlarını azad etməyib, həm də İslam dünyasının qürurunu
bərpa edib.
-Siz də
Ermənistanın işğal
etdiyi torpaqlarda məscidləri dağıtmasının
və təhqir etməsinin əyani şahidi oldunuz. Bu barbarlığı ərəb ölkələrində
daha geniş yaymaq istiqamətində səylərin daha da artırılması zəruridir. Sizcə, bunun üçün hansı işlər görülməlidir?
-Bu mühüm
mövzu bir çox müzakirələrdə
gündəmə gəldi.
Hesab edirəm ki, Azərbaycanın ərəb ölkələrindəki
dostları daha fəal olmalıdırlar.
Burada bəzi məqamlar var. Birincisi, bis sıra ərəb ölkələrində geniş
erməni diasporu var və onların
üzvləri həmin
ölkələrin vətəndaşıdırlar.
Buradakı ermənilər
yaxşı təşkilatlanıb,
Türkiyə və Azərbaycan əleyhinə
güclü təbliğat
aparırlar. İkincisi,
bəzi ərəb ölkələrində insanlar
Azərbaycanın ədalətli
mövqeyi ilə son zamanlar yaxından
tanış olmağa
başlayıblar. Bu amillərin fonunda ermənilərin İslam abidələrini və məscidləri dağıtmaları,
təhqir etmələri
ən təsirli təbliğat vasitəsidir.
Azərbaycandakı universitetlər və
tədqiqat mərkəzləri
başda olmaqla, müxtəlif qurumlar ərəb ölkələrinin
tədqiqatçıları və jurnalistləri ilə daha sıx
əməkdaşlıq etməlidir.
Ərəbdilli tədqiqatçıların
erməni yalanlarını
ifşa edən kitablarının nəşri
də dəstəklənməlidir. Mən öz
tədqiqatlarım haqqında
məlumatları AZƏRTAC vasitəsilə yaymağa
çalışıram və
ümid edirəm ki, Azərbaycanda bizim fəaliyyətimizi dəstəkləyən, əməkdaşlığa
can atan qurumlarla daha fəal əməkdaşlıq
edəcəyik.
-Azərbaycanın şanlı Qarabağ Zəfərinin İslam dünyası üçün
əhəmiyyəti nədən
ibarətdir?
-Bu Qələbə
İslam aləmi üçün mühüm
bir hadisədir, on illərdir Zəfər qazanmayan müsəlman aləmi üçün bir qürur mənbəyidir. Bu, İslam ölkələri xalqlarının
haqqa və ədalətə olan ümidlərinin təzələnməsi
deməkdir. Azərbaycan
xalqı sübut etdi ki, hətta
güclü himayədarları
olan düşməni
də məğlub etmək, onun üzərində inamlı
Qələbə qazanmaq
mümkündür. Yüz ilə
yaxın bir müddətdə “məzlum
xalq” cildinə girərək, əslində,
barbarlıq və işğalçılıq siyasəti
aparan erməni şovinistlərini darmadağın
etmək böyük Zəfərdir. İndi onların məscidləri
dağıtması, orada
donuz saxlaması, həmçinin törədikləri
vəhşi qırğınları, xüsusən
Xocalı soyqırımını
daha geniş yaymaq, erməni yalanlarını İslam aləmində daha çox ifşa etmək lazımdır.
-Tədqiqatçı olmaqla yanaşı, siz jurnalist kimi
də fəaliyyət
göstərirsiniz. Səfər
zamanı hansı hadisələr daha çox diqqətinizi cəlb etdi?
-Qarabağa səfərim
zamanı mətbuatda oxuduqlarımdan daha dəhşətli faktları
kəşf etdim. Ermənilərin Xocalıda
törətdikləri vəhşiliklər,
Anadoluda dinc əhaliyə qarşı
vəhşilikləri haqqında
yetərincə məlumatlı
idim. Lakin onların işğal etdikləri ərazilərdən
çıxdığı zaman basdırdıqları
minalar məni dəhşətə gətirdi.
Ermənilərin azərbaycanlılara
qarşı bu qədər kin və nifrət bəsləmələri, xüsusən
məscidləri təhqir
etmələri və müqəddəs ocaqlarda
donuz saxlamaları qarşısında deyəcək
söz tapa bilmədim. Dini dəyərlərə bu cür münasibət göstərən erməni
zehniyyəti məndə
ikrah hissi doğurdu. Bu, görünməmiş dəhşət
və barbarlıqdır.
Eyni zamanda, “dəmir
yumruğ”un cəmi 44
gün ərazində
qəhrəmanlıq dastanı
yazdığının şahidi
oldum. Əslində, ermənilərin müharibədə
acı məğlubiyyəti
törədilən vəhşiliklər,
dağıdılan şəhər
və kəndlər, didərgin salınan insanların müqabilində
onlara verilən ilahi bir
cəzadır. Mən
bu qənaəti Bakıdakı Hərbi Qənimətlər Parkında
hasil etdim. Məhz burada Azərbaycan Ordusunun qüdrətinin şahidi oldum. Səfər zamanı şəhid ailələri ilə də görüşdüm.
Canlarını Vətən
uğrunda qurban vermiş bu gənclərin ailə üzvlərinin üzündə
bir qürur hissi gördüm.
Bunlarla yanaşı,
Azərbaycanda bir quruculuq, modernləşmə
prosesinin də getdiyini gördüm. Dağıdılmış binalar,
məscidlər və
kilsələr, infrastruktur
obyektləri sürətlə
bərpa olunur. Qeyd edim ki,
ermənilərdən fərqli
olaraq, azərbaycanlılar
qurucu, sülhsevər
və tolerant xalqdır.
-Səfərdən sonra üzərində çalışacağınız yeni layihələr varmı?
-Mən Azərbaycan
xalqının öz torpaqlarının işğalı
ilə barışmayacağını
bilirdim və bu barədə öz kitablarımda da yazmışam. İndi isə “Dəmir yumruq: 2020-ci ilin Qarabağ müharibəsi” kitabını
bitirmişəm. Lakin
Şuşaya və işğaldan azad edilmiş digər Azərbaycan şəhərlərinə
səfərimdən sonra
bu tədqiqatıma yeni faktlar əlavə
edirəm. Gələcəkdə
də Azərbaycanın
inkişafı, rifahı
və İslam dünyası üçün
əhəmiyyəti haqqında
yazmağa davam edəcəyəm.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İki sahil.- 2021.- 4 sentyabr.S.10.