Həyatını musiqi sənətinə

bağlayan fədakar insan

 

Azərbaycan Milli Konservatoriyası  nəzdində Musiqi Kollecinin mədəniyyətimizin, professional musiqi təhsilinin inkişafında,  milli musiqimzin  korifeyləri sırasına  yüksəlmiş  sənətkarların yetişməsində  mühüm  rolu vardır. Dünya şöhrətli bəstəkarlar, görkəmli musiqi xadimləri, adlı-sanlı sənətkarlar, müğənnilər,  ustad ifaçılar, pedaqoqlar yetirən sənət ocağının  məzunlarından  biri  Nazim Kazım oğlu Kazımovdur. Onun keçdiyi ömür yoluna,  həyat və fəaliyyətinə, sənət  yolunda  qazandığı  nailiyyətlərə  nəzər  salarkən iftixar və qürur hissləri ilə yazır və  söhbət açıram.   

...1974-cü ilin payız günlərindən biri idi. Pəncərələri dahi bəstəkar Üzeyir Hacıbəylinin  heykəlinə sarı baxan otaqlardan həzin və lirik musiqi sədaları eşidilirdi.  O zaman gənc jurnalist  kimi Konservatoriyaya  ilk dəfə gəlmişdim. Görkəmli bəstəkar, Xalq artisti, professor Səid Rüstəmovun   tar sinifinin tələbələri və uşaqlıq dostum  Nazim Kazımov  ilə görüşdüm. O, yeni dərsə hazırlaşır,  məşq edir,  tar çalırdı... Onunla  hal-əhvaldan  sonra: “İstəyirsən, sənin üçün  çalım...”, deyə  tarı yenidən  dilləndirdi...  Onun  barmaqları tarın pərdələri üzərində “uçduqca”  “Şur” muğamının şən və lirik  duyğular yaradan musiqisi   məni ehtizaza  gətirırdi... Bu görüşdən sonra   Nazimin  bənzərsiz  ifasının   təsiri  ilə  “Qaranquş barmaqlar” adlı yazının üzərində düşündükcə   xəyal məni  yaxın keçmişə apardı...

Nazim Kazımov 1950-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub. İlk həzin laylaları  körpəsinə Həcər ana oxuyub, ərməğan edib... Naxçıvanın  sayılıb-seçilən ziyalılarından olan Kazım kişi  uşaq yaşlarından  oğlunun qavrama və duyma qabiliyyətinin  yüksək olduğunu müşahidə edib. Nazim uşaqlıqdan  Araz üstü qədim Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində boy atıb,  bu məskəndə Üzeyir Hacıbəyov adına 1 saylı orta  məktəbdə  oxuyub...

...Yaxşı yadımdadır. Keçən əsrin 60-cı illərinin əvvəlində bir qrup şagird   Naxçıvan  Şəhər  Pioner və Məktəblilər Evinin tar dərnəyinin, həm də “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının üzvləri idik. Tar müəllimimiz uşaqlıqdan  dünya işığına  həsrət  qalan, ustad sənətkar, tar, qarmon, qaval  alətlərinin mahir ifaçısı, toy şənliklərində oxuyan və mahnılar bəstələyən,  Naxçıvan MR Əməkdar artisti  Səfər Rəcəbli idi. Səfər müəllimin  rəhbərlik etdiyi  dərnəyin üzvləri  çox idi. Əkrəm Məmmədov,  Afət Novruzov,  Ələkbər Ələkbərov,  Nazim  Quliyev,  Arif Quliyev, Tariyel Abbasov, Məhərrəm Məmmədov və başqaları.

(Onlardan  çoxu hazırda  Azərbaycanın tanınmış, adlı-sanlı musiqiçiləridir.)  Səfər müəllim tarda çalmağı  öyrətdiyi  uşaqlara diqqət və qayğı ilə yanaşır,  məşğələlərdə ifaçılıq qaydalarına   düzgün əməl edilməsinə xüsusu diqqət yetirirdi.  Bu dərnəkdə ilk müəllimindən  mahnı və muğamları öyrənən  Nazim  hələ  12 yaşında  ikən  xalq çalğı  alətləri  ansamblının   ən fəal  üzvlərindən  sayılırdı. Nazim  Kazımovun  sənət yolu  məhz bu dərnəkdən  başladı.

Xalqımızın milli musiqi aləti olan tara sonsuz maraq Nazimi  əvvəlcə Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbinə, sonra da Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gətirdi. Texnikumun xalq çalğı alətləri şöbəsinin tar sinifinə daxil oldu. Burada  oxuya-oxuya qiyabi yolla Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsinə qəbul olundu, filoloq təhsili aldı. Sonra ali musiqi təhsili almaq arzusu ilə Azərbaycan Dövlət Konservatoriyasının  xalq  çalğı alətləri  şöbəsinə daxil  oldu. Bu musiqi  ocağında  Xalq artisti, Dövlət  mükafatı laureatı, professor Səid Rüstəmovun (tar ixtisası üzrə) və Xalq artisti, professor Süleyman Ələsgərovun (dirijorluq ixtisası üzrə) tələbəsi oldu. Nazim sevib qəlbən bağlandığı tar sənətinin nəzəri-praktiki məsələlərini mükəmməl mənimsədi, sənətin incəliklərinə yiyələndi. O vaxt  görkəmli bəstəkarımız Səid Rüstəmov öz kitabı üzərində iftixar hissi ilə tələbəsi haqqında   yazmışdı: “Çox qabiliyyətli, həssas musiqiçi, həmsənət,   həm də taleyin gərdişi ilə mənim  tələbəm  Nazim Kazımova ən gözəl arzularla...”

Nazim Kazımovun əmək həyatının  16 ili  Əli Bayramlı şəhər uşaq musiqi məktəbi ilə bağlıdır. O,  bu məktəbdə əmək fəaliyyətinə başlayaraq illər ötdükcə tar müəllimi, direktor müavini və direktor vəzifələrində çalışdı. Bu illərdə  Şəhər Sovetinin deputatı kimi məktəbin şöhrətinin artırılması naminə  bütün bilik və bacarığını  uşaqların musiqi-estetik tərbiyəsinin inkişafına həsr etdi. Yeni  musiqi kollektivlərinin- xalq çalğı alətləri orkestrinin və ansamblının, muğam məclislərinin yaradılmasına nail oldu. Onun  yetirmələri-Ariz Abduləliyev, Fəxrəddin Qafarov,Vaqif Abuzərov, Vüqar Nəzərov musiqi məktəbi şagirdlərinin ifaçılığı  üzrə Respublika müsabiqələrində laureat adına layiq görüldülər. Yetirmələrindən  bir çoxu  hazırda  müstəqil ölkəmizdə musiqi təhsilinin inkişafı, müasir tələblər  səviyyəsində qurulması naminə  böyük həvəslə  çalışırlar.

Nazim müəllimi 1992-ci ildə bilikli, bacarıqlı və səriştəli kadr kimi irəli çəkdilər. Respublika Təhsl Nazirliyində işə götürüldü. 10 il müddətində inspektor, aparıcı mütəxəssis, rəis müavini vəzifələrində çalışdı.Təşəbbüskarlığını, işgüzarlığını, qabiliyyətini nəzərə alaraq Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə irəli çəkildi və kollektiv üzvlərinin böyük hörmətini qazandı.

Böyük təşkilatçılıq baçarığı ildən-ilə Nazim müəllimə uğurlar gətirdi. Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim, dosent,  xalq çalğı alətləri kafedrasında professor vəzifələrində çalışdı. 2001-ci ildə Nazim Kazımovu Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü  fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrildi.

Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyətinə görə  Nazim Kazımov müxtəlif vaxtlarda Fəxri fərmanlara, ”Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, “Qızıl qələm”  mükafatına layiq görüldü. Azərbaycan Respublikası  Ali Attestasiya Komissiyasının qərarı ilə (13 iyun 2008- ci il) ona  professor  elmi adı verildi. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə misiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafında  xidmətlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə  “Əməkdar incəsənət xadimi” fəxri adı verildi.

Keçən əsrin 90-cı illərindən başlayaraq Nazim müəllimin respublika mətbuatında məqalələri dərc edildi, tezisləri, proqramları, dərslikləri və monoqrafiyaları müxtəlif nəşriyyatlarda çap olundu. Beləliklə, “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda  namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi aldı.

N. Kazımovun müxtəlif  illərdə nəşriyyatlarımızda buraxılan “Səid Rüstəmov”, “Asəf Zeynallı”, ”Musiqi kolleci-110”, “Adil Gəray Məmmədbəyli”  monoqrafiyaları və bir sıra musiqi dərslikləri sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir.

Pedaqoji elmlər dokroru, professor Vidadi Xəlilovin ”Sadiqlik numunəsi“ adlı kitabı  görkəmli musiqi pedaqoqu, Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nazim Kazımovun həyat və yaradıcılığından bəhs  edir.

Son illər Musiqi Kolleci tələbələrinin qazandığı nailiyyətlər daha ürək açandır. UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam ifaçılığı musabiqələrində Kollecin tələbələri böyük uğurlara imza atırlar.  2005-ci ildə  müsabiqənin final mərhələsində  yarışan 20 iştirakçıdan 14-ü Kollecin məzunları və  tələbələri oldular. Bu və sonrakı müsabiqələrdə Kollecin  məzun və tələbələrindən Təyyar  Bayramov, Babək Nİftəliyev, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə Ərəbova  müsabiqədə I-III yerləri tutdular, bir çoxları  lauret adlına layiq görüldü.

Bütün həyatını musiqi sənətinə  bağlayan, öləkəmizdə  ustad tarzən və alim-pedaqoq  kimi tanınan  Nazim müəllim  Azərbaycan Musiqi  mədəniyyəti və təhsilində  böyük və mühüm  tarixi yeri, şöhrəti və nailiyyəti olan Musiqi Kollecinin direktoru vəzifəsini şərəflə və ləyaqətlə yerinə yetirir. Onun kollecdə yaratdığı sağlam tədris mühiti, fəal iş şəraiti, səmimi münasibətlər sayəsində  uğurların  sayı getdikcə artır.

Kollecdə görkəmli adamlarla, tanınmış musiqi xadimləri, bəstəkarlar, incəsənət ustaları ilə görüşlərin, yubileylərin, kütləvi  bədii tədbirlərin, tələbələrin hesabat konsertlərinin keçirilməsi ənənəyə çevrilmişdir. Bu tədbirlər tələbələrin ifaçılıq qabiliyyətini təkmilləşdirir, dünya görüşünü artırır, səhnə mədəniyyətinə  yiyələnmələrinə səbəb olur.

Kollektivin sevimlisi olan Nazim  Kazımov təşkilatçılıq bacarığı, peşəsində professionallığı, pedaqoji təcrübəsi, yüksək insani keyfiyyətləri, səmimiyyəti, diqqətcilliyi, qəlbinin genişliyi, həssas, səmimi duyğuları, sadiqliyi, xeyirxahlığı ilə tanınır.  İnsanların xeyir-şərindən qalmayan bir ağsaqqallıq nümunəsi  göstərir,  insanlara kömək edir, əl tutur, xeyirxahlıq göstərir, sevincinə, dərdinə şərik olur.

Bu günlər Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor  Nazim Kazımovun  ünvanına gələn təbriklər, telefon zəngləri və söylənilən ürək sözlərinin ardı-arası kəsilmir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının  20 illiyi münasibətilə, ölkəmizdə milli musiqi təhsilinin inkişafındakı  xidmətlərinə görə Nazim Kazımov  2-ci dərəcəli “Əmək” ordeni ilə  təltif edilmişdir. Biz də  görkəmli musiqi xadimini,  alim-pedaqoqu və  əziz dostumuzu  təbrik edir, ona möhkəm cansağlığı,  uzun və mənalı ömür, yeni yaradıcılıq  uğurları arzulayırıq.

 

Afət Sadıqoğlu

 

İki sahil.- 2021.- 7 yanvar.- S.13.