Akademik: Tək Azərbaycanın yox, bütün dünyanın
Nizami Gəncəviyə
ehtiyacı var
“Dünyamiqyaslı,
dünyanın böyük söz sənətkarları Homerdən
başlamış Şekspirə qədər bütün
böyük söz sənətkarlarının adı çəkiləndə
biz görə bilərik ki, Nizami Gəncəvinin adı
mütləq orda ən şərəfli yerdədir.”
Bu sözləri
“İki sahil” qəzetinə açıqlamasında
Azərbaycanda Atatürk
Mərkəzinin direktoru,
Milli Məclisin deputatı akademik Nizami Cəfərov demişdir. O bildirmişdir
ki, ona görə
də bu ilin “Nizami İli”
elan olunması çox böyük hadisədir: “Azərbaycan Prezidenti bunun nə qədər əhəmiyyətli olduğunu
öz çıxışında
qısaca olaraq göstərdi. Həm də qeyd olundu
ki, Azərbaycanda Nizami Gəncəvi yaradıcılığına dövlət
səviyyəsində, ictimai-siyasi
səviyyədə diqqət
həmişə yüksək
olub.”
Deputat qeyd etmişdir
ki, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələn
zaman “Literaturnaya qazeta”ya verdiyi müsahibəsinin başlığının
Nizami Gəncəvinin
“Qoy ədalət zəfər çalsın!”
sözləri ilə qoyulması da təsadüfi deyil:
“Nizami Gəncəvinin
bu ideyası Azərbaycan xalqına və dövlətçiliyimizə
hər zaman lazım olub. Biz ötən ilin sonlarında da gördük ki, Azərbaycan mütəşəkkil və
güclü olub bir yumruq kimi
birləşəndə onun
ədaləti zəfər
çalır. Bu, bizim
Nizami Gəncəviyə
olan ehtiramımız,
ulu əcdadımızın
bizə verdiyi o nəsihətin xeyridir ki, biz də
bundan bəhrələndik
və Ali Baş Komandanımızın
və şanlı Ordumuzun sayəsində 44 günlük Vətən müharibəsini zəfərlə
başa vurduq.”
Akademik onu da vurğulayıb ki, Azərbaycanda olduğu kimi, eyni zamanda
Oksfordda da bizim hörmətli akademikimiz Nərgiz xanım Paşayevanın rəhbərliyi ilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqaz Araşdırmalar Mərkəzi
illərdir ki, çox böyük uğurla fəaliyyət
göstərir: “Mən bir neçə
dəfə orada keçirilən tədbirlərdə
iştirakım zamanı
Mərkəzin istər
rəhbərliyinin, istərsə
də alim və mütəxəssislərinin
o Mərkəzə nə
qədər hörmət
və ehtiramla yanaşdığının şahidi
olmuşam.
Azərbaycanda N.Gəncəvinin yaradıcılığı
ilə bağlı tədqiqat işləri davam edir. Bərdədə
genişmiqyaslı arxeoloji
araşdırmalar aparılır.
İşğaldan azad
olunmuş ərazilərimizdə
aparılan bərpa və yenidənqurma işlərindən sonra həmin ərazilərimizdə
də tədqiqat işləri genişləndiriləcək.
Biz bu il
Nizami Gəncəvi yaradıcılığını, onun humanist ideyalarını
dərindən dərk
edib mənimsəyəcəyik.
Biz Nizami Gəncəvini, onun yaradıcılığını yenidən daha geniş şəkildə
bütün dünyaya
təbliğ edəcəyik. Çünki tək Azərbaycanın yox, bütün dünyanın Nizamiyə ehtiyacı var.”
Röya Rasimqızı
İki sahil.- 2021.- 12 yanvar.- S.10.