Yeni reallıqlar Azərbaycanla dost,
qardaş ölkələrlə əməkdaşlığı
gücləndirmək çağırışını
edir
“Üç Qardaş-2021” beynəlxalq
təlimi Azərbaycan-Türkiyə- Pakistan əməkdaşlığını
daha da möhkəmləndirəcək,
münasibətlərdə yeni səhifə açacaq
44
günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz
bütün dünyaya haqlı tərəfin hər zaman qələbə
çaldığını nümayiş etdirdi. Halbuki
işğalçı Ermənistan və ona havadarlıq edən
dövlətlər 30 ilə yaxın müddətdə
imitasiya naminə danışıqları aparmaqla Azərbaycanın
nə zamansa işğalla
barışacağını düşünürdülər.
Vətən müharibəsi bu sərsəm düşüncələrə
son qoydu. Dünyaya sübut edildi ki, beynəlxalq hüquq, ədalət
deyilən məfhum var, sadəcə bugünədək
maraqların arxasında əriyib.
Dünya bir daha bu həqiqətin
şahidi oldu ki, bu torpaqların əsl sahibi Azərbaycandır.
Vətən müharibəsi, eyni zamanda, həqiqət anı
oldu. Kimin dost, kimin isə
maraqlardan irəli gələrək qərəzli
mövqe nümayiş etdirdiyi bəlli oldu. Daim Azərbaycanın
yanında olan Türkiyə və Pakistan 44 günlük
İkinci Qarabağ müharibəsində də bunu təsdiqlədilər.
Postmüharibə dövrünün
reallıqları da Azərbaycan-Türkiyə-Pakistan
birliyinin təqdimatında əhəmiyyətli rol
oynayır. Belə
ki, dünya son zamanlar Azərbaycan-Türkiyə
qardaşlığının zirvəsi olan Şuşa Bəyannaməsinin
ardınca Azərbaycan-Türkiyə-Pakistan birliyinin təcəssümü
olan Bakı Bəyannaməsindən bəhs edir. Ölkəmizdə
üç dost ölkənin parlament sədrlərinin toplantılarının
keçirilməsi və sonda bir sıra
çağırışları, dünyaya mesajları,
perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin
imzalanması Vətən müharibəsindən sonra yaranan
reallıqlara uyğun olaraq müəyyənləşdirilən
hədəflərin gerçəkləşdirilməsi istiqamətində
atılan addımlar sırasındandır. Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi,
hərbi gücü
formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin
gücləndirilməsinə yönələn Şuşa Bəyannaməsindən
sonra Bakı Bəyannaməsinin
imzalanması etibarlı güc mərkəzinin
formalaşdırılmasıdır. İslam həmrəyliyinin
ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri
baxımından da əhəmiyyətlidir.
Bakı Bəyannaməsi ölkələr
arasındakı diplomatik əməkdaşlıq,
Azərbaycanın mövqeyinin daha etibarlı müdafiəsi
baxımından bu gün daha vacibdir. Vətən müharibəsi
başa çatsa da, regionda maraqlarını itirməkdən
qorxan bəzi dövlətlər hələ də «münaqişə»
sözünü işlətməkdə davam edirlər. Azərbaycanın
tam Qələbəsi, Ermənistanın sülh sazişini
imzalaması baxımından bu birlik zamanın tələbindən
yaranan zərurətdir. Bu gün daha aktual
olan Zəngəzur dəhlizi ilə
bağlı hər üç dövlətin maraqlarının eynilik təşkil
etməsi baxımından da
Şuşa və Bakı Bəyannamələrini üç qalib dövlətin Zəfər salnaməsi adlandırmaq da olar. Bu ölkələr
arasındakı hərbi əməkdaşlığa mane olan Dağlıq Qarabağ münaqişəsinin
tarixə qovuşması,
artıq sülh müqaviləsi ilə bağlı danışıqların
aktuallaşması, intensivləşməsi Ermənistanı
çıxılmaz vəziyyətdə qoyur. Hər iki Bəyannamə Ermənistanın
gələcəyini düşünməyib öz maraqları
naminə işğalçıya həlli mümkün olmayan
vədlər verənlərin də
qarşısında
keçilməz səddir.
Dünyada hələ də mövcud olan, geosiyasi
maraqlarını gerçəkləşdirmək istəyən
dairələrin ideoloji silah kimi sadiq qaldıqları ikili
standartlara, təxribatlara qarşı mübarizə silahı
bu «üçlüyün»
sarsılmaz birliyi, gücü,
qüdrəti olacaq. Türkiyə Böyük Millət Məclisinin
sədri Mustafa Şentop Şuşadan bu mesajı
ünvanladı ki, biz Azərbaycan-Türkiyə ikitərəfli
əlaqələrini Pakistanla üçtərəfli
münasibətlərə çevirməyə qərar verdik.
Türkiyənin hər zaman qardaş və dost ölkələrin
yanında olduğunu bildirən Mustafa Şentop bildirmişdir
ki, bunun ən gözəl təzahürü Şuşa Bəyannaməsidir.
Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının
daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi
Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən
sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd
oldu. Burada Azərbaycanın tarixi Zəfərindən
bu günədək əldə edilən uğurlar, hədəflər,
yeni reallıqların diktə etdiyi əməkdaşlıq
formatları, ədalətin,
beynəlxalq hüququn hər
bir məsələnin həllində əsas rolu, ən əsası
regionda və dünya siyasətində yaradacağı
yeniliklər öz əksini tapıb. Əməkdaşlığın
parlamentlər səviyyəsində qurulması və
inkişaf etdirilməsi də bugünümüzün tələbləri
sırasındadır. Bu birlik dost ölkələrin milli
maraqlarımızın beynəlxalq
səviyyədə müdafiə
olunmasında da öz sözünü deyəcək. Təbii ki, atılan hər bir addım Azərbaycanın
Zəfərinin təqdimatı, onun haqlı, qalib tərəf
kimi diktə etdiyi reallıqların uğurlu icrasında dost,
qardaş ölkələrin dəstəyinin göstəricisidir.
İşğalçı Ermənistan sərsəm
düşüncələrindən, keçmişlə yaşamaqdan yaxa qurtarıb gələcəklə
yaşamaq istəsəydi bu reallıqlarla barışar,
xalqı üçün firavan həyat qurardı. Regionda
sülhün, təhlükəsizliyin
dayanıqlığını təmin etmək
üçün Ermənistanın sülh
razılaşmasına imza atması gərəkdir. 30 ilə
yaxın dövrdə havadarlarının
maraqlarının ifadəçisi olduğu üçün
işğalçılıq siyasətini davam etdirməklə bütün enerji layihələrindən
kənarda qalan, iqtisadi böhran içərisində
çabalayan Ermənistan görünür yenə də dəstəkçilərindən
sülh razılaşması ilə bağlı necə addım atmaq göstərişini
gözləyir.
Ölkə Prezidenti İlham Əliyev bütün
çıxışlarında qonşu dövlətlərə
qarşı əsassız torpaq iddiası ilə
çıxış edən bir dövlətin hansı
inkişafdan danışa biləcəyini sual etməklə
yanaşı, bu siyasətin Ermənistanı uğursuz ölkəyə
çevirdiyini də xüsusi vurğulayır. Siyasətində
müstəqil olmayan bir dövlət təbii ki, daim başqa
bir dövlətdən asılı olacaq. Azərbaycan müstəqil siyasət
həyata keçirən dövlətdir. Bu, hər sahədə
atılan addımlardan aydın görünür. Dövlət
maraqları hər şeydən öndə saxlanılır.
Böyüklüyündən, kiçikliyindən
asılı olmayaraq Azərbaycan bütün dövlətlərlə
münasibətlərini bərabərhüquqlu,
qarşılıqlı hörmət və maraqlar əsasında
qurur. Azərbaycan başqa
ölkələrin əlində alət olmayıb,
olmayacaq. Bütün bu
uğurları müstəqil
siyasət sayəsində əldə etmişik. Reallıq budur ki, Azərbaycanın müstəqil
siyasəti bəzi ölkələrin xoşuna gəlmirdi.
Ölkəmizə olan təzyiqlərin
səbəblərinin biri də məhz müstəqil siyasət
aparmağımız, öz
yolumuzla getməyimiz, heç kimin sözü ilə
oturub-durmamağımız,
heç kimin qarşısında baş əyməməyimizdir.
Buna əmin olmaq üçün son 18 ildə
Azərbaycanın diplomatik
uğurlarının xronologiyasına diqqət yetirmək
kifayətdir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzv seçildi. Hazırda Azərbaycan BMT-dən
sonra ikinci böyük təsisat olan, 120 ölkəni
sıralarında birləşdirən Qoşulmama Hərəkatına
sədrlik edir. Cənab İlham Əliyevin qeyd
etdiyi kimi, bu gün Azərbaycan xalqı bir daha görür
ki, bunun nə qədər böyük önəmi var idi:
«Çünki İkinci Qarabağ müharibəsi
dövründə BMT-də, BMT Təhlükəsizlik
Şurası tərəfindən yeni qətnamənin qəbul
edilməsi cəhdləri də baş vermişdir. O qətnamə
qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi,
ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz
Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin
qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər.
Mən də onlara təşəkkürümü bildirdim və
demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular.
Baxmayaraq ki, böyük dövlətlər onlara böyük
təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının
bir çox üzvləri Azərbaycanı həm müstəqil,
həm güclü, həm də onları müdafiə etməyə
hazır olan ölkə kimi tanıyır.»
Ölkəmizin müdafiə qabiliyyətinin
gücləndirilməsi dövlət siyasətinin əsasını
təşkil edir. Əlbəttə, müstəqilliyimizin,
suverenliyimizin qorunması, daimi olması üçün
güclü ordumuzun olması vacib amillərdən biridir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın
ordu qurculuğuna xüsusi diqqət göstərməsi, hərbi
büdcəsini artırması işğalçı Ermənistan
və ona havadarlıq edən dövlətlər tərəfindən
daim reallığa uyğun olmayan şəkildə şərh
edilirdi. Bu, Azərbaycanın sülh
danışıqlarında maraqlı olmaması kimi dünya
ictimaiyyətinə çatdırılırdı. Rəsmi
Bakı buna cavab olaraq daim bildirirdi ki, müdafiə qabiliyyətimizi
gücləndirmək Azərbaycanın suveren hüququdur.
Ölkəmizin tam haqqı var ki, işğal altında olan
torpaqlarını istənilən yolla azad etsin. 30 ilə
yaxın dövrdə Ermənistanın və ona dəstək
göstərənlərin imitasiya naminə
danışıqları Azərbaycan xalqının səbir
kasasını doldurdu. Rəşadətli Azərbaycan
Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın
aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların
edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik
Şurasının qətnamələri icra olundu,
işğala son qoyularaq ölkəmizin həyatında yeni
dövr başladı.
Vətən müharibəsində
Qələbəmizdən sonra təkcə cari ilin arxada qalan
dövründə keçirilən
təlimlərə, hərbi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün səylərin
artırılmasına diqqət yetirmək kifayətdir.
Cari ilin fevralın 1-dən 12-dək Qars vilayətində
Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin
“Qış-2021” birgə hərbi təlimləri
keçirildi. Hərbi
qulluqçularımız qardaş ölkədə
“Qarabağda Ermənistan ordusuna qarşı böyük bir qələbə
qazanan qardaşlarımıza böyük qürurla “xoş gəldiniz”
deyirik. “Bir millət, iki dövlət”
anlayışımızla “bir ürək, bir bilək, bir
yumruq” kimi fəaliyyətlərimizə davam edəcəyik!»
çağırışı ilə qarşılandılar.
Hərbi qulluqçularımızın bir qrupu
Qars şəhərindəki təlim mərkəzində
çətin relyefli və qarlı ərazilərdə, digər
bir qrupu isə Kayseri şəhərində
paraşütçü komandolar hazırlayan mərkəzdə
məşqlərə cəlb edilmişdilər. Çətin
iqlimi və relyefi ilə fərqlənən ərazilərdə
döyüş əməliyyatlarının
aparılması tapşırıqlarını yerinə yetirən
heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri
və təchizatları da yoxlanıldı.
Prezident İlham Əliyev bu
günlərdə Pakistanın
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın
başçılıq etdiyi nümayəndə heyətini
videoformatda qəbul edərkən bu əminliyi ifadə
etmişdir ki, səfəriniz hərbi
sahədə ölkələrimiz arasında əməkdaşlığı
gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq
çox səmərəli olub və tərəfdaşlığımızı
genişləndirmək arzusundayıq.
Azərbaycan-Pakistan əlaqələrinin
uzun tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər
qurmayan az sayda dövlətlərindən
biridir. Azərbaycanın
torpaqlarının işğalı səbəbindən Ermənistanı
rəsmi olaraq tanımayıb. Azərbaycan
dövləti bunu daim yüksək dəyərləndirib. Azərbaycan da öz
növbəsində, hər zaman Kəşmir məsələsi
daxil olmaqla, bütün digər məsələlərdə
Pakistanı dəstəkləyir. Bu dəstək
tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təsisatlarda verilir. İki
ölkə arasında digər sahələr kimi, hərbi sahədə
də əməkdaşlığımızın
böyük potensialı var. Hər iki dövlət birgə hərbi təlimlərin
keçirilməsində maraqlıdır. Dövlətimizin
başçısı İlham Əliyev artıq bunun vaxtının
çatdığını bildirir. Bu gün
böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan
üçtərəfli dostluq və əməkdaşlıq
münasibətləri ən yüksək səviyyədə
formalaşıb və bütün istiqamətlərdə
uğurlu inkişafını davam edir. Bu baxımdan 12
sentyabr 2021-ci il tarixdə başlanmış və
sentyabrın 20-dək davam edən və ilk dəfə olaraq keçirilən “Üç
Qardaş - 2021” birgə beynəlxalq təlimi son dərəcə
böyük əhəmiyyət kəsb edən tarixi hadisə kimi dəyərləndirilir. Azərbaycan, Türkiyə və
Pakistanın xüsusi təyinatlı qüvvələrinin
nümayəndələrinin iştirakı ilə keçirilən
“Üç Qardaş - 2021” beynəlxalq təlimin əsas məqsədi
döyüş əməliyyatlarının aparılması
zamanı dost və tərəfdaş ölkələrin
xüsusi təyinatlı bölmələrinin
qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi,
sülh və müharibə dövründə əməliyyatlara
hazırlanması, bilik və təcrübə mübadiləsinin
aparılmasıdır. Bu kimi mühüm addımlar dostluq və
qardaşlığın növbəti təzahürü
olaraq Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının
hörmət və etimada söykəndiyini təsdiq edir. Bu isə birmənalı olaraq Cənubi Qafqaz
regionunda davamlı sülhün, inkişafın və təhlükəsizliyin
bərqərar olması işinə xidmət edəcək.
Bu gün
Azərbaycan qəbul etdiyi qərarlarla, imza
atdığı sənədlərlə perspektivləri
açıqlayır. Şuşa və Bakı Bəyannamələrinin
ardınca daha neçə-neçə imzalanacaq sənədlər,
həmçinin keçiriləcək birgə təlimlər Azərbaycanın regionda və
dünyada mövqelərini möhkəmləndirməklə
yanaşı, Qarabağımızın cənnət məkana
çevrilməsində dost, qardaş ölkələrin birgə fəaliyyətini tənzimləyəcək.
Yeganə
Əliyeva
İki
sahil.-
2021.- 22 sentyabr.- S.8.