Tarix içində yaşayan tarix…
Muzeylərimiz – tanıyaq, tanıdaq!
Nə vaxtsa, neçə min, ya milyon il əvvəl
kimsə ovçu olmaq istəmədiyini anladı. O, başqa
qəbilədən olan kiminləsə döyüşmək
də istəmirdi. Heç meyvə, bitki
kökləri də yığmırdı. Ancaq onu ətrafındakı
bütün adi kimsələrdən fərqləndirən təkcə
istəmədikləri deyil, həm də istəyi idi – adi
günlərin birində bu qeyri-adi adam əlinə bir daş
götürüb yaşadıqları mağaranın
divarlarında mamont şəkilləri çəkməyə
başladı! Hamı təəccübləndi, heç kim
anlamadı onu…
Ən azı iki min iki yüz il əvvəl
günəşin doğulduğu yerdə - həzin musiqili
uzaq Şərqin kiçik bir kəndində əlləri
palçıqlı bir dulusçu ailəsini dolandırmaq
üçün düzəldib satdığı küpü
bəyənmədi. Ona nifrətlə baxdı. Sonra da
düşündü elə bir qab düzəltsin ki,
dünyada tayı-bərabəri olmasın, düzünə
baxanda bir, yandan baxanda yeddi dənə görünsün. Və
düzəltdi. Yandan baxanda yeddi dənə görünməsə
də dünyada tayı-bərabəri olmadı…
Eramızdan əvvəl on beşinci əsrin
ortalarında qədim Misirdə bir heykəltəraş ovucdan
bir az böyük daşı yonaraq yazıçı
Şeiri, arvadı və kiçik oğlunun heykəlciyini
yaratdı, adını da “Misirli ailə” qoydu. Başqa biri isə
elə təxminən həmin vaxtlarda, həmin yerdə
daşı yondu, İlahə Soxmetin portretini yaratdı…
Yaxşı ki, zaman yolçuluğundan
uğurla keçərək günümüzə tam və
ya qismən salamat çatan nadir sənət inciləri, unikal
nümunələr var – baxırıq, heyrətlənirik, sələflərimizlə
empati qurmağa çalışırıq. Və
yaxşı ki, bütün bu tarixi incəsənət abidələrinin
qorunduğu muzeylər var. “Muzeylərimiz – tanıyaq,
tanıdaq” rubrikamızın növbəti qonağı Azərbaycan
Milli İncəsənət Muzeyidir. Binası da bir tarix olan,
bir zamanlar ingilis generalının, Nəriman Nərimanovun, Mircəfər
Bağırovun yaşadığı sarayın 70 illik sakini və
sahibi Azərbaycan Milli İncəsənət Muzeyi.
Haqqında
1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin
tərkibində Təsviri sənətlər bölməsi
yaradıldı. Bölmə keçmişdə Hacı
Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Milli Azərbaycan
Tarixi Muzeyinin binasında yerləşirdi. Burada
toplanmış əsərlərin, xüsusilə rəngkarlıq
nümunələrinin dəyəri nəzərə
alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında
ayrıca bir muzeyin – Azərbaycan Dövlət İncəsənət
Muzeyinin yaradılması qərara alındı. 1937-ci ildə
açılışı baş tutan muzey daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin beşinci mərtəbəsində yerləşdirildi
və 1943-cü ildən Azərbaycanda realist teatr-dekorasiya sənətinin
yaradıcılarından biri olan Rüstəm Mustafayevin
adını daşımağa başladı. 50-ci illərin əvvəllərindən
başlayaraq muzey Bakıdakı bir neçə tarixi
binada müvəqqəti sərgi və ekspozisiyalar təşkil
edirdi. Həmin dövrdə burada
çalışmağa başlayan gənc sənətşünaslar
Rasim Əfəndiyev, Nürəddin Qayıbov, Mürsəl Nəcəfov,
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə və
başqaları Azərbaycan sənətşünaslığının
təməllərini formalaşdırdılar. Sonrakı
uzun illər ərzində muzeyə Azərbaycanın Xalq Rəssamları
və SSRİ dövlət Mükafatı lauretları olan
Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov
kimi şəxsiyyətlər rəhbərlik etdilər.
1951-ci ildə Azərbaycan SSR Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Mircəfər
Bağırov “De Burun sarayı” kimi məşhur olan tarixi
binanı muzeyə verdi.
Mövzu içində mövzu…
Maraqlı olduğu
üçün burada haşiyəyə çıxıb “De
Burun sarayı”nın tarixi və görkəmli sakinləri
haqqında məlumat vermək istəyirəm. 1988-ci ildə
neft maqnatı və “Kaspi Tərəfdaşlığı” Səhmdar
Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev
de Bur inşa etdirmək istədiyi ikimərtəbəli
daş sarayın planının təsdiqi üçün
Bakı Şəhər Şurasına müraciət edir və Sadovaya küçəsində
(indiki Niyazi küçəsi) “700 kv.sajen torpaq
ayırılması haqqında razılaşma” əldə
olunur. Elə həmin il şəhər mühəndisi və
sarayın yeganə memarı hesab edilən Nikolay fon der Nonne tərəfindən
hazırlanan tikinti layihəsi Bakı Şəhər
Şurasında təsdiqlənir, tezliklə inşaat işlərinə
başlanılır. Lakin De Bura öz sarayını görmək
qismət olmur. O, 1889-cu ildə dünyasını dəyişir,
varisləri isə 1891-ci ilin yanvarında hələ yalnız
özülü qoyulmuş binanı 16000 rubla “Kaspi Tərəfdaşlığı”
Səhmdar Cəmiyyətinə satırlar. Beləcə, Cəmiyyətin
mülkiyyətinə keçən binanın inşa tarixinin
1891-1893-cü illər olduğu, tam şəkildə isə
1895-ci ildə yekunlaşdırıldığı qeyd edilir.
Həmçinin qeyd edilir ki, binanın medalyonu içərisində
“KT” (“Kaspi Tərəfdaşlığı”) abreviaturası
yer alsa da, sonrakı dövrdə təmir zamanı bu
abreviatura məhv edilib.
1896-cı ildə Cəmiyyətin
yeni sədri olmuş Pavel Qukasovun qardaşı Arşak Qukasov
saraya köçərək, onun bir neçə
otağında məskunlaşır. 1898-ci ildən isə
Pavel özü də ailəsi ilə birgə burada
yaşamağa başlayır. 1919-cu ilin avqustunda Böyük
Britaniya ordusu Bakı şəhərinə daxil olandan sonra
general Vilyam Tomsonun başçılıq etdiyi ingilis
komandanlığının qərargahı “De Burun
sarayı”nda yerləşdirilir. Həmin vaxt Qukasovlar ailəsi
hələ də sarayda yaşamağa davam edirdi.
28 aprel 1920-ci ildə “Qırmızı ordu”
hissələrinin Bakıya girməsindən sonra Nəriman Nərimanov
Azərbaycan SSR İnqilab Komitəsinin sədri oldu. 1921-ci ildə
o, Xalq Komissarları Şurasına sədr seçildi və
şura “De Burun sarayı”nda yerləşdirildi. Sarayın
ikinci mərtəbəsində isə Nəriman Nərimanovun
ailəsi yaşamağa başladı. 1925-ci ildə onun
ölümündən sonra Sadovaya küçəsinin
adı dəyişdirilərək N.Nərimanov küçəsi
adlandırıldı. 1933-cü ildən sarayda MK-nın
birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşdı
və 1951-ci ildə M.Bağırov yuxarıda qeyd etiyimiz kimi,
sarayı Azərbaycan Milli İncəsənət Muzeyinə
bağışlayır.
… “De Burun sarayı”na köçdükdən
sonra muzeyin yeni ekspozisiyası tərtib olundu və bu
ekspozisiyada muzeyin fondunda olan ən gözəl sənət
nümunələri nümayiş etdirildi. Bundan
sonra həm də sənətşünaslıq tədqiqatlarının
aparıldığı böyük bir mərkəz kimi fəaliyyət
göstərməyə başlayan muzey, həmçinin
müxtəlif mədəni tədbirlərin – rəssamların
və musiqiçilərin yaradıcılıq gecələrinin,
ziyalılarla görüşlərin təşkilinə start
verdi.
Azərbaycanın müstəqilliyinin
ilk illərində 1888-ci ildə Marrinski qadın gimnaziyası
kimi inşa edilmiş, daha sonra isə şəhər komitəsinin
yerləşdiyi tarixi bina da muzeyə verildi və yeni binada
muzeyin ikinci korpusu yaradıldı. 7 iyun 2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyevanın iştirakı ilə
muzeyin birinci və ikinci korpuslarını birləşdirən
yeni keçid korpusun açılışı edildi.
Daha bir maraqlı fakt:
1992-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi
muzeyin “De Burun sarayı”ndan çıxarılması və
indi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
yerləşdiyi binaya köçürülməsi
haqqında qərar verir (!). Görkəmli mədəniyyət
xadimləri işə qarışmalı olurlar. O
vaxtkı prezident Əbülfəz Elçibəylə
görüşən mədəniyyət xadimləri “Hətta
Bağırov belə şəhərin ən gözəl
binasını muzeyə bağışladı” deyərək,
sarayın muzeyin əlindən alınmamasını xahiş
edirlər. Yalnız bundan sonra muzeyin başının
üstündəki təhlükənin sovuşmasına,
saraydan çıxarılması qərarının ləğv
edilməsinə nail olurlar.
60 otağa sığan dünya incəsənəti
… Muzeyin direktor müavini, uzun illərini muzey
işinə sevgiylə vermis Xədicə Əsədova
qarşılayır bizi. Bina ilə, eksponatlarla
tanışlıq üçün lazımi şərait
yaradacaqlarını bildirir, bələdçi Nərgiz Əliyevanı
təlimatlandırır bizə kömək üçün.
Bəri başdan təşəkkür edirik hər ikisinə.
Sağollaşıb “De Burun sarayı”na səyahətə
başlamaq istəyirik. Ancaq ürəyi
dözmür Xədicə xanımın, bizimlə avanqard rus
rəssamlarının əsərlərinin sərgiləndiyi
otağa qədər yoldaşlıq edir, muzey haqqında məlumat
verir. Öyrənirəm ki, muzeyin ümumilikdə 60 otaqda təşkil
olunmuş daimi ekspozisiyasında 3000 üstəgəl 2500
olmaqla 5500-dən çox əsər sərgilənir. Birinci korpusda, yəni “De Burun sarayı”nda 7 otaq Avropa
incəsənətinə, 10 otaq rus incəsənətinə,
qalanları isə İran, Türkiyə, Yaponiya və sair
dövlətlərin incəsənətinə həsr olunub.
İkinci korpusda 8 otaq antik və orta əsrlər Azərbaycan
incəsənətinə, 30 otaq isə Azərbaycan rəssam
və heykəltəraşlarının
yaradıcılığına həsr olunub. Bu
otaqlarda XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının
işləri ilə yanaşı, orta əsrlərin müxtəlif
dövrlərinə aid xalq tətbiqi sənət nümunələri,
xüsusilə Azərbaycan xalçalarının müxtəlif
qruplarına aid olan nadir növləri, həmçinin
arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət
əsərləri, orta əsr geyimləri, məişət əşyaları
sərgilənir. Burada kişi və qadın kəmərlərinin,
həmçinin silahların sərgiləndiyi ayrıca zallar
var. Həmin zallarda sərgilənən sənət nümunələri
qiymətli metallardan hazırlanmaqla, qiymətli və
yarı-qiymətli daşlarla bəzədilib. Ümumilikdə
muzeydə 18000-dən artıq eksponat saxlanılır. Buna
görə də bütün eksponatları eyni vaxta göstərmək
mümkün olmur. Lakin tez-tez dəyişən ekspozisiyalar
muzeyi ziyarət edənlərin vaxtaşırı əksər
eksponatları görməsini təmin edir.
“Can verən İsgəndər”,
“Zülfüqar” qılıncı və buxarılar…
Bir-birindən maraqlı, dəyərli
eksponatlar insanı özündən alıb
götürür. Və düşünürəm
ki, bələdçimiz Nərgiz olmasa sənətin sehrli
dünyasında azdığım kimi sarayın labirint kimi
otaqlarında aza bilərəm. Üzündə
ölümün əzabı həkk olunmuş antik dövrə
aid “Can verən İsgəndər”in, hökmranlığı
mərmərdən belə hiss olunan “Napaleon”un,
baxışlarındakı işığı əsrlərin
soldura bilmədiyi “Gənc qadın”ın, “Müqəddəs
Yevstafiya haqqında əfsanə”nin qarşısında həyəcansız
dayana bilmək mümkün deyil. Görəsən,
Türkiyə incəsənətinin nümunələri olan
ağzı yeyilmiş, üstündə quran ayələri həkk
olunmuş “qəzəbli” “Zülfüqar” qılıncı,
onun yanındakı “Yatağan” qılınc bir vaxtlar sahiblərinin
əlində neçə yağının qanıyla
boyanıb? İmperatriça Aleksandra Fyodorovna
öz portretindən razı qalıbmı və ya İohann
Henrix Rossun “Sürü”sü getdiyi yerə çata bilibmi?
Şərq incəsənətinin inciləri olan
illüsrasiyalara, unikal işləməli gil və çini
qablara, daşdan, ağacdan yonulmuş, tuncdan
hazırlanmış heykəlçiklərə və nadir
heykəllərə, ağac, kətan və
şüşə üzərində çəkilmiş
müxtəlif janrlarda şəkillərə, gözəlliyi
göz oxşayan xalçalara, qılınc, qalxan, xəncər,
dəbilqə, əmudlara baxdıqca bir vaxtlar “Luvr”, “Ermitaj” və
s. kimi dünyanın məşhur muzeylərində sərgilənən
mədəni irs nümunələrimizə görə
keçirdiyim paxıllıq hissini xatırlayıram və
düşünürəm ki, elə həmin muzeylərin yerləşdiyi
ölkələrin sənətsevərləri də məhz
buradakı bir çox eksponata görə ən azından həsəd
apara bilərlər!
Muzeyin, daha doğrusu, “De Burun sarayı”nın
buxarıları haqqında da nəsə yazmamaq
insafsızlıq olar. Bir-birindən uzərlərindəki
işləmələr, zəngin naxışlar və rəngləri
ilə fərqlənən buxarılar az qala həmin otaqlarda sərgilənən
eksponatlar qədər möhtəşəmdir.
Son olaraq…
Azərbaycan Milli İncəsənət Muzeyi hər
birimizin getməli olduğumuz, sənət və tarix adına
çox şey öyrənəcəyimiz, varlığı
ilə qürur duya biləcəyimiz unikal məkanlarımızdandır.
Giriş biletlərinin qiymətləri də münasibdir –
balacalar üçün 2 manat, böyüklər
üçün 5 manat. Mən yenə fikrimdə
qalıram ki, muzeylərimizin qonaq sayının daha çox
turistlərin hesabına formalaşması tendensiyasına son
qoymalıyıq. Övladlarımızı (elə
özümüzü də) telefondan, internetdən qoparıb
sənət məbədlərinə, muzeylərə
aparmağın vaxtıdır və gec deyil. Hələ
ki…
Mahir Rəsuloğlu
İki sahil.-
2021.- 24 sentyabr.- S.14.