Tibb tarixinə adını əbədi

həkk etdirən azərbaycanlı qadın

 

İctimai xadim, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, Əməkdar Elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova çox mənalı, maraqlı, fədakar həyat yaşadı. O, həyatda az təsadüf edilən elə insanlar sırasına daxildir ki, onlar məqsədyönlü olaraq öz istedad, bilik və bacarıqlarını xalqın, cəmiyyətin xeyrinə sərf edirlər.

Adilə Əvəz qızı Namazova 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta təhsilini və ilk həyat məktəbini doğma rayonda keçmiş Adilə xanım öz zəhməti, istedadı və ləyaqəti ilə Azərbaycanın say-seçmə qadınları sırasına yüksələ bilib. 1949-cu ildə Azərbaycan Tibb İnstitutunu müvəffəqiyyətlə bitirən Adilə Namazova doğma Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının müdiri işləyib. Uşaq səhiyyəsi sahəsində fədakarlıqla, ləyaqətlə çalışaraq yaxşı nəticələrə, uşaq ölümünün azalmasına nail olduğuna görə gənc həkim dəfələrlə rayon səhiyyə şöbəsinin, Səhiyyə Nazirliyinin tərifnamə və təşəkkürlərinə layiq görülüb.

Tədqiqatları əsasən uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunub. Azərbaycanda pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti idi. SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olub. Elmi-ictimai fəaliyyətlərinə, Azərbaycan səhiyyəsində olan boyük xidmətlərinə görə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı ildə Adilə Namazova ölkənin yüksək "Şöhrət" ordeni ilə təltif edilib. 2011-ci ildə isə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.

Azərbaycanda səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xüsusi xidmətləri olan Adilə Namazovanın adı pediatriya üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı qadın kimi tibb tarixinə əbədi həkk olunub. Adilə Namazovanın tədqiqatları, əsasən, uşaqlara revmatizm, ürək qüsurları və digər uşaq xəstəliklərinə həsr olunub. İlk dəfə olaraq ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətlərini Adilə xanım öyrənib. O, Azərbaycanın ilk qadın pediatr alimi sayılır. Əsərləri ölkəmizdə və xaricdə çap olunub, həmçinin bir sıra beynəlxalq təbabət məclislərində elmi məruzələrlə çxış edib. 1989-cu ildə ABŞ-da buraxılmış "Dünyanın ulduz qadınları" ensiklopedik nəşrinə keçmiş SSRİ-dən adı düşən qadınlardan biri Adilə xanım olub. Türk dünyasının böyük oğlu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı Bakıda olarkən demişdir: "Türk dünyası pediatrları içərisində Adilə xanım və mən bacı-qardaşıq. O, mənim pediatr bacım, mən isə onun pediatr qardaşıyam.”

Adilə Namazova XX əsrin altmışıncı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının araşdırılmasında ümidverici tədqiqatlar aparıb. Azərbaycanın pediatr aliminin bu axtarışlarına görə Adilə Namazovaya SSRİ Dövlət İxtira Komitəsindən 5 vəsiqə verilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəldiyi ilk vaxtlardan o dövrün istedadlı gənc alimlərinə və elm adamlarına göstərdiyi dövlət qayğısı və elm adamlarına yaratdığı əlverişli şəraitdən lazımınca bəhrələnən Adilə Namazova elmi axtarışlarının nəticələrinə, səhiyyə sahəsindəki xidmətlərinə, dünya elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı qadın-alim olub.  Bu, Azərbaycan elminin növbəti ciddi uğuru olub. O, ilk azərbaycanlı qadın olaraq, belə yüksək elmi ada layiq görülmüşdü. Görkəmli pediatr 1972-ci ildə Azərbaycan dilində ilk "Uşaq xəstəlikləri" dərsliyini yazıb nəşr etdirib. O, 1972-ci ildə Azərbaycan Pediatrlar qurultayında Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü seçilib.

Azərbaycan pediatriya elminin inkişafına ciddi töhfələr vermiş Adilə Namazova 1982-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Respublikada pediatriya sahəsində elmi kadrların hazırlanmasında alimin xüsusi rolu olub. Alimin rəhbərliyi ilə 62 namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Hazırda onun yetişdirdiyi tibb elmləri doktorları, professorlar A.Namazovanın davamçısı kimi özləri də ardıcıllarını hazırlayırlar.

Akademik Adilə Namazova 70 ilə yaxın özünün həkimlik, 60 ildən artıq elmi-pedaqoji fəaliyyətini yüksək səviyyədə davam etdirib, Vətənə ləyaqətlə, şərəflə xidmət edib.

Adilə xanım uşaqları çox sevirdi. O, öz çıxışlarında "Mənim bir neçə yerim var. Amma qeyri-rəsmi bir yerim var ki, o da körpə uşaqların evidir" - deyirdi. O, özünü körpə uşaqların, atılmış, sevgidən məhrum uşaqların anası hesab edirdi. Bu baxımdan tez-tez uşaq evlərində, sanatoriyalarda olur, onların problemlərini həll etməyə çalışırdı.

 

Təranə Tağızadə,

Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri

 

İki sahil.- 2021.- 9 sentyabr.- S.9.