Xətai rayonunda şəhid polkovnik-leytenant
Sədi Musayevin xatirə lövhəsinin açılış mərasimi
olub
Sentyabrın
28-də Bakının Xətai rayonunda Vətən müharibəsi
şəhidi polkovnik-leytenant Sədi Musayevin
yaşadığı binaya vurulan xatirə lövhəsinin
açılış mərasimi keçirilib.
Tədbirdə
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Rafiq Quluyev, Naxçıvan Muxtar Respublikasının
Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar
Əsgərov, Beynəlxalq dərəcəli hakim, idman
ustası Hicran Şərifov və şəhidin ailə
üzvləri, yaxınları, döyüş
yoldaşları və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Mərasimdə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin
ruhuna ehtiramlarını ifadə edib, şəhidin xatirə
lövhəsinin qarşısına tər güllər düzüblər.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 30 illik həsrətə son qoyaraq bizi ərazi bütövlüyümüzə qovuşduran şəhidlərimizin adlarını, xatirələrini xalqımız hər zaman uca tutur və dərin ehtiramla yad edir: “Ənənəvi olaraq rayonumuzun ərazisində Qarabağ müharibəsində öz canı bahasına Qələbəni bizə yaşadan şəhidlərimizin adlarını müxtəlif formatlarda anır, xatirələrini əbidiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz şəhidlərimizin adını və xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və qəhrəmanlıqlarını gənc nəslə nümunə olaraq onların yaddaşlarına həkk etməkdən ibarətdir.”
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhid olan hərbçilərimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, bu qəhrəmanların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını qeyd edib: “30 il düşmən əsarətində qalan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hərbi-siyasi uğuru və ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub. Şəhidlərimizin şərəfli həyat və döyüş yolu, misilsiz şücaəti gənclərimiz üçün bir örnəkdir. Hələ neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, onların milli ruhda tərbiyəsinə stimul olacaq. Şəhidlərimizin valideynlərinə belə vətənpərvər, cəsur, əzmkar övlad böyütdükləri üçün minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”
Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov şəhidimizin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri qəhrəmanlıqdan bəhs edib: “Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərimiz bütün dünyaya səs saldı. Qəhrəman Vətən oğullarımız “Vətəndən pay olmaz” deyib silaha sarılıb, şəhidlik zirvəsinə ucaldılar. Prezident İlham Əliyev bu şanlı Qələbəyə imza atmaqla bir daha Azərbaycan xalqının nə qədər məğrur, yenilməz, həmrəy xalq olmasını bütün cahana bəyan etdi. Şanlı Qələbəmizə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən polkovnik-leytenant Sədi Musayevin, əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin. “
Şəhidin döyüş yoldaşı, polkovnik Aydın Şıxəliyev polkovnik-leytenant Sədi Musayevin Vətənə bağlılığından, torpaq sevgisindən söz açıb. Polkovnik-leytenant Sədi Musayevin timsalında bütün şəhidlərimizlə qürur duyduğunu vurğulayıb, Allahdan rəhmət diləyib: “Sədi Musayevin Vətən müharibəsində döyüş yolu qısa oldu. Onun kimi bir qəhrəmanın döyüşün ilk günlərində şəhidlik məqamına yüksəlməsi ordu üçün böyük itki oldu. Sədi Qarabağın azadlığını, o torpaqlarda dalğalanan bayrağı görmək arzusunda idi. O həmin azadlığa yol acan qəhrəman kimi tarixin yaddaşında qaldı. “
Şəhidin anası Nəsibə Musayeva vurğulayıb ki, bu gün həm fəxr ediləsi, həm də ağır bir gündür. Sədi ilə çox fəxr edirəm: “Qürur duyuram ki, belə igid oğul böyütmüşəm. Övladdan əlavə o, mənim dostum, sirdaşım idi. Hər zaman bir valideyn kimi mənim başımı necə uca etmişdisə, indi də Vətənimizin başını uca etdi. Sədi haqqında nə qədər danışsam yenə də azdır. Onun ən böyük arzusu idi ki, Şuşanı işğaldan azad olunması əməliyyatında iştirak etsin. Mənə deyirdi ki, ana, Şuşanı azad edək, səni Şuşaya aparacağam. Bir yerdə oranı doyunca gəzərik. Allah bütün şəhid ailələrinə səbir versin. Şəhidlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Şəhidin anası Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildirib.
Tədbirin sonunda məktəblilərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Xatırladaq ki, Sədi Musayev hələ sağlığında orduda göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Qüsursuz xidmətə görə” lll dərəcəli medalı, “Qüsursuz xidmətə görə” ll dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdu. Şəhadətə ucaldıqdan sonra isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin igid döyüşçü "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Yaqut Ağaşahqızı
İki sahil.-
2021.- 29 sentyabr.- S.6.