Xalqın böyük sevgisini və
etimadını
qazanan qalib PREZİDENT
11 aprel 2018-ci il prezident seçkilərindən
ötən 4 ildə qazanılan uğurların zirvəsində
dayanan tarixi Zəfərimizə söykənərək xöşbəxt gələcəyə
doğru daha böyük inamla addımlayırıq
«Mən 2003-cü ildə, prezident
seçkiləri ərəfəsində xalqa müraciət
edərək demişdim ki, əgər mənə xalq etimad
göstərərsə, mən ulu öndər Heydər
Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam
etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə
inandı, məni dəstəklədi və mən də
öz növbəmdə sözlərimə əməl etdim.»
Dövlət başçısı İlham Əliyev 11 aprel
2018-ci il prezident seçkilərində xalqın 86,02 faizinin səsini
qazanaraq Prezident seçildikdən sonra keçirilən
andiçmə mərasimində bu hədəfi də
açıqlamışdır ki, biz gələcəyə
baxmalıyıq və baxırıq: «Növbəti illərdə
görüləcək işlər haqqında bizim çox
aydın təsəvvürümüz, planlarımız,
proqramlarımız var... Ona görə mən əminəm
ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə
çox böyük nikbinliklə baxırıq.
Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz
daha da güclənsin, daha da qüdrətli dövlətə
çevrilsin, Azərbaycan vətəndaşları daha da
yaxşı yaşasınlar.»
Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri sayca 8-ci seçkidir. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanmışdır.
Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Xalqımız 2003-cü ildən 2018-ci ilədək ölkəmizin qazandığı uğurların fonunda seçki prosesində fəal iştirak edərək inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günündə yenə də beynəlxalq və yerli təşkilatların keçirdikləri “exit-poll”lar səsvermənin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.
Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də müdrik seçim etmişdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun iqtisadi qüdrəti daha da artıb, beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.
Tariximizə yazılan Zəfər Günü dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə atdığı qətiyyətli addımların, ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamının və məhəbbətinin, onun ətrafında yumruq kimi birləşməsinin dünyaya təqdimatı oldu. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəsini güclü, qüdrətli, xalqının yenilməz, məğrur görmək istəyən Lider daim gələcəyə hesablanmış strategiya üzərində çalışacaq, bu strategini təqdim edəcək və onun uğurlu icrasına səy göstərəcək.
Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasına yol açan ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi və siyasi müstəqilliyini təmin etdi, etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.» Dövlət başçısı İlham Əliyevin bugünümüzdən dünənimizə baxış fonunda səsləndirdiyi bu fikirlər 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm» vədinin təsdiqi, sabahımıza olan inam, ən əsası ümummilli Liderin böyük əminliklə ifadə etdiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisinin real həyatda göstəricisidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, ərazi bütövlüyümüzün təmin olunması da cənab İlham Əliyevin Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bu məqamı xüsusi vurğulamışdır: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Təbii ki, hər bir ölkənin inkişafında onun iqtisadi müstəqilliyi əsas rol oynayır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” söyləyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Kompleksi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.
Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Belə ki, 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf edib və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olub.
2003-2018-ci illər ərzində sahibkarlara 2
milyard manatdan çox güzəştli şərtlərlə
kreditlər verilmişdir. Bu kreditlər və
sahibkarların öz vəsaiti hesabına minlərlə yeni
müəssisə yaradılmışdır və qeyri-neft
sektorunun inkişafı təmin edilmişdir. 2003-2018-ci illərdə
iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə
inkişaf etmişdir. 15 il ərzində sözügedən
sahəyə xüsusi diqqət göstərilirdi. Ulu öndər Heydər Əliyevin təməlini
qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə
istifadəyə verildi və ölkə böyük gəlirlər
əldə etməyə başladı. 2007-ci ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı
qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü
il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il 29 may
tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində
isə Əskişəhərdə bu dəhlizin mühüm
hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin
açılışı oldu. Cənub Qaz Dəhlizinə
qoyuldu sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin
böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən
qoyulur. 2020-ci ilin
dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP
istifadəyə verildi.
Hər
bir ölkənin inkişaf dinamikası onun daxili
potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə
çəkisinin, yerinin və
rolunun artmasında ifadə
olunur. Azərbaycanın xarici siyasət uğurlarından bəhs
edərkən bu fikri böyük inamla qeyd edirik ki, Sovet
İttifaqının dağılmasından sonra yaranan 15
dövlətdən yalnız Azərbaycan
dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib. 155
ölkənin dəstəyini qazanmaq böyük uğur,
diplomatik qələbə kimi dəyərləndirildi. Bu mühüm hadisə Azərbaycanın
iqtisadi möcüzəsinin beynəlxalq aləmdə çəkisinə
nə qədər təsir göstərdiyinin aydın ifadəsini
yaratdı.
Azərbaycan
bütövlükdə regionun iqtisadi mənzərəsinə
ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını
müasir tariximizə yazıb. Regional əməkdaşlığın
aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri
davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında
ciddi regional faktora çevrilib. «Bizim xarici siyasətimiz də birmənalıdır,
açıqdır, aydındır və müstəqildir»
söyləyən dövlət başçısı
İlham Əliyev bildirir ki, böyüklüyündən,
kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə
əlaqələrimiz qarşılıqlı hörmət və
milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə
xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan
növbəti uğurları ilə bu xoşbəxtliyinə
yeni əlavələr edir. 2020-ci ilin Zəfəri
xoşbəxtliyimizin ən böyük göstəricisidir.
Ölkəmizin
sözünün imzası qədər dəyərinin
artması, beynəlxalq hüquqa əsaslanan siyasəti
artıq tarixin arxivinə verilmiş Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllini reallığa
çevirdi. Cənab İlham Əliyevin qətiyyəti,
dəyişməz mövqeyi sayəsində Azərbaycan Ordusu
tarix yazdı. Bu Zəfər çoxəsrlik
tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda əbədi
yaşayacaq.
Bu uğurlarımızı
şərtləndirən amillərdən biri də beynəlxalq qurumların
keçmiş Dağlıq Qarabağ problemi ilə
bağlı qəbul etdikləri qərar və qətnamələrində,
həmçinin imzalanan sənədlərdə Azərbaycanın ədalətli
mövqeyinin dəstəklənməsi, qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımız
fonunda ordumuzun artan gücü və
qüdrətidir.
Dövlətimizin
başçısı İlham Əliyev xalqa müraciətlərində
Azərbaycanın iqtisadi imkanlarından bəhs edərkən bu mühüm məqamı da
xüsusi qeyd edir ki, ölkəmiz
nəqliyyat mərkəzlərindən birinə
çevrilib. Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən
keçir. Cənab İlham Əliyev
demişdir ki, keçməyə də bilərdi, əgər
biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər
qonşu ölkələrlə çox yaxşı
münasibətlərimiz olmasaydı. Əgər
onun qonşularla münasibətləri yaxşı deyilsə,
ölkə necə tranzit ölkəyə çevrilə bilər,
bu, mümkün deyil. Ona görə də
xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı
olmasına hesablanıb.” Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın
yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan
dünyanın siyasi xəritəsində böyük əhəmiyyət kəsb edir. Bu
baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm
də digər region ölkələri ilə münasibətlərində
balanslaşdırılmış siyasət yürütməkdədir.
Burada Azərbaycanın
milli maraqları əsasdır.
Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas
olaraq götürülməsi ölkəmizin yerləşdiyi bölgənin
həssas olmasından irəli gəlir. Dövlət
başçısı İlham Əliyev
çıxışlarında bu məqama da xüsusi diqqət
yönəldir ki, xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda
təhlükəsizliyin təmin edilməsində də
mühüm rol oynayır. Azərbaycanda
daxildə təhlükə mənbələri yoxdur. Biz özümüzü
mümkün olan risklərdən öz siyasətimizlə, o
cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə
töhfəmiz də getdikcə artır. Təkcə
təhlükəsizliyə yox, biz təhlükəsizliyi
böyük dərəcədə şərtləndirən
insanlararası, dinlərarası dialoqa da böyük töhfə
veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan
dünya miqyasında multikulturalizmin mərkəzlərindən
biri kimi tanınır. Azərbaycanda bütün xalqların, dinlərin
nümayəndələri çox rahat, bir ailə kimi
yaşayırlar. Eyni zamanda, bu siyasət
dünyaya lazımdır. Toqquşmalar, anlaşılmazlıq,
ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz
dünyada görürük. Biz öz siyasətimizi
ortaya qoyuruq, öz nümunəmizi göstəririk.” Azərbaycan
artıq üçtərəfli, eyni zamanda, dördtərəfli
formatda əməkdaşlıq əlaqələrinin
qurulmasının təşəbbüsçüsü kimi
çıxış edir və bu səylər öz müsbət
nəticəsini verir. İkitərəfli əlaqələrin
yol açdığı Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə,
Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq
formatlarının təşəbbüskarı da məhz
ölkəmizdir. Bu formatlar isə öz növbəsində
əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini,
qarşıya qoyulan hədəflərə yüksək səviyyədə
nail olmağı şərtləndirir.
Azərbaycanın
tarixi Qələbəsini şərtləndirən amillər
sırasında diplomatik müstəvidə
uğurlarımızdan bəhs edərkən Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsini, eyni zamanda,
quruma sədrliyini xüsusi qeyd etməliyik. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə
ev sahibliyi, 2019-2022-ci illərdə quruma sədrlik etməklə onun məqsəd
və məramlarının təşviq olunmasına, beynəlxalq
sülhün, təhlükəsizliyin və əməkdaşlığın
güclənməsinə əsaslı töhfəsini verir və
verəcək. Azərbaycanın
Qoşulmama Hərəkatının nisbətən yeni
üzvü olduğunu önə çəkən dövlət
başçısı İlham Əliyev bu məqamı
mühüm uğurumuz, eyni zamanda, səylərin birləşdirilməsinin
vacibliyi kimi qeyd edir.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri
də yüksələn xətlə inkişaf
etmişdir. Azərbaycanla Avropa
İttifaqı arasında imzalanan «Tərəfdaşlığın
prioritetləri» adlı sənəd bu qurumla ölkəmizin əlaqələrinin hazırkı
səviyyəsinə
işıq salır. Pandemiya dövründə Azərbaycanın
birlik, həmrəylik çağırışlarını
konkret əməli işdə təsdiqləyərək
Qoşulmama Hərəkatının Zirvə
Görüşünün keçirilməsi təşəbbüsü
ilə çıxış etməsi və bu istəyini
reallaşdırması bir-birinə əks qütblərin COVID-19-la bağlı bir araya
gəlməsinə əsas verdi.
Diplomatik
uğurlarımız sırasında dünyada
sülhün, təhlükəsizliyin təminatçısı
kimi NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə
biganə olub, son illərdə mövqeyində dəyişiklik
etməsi Şimal
Alyansının mövqeyində olan dəyişikliyi də
qeyd etməliyik. Baxmayaraq bu qurum dünyada təhlükəsizliyin,
sabitliyin təminatçısı kimi çıxış
edir, amma son illərə qədər artıq keçmişdə
qalan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə seyrçi
mövqeyi ilə diqqət çəkib. Azərbaycan dövlətinin
uğurlu daxili və
xarici siyasəti nəticəsində artıq NATO-nun Zirvə görüşlərində
qəbul edilmiş bəyannamələrdə Azərbaycanın ərazi
bütövlüyünə dəstək beynəlxalq
münasibətlər sistemində mövqeyimizi daha da möhkəmləndirdi.
2003-2018-ci illər milli maraqların qorunmasına xidmət
edən strateji nailiyyətlər dövrüdür. Prezident
İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib.
Azərbaycançılıq məfkurəsi Azərbaycanda
tam bərqərar olub. Qeyd olunan illər,
eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf
dövrüdür. Təchizat, silah-sursat,
texnika, döyüş qabiliyyəti baxımından ordumuz
güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri
bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə
əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Həmçinin həmin illər ərzində əldə
olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət
nəticəsində Ermənistan bütün regional layihələrdən
təcrid olunub. Hərbi
qüdrəti artan,
dünya miqyasında 50 ən güclü ordu
sırasında olan Azərbaycan Ordusunun
hazırlığı və döyüş qabiliyyəti NATO standartlarına cavab verir. Ölkəmizdə keçirilən «ADEX» Beynəlxalq müdafiə sərgiləri, möhtəşəm hərbi
paradlar, Müdafiə Sənayesi
Nazirliyinin müəssisələri tərəfindən
mindən çox adda hərbi təyinatlı məhsulun
istehsal olunması ordumuzun döyüş qabiliyyətinin, hərbi
diplomatiyamızın yüksək səviyyəsini göstərir.
«Azərbaycanın beynəlxalq əməkdaşlığa
verdiyi töhfə çoxşaxəlidir. Qeyd etdiyim
kimi, onlardan biri mədəni körpülərin qurulmasına
yönələn səylərimizdir ki, onlar Asiya və Avropa,
Avropa ilə müsəlman dünyası arasında daha
yaxşı anlaşmanın yaradılmasına xidmət edir»
söyləyən dövlət başçısı
İlham Əliyev bildirir ki, bizim apardığımız siyasət
hər zaman təhlükəsizlik, sabitlik və
proqnozlaşdırıla bilməyə yönəlmiş
qarşılıqlı əməkdaşlıq və dəstək
üzərində qurulub.
Siyasətində
müstəqil olan Azərbaycan bu mövqeyi ilə dünya
birliyində əsl söz sahibinə çevrilir, dünyada cərəyan
edən proseslərə ölkəmizin təsir imkanları artır. 10
noyabr 2020-ci il üçtərəfli Bəyanatının
imzalanmasından sonra keçirilən Moskva və Soçi
görüşləri, həmçinin Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü
ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın
baş nazirinin görüşlərinin keçirilməsi,
Brüssel sülh gündəliyinin yaradılması da ölkəmizin
beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın
ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti
diplomatik uğurlarımızın miqyasının genişlənməsində
əsas faktordur.
Son 18 ilin
mühüm uğurlarından biri kimi düşünülmüş
və məqsədyönlü
siyasətin nəticəsində məğrur, yenilməz
xalq olmağımızla fəxr edirik. İşğal
altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə
qayıdıb. Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
əlavə etdiyi möhtəşəm
uğurlar ulu öndər Heydər
Əliyevin arzularının həyata vəsiqə
almasının təsdiqidir. Dövlət başçısının
qeyd etdiyi kimi, bugünkü Azərbaycan Heydər Əliyevin
görmək istədiyi Azərbaycandır.
Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, torpaqlarımız işğaldan azad edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parçası deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!” söyləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın milli qürurunu özünə qaytardı. Cənab İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində daim bu fikrirləri ifadə edirdi: “ Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!
Uğurlarımız irəliyə daha böyük inamla addımlamağa əsas verir. Bu gün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir. Tezliklə soydaşlarımızın Böyüş Qayıdışının sevincini yaşayacağıq.
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 9 aprel.- S.16-17.