"Nizami Gəncəvi
İli" :
Zəngin tarixi-mədəni
irsimizin təbliğinə böyük töhfə
Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev
bildirirdi ki, insanlara şeir qədər, ədəbiyyat qədər,
mədəniyyət nümunələri qədər
güclü təsir edən, yəni insanların mənəviyyatına,
tərbiyəsinə, əxlaqına, fikirlərinin
formalaşmasına bu qədər güclü təsir
göstərən başqa bir vasitə yoxdur.
Ümummilli
Liderin hakimiyyətinin hər iki
dövrünə nəzər salsaq, bu mühüm məqamın
şahidi olarıq ki, daim tərəqqisi
üçün çalışdığı, zəngin mədəniyyəti,
ədəbiyyatı,
böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək
nəsillərin taleyini
düşündüyünə görə doğma
Azərbaycanı üçün möhkəm baza
formalaşdırıb. Nəzərə alsaq ki, hər bir xalqın
varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi
dəyərlərində ehtiva
olunur, bu halda ulu öndər Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra ilk
görüşünü məhz
ziyalılarla keçirməsinin də nə qədər
böyük əhəmiyyətə malik, bugünümüzə
və gələcəyimizə hesablanmış mühüm
addım olduğunu daha dərindən dərk edə bilərik.
Ümummilli Lider tariximizə sahib
çıxmağı, tariximizin
saxtalaşdırılmasına yol verməməyi
qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin,
dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək
nəsillərə çatdırılması
yönümündə atdığı davamlı
addımların miqyası genişdir. Ümummilli Lider,
eyni zamanda, gənclərə bu
çağırışı edirdi ki, tariximizi, ədəbiyyatımızı
yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi
qoruyun.
Son 17 ildə
ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün
istiqamətlərdə uğurla davam etdirən Prezident
İlham Əliyev
2011-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağında
bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət
yönəldərək konkret tapşırıqlarını
vermişdir. “Müstəqillikdən
əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz,
milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız,
musiqimiz olub” söyləyən dövlətimizin
başçısı qeyd etmişdir ki, bu sahəyə dövlət tərəfindən
daim diqqət göstərilir. İllik ümumi
yığıncaqda Prezident həmçinin ədəbiyyat
üzrə araşdırmaların
davam etdirilməsinin vacibliyini diqqətə
çatdırmışdır: "Çünki ədəbiyyatımız
dünya ədəbiyyatının inkişafında çox
böyük rol oynamışdır. Biz haqlı
olaraq bu barədə qürur hissi ilə danışa bilərik." Cənab İlham Əliyevin Sərəncamı
ilə 2019-cu ilin "Nəsimi
ili", 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsində də məqsəd
Nəsimi irsinin, Nizami Gəncəvi
yaradıcılığının
Azərbaycan xalqının mənəviyyat xəzinəsində
rolu və yerini təbliğ etmək, gənc nəslə
çatdırmaqdır. Əvvəldə də
qeyd etdiyimiz kimi, bu ənənələrin əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub.
Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin,
S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq
Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə keçirilib, bəzilərinin
ev-muzeyləri yaradılıb. Hazırda həmin
ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin
zəngin irsi və yaradıcılığı geniş tədqiq
və təbliğ edilir. Dövlətimizin
başçısı İlham Əliyevin 2019-cu ili "Nəsimi ili",
2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsi də Ulu Öndərin
bu istiqamətdə gördüyü
işlərin uğurlu davamıdır.
Ümummilli
Lider dünya
təcrübəsinə istinadən bildirirdi ki, yubileylərin keçirilməsi bir
tərəfdən yubilyarın xalq, ölkə, dünya
qarşısında xidmətlərini bir daha təbliğ və
nümayiş etdirmək, digər tərəfdən müasir
nəslin ona bəslədiyi hörmət və ehtiramı
bildirmək deməkdir. Dahi
şair və mütəfəkkir Nizami Gəncəvinin
insanları daim əxlaqi kamilliyə çağıran və
yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin
yaradıcılığının bəşər mədəniyyətinin
nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə
alaraq anadan olmasının 880
illik yubileyinin dövlət səviyyəsində
qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni
irsinin təbliğinə çox böyük töhfədir.
Nizami yaradıcılığı xalqımızın mənəviyyatının
ayrılmaz hissəsinə çevrilmişdir. Nizami
Gəncəvi üçün şəxsiyyətin ən
yüksək meyarı insanlıq idi. Onun qəhrəmanları
ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər
uğrunda mübarizə aparırlar. İnsan
şəxsiyyətinə, insan əməyinə ehtiram
şairin yaradıcılığının aparıcı
mövzularındandır. Nizami Gəncəvi
həm də vətənpərvər şair idi. O, təsvir
etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə,
Vətəninin keçmiş günlərini tərənnüm
etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən
məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq
ideyası ilə birləşir.
Qüdrətli söz ustasının bəşəriyyətin
bədii fikir salnaməsində yeni parlaq səhifə
açmış ölməz əsərləri bu gün də
insanların mənəvi-əxlaqi kamilləşməsinə
misilsiz xidmət göstərir. Korifey sənətkar
öz ənənələri ilə seçilən ədəbi
məktəbini yaratmışdır. Nizami
Gəncəvinin dünyanın ən zəngin
kitabxanalarını bəzəyən əsərləri Şərqdə
incəsənətin, xüsusən də miniatür sənətinin
inkişafına təkan vermişdir.
Dövlətimizin
başçısı İlham Əliyevin 2021-ci ilin
"Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamında
da qeyd edildiyi kimi, nəhəng sənətkarın
xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə
çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin
misilsiz mədəni sərvətlər xəzinəsində
özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrüboyu dövrün mühüm
mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan
şəhəri Gəncədə yaşayıb yaradaraq,
Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik
düşüncə tarixini zənginləşdirən ecazkar
söz sənəti incilərini də məhz burada ərsəyə
gətirmişdir. Onun geniş şöhrət
tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi
fikrinin zirvəsində dayanır. Mütəfəkkir
şair çox sayda davamçılarından ibarət
böyük bir ədəbi məktəbin bünövrəsini
qoymuşdur. Nizaminin ən məşhur
kitabxana və muzeyləri bəzəyən əsərləri
Şərq miniatür sənətinin inkişafına da təkan
vermişdir.
Nizami dühası hər zaman dünya şərqşünaslığının
diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin
öyrənilməsi və tanıdılması sahəsində
xeyli iş görülmüş, əsərlərinin
nizamişünaslıqda yüksək qiymətləndirilən
elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis
tərtibatda və kütləvi tirajla nəşr
edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə
yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri
Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda
və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər
zaman təntənə ilə qeyd edilir. Bu mühüm məqam da
qeyd edilir ki, dahi
şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində
əsaslı dönüş yaratmışdır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın
klassik ədəbi-mədəni irsinə həmişə
milli təəssübkeşlik və vətənpərvərlik
mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev
Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Onun 1979-cu ildə
qəbul olunmuş “Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında” qərar
Nizami yaradıcılığının tədqiqi və təbliği
üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu
Öndərin bilavasitə təşəbbüsü və
iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri
ölkənin mədəni həyatının əlamətdar
hadisəsinə çevrilmişdir. 2011-ci
ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində
silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
Belə
ümumiləşdirmə aparsaq, poeziya dünyasının
dahisi Nizami Gəncəvinin
ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət,
yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik
mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən
əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi
olmaqla bərabər, həm də canlı tariximizdir,
keçmişimizin ən qaranlıq guşələrinə
işıq salan sönməz məşəldir. Mütəfəkkir şairin ədəbi irsinin təbliği
bütün dövrlər üçün öz
aktuallığını qoruyur, ədəbiyyatşünasların
qarşısında onun araşdırılıb daha
sanballı mənbələrin ortaya qoyulmasını bir tələbə çevirir. Bu mərhələ orta məktəbdən
başlasa da, onun geniş miqyasda inkişaf etdirilməsi
üçün hər kəs üzərinə düşən
məsuliyyəti yüksək səviyyədə yerinə
yetirməlidir.
"Azərbaycan
xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu
keçmişi var" söyləyən ulu öndər Heydər
Əliyevin bu çağırışı bütün
dövrlər üçün öz
aktuallığını qorumalıdır: "Xalq gərək
daim öz
kökünü xatırlasın, tarixini öyrənsin, milli
mədəniyyətindən, elmindən heç vaxt
ayrılmasın."
Yeganə
Əliyeva
İki sahil.- 2021.- 7 yanvar.- S.5.