Şuşanın alınması bir möcüzə sayılır
Zəfər yolu bu möcüzəyə
aparan şanlı tariximizdir
44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz ədaləti, beynəlxalq hüququ bərpa etdi, tarixi torpaqlarımızı sahibinə qovuşduraraq 30 ilin nisgilinə son qoydu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri bərpa və quruculuq istiqamətində mühüm addım kimi diqqət çəkdi. Hər səfərdə yeni obyektlərin təməli qoyulur, yaxud bərpası yönümündə addımlar atılır, həmçinin yol infrastrukturunun bərpasına önəm verilir. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.
Artıq Zəfər yolunun sentyabrın axırında istifadəyə tam hazır olacağı bildirilir. 101 kilometrlik Zəfər yolunun asfaltlanma işləri yekunlaşıb. Hazırda yolun xətlənməsi, yol nişanlarının quraşdırılmasına başlanılıb.
Qısa zamanda yolun tikilib istifadəyə verilməsi özündə bir çox məqamları açıqlayır. Birincisi, bu yol şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Rəşadətli ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun rəmzi mənası var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı uzunluğu 101.5 km olan bu yolu Zəfər yolu adlandırmışdır. Yolun tikintisinin sürətləndirilməsinin digər səbəbi Qarabağın tacı olan Şuşamızın bərpa və quruculuq işlərini qısa zamanda başa çatdırmaq, onun əvvəlki simasını özünə qaytarmaq, bir sözlə, Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsi müjdəsini xalqımıza çatdırarkən verdiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» vədini reallığa çevirməkdir. Zəfər yolu ilə yanaşı, Füzuli Beynəlxalq Hava Limanının da tikilib qısa zamanda istifadəyə verilməsi bütövlükdə Qarabağımızın, o cümlədən Şuşamızın bərpasına xidmət edən addımlar sırasındadır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə mədəniyyət paytaxtımızın işğaldan azad olunmasının sevincini paylaşdı, Şuşanın önəmini açıqladı. Şuşa 28 il əsarətdə olduğu müddətdə əyilmədi, milli ruhumuzu qorudu, cənab İlham Əliyevin vurğuladığı kimi, bizi gözlədi və biz gəldik.
Dövlət başçısı İlham Əliyev «CNN Türk» televiziya kanalına müsahibəsində jurnalistin «Əslində, onların beş ildə işğal etdikləri torpaqları 44 gündə geri qaytardınız» sualına cavabında bildirmişdir ki, bəli, əlbəttə, çox çətin bir şəraitdə. Onlar altı xətt istehkam, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi: «Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır. «Şuşa ilə bağlı atanızın xüsusi vəsiyyəti var idi» sualına gəldikdə isə qeyd etdmişdir ki, atamın vəsiyyəti təkcə Şuşa ilə deyil, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır: «Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.»
2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz Zəfər Günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin Sərəncamı ilə “Zəfər Günü” elan edildi.
Cənab İlham Əliyevin vurğuladığı kimi, doğma torpaqlarımızın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Dövlət başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Şuşa qısa müddətdə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar ünvanlayan biri-birindən önəmli tədbirlərə ev sahibliyi etdi. Hər gün yaşanan çal-çağır sanki 28 ilin əsarətini mədəniyyət paytaxtımıza unutdurur. Hər küçəsi, daşı, qayası tarix olan Şuşa qonaqlarını qarşılamaqla torpaqlarının sahibinin kim olduğunu bir daha dünyaya nümayiş etdirir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qısa müddətdə Şuşaya beş dəfə səfər ediblər. Cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldıb. İlk səfərin əks olunduğu fotolar, həmçinin ölkə Prezidentinin çıxışı tariximizin möhtəşəm və qürurverici anlarını yaşadığımızı bir daha nümayiş etdirir. 28 ildən sonra Qarabağın döyünən ürəyi olan Şuşamızda olmağı sözlə ifadə etmək mümkün deyildi. Cənab İlham Əliyev Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində daim Şuşa ilə bağlı sualları cavablandırarkən «Şuşasız bizim işimiz yaramçıq olar» bəyan etmişdir.
İlk səfər zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Prezident Şuşada olarkən bildirdi ki, görkəmli şəxsiyyətlərimizin ermənilər tərəfindən dağıdılan ev-muzeyləri, məqbərələri, eləcə də xan qızı Natəvanın sarayı bərpa ediləcək. Ölkə Prezidenti göstəriş verdi ki, Şuşada vaxtilə keçirilən Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bu ildən bərpa olunsun.
Verilən hər vədini konkret əməli işdə təsdiqləyən dövlət başçısı İlham Əliyevin təşəbəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Şuşanın baş planı təqdim olundu. Bütün binaların təftişi aparılıb. Müasirliyin və tarixin vəhdəti fonunda bərpa olunan Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Onu da qeyd edək ki, dövlət başçısının və ailə üzvlərinin Şuşaya ikinci səfəri Novruz bayramı ərəfəsinə təsadüf etmişdi. Cıdır düzündə 28 ildən sonra ilk dəfə bayram tonqalı alovlandırıldı. Prezident İlham Əliyevin tonqal ətrafındakı müraciətində bildirmişdir: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi...”
Azərbaycanın 44 günlük Vətən müharibəsi hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. İndi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində işğalçılara qarşı apardığımız “Dəmir yumruq” əməliyyatı öyrənilir. Şuşa uğrunda döyüşlər bu sırada xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Vətən müharibəsi, Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan ermənilərin illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi. İşğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut olundu ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan xalqı ən məğrur, yenilməz xalqdır. Artıq 28 ildən sonra torpaqlarımızın işğal olunduğu tarixi deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Ermənilərin 30 ilə yaxın dövrdə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız bərpa olunacaq, cənnət məkana çevriləcəkdir.
Yeganə Əliyeva
İki sahil.- 2021.- 9 sentyabr.- S.2.