Mədəniyyətimiz
milli mənsubiyyətimizi
qorumaq üçün əsas
amildir
Ölkə Prezidenti İlham
Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin
olunması ilə əlaqədar videoformatda qəbul edərkən
tarix, ədəbiyyat, dil və dinimizə bağlılıq
fonunda qarşıdakı dövr üçün hədəfləri
diqqətə çatdırdı
“Azərbaycanın
zəngin və təkrarolunmaz mədəniyyəti bizim
qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi,
mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu
xalqımız öz mədəniyyətini qoruyub və bu,
imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi,
milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində
Azərbaycan müstəqillikdən məhrum idi,
xalqımız başqa dövlətlərin tərkibində
yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi,
milli köklərə bağlılığı imkan vermədi
ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz
milli mənsubiyyətimizi qorumaq üçün
başlıca rol oynayıbdır.” Ölkə Prezidenti
İlham Əliyev Anar Kərimovu
mədəniyyət naziri təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən bir daha xalqımızın zəngin
tarixindən, ədəbiyyatından, musiqisindən, milli-mənəvi
dəyərlərindən geniş bəhs edərək hədəfləri
açıqlamışdır: “Mədəni irsimizin
qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin
dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən,
mədəni irsindən xəbərdar olması və gənclərimizin
milli ruhda tərbiyəsi işində Mədəniyyət
Nazirliyinin rolunun yenidən
formalaşdırılmasıdır. İstedadlı mədəniyyət
xadimlərinin mükafatlandırılması və onlara
dövlət tərəfindən verilən dəstək, gənc
nəslin yetişdirilməsi, tarixi abidələrimizin
qorunması, nazirliyin ənənəvi funksiyalarının
davam etdirilməsi və indi əlbəttə ki, azad
edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət
Nazirliyinin əsas vəzifələrindən biri
olmalıdır. Əminəm ki, siz bu vəzifənin öhdəsindən
gələcəksiniz.”
Mənəvi
dəyərlərimizin inkişafı, qorunması
üçün ədəbiyyatımızın, musiqimizin
çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyat,
həm musiqi, həm də Azərbaycan dilinin
saflığını qoruyan sənətdir. Milli-mənəvi
dəyərlərimizin qorunmasında misilsiz xidmətlər
göstərən ulu öndər Heydər Əliyev
varlığımızı təsdiqləyən dilimizin
saflığının qorunmasına xüsusi diqqətlə
yanaşmışdır. Azərbaycan dili uzun illəri əhatə
edən formalaşma dövründə siyasi, dini, mədəni
münasibətdə olduğu xalqlar arasında ünsiyyət
vasitəsi kimi başqa dillərə də təsir
etmişdir. Xalqımızın ən qiymətli sərvəti
olan dilimizə başqa millətlərin nümayəndələrinin
verdikləri qiymətdən də aydın olur ki, səlis,
axıcı, ahəngdar Azərbaycan dili türkdilli xalqlar
arasında da seçilir və sevilir. Ölkəmizdə
yaşayan və dinindən, dilindən, milliyyətindən
asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul
edən bütün vətəndaşlar üçün
ünsiyyət vasitəsi olan Azərbaycan dilinin
xalqımızın elmi, bədii məntiqi təfəkkürünün
formalaşması və inkişafında böyük rolu
olmuşdur. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan
xalqının ən böyük milli sərvətidir”
söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi
ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri
vardır ki, onun qorunması, zənginləşdirilməsi,
inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən,
peşəsindən, vəzifəsindən
asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq
borcudur. Ulu öndər Heydər Əliyevin dil siyasətini,
dilimizə diqqət və qayğısını eyni məsuliyyətlə
davam etdirən Prezident İlham Əliyev “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” Sərəncamı imzalamaqla bu
istiqamətdə nəzərdə tutulan və həlli vacib
prioritetləri müəyyənləşdirdi. Sərəncama
uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elminin ən gözəl nümunələrinin təbliğini
genişləndirmək və gələcək nəsillərə
çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər
kiril qrafikasında çap olunmuş əsərlərin
latın qrafikası ilə yenidən nəşri kütləvi
şəkildə həyata keçirildi.
Prezident
İlham Əliyevin “Azərbaycan
dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Fərmanında
da ana dilimizin qorunması üçün həyata
keçiriləcək islahatlar, hədəflər əksini
tapıb. Fərmanda qeyd olunduğu kimi, respublikamız müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının
bütün sahələrində daha geniş istifadə edilməyə
başlanmış, onun dövlət dili kimi maneəsiz
inkişafı üçün münbit zəmin
yaranmışdır.
Ana
dilimizin yad təsirlərdən qorunması naminə
aparılan islahatlar, həyata keçirilən tədbirlər
nəticəsində mükəmməl qrammatik quruluşa, zəngin
lüğət tərkibinə və ifadə vasitələrinə
malik Azərbaycan dilinə başqa millətlər tərəfindən
də maraq göstərilir. Fərmanda qeyd olunduğu kimi,
bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə
və düzgün istifadə edilməməsi halları hələ
də kifayət qədərdir.
Qeyd edilən
videoformat şəklində qəbulda da “Əsrlərboyu bizi
xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan
dilidir” söyləyən dövlətimizin
başçısı İlham Əliyev bildirmişdir ki, Azərbaycan dilinin qorunması
hamımızın vəzifəsidir: “Mən ana dilinin
qorunması ilə bağlı müxtəlif vaxtlarda öz
sözlərimi demişəm. Azərbaycan Milli Elmlər
Akademiyasının kürsüsündən və digər tədbirlərdə
demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq
dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi
nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri
arasında xüsusi yeri vardır.”
Təəssüf
doğuran bu məqam da xüsusi qeyd edilmişdir ki, son vaxtlar
Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr
dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir:
“Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti
qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin
qorunması üçün çox ciddi işlər
aparmalıdır. Müxtəlif tədbirlər
görülür, proqramlar var, ancaq gündəlik həyat onu
göstərir ki, biz bəzi hallarda dilimizin
saflığının pozulmasını görürük. Mən
bunu mətbuat orqanlarından, televiziya məkanından
görürəm və əlbəttə ki, bunun
qarşısı alınmalıdır. Biz əsrlərboyu
dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün
dünyada 50 milyondan çox insan üçün Azərbaycan
dili ana dilidir.”
Tarixə
söykənərək inkaredilməz olan bu reallıq da
önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin,
dilinin əlindən alınması onun məhvi deməkdir.
“Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, milli-mənəvi ənənələrimizlə,
böyük tariximizlə fəxr edə bilərik” söyləyən
ulu öndər Heydər Əliyev
daim bu
çağırışı etmişdir ki, gələcəyimiz
olan gənclər milli-mənəvi dəyərlərimizi
unutmamalı, tariximizi, ana
dilimizi bilməli və qorumalıdır. Bir əsas məqamı
da qeyd edək ki, ulu öndər Heydər Əliyev Azərbaycan
xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti
tarixində iz qoymuş böyük şəxsiyyətlərin
abidəyə çevrilməsinin xalqın milli
varlığına, milli duyğularının güclənməsinə
son dərəcə müsbət təsirini xüsusi
vurğulayırdı. Ulu Öndərin təşəbbüsü
ilə bilavasitə təşkilatçılığı ilə
Bakının ən görkəmli yerlərində
xalqımızın milli varlığının
daşıyıcısı olan böyük insanların əzəmətli
heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin
hər biri üçün bir mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri yaradılmışdır. Son
17 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi atılan davamlı addımlardan
daha aydın görünür. Bütün bunlara əmin olmaq
üçün təkcə son illərə diqqət yetirmək
kifayətdir. Cənab İlham Əliyevin Sərəncamı
ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi, həmçinin
“1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında” Sərəncamı,
“Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Fərmanı, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci
ilin “Nizami Gəncəvi İli”
elan edilməsi də deyilənlərin təsdiqidir.
Azərbaycan
mədəniyyətinin, milli-mənəvi sərvətlərinin qorunub saxlanılmasında Heydər
Əliyev Fondunun da proqram və
layihələri diqqəti cəlb
edir. Beynəlxalq səviyyəli
dialoqlarda iştirakı ilə
bəşəri dəyərlərə sadiqliyini,
Azərbaycanın dünya mədəniyyətinin bir
parçası olduğunu əməli fəaliyyəti ilə
təsdiqləyən Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva “Mən bu kürsüdən istifadə edərək
bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın
bu günü və sabahı naminə gələcəkdə
də çalışmağa
hazırdır. Bu yolda bizə dəstək verən, yardım
edən hər bir insana, hər bir quruma - istər dövlət,
istər qeyri-dövlət qurumuna, - bizimlə birgə, əməkdaşlıq
yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı
çatdırıram” söyləyərək, hər bir uğurun əsasında
yüksək məsuliyyət hissinin dayandığını
bildirir. Ölkə daxilində
və dünya arenasında
həyata keçirdiyi layihələrin əhəmiyyətini
nəzərə alan ölkə Prezidenti İlham
Əliyev Mehriban xanım
Əliyevanı Vətənimizin ən ali mükafatı - “Heydər Əliyev Mükafatı”
ilə təltif edərkən
bildirmişdir ki, Fondun
bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə,
müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın
milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu
şərəfli funksiyalar bu
Fondun üzərinə düşür.” Bunu da xüsusi qeyd
etməliyik ki, milli sərvətimiz olan muğam sənətinin
yenidən inkişafı və beynəlxalq arenaya
çıxarılması məhz Heydər Əliyev Fondunun və
Mehriban xanım Əliyevanın
şəxsi təşəbbüsü nəticəsində
mümkün olmuşdur. Həmçinin aşıq sənətinin,
Novruz bayramının, İçərişəhərin, tar
ifaçılığı sənətinin UNESCO-nun nadir,
şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla
bu təşkilat arasında olan əməkdaşlığın
davamlılığına işıq salır. Bir sözlə,
bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin
beynəlxalq məkanda dəyərləndirilməsində bir
körpü rolunu oynayır. Dövlətimizin
başçısı qeyd edilən görüşdə bir
daha Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin
dünyada təbliği istiqamətində görülən
işlərdən bəhs edərək bildirmişdir ki,
çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə
böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq
bir haldır. Çünki bəzi hallarda gənclər daha
çox populyar musiqiyə, yəni,
bəzi hallarda xarici musiqiyə üstünlük verirlər.
Mən çox şadam ki, bizim gənclərimizin mütləq
əksəriyyəti milli incəsənətimizə, musiqimizə
bağlı olan insanlardır. Əlbəttə ki, bizim
tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində
öz rolunu oynayırlar: “Bildiyiniz kimi, mənim Sərəncamımla
bir neçə muğam mərkəzi
yaradılmışdır – Bakı şəhərində,
Ağdam və Füzuli rayonlarında, digər rayonlarda.
İndi isə bu muğam mərkəzləri artıq
işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır.”
Cənab
İlham Əliyev işğaldan azad edilmiş
torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən,
dini, tarixi abidələrimizi dağıtmalarından, məscidlərimizdə
donuz saxlayaraq ümumilikdə müsəlmanları təhqir
etmələrindən bəhs edərək bu əminliyi ifadə
etmişdir ki, ermənilər bu əməllərinə
görə beynəlxalq hüquq çərçivəsində
cəzalandırılacaq,
bütün ərazilərimiz, o cümlədən
Qarabağın incisi olan Şuşamız əvvəlki
simasına qayıdacaq. Ölkə Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin
paytaxtı elan edib. Azərbaycanın Üzeyir Hacıbəyli,
Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli,
Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir,
Əhməd bəy Ağaoğlu kimi məşhur
ziyalıları, sənətçiləri əslən
şuşalıdırlar.
XIX əsrin
sonu və XX əsrin əvvəllərində Şuşa
Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa
"Kiçik Paris", "Qafqazın sənət məbədi",
"Azərbaycan musiqisinin beşiyi" və
"Zaqafqaziyanın konservatoriyası"
adlandırılıb.
Dövlətimizin
başçısı bildirib ki,
Şuşada Vaqif poeziya günləri, “Xarı
bülbül” festivalı bərpa edilməlidir: “Bir daha deyirəm,
Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir,
“Xarı bülbül” festivalı bərpa olunmalıdır.
İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu
yol çox çətin relyefi olan ərazidə çəkilir.
Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu
iki tədbir Şuşa şəhərində keçirilməlidir
-“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri.”
Prezident İlham Əliyev 44 günlük müharibə dövründə xarici mediaya müsahibələrində işğaldan azad edilmiş ərazilərlə bağlı danışarkən "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" fikirləri ilə bir çox məqamlara aydınlıq gətirmişdir. Şuşa azad edildi, cənab İlham Əliyev bu müjdəni xalqımıza çatdırarkən qürur hissi ilə bildirmişdir ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Artıq bu gün quruculuq, bərpa işləri həyata keçirilir. Çox yaxın zamanlarda Şuşamızın, bütün işğaldan azad edilmiş ərazilərimizin əvvəlki simasına qayıtdığını görəcək, Qarabağlı Azərbaycanımızla qürur duyacağıq.
Milli-mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza, dilimizə və dinimizə bağlılığımız ruhunda Azərbaycanın işğaldan azad edilmiş əraziləri də yaxın zamanlarda müxtəlif sivilizasiyalararası və dinlərarası dialoqların keçirilməsi üçün ideal məkan kimi seçiləcək. Bu baxımdan Azərbaycanın beynəlxalq aləmdə ənənələri olan ölkə kimi tanınması və nüfuz qazanması da təsadüfi deyil.
Yeganə
Əliyeva
İki sahil.- 2021.- 7 yanvar.- S.7.