Azərbaycandan Avropaya
uzanan strateji körpü
TAP Boru Kəməri
Trans Adriatik Boru kəməri (TAP) Cənub
Qaz Dəhlizi (CQD) layihəsinin Avropa ayağını meydana gətirir. Türkiyə-Yunanıstan sərhədindən başlayan bu boru kəməri Yunanıstan və Albaniyadan keçərək,
İtaliyanın cənubunda
yerləşən Apulia bölgəsinə
qədər uzanır.
31 dekabr 2020-ci ildə
istismara verilən boru kəməri, ilk mərhələdə 10 milyard
m³, gələcəkdə isə əlavə kompressor stansiyaları vasitəsilə 20 milyard
m³ həcmində təbii
qazın nəqlini həyata keçirə biləcək. Bu istiqamətdə,
10 milyard m³-lik qaz “Şahdəniz”
konsorsiumu tərəfindən
Avropadan 8 şirkətə
25 illik müqavilə
əsasında satılıb.
Bu miqdarın 8 milyard
m³-i İtaliyanın, 1 m³-i Yunanıstanın və 1
m³-i Bolqarıstanın payına
düşür. Avropanın enerji
təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət
daşıyan boru kəməri, həm Azərbaycana, həm də tranzit ölkələrə bir sıra üstünlüklər
vəd edir.
Məlum
olduğu kimi, CQD layihəsi Azərbaycanın
öncüllüyündə həyata keçirilib və bu layihəni
meydana gətirən bütün seqmentlərdə
Azərbaycan pay sahibidir.
Bu seqmentlərin hər birinin Azərbaycan üçün
ayrı-ayrı əhəmiyyəti
var, ancaq TAP boru kəməri Avropa ilə Azərbaycan arasında, bir növ, körpü
funksiyasını yerinə
yetirir. Belə ki, Azərbaycan
ilk dəfə 2007-ci ildə
Gürcüstan və
Türkiyə bazarlarına
qaz ixrac etməyə başlayıb
və bu öhdəliyini 14 ildir ki, etibarlı tərəfdaş kimi yerinə yetirir. Ancaq Azərbaycan üçün
dünyanın ən böyük enerji bazarlarından biri olan Avropa bazarına
birbaşa çıxış
əldə etmək əsas hədəflərdən
biri olub. Beləliklə, TAP boru kəmərinin
istismara verilməsi ilə CQD layihəsi faktiki olaraq tamamlanmış oldu və Azərbaycan tarixində ilk dəfə
olaraq öz təbii qazını birbaşa dünyada təbii qazın ən çox idxal edildiyi Avropa bazarına nəql etməyə başladı. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi
baxımından olduqca
əhəmiyyətlidir. Bu gün dünyada
kifayət qədər
ölkələr var ki, enerji ehtiyatları
baxımından zəngindir.
Ancaq bu ölkələr marşurut yollarını
şaxələndirə bilmədiyi
və üçüncü
tərəflərdən asılı
vəziyyətdə olduğu
üçün enerji
ehtiyatlarını inkişaf
etdirə bilmirlər.
Bu baxımdan CQD həm də Azərbaycanın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinə
dəyərli töhfə
verir. Bundan başqa, CQD layihəsi
ona imkan yaradıb ki, Azərbaycan öz təbii qaz yataqlarını inkişaf
etdirə bilsin, bu istiqamətdə öz hasilatını, təbii qaz ixrac potensialını artıraraq gəlirlərini
optimallaşdırsın. Qeyd edək ki, neftdən
fərqli olaraq təbii qazın saxlanılması olduqca çətindir. Təbii qaz
əsasən yeraltı
qaz anbarlarında saxlanılır və bu da böyük
vəsaitlər tələb
edir. Buna görə təbii qaz yataqlarına investisiya qoyulmadan əvvəl ilk növbədə
infrastruktur imkanlarına
baxılır. Əgər infrastruktur
qurulubsa və hədəf bazarlara çıxış əldə
etmək mümkündürsə,
ondan sonra o yataqlara investisiya qoyuluşu həyata keçirilir. Bu baxımdan
CQD layihəsi Azərbaycanda
həm “Şahdəniz-2” layihəsinin
həyata keçirilməsi,
həm də “Qarabağ”, “Abşeron”, “Ümid” kimi yataqların inkişaf etdirilməsi, gələcəkdə
ölkənin digər
perspektiv strukturlarının
inkişafı və bu çərçivədə
ölkənin təbii
qaz ixrac potensialının genişləndirilməsi
baxımından olduqca
əhəmiyyətlidir. Bu da, təbii olaraq, Azərbaycan iqtisadiyyatının inkişafı,
büdcə daxilolmalarının
artırılması, eyni
zamanda, ölkəyə
xarici valyuta axınının təmin
edilməsi baxımından
xüsusi əhəmiyyət
kəsb edir.
TAP boru kəməri, əsasən, Cənub-Şərqi
Avropa bazarını hədəfləyir, hansı
ki, bu bazarda
təbii qaz çatışmazlığı mövcuddur və bu coğrafiyada yerləşən ölkələrin
əksəriyyəti tək
mənbədən asılıdır.
Bu səbəbdən Cənub-Şərqi Avropa
bazarında təbii qazın qiymətləri Avropanın digər bazarlarına nisbətən
yüksəkdir. Bu da Azərbaycana təbii qaz satışlarından əlavə
qazanc əldə etmək imkanı yaradır.
İlkin olaraq Azərbaycan qazı Avropada Yunanıstan, Bolqarıstan və İtaliya bazarları üçün nəzərdə tutulsa da gələcəkdə interkonnektorlar vasitəsilə bir çox ölkələrə daşınması mümkün ola bilər. Xüsusilə Cənub-Şərqi Avropada yerləşən Albaniya və Monteneqro kimi ölkələrdə təbii qaz infarstrukturu yoxdur və bu ölkələr yanacaq növü olaraq, əsasən, kömürdən istifadə edirlər. Ancaq sözügedən ölkələrin uzunmüddətli hədəfləri Avropa İttifaqına (Aİ) üzv olmaqdır. Bunun üçün vacib məsələlərdən biri də, Aİ normaları çərçivəsində, karbon emissiyasını azaltmaqdır. Təbii qaz fosil yanacaqlar içərisində ən təmiz yanacaq sayıldığından, bu ölkələr enerji istehlakında, əsasən, təbii qazdan istifadə etməyi, bu istiqamətdə, təbii qaz infrastrukturuna investisiya qoymağı hədəfləyirlər. Beləliklə, TAP boru kəməri gələcəkdə təbii qaz gətirməklə, sözügedən ölkələrdə təbii qaz bazarlarının formalaşmasına zəmin yarada bilər. Ümumilikdə boru kəmərinin əhatə dairəsinin genişləndirilməsi, öz növbəsində, Azərbaycanın Avropa ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, xüsusilə də Cənub-Şərqi Avropa bazarlarında yeni imkanların ortaya çıxmasına töhfə verəcək. Hazırda Azərbaycan həm Gürcüstan, həm də Türkiyə bazarlarında təbii qazın paylanma əməliyyatını həyata keçirir. Gələcəkdə Azərbaycan Balkan ölkələrində də “daunstrim” layihələrinə daxil olaraq iqtisadi dividentlərini artıra bilər. Bununla yanaşı, mənbə qismində də üçüncü tərəflər CQD layihəsinə qoşula bilərlər. Belə ki, Türkmənistan, Qazaxıstan kimi ölkələrin, digər tərəfdən İsrailin qazı TAP vasitəsilə gələcəkdə Avropa bazarlarına daşına bilər. Nəzərə alsaq ki, CQD layihəsi Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib, bu da təbii olaraq Azərbaycanın bu ölkələr arasında strateji əhəmiyyətini daha da artıracaqdır. Əlavə olaraq Azərbaycan TAP konsorsiumunda 20%-lik paya sahibdir. Başqa sözlə, Azərbaycan öz qazını Türkiyədə olduğu kimi, Avropada da öz boru kəməri vasitəsilə daşıyaraq həm nəqliyyat xərclərini, həm də nəqliyyat risklərini azaldaraq əlavə iqtisadi dəyər yarada biləcəkdir. TAP layihəsi Avropada karbon emissiyasının azaldılması istiqamətində də çox önəmli funksiyanı yerinə yetirir. Bu gün Avropanın əsas strategiyalarından biri 2030-cu ilə qədər karbon emissiyasını 1990-cı illə müqayisədə 55% azaltmaqdır. Beləliklə, TAP Avropanın “yaşıl enerji”yə keçid strategiyasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəyərli töhfə verəcəkdir.
Emin Axundzadə,
energetika məsələləri üzrə
ekspert, fəlsəfə doktoru
İki sahil.- 2021.- 9 sentyabr.- S.10.