Aparılan islahatlar
YAP-ın gələcəkdə
də liderliyinin qorunmasına şərait
yaradacaq- Jalə Əliyeva
Eyni zamanda, plüralist, çoxfikirli,
demokratik düşüncəyə
əsaslanan ölkəmizdə
partiyalar daha da inkişaf edir
2021-ci il mart
ayının 5-də Yeni
Azərbaycan Partiyasının
(YAP) VII qurultayı keçirilib.
Tədbirdə partiyanın
ötən dövr ərzində gördüyü
işlər, qazanılmış
uğurlar və qarşıda duran vəzifələrlə bağlı
qurultay nümayəndələrinin
çıxışları dinlənilib. Yekun olaraq təşkilati məsələlərin müzakirə
edildiyi qurultayda partiya daxilində yeniləşmə və islahatlar istiqamətində
addımların atılmasına
qərar verilib.
Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri
komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi
ki, Yeni Azərbaycan Partiyası ölkəmizin, cəmiyyətin
aparıcı qüvvəsidir
və bu gün onun ətrafında
milyonlarla insan toplaşıb: “YAP yarandığı
ilk gündən etibarən hər zaman Azərbaycanda xalqın sözünü
deyən lider partiya rolunu oynaya bilib. YAP-ın adı birbaşa yaradıcısı
olduğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Elə bu baxımdan da YAP bizim üçün çox dəyərli və əhəmiyyətlidir.
Partiyaya ilk olaraq ümummilli lider Heydər Əliyevin rəhbərlik
etməsi, Ulu Öndərin onun ideya, məramnamə və nizamnaməsinin müəllifi olması, əlbəttə ki, YAP-ın fəaliyyətini bu günə qədər uğurla davam etdirməsinin əsas səbəbidir. Görünən odur ki, bu partiyanın
Azərbaycanın ictimai-siyasi
fikrində, siyasət
aləmində hər
bir zaman öz sözü olub və olacaq.”
J.Əliyeva vurğuladı ki,
əgər YAP bu gün bu qədər
sayda insanı ətrafında birləşdirə
bilirsə, hər keçən gün sıraları daha da genişlənir və güclənirsə,
bu, partiyanın ölkədəki nüfuzundan
və məşhurluğundan
xəbər verir: “Əlbəttə ki, biz bu gün
islahatlar dövrünü
yaşayırıq. Bir
cəmiyyətin təkmilləşməsi
üçün mütləq
yaxşı mənada
dəyişikliklərin getməsi
labüddür, şərtdir
və qaçılmazdır.
Biz davamlı olaraq özümüz-özümüzü
yeniləməklə gələcəyə
daha geniş üfüqlər açırıq.
Bu gün Azərbaycanda bütün
sahələrdə islahatlar
və yeniləşmələr
gedir. Yeni kadrlar, qüvvələr müxtəlif təşkilatlarda,
qurumlarda rəhbərliyə
gəlirlər. Bu qüvvələr əsasən
gənclərdən ibarətdir,
gələcəyimizin qurucularıdır.
Təqdirəlayiq haldır
ki, dövlətimizin başçısı İlham
Əliyev bu gün gənclərə böyük imkanlar açır. Zəkalı,
dünyagörüşlü gənclərimiz rəhbər
vəzifələrə irəliyə
çəkilirlər.”
J.Əliyevanın sözlərinə görə, bu gün siyasi partiyalarda da dəyişikliklərin təməlində
daha yaxşı idarəetməyə nail olmaq, fəal, dinamik bir siyasi
fəaliyyət həyata
keçirmək məqsədi
dayanır: “Əlbəttə
ki, biz bunu
müsbət dəyərləndiririk.
YAP-ın yaranmasında,
inkişafında, bu günə qədər uğurla fəaliyyət göstərməsində rolu,
dəstəyi, xidməti
olanlar heç vaxt unudulmayacaq. Eyni zamanda, əgər
bu sıraların yenilənməyə - yeni
nəfəsə, yanaşma
tərzinə ehtiyacı
varsa, biz bunu qəbul etməliyik. Unutmayaq ki, YAP-ın Sədri ulu öndər Heydər Əliyevin siyasi və mənəvi varisi olan Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevdir.”
Deputat xüsusi
qeyd etdi ki, dövlət başçımızın “Mən
nəyi nə vaxt, necə etməyi çox yaxşı bilirəm” dediyi kimi, onun
seçimi, düşüncələri
əsasında YAP bu gün özünü yeniləyir: “Eyni zamanda, plüralist, çoxfikirli, demokratik düşüncəyə əsaslanan
ölkəmizdə partiyalar
da inkişaf edir. YAP-ın verdiyi qərarlar partiyanın İdarə Heyətinin, nüfuzlu üzvlərinin hər birinin rəyi əsasında idarə edilir. Ona görə də
düşünürük ki, atılan bütün addımlar, aparılan islahatlar birbaşa YAP-ın nüfuzunun daha da artırılmasına və gələcəkdə
Azərbaycanın inkişafında
bu partiyanın ötən illərdə olduğu kimi, hər bir zaman
liderliyinin qorunmasına
əhəmiyyətli
şərait yaradacaq.”
Cavid Əkbərov
İki sahil.- 2021.- 23.-S.14.