Şuşadan dünyaya açılacaq

mədəniyyət pəncərəsi

 

Şuşa  təkcə Türk, İslam dünyasının mədəniyyət paytaxtı statusu ilə məhdudlaşmayacaq, gələcəkdə bütün dünyanın mədəniyyət paytaxtlarından biri kimi də tanınacaq

İşğaldan azad olunan yurdlarımızın, o cümlədən  Qarabağın baş tacı, mədəniyyət incimiz,  tarixi Zəfərimizin rəmzi olan Şuşanın tarixi əzəmətinin, mədəni, dini irsinin bərpa olunması istiqamətində də türkdilli ölkələr daim öz dəstəklərini göstəriblər. Bu qardaşlıq dəstəyinin daha bir təntənəli nümayişi isə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsidir. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub.

Mədəniyyət incisi olan Şuşa işğaldan azad edildikdən sonra xalqımız tərəfindən  tarixi Zəfərimizin rəmzi kimi dəyərləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev qədim mədəniyyət mərkəzimizin düşməndən təmizləndiyi günün – 2020-ci il noyab­rın 8-nin Azərbaycan tarixində əbədi qalacağını, bu tarixin əbədi yaşayaca­ğını, bu günün bizim şanlı Qələbəmizin, Zəfərimizin günü olduğunu xüsusi vurğu­layıb. Qarabağın incisi işğaldan azad edildikdən sonra daim diqqət mərkəzindədir. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanları baxımından Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir.

Dövlət başçısı  İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan və ilk dönəmlərdə həm də “Pənahabad” adlandırılan Qala şəhərimiz azadlığının ilk 6 ayının tamamında müstəqil dövlətimiz tərəfindən- paytaxt statusu ilə məhz bu şəkildə mükafatlandırıldı.  İSESCO rəhbərinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı isə Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü irəli sürülüb. Cənab Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsinin özü həm dünya ictimaiyyətinin, həm də xalqımızın diqqətinin bir daha qədim Azərbaycan şəhəri olan Şuşaya yönəltmək məqsədi daşıyır.

Müzəffər Ordumuzun şücaəti nəticəsində 29 illik erməni tapdağından xilas edilən “Azərbaycan musiqisinin beşiyi”ndə “Qafqazın Konservatoriyası”nda yeni həyat başlayır. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin  ilk Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya  Füzulidən yüksəkgərginlikli xətlər çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu.

Şəhərdə bərpa-quruculuq layihələri sürətlə gerçəkləşir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri Azərbaycanın bu mədəniyyət pay­taxtında bərpa, tikinti-quruculuq işlərinin geniş miqyas almasına öz müsbət təsirini göstərir. Qısa müddət ərzində şəhərdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, həmçinin “Qarabağ” hotelinin açılışı mərasimlərinin reallaşması bu tarixi şəhərimizin yenidən tikilib-qurulması, abadlaşdırılması, dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilməsi yolunda atılan addımların bariz ifadəsi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşməsidir. Bu quruculuq layihələrinin sürətlə reallaşdırılaraq, Qarabağın tari­xi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlar fonunda şəhərdə ənənəvi tədbirlərin keçirilməsinə də start verilib. Uzun fasilədən sonra Cıdır düzündə “Xarı­bülbül” festivalı reallaşdırılıb. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxış etmələri isə göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri gerçəkləşdirilib, böyük şairin məqbərəsinin yenidən açılışı mərasimi mühüm tarixi hadisə kimi qeyd edilib. 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən bu qədim şəhərimizdə təşkil olunub. Şairin məqbərəsinin yenidən açılışı keçirilib. Şuşa böyük dühaların yaşayıb yaratdığı möcüzəli diyardır, dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər böyük şairlərin yurdudur.

Bu il isə Şuşa yaradılışının 270 illiyini təntənə ilə qeyd edəcək, tarixi ilə bir daha qürurlanacaq. Qarabağın tacının 270 illik yubileyi münasibəti ilə keçiriləcək təbliğati işlər dünyaya səs salacaq və əvvəldə də qeyd etdiyimiz kimi, Şuşanın kimə məxsus olduğu aydınlaşacaq. Bununla da ermənilərin illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması barədə dünyada apardıqları təbliğat iflasa uğrayacaq. Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq.

Qeyd edək ki, 2022-ci ilin "Şuşa İli" elan edilməsi və Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi iqtisadi, sosial inkişaf baxımından da xüsusi əhəmiyyət daşıyır. Hazırda bütün diqqət və resurslar Şuşanın bərpasına və yenidən qurulmasına yönəlib. Əlbəttə, böyük iqtisadi, turizm potensialına malik olan Şuşa şəhərinin bərpası ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. Ən önəmlisi isə odur ki, bu şəhərin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Qarabağda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyacaq. Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq, uzun müddətlik həsrətdən sonra şuşalılar doğma yurdlarında Şuşa İlindən irəli gələn əhəmiyyətli tədbirləri izləyəcək, fərəhlənəcək və qürurlanacaqlar.

Bütün bun­lar deməyə əsas verir ki, Şuşa  təkcə Türk, İslam dünyasının mədəniyyət paytaxtı statusu ilə məhdudlaşmayacaq, gələcəkdə bütün dünyanın mədəniyyət paytaxtlarından biri kimi də tanınacaq. İşğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində abidələrimizin saxtalaşdırmaya və mənimsənilməyə məruz qoyulması ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsinə yeni təkan verəcək.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 6 aprel.- S.6.