RAHİMƏ VƏTƏN AĞLAR

 

Gənc yazar Sevinc Ədalətqızının 19 illik ömrünü 1990-cı ilin 20 yanvarında Azərbaycanın azadlığı və suverenliyi uğrunda gedən şanlı mübarizədə qurban vermiş şəhid tələbə Rahim Babayevin nakam arzularından bəhs edən bədii-publisistik kitabı onun şərəfli həyat yoluna həsr olunub

“Rahimə Vətən ağlar”. Kitabın adı şəhidimizin anası Yaqut xanımın nisgilli bayatısından götürülmüşdür. Yaqut ana ürək yanğısıyla nakam oğluna ithafən söyləyir:

 

Rahimə Vətən ağlar,

Daş ağlar, torpaq ağlar.

Hamı aşkar ağlasa,

Bir gözəl pünhan ağlar.

 

“Avazı Odlar Yurdu”nun ürəyi olan durna qatarındayam. Məni bu yoldan heç nə, heç kim döndərə bilməz” nidasıyla 20 Yanvar gecəsi şəhadət yoluna çıxan igid qəhrəmanımız həyatda çox qısa, lakin şərəfli və mənalı ömür yaşamağı hər şeydən üstün bilib. Məsləki, məramı, Tanrıdan qisməti də yalnız şəhidlik imiş. Belə ki, Rahim şəhidliyi ilə xalqımızın şanlı qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazanlardan biri kimi yaddaşlarda silinməz iz qoyub. Yanvar Şəhidlərinin şərəfli ömür yoluna həsr olunmuş kitablar silsiləsindən tədqiqatçı, publisist Sevinc Ədalətqızının hazırlayıb ərsəyə gətirdiyi bu kitab Rahim Babayevin anadan olmasının 50, şəhidlik məqamınınsa 30-cu ildönümünə kiçik bir ərməğandır. Müəllif “Ön söz” də vurğulayır: “İgid Rahimimiz! Haqqa qovuşduğun 20 Yanvar gecəsində öz şəhadətinlə Vətən qarşısında övlad mənini təsdiq etməklə, əzmini, şücaətini göstərməklə torpağa, millətə olan əvəzsiz, sonsuz sevgini sübuta yetirdin. Bir zamanlar başımız üzərindən enmiş üçrəngli bayrağımız sənintək igid və qəhrəman oğulların qanı, canı bahasına yüksəklərdə yenidən dalğalandı. Yurd uğrunda mərdü-mərdanə mübarizələrə atılan sənintək şəhid oğulların ucaltdığı şanlı bayrağı daha bundan sonra başımız üzərindən kimsə endirə bilməz!”

Kitabda şəhidimizin qısa və şərəfli ömür yolu hissə-hissə canlandırılmışdır. “Xatirələrdə yaşayan şəhid ömrü” bölümündə Yaqut xanımın “Qərib məzarlı Rahimin ağlar anası” imzalı yazıları və məktubları, şəhidimizin nənəsi Asya xanımın “Mənim nübar Rahimim”, qardaşı Şahin Babayevin “Rahim şəhidliyi seçmişdi”, müəllimi Cabir İsmayılovun “Rahimi xatırlarkən”, sinif yoldaşı Şəmirə İbrahimovanın “Rahim haqq-ədalət müdafiəçisi idi”, publisist Nəriman Həsənəliyevin “Ordubaddan Şəhidlər Xiyabanına” və s. xatirə-yazıları oxucu ruhuna qürurverici, eyni zamanda, kövrək hisslər aşılayır. Yaqut ananın xatirə-yazısını ürək ağrısıyla oxumamaq olmur:

“Anan sənə qurban, Rahim! Adətdir, həmişə ata-ana axirət dünyasına köçəndən sonra övladlar onlar haqqında xatirə söyləyirlər... Bəs indi mən balası şəhid olmuş bədbəxt ana övladının həyatda yoxluğuna heç cür inanmaya-inanmaya necə xatirə yazım. Mən 20 yaşın içində olanda Rahim mənə oğul anası olmaq səadətini bəxş etdi. Özü 20 yaşın içində olanda məni şəhid anası etdi. Birində göz aydınlığı, şadlıq, o birində tükürpədici bala harayı, qəmli bayatılar. Kərəminə şükür, Xudaya!”

Həmçinin Şahin Babayev şəhid qardaşı ilə bağlı təəssüratlarını bölüşərkən son gecədə baş verənləri bu cür xatırlayır: “Rahim həmin gecə soyuqlamışdı. Bitki çayı dəmlədim. Mənə - “yatıram, bir saatdan sonra oyat” – dedi. Bilmirəm nə qədər yatdı. Onda ki, maşınlardan insanları küçələrə çağırmağa başladılar, mən onu oyatdım. Yuxudan durdu. Havadan mənə bir vida öpüşü göndərdi... Rahimlə son görüşümüz səhv etmirəmsə, yanvarın 25-də ölüxanada oldu. Və o vaxtlar heç düşünməmişdim, ancaq son zamanlar əgər oyatmasam, yatıb evdə qalacaqdı, o gecə şəhid olmayacaqdı, həqiqəti mənə əzab verir. Düzdür, mən əminəm və bunu özümü rahatlatmaq üçün deyil sadəcə onu tanıyan biri kimi bilirəm ki, şəhidlik onun qədəri idi. O, şəhidliyi seçmişdi. Atam hər mübahisəsində - “getmə, səni vuracaqlar, tutacaqlar” – deyəndə, cavabında “Qələbə qurbansız olmur” - deyirdi. “ Sən getmə, mən getməyim, bəs bu Vətəni kim qurtaracaq?”.

Kitabda Rahimin arxivindən poetik nümunələr, çıxışlar, məktublar, düşüncələr, “Xatirəyə dönmüş fotolar” bölümündə isə şəhidimizin uşaqlıq çağlarını, orta məktəb və tələbəlik illərini əks etdirən müxtəlif fotoşəkillər yer almışdır. Bunlarla yanaşı şəhidimizin əziz xatirəsinə ithaf edilmiş Əbülfəz Ülvinin “Şəhid Rəhim dastanı”, Gülmira Əliyevanın “Ağlayanda Rahim deyib ağlayın”, Asif Asimanın “Səndən danışır” və s. şeir nümunələri kitaba daxil edilmişdir.

Qeyd edək ki, gənc yazar Sevinc Ədalətqızının bu və digər silsilə kitabları - “Cavad və Şükriyyə dastanı”, “İstiqlal eşqiylə yanan ürəklər”, “Yanvar təlatümü”, “Yanvardan sonra çalınan “Vağzalı”, “Şəhid rejissor Azər Nəsiboğlu”, “Şəhid pəhləvan”, “Rahimə Vətən ağlar” İstanbulun Şemsipaşa Xalq Kitabxanasının, Mimar Sinan Xalq Kitabxanasının və Beyazid Dövlət Kitabxanasının fonduna daxil edilib.

 

Sevinc Azadi

 

İki sahil.- 2021.- 9 sentyabr.- S.14.