Bu gün erməni işğalından təmizlənmiş ərazilərimiz böyük tikinti meydanına bənzəyir

İkisahil.TV-nin bugünkü müsahibi Milli Məclisin deputatı Ceyhun Məmmədovdur

 

 - Ceyhun müəllim, Vətən müharibəsində Qələbədən sonra Azərbaycan bölgədə yeni reallıq yaratdı. Tarixi Zəfərimizin fonunda 30 illik işğal dövrünün reallıqları necə görünür?

 

- 27 sentyabrdan başlanan şərəfli yol Qələbəmizlə başa çatdı. Şuşamız, digər torpaqlarımız işğaldan azad edildi. Müharibədən sonrakı dövrdə Azərbaycan qısa zamanda işğaldan azad olunan torpaqlarda infrastruktur layihələri həyata keçirir. Şuşa dirçəldilir. Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə enişi oldu.

 

 Ərazilərimizin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin geri qayıtması üçün işlərin görülməsi onu söyləməyə əsas verir ki, 30 il düşmən tapdağı altında qalan, amma azad ediləcəyinə hər zaman əmin olan bu torpaqlarda yeni həyat başlayıb. Qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli quruculuq və bərpa işlərinə başlanıldı. Bu gün erməni işğalından təmizlənmiş ərazilərimiz böyük tikinti meydanına bənzəyir. Hazırda qarşıda duran əsas vəzifə qələbəni möhkəmləndirmək və sürətli inkişafa nail olmaqdır. Azərbaycanlılarla olan düşmənçilik Ermənistana çox baha başa gəldi. Ermənistan 30 il ərzində dövlət qura bilmədi, xaricdən asılı vəziyyətə düşdü və hazırda çox ağır durumdadır. Dövlət başçısının da dediyi kimi, indi onlar xarici dairələrdən, xaricdən gələn siyasi sifarişlərdən və hərbi yardımdan tam asılıdır. Onların yürütdüyü düşmənçilik və nifrət siyasəti sonunda Ermənistanın özünün cəzalandırılmasına səbəb oldu. Ermənilər 30 ilə yaxın müddətdə Qarabağda silahlara, texnikaya, səngərlərə xərclədiyi pulu öz daxili məsələlərinə xərcləyə bilərdi, ölkələrini inkişaf etdirə bilərdi. Yəni, bu gün Ermənistan bu qədər tənəzzülə uğramazdı. Ermənistan işğalçılıq siyasətindən əl çəkib qonşuları ilə normal münasibət qursaydı, indikindən dəfələrlə yaxşı duruma gələ bilərdi. Ermənistan bunu etmədiyinə görə, bu gün bunun acı nəticələrini yaşayır. Onlar ən azından bu gündən sonra bu hadisələrdən nəticə çıxarmalı, Azərbaycana qarşı hansısa revanşist əməllərə yol verməməli, təxribata əl atmamalıdır. Əgər bunu edərlərsə, cəzasını da çəkəcəklər.

 

- Təlimlər düşmənin canına qorxu salıb. Ermənistan birgə təlimlərdən nəticə çıxaracaqmı?

 

- Azərbaycan bugünədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda keçirilmiş birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi deyil. Sülhə təhdid Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir. Görünən odur ki, Ermənistan hökuməti Türkiyə və Azərbaycan ordularının Laçın dəhlizi yaxınlığında, Qarabağda keçirdiyi birgə hərbi təlimlərdən əməlli-başlı qorxuya düşüb və çox ciddi narahatdır. Ermənistan XİN-in açıqlamasında məhz bu qorxu hiss olunur. Lakin Ermənistan hökuməti anlamalıdır ki, Azərbaycan və Türkiyə davamlı sülh və sabitliyə nail olmaq məqsədi ilə əlindən gələni edir. Əksinə, sərhəddə təxribat törədən və aranı qarışdıran isə məhz Ermənistan tərəfidir. Gördüyümüz kimi də törədilən bütün təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən anındaca alınır. Ankara və Bakı dəfələrlə İrəvana regional əməkdaşlıqla bağlı çağırış ediblər. Xoşməramlı təklifləri geri çevirən məhz Ermənistan tərəfidir. Təlimləri keçirmək suveren hüququmuzdur və istədiyimiz ölkə ilə birlikdə hərbi təlimlər keçirə bilərik. XİN-in vurğuladığı kimi, sülhə təhdid Ermənistanın bitməz-tükənməz düşmənçilik və nifrət siyasətidir. Ona görə də İrəvan ciddi götür-qoy etməli, düşünməli və regional əməkdaşlığın önəmini dərk etməlidir. Əgər Ermənistan yenidən müharibə ritorikasına, işğalçılıq xülyasına düşəcəksə, o zaman həqiqətən narahat ola bilərlər. Çünki növbəti xəta bütövlükdə ermənilərin faciəli sonuna səbəb olar”.

 

-Təəssüflə qeyd edək ki, Azərbaycanda keçirilən birgə hərbi təlimlərdən təkcə İrəvan deyil, həm də din qardaşımız saydığımız İran da narahatlıq keçirdi. Qonşu ölkənin bu narahatlığının pərdəarxası məqamları hansılardır?

 

- Azərbaycan hər zaman olduğu kimi, İranla münasibətlərin qorunmasının və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır. Azərbaycanda keçirilən sözügedən təlimlər hansısa ölkənin əleyhinə yönəlmiş təlimlər deyil. Digər tərəfdən isə Azərbaycan İrana bu yaxınlarda nota verərək Qarabağa yük daşınmasına son qoyulmasını tələb etdi. Çünki bu yüklər Xankəndidə qondarma rejimin güclənməsinə xidmət edir. Biz bu məsələ ilə bağlı dəfələrlə öz narahatlığımızı bildirmişik. Lakin İran tərəfi Azərbaycanın notasına əhəmiyyət vermədi. Bunun nəticəsi olaraq Azərbaycan Gorus-Qafan yolunda öz postlarını yerləşdirdi və burada daşınan yüklərə öz nəzarətini təmin etdi”.

 

- İran tərəfi qəbul edilən qərarları bir çox hallarda İsraillə əlaqələndirir və Azərbaycanın İsrailin diktəsi ilə hərəkət etdiyi kimi qəbul edir. Bu cür təhdid və ittihamlarla hansısa məsələni həll etmək mümkündürmü?

 

- İranla Azərbaycanı bir-birinə çox əsrlik tarixi əlaqələr bağlayır. Azərbaycan hər zaman İranla qonşuluq və dostluq əlaqələrinə sadiq qalıb, qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verib. Prezident İlham Əliyev Cəbrayıl və Füzuli rayonlarına səfəri zamanı iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırıb. Son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. İran tərəfi Azərbaycanın bu həssaslığını mütləq nəzərə almalıdır. Bu, hazırda Qarabağda ağır durumda yaşayan separatçılara dəstək anlamına gəlir.

 

Məlum olduğu kimi, bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi. Təkcə 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirmişdir. Bununla əlaqədar İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi. İran tərəfi ikitərəfli əlaqələri nəzərə alaraq, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq. Bu gün Gorus-Qafan yolundakı Azərbaycanın tətbiq etdiyi inzibati tədbirlər bəlli proseslər üçün bir başlanğıc və mesaj olmalıdır”.

 

- Ceyhun müəllim, qeyd edək ki, bu məsələdə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənistanın və İranın qanunsuz hərəkətləri onların gözü qarşısında baş verir…

 

Belə çıxır ki, onlar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir.

 

Onu da qeyd edək ki, 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır, Xankəndidə yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirirlər.

 

- Bugünkü reallıq isə onun tam əksini göstərir. Bununla bağlı nə deyərdiniz?

 

- Elədir. Bu gün fərqli yanaşmanı çox müşahidə edirik. Sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərdə qeyri-qanuni silahlı qüvvələr silahalandırılır, bölgəyə silah-sursat daşınır, missiyanın yerləşdiyi ərazilərdən Azərbaycanın mövqelərinə atəş açılır. Ancaq buna ciddi reaksiya verilmir. Bu mövqe və yanaşma sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı ciddi suallar yaradır. Belə çıxır ki, sülhməramlı missiyanın məqsədi sülh yaratmaq yox, tərəflərdən birinə dəstək vermək, məğlubiyyətlə barışmasına imkan verməmək, onu silahlandırmaq və müharibəyə hazırlamaqdır. Bu isə missiyanın mandatı ilə uyğun gəlmir və ciddi narazılıq yaradır. Dövlət başçımız da vaxtaşırı sülhməramlıların öz missiyasından kənara çıxdıqlarını vurğulayıb, dolayısı və birbaşa xəbərdarlığını ifadə edib.

 

Şəmsiyyə  Əliqızı.

Könül  Əliyeva

 

 

İki sahil.- 2021..- 22 sentyabr.- S.13.