“Elçin teatrı: absurd dram “qeyri-səlis
məntiq” nəzəriyyəsi kontekstində”
Tanınmış teatr xadimi
İftixar Piriyevin monoqrafik araşdırması çap olunub
Bu günlərdə tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Elçin teatrı: absurd dram “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” monoqrafik araşdırması çap olunub.
Monoqrafiyada Avropa absurd teatrının tarixinə qısa və yığcam şəkildə ekskurs edilir. İlk dəfə olaraq ədəbi-bədii mətn tamam fərqli müstəvidə – Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində təhlil olunur. Absurdluqla qeyri-səlislik arasındakı əlaqələr və fərqli cəhətlər elmi, nəzəri, məntiqi cəhətdən əsaslandırılır.
Araşdırmanın maraqli cəhətlərindən biri odur ki, monoqrafiyada Azərbaycanın Xalq yazıçısı Elçinin absurd teatrının məziyyətləri ümumiləşdirilir, onun absurd pyesləri əsasında hazırlanmış tamaşalar haqqında səlis məlumat verilir. Elçin pyeslərində situativ keçidlər enerjinin dəyişməsi kimi səciyyələndirilir. Görkəmli sənətkarın yaradıcılığındakı çoxxətli, çoxjanrlı və “izmlər”lə zəngin olan əsrarəngizliyi, bədii-fəlsəfi yükü, elastik dinamikası, personajların başına gələn metamorfozları “qeyri-səlis məntiqin” gözü ilə mənalandırılır.
İnanırıq ki, “qeyri-səlis məntiq” nəzəriyyəsinin humanitar sahəyə tətbiqi istiqamətində ərsəyə gəlmiş bu monoqrafiya ədəbiyyətşünaslıqda və teatrşünaslıqda ilk elmi araşdırma kimi diqqət çəkəcək.
Bu kontekstdə milli teatr sənətimizdə nəzəri baxışların Elçin dramaturgiyasına yanaşma tərzinin tam fərqli istiqamətdə tətbiqinin aktuallaşdırılmasına yol açacaq, eləcə də Elçinin absurd dram poetikasına təzə baxış bucağı kimi, yeni elmi təhlillərin yaranmasına səbəb olacaq.
İki sahil.- 2022.- 1 aprel.- S.7.