Xətai rayonunda Qarabağ müharibəsi
şəhidlərinin xatirə
lövhəsinin açılışı
olub
Sentyabrın
10-da Bakının Xətai rayonunda Qarabağ müharibəsi
şəhidləri Babayev İqbal Zəki oğlunun və
Novruzov Asəf Aydın oğlunun xatirəsinə həsr
olunmuş lövhənin açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın
Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirə lövhəsinin qarşısına tər
güllər düzülüb.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
Etibar Əhmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış
ediblər.
Çıxışlarda Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazanılan Qələbədə şəhid
olan əsgərlərimizin
cəsarətindən danışılıb,
Vətən qarşısında
öz borclarını
ləyaqətlə yerinə
yetirənlərin xatirəsinin
xalqımız tərəfindən
daim əziz və uca tutulacağı
söylənilib.
Hər iki şəhidin
ailə üzvləri,
müəllimləri, yaxınları
çıxış edərək
onlarla bağlı xatirələrini bölüşüb,
Vətən uğrunda
canından keçən
insanlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını
bildiriblər.
Sonra məktəblilər
tərəfindən Vətənə,
Ordumuza, şəhidlərimizə
həsr olunan şeirlər söylənilib.
Qeyd edək
ki, bu gün
26 yaşı tamam olan şəhid İqbal Babayev 1995-ci il sentyabrın 10-da Qəbələ şəhərində
doğulub. O, 2002-2013-cü illərdə Bakı şəhəri 257 saylı
orta məktəbində
təhsil alaraq həmin məktəbi bitirib. 2013-cü ildə Xəzər Universitetinin İqtisadiyyat fakültəsinə
daxil olub, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının İqtisadiyyat
fakültəsində təhsilini
davam etdirib. 2018-ci
ilin iyunundan 2019-cu ilin iyununa kimi
Naxçıvanda müddətli
hərbi xidmətdə
olub və Vətən qarşısında
hərbi xidmət borcunu yerinə yetirib. İ.Babayev Füzuli şəhərinin
və rayonun Seyidəhmədli kəndinin
işğaldan azad olunması uğrunda gedən döyüşlərdə
şəhid olub. Babayev İqbal Zəki oğlu Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 15 dekabr tarixli Sərəncamına
əsasən “Vətən
uğrunda” medalı ilə, 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən
isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Birinci Qarabağ
müharibəsi şəhidi
Asəf Novruzov isə 1974-cü il dekabrın 10-da Qərbi Azərbaycanın Amasya rayonunun Güllübulaq kəndində dünyaya göz açıb. O,
1994-cü il mayın
2-də Tərtər rayonunda
şəhid olub.
İki sahil.- 2021.- 11 sentyabr.- S.7.