Bəxtiyar Vahabzadənin
ədəbi-elmi irsində dil məsələləri
professor Yusif Seyidovun araşdırmalarında
Ədəbiyyatın
inkişafı, ədəbi janrların təkamülü, təkmilləşdirilməsi
ədəbi dilə öz təsirini göstərir. Bu, son nəticədə ədəbi dilin
xəlqiləşməsinə, onun ifadəetmə qabiliyyətinin
güclənməsinə aparıb çıxarır.
Ədəbi dil prosesini dilçiliyin müasir tələbləri
səviyyəsində qavramaq, öyrənmək,
doğru-düzgün qiymətləndirmək
üçün şair və yazıçıların
dilini öyrənməyə həmişə ciddi ehtiyac
duyulmuşdur.Onu da qeyd edək ki, yazıçı və dil
problemini Azərbaycan dilçiliyində ilk dəfə kompleks
şəklində, mükəmməl şəkildə
araşdıran professor Y.Seyidov olmuşdur. Bu
baxımdan bədii yaradıcılığı Azərbaycan ədəbiyyatının
ayrılmaz tərkib hissəsi olan Bəxtiyar Vahabzadə
poeziyasının dilinin öyrənilməsi də
aktuallıq kəsb edir.
Bəxtiyar Vahabzadənin yaradıcılığı Azərbaycan
ədəbi-ictimai fikrinin formalaşmasında,
inkişafında önəmli rol oynayıb və öz təsir
gücünü bu gün də saxlamaqdadır. Bəxtiyar Vahabzadə vətəndaş
və milli
şairdir. Milllətinin, ölkəsinin
ağrı-acılarını, uğurlarını, sevinclərini
bütün varlığıyla yaşamışdır.
Görkəmli söz ustası eyni zamanda, ədəbiyyatşünas
olaraq elmi tədqiqat işi aparmış, Xalq şairi Səməd
Vurğun yaradıcılığının əsas tədqiqatçılarından
biri kimi tanınmışdır. Ədəbiyyatşünaslıq
sahəsindəki xidmətlərinə görə
böyük şairimiz Azərbaycan Elmlər
Akademiyasının akademiki seçilmişdir. Qeyd etdiyimiz kimi, B.Vahabzadənin bədii və
publisistik yaradıcılığında dil məsələsi
xüsusi yer tutur. Azərbaycan
poeziyasında B.Vahabzadə qədər dil probleminə
yaradıcılığında böyük önəm verən,
onu dərindən sevən və sevdirən ikinci bir poeziya
nümayəndəsi tapmaq çətindir. Müəllifin
özü bunu belə etiraf edir: ”Mənim ən
böyük mübarizəm sovet dövründə ayaqlar
altında tapdanan, qapılar arxasında qalan ana dilimizin
uğrunda həm əməli işimdə, həm də
yaradıcılığımda ardıcıl mübarizə
idi. Mən bu mövzuya onlarla məqalə,
onlarla şeir və poema həsr etmişəm. Demək
olar ki, bütün poemalarımın ricət hissəsində
dolayısı ilə bu və ya başqa şəkildə
dilimizin rəsmi dövlət idarələrindən
qovulmasına etirazımı bildirmiş, onun hüququnun
özünə qaytarılmasını arzulamışam”(B.Vahabzade.Ədəbi düşüncələr,Bakı,Təhsil,2000,s.
47). Böyük şairimizin təkcə bədii
yaradıcılığında deyil, ədəbi-publisistik əsərlərində
də ana dili,onun milli sərvət kimi
qorunub saxlanması, saflığı və təmizliyi
uğrunda mübarizə mühüm rol oynayır. Ona görə
də bir
sıra tədqiqatçılar, o cümlədən
prof.Y.Seyidov B.Vahabzadə və dil məsələsi üzərində
geniş şəkildə dayanmış, bu mənəviyyat xəzinəsini
dərindən araşdırmağa səy göstərmişlər.
Y.Seyidovun hələ 1983-cü ildə nəşr
olunmuş “Sözün qüdrəti” monoqrafiyasında təxminən
100 səhifə B.Vahabzadə
yaradıcılığının dilinə və ümumiyyətlə
sənətkarın dil və üslub məsələlərinə
həsr olunmuşdur. Y.Seyidov bununla kifayətlənməmiş,
B.Vahabzadə yaradıcılığında dil məsələsinə
aid ayrıca bir monoqrafiya da nəşr etdirmişdir(Y.Seyidov.Şairin
fikir dünyası,Bakı,Bilik,1983). Mövzu
çox geniş olduğuna görə biz bu məqalədə
Y.Seyidovun B.Vahabzadənin bədii irsində deyil, konkret olaraq
publisistik yaradıcılığındakı dil məsələlərinə
aid tədqiqat əsərlərini araşdırmağı
qarşımıza məqsəd qoyduq.
Qeyd edək
ki, B.Vahabzadənin publisistik əsərlərini əhatə
edən “Vətən ocağının istisi”,”Sənətkar
və zaman”,”Sadəlikdə böyüklük”,”Dərin qatlara
işıq” , “Gəlin açıq danışaq”,”Ədəbi
düşüncələr” kimi kitabları nəşr
olunmuşdur. Bu kitablarda şairin dil məsələlərindən
bəhs edən qiymətli məqalələri də öz əksini
tapmışdır. Prof.Y.Seyidov həmin
kitablara dayanaraq Bəxtiyar Vahabzadə və dil problemini geniş
şəkildə araşdırmağa
çalışmışdır.
Şairin dil haqqında düşüncələrində
ana dili aparıcı rol oynayır. Y.Seyidov yazır: ”Başqa
sənətkarlar kimi B.Vahabzadə də insanın, ümumən
xalqın həyatında ana
dilinin rolunu dərindən duyur və onu qiymətləndirir.
Şeir və poemalarında tez-tez, həm də müxtəlif
münasibətlərlə bu məsələyə
müraciət edən şair-ədibin ana dili
haqqındakı mülahizələri
bir sıra hallarda ümumi nəzəri istiqamətdə olur,
yəni bu və ya digər bir dillə məhdudlaşmır,
milli və irqi fərqlər, dillərin müxtəlifliyi ana dili anlayışına təsir göstərmir,
bütün xalqlar, bütün insanlar üçün ana
dili doğma və əzizdir. Təsadüfi
deyildir ki, şair “Oğluma” şeirinə N.Nərimanovun “Ana
dili. Bir dil ki, mehriban bir vücud məhəbbətini....
sənə bu dildə bəyan edir, bir dil ki, hələ
beşikdə ikən bir layla şəklində öz ahəng
və lətafətini sənə eşitdirib, ruhun ən dərin
guşələrində nəqş bağlayıbdır”-
sözlərini epiqraf vermişdir. Bu ümumi nəzəri
mülahizələr
öz qidasını və fonunu Azərbycan dilindən
alır, bəzən isə onun ana dili haqqındakı fikirləri
bütünlüklə Azərbaycan dilinə söykənir”.
Böyük sənətkar ana dili ifadəsini belə mənalandırır:
“Biz dilimizi də ana dili adlandırırıq. Çünki
bizə ilk dəfə doğma dilimizi də öyrədən
ananın özüdür”.
B.Vahabzadə sözün, xüsusilə bədii
sözün qüdrətini yüksək qiymətləndirir.
Böyük sənətkar “Şəbi-hicran” poemasında
şair sözünün, bədii sözün gücü
haqqında belə deyir:
Əsl sənətkarın,
əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
Belə
söz abidələrinin əsrlərin dolanbac yollarından
keçə -keçə gəlib bütün nəsillərin
malı olduğunu, əhəmiyyəti və gözəlliyini
də saxladığını vurğulayan Y.Seyidov şairin müdrik
fikir mahiyyəti daşıyan aşağıdakı cümlələrinə
istinad edir: “Səs və söz abidələrinin daş abidələrindən
fərqi ondadır ki, daş abidələr zamanın tufanları
qarşısında əriyib,vaxt keçdikcə öz təravətini
itirirsə, səs və söz abidələri, əksinə,
zamandan-zamana daha da cilalanır,
yeniləşir və gözəlləşir”(9,s.49)
B.Vahabzadə Azərbaycan şair və
yazıçılarının yaradıcılıq
üslubu, dili haqqında, onların sözə münasibəti
və sözdən istifadə qabiliyyətləri haqqında
diqqətəlayiq fikirlər söyləmişdir. Bu fikirlər bu və ya digər
yazıçı, əsər haqqında deyilmiş olsa da,
çox vaxt
ümumən bədii ədəbiyyatın dilinə
aid edilir və nəticə etibarilə ədəbi-bədii
dilimiz barəsində nəzəri
fikirlər kimi diqqəti çəkir. Məlumdur ki,B.Vahabzadə bir çox şair və
yazıçının dil xüsusiyyətlərindən bəhs
etmiş, ancaq o daha çox öz ustadı böyük sənətkar
S.Vurğun irsini dərindən araşdırmış, onun
haqqında namizədlk və doktorluq dissertasiyası
yazmış,bu tədqiqatlar əsasında kitablar çap
etdirmiş,bu kitablarda, xüsusən “S.Vurğun”
monoqrafiyasında o, ədəbi dilimizin inkişafında
böyük rol oynamış xalq şairimizin dil və
üslub xüsusiyyətlərindən də xeyli bəhs
etmişdir(B.Vahabzadə,Səməd Vurğun.Bakı,1973). Ona görə də Y.Seyidov B.Vahabzadənin öz
ustadının dili haqqındakı mülahizələri
üzərində geniş dayanmışdır. Y.Seyidov
S.Vurğun poeziyasının ədəbi dilimizin
inkişafındakı rolunu,onun üslub
xüsusiyyətlərini dərindən tədqiq
etmişdi.Onun fikrincə, bir şair kimi yeni söz və ifadə
axtarışları S.Vurğunun bütün
yaradıcılıq axtarışlarının tərkib hissəsi
olmuşdur.Məhz buna görə B.Vahabzadənin şairin dili haqqında
düşüncələri alimin diqqətini cəlb
etmişdi. Onu da qeyd edək ki,S.Vurğunun istedadına yüksək qiymət
verdiyi gənc şairlərdən biri də B.Vahabzadə idi.
O göstərir ki,(S.Vurğun)1951-ci ildə
yazdığım “Əbədi heykəl” poemasının əlyazmasını
məndən almış və diqqətlə oxumuşdu...bir
çox misraların altından
xətt çəkərək
“dilə fikir ver” sözlərini yazmışdı.Alimin
qeyd etdiyi kimi, B.Vahabzadə S.Vurğunun şeir dilinin əzəmətini də, gözəlliyini
də, dərinliyini də onun sadəliyində görür. Bu sadəliyin isə Vaqif şeirindən
mayalandığını, xalq
yaradıcılığından qidalandığını
göstərir.
B.Vahabzadə
Füzuli irsinin vurğunu idi.O,ulu məhəbbət
şairini söz ordusunun sərkərdəsi
adlandırır,sözü isə onun silahı hesab edirdi.Onun
fikrincə, Füzuli, sözlərində nəfəs alan,
fikirlərində yaşayan, duyğularında fəryad
çəkən insanlar insanı, şairlər şairi,
ariflər arifidir. Təsadüfi deyil ki, Xalq şairimiz “Şəbi-hicran”kimi
ədəbiyyat tariximizdə ozünəməxsus yeri olan
gözəl bir poetik əsər yaratmışdır.
Y.Seyidov B.Vahabzadənin Füzulinin sözə
münasibəti haqqındakı aşağıdakı fikrinə
yüksək qiymət verir:”Biz şairlər çox zaman sözün zəifliyindən şikayət edirik.Bəzən isə
elə gəlir ki,hisslərimiz çox güclü, söz isə
çox acizdir.Hisslərimizi ifadə etmək
üçün söz tapa bilmirik. Lakin
Füzuli heç zaman sözün yoxsulluğundan şikayət
etməmişdir, sözdə bir neçə məna verməyi
bacarmışdır. Füzulinin əlində
söz mum kimidir.O, sözə istədiyi şəkli, istədiyi
mənanı verir, ondan istifadə edir. O, sözün
bütün mənalarının, həm lüğəti,həm məcazi mənalarının dəyərini,
ağırlıq və
yüngüllüyünü,çalarlarını
bütün dərinlik və incəliyi ilə
qavramışdır. Söz Füzuli ürəyində qaynayır,
ürəyin bütün tellərindən keçir, sonra şeirə
çevrilir. Bu sözlər yanan şair ürəyinin
qanından qida alıb lələ, cəvahirə
çevrilir. Buna görə də
Füzulinin sözləri kağız üzərində
alışıb yanır. Onlar dörd yüz ildir öz
hərarətini itirmir,yanır və bizi də
alovunda qızdırır”.
Böyük
ideallar şairi İ.Nəsimi dili haqqında da B.Vahabzadənin
özünəməxsus mülahizələri vardır.Onun
fikruncə, Nəsiminin “Məndə sığar iki cahan...” qəzəlinin
aşağıdakı misrasında katiblər səhvə yol
vermişlər:
Məndə sığar iki cahan mən bu cahana
sığmazam.
Böyük şairin fikrincə bu misradakı “iki”
sözü əslində ikən şəklində
olmuşdur. Bu fikir öz-özlüyündə maraqlı olsa
da, Y.Seyidov onunla razılaşmır və göstərir ki, ədib
Nəsiminin insan və kainat haqqındakı təlimini,
hürufiliyin fəlsəfi traktovkasını nəzərə
almamış və burada heç bir cəhətdən əsaslandırıla
bilməyən fikirlər söyləmişdir.
B.Vahabzadə klassik ədəbiyyatda olduğu
kimi, müasir ədəbiyyatda
da ədəbi şəxsiyyətlərin
yaradıcılığı haqqında xeyli araşdırma aparmış,
o söz ustalarının yaradıcılığı
haqqında,onların dil xüsusiyyətləri haqqında
maraqlı və diqqətəlayiq mülahizələr irəli
sürmüşdür. Bu vəziyyəti nəzərə alan Y.Seyidov bunları ayrı-ayrı gözdən
keçirir. Məsələn, alim bu baxımdan B.Vahabzadənin Mir Cəlal haqqında mülahizələrini
diqqət mərkəzinə gətirir və onun bu fikrinə
nəzər salır:”Ədibin bədii dilinə aludə
olmamaq mümkün deyil. Mir Cəlal cümləni
qurmamışdan əvvəl “Bu fikri,bu mətləbi
xalq necə deyər”?sualını öz-özünə verib
sonra yazır.Bədii əsərləri bir yana, hətta elmi-tədqiqat əsərlərində də Mir Cəlal
süni kitab dilindən qaçır. Ədibin S.Vurğun
haqqında yazdığı bir məqalə belə
başlayır:”S.Vurğun əlinə qələm alan gündən şairdir. O,
kağız-kuğaz korlamamışdır”.
B.Vahabzadə
dövrünün gənc şairlərinin
yaradıcılığını ardıcıl şəkildə
izləmişdir.Bu gənc istedadlar arasında Fikrət Qoca, Məmməd
Araz, Məmməd Aslan, İsa İsmayılzadə
poeziyasını xüsusilə yüksək qiymətləndirmişdir.Xalq
şairimizin F.Qoca yaradıcılığı haqqında
yazdığı məqalədə dil məsələsi
xüsusi yer tutur.Y.Seyidov B.Vahabzadənin gənc şairin dili
haqqında fikirlərini 2 maddədə ümumiləşdirərək
yazır:”F.Qocanın ifadə tərzini,dil
və üslub xüsusiyyətlərini səciyyələndirən
iki nəticə və ya əsaslandırma diqqətimizi cəlb
edir:
1. “Burada
çox işlənmiş ifadələr, sürtük deyim tərzləri
qulağı cırmaqlamır, oxucuda təəccüb
doğurmur.Yeni deyim tərzi çətin qəbul edilir. Lakin
oxucuda,təəccüblə bərabər,
gözəl assosiasiyalar oyadır”.
2. “Fikrət
Qocadan danışarkən mən nə üçün
şairin ifadə tərzindən, deyim xüsusiyyətlərindən
başladım?Çünki Fikrət
müasir şeir orkestrimizdə bu cəhəti ilə
seçilmiş,öz musiqi alətini nəinki başqa alətlərin
səsindən, hətta çaldığı məlum alətin
köhnə səsindən də fərqləndirməyi,onu təzə
nəfəslərlə səsləndirməyi bacaran
şairdir”.
Y.Seyidov
B.Vahabzadənin digər gənc şairlərin, məsələn,
M.Aslanın yaradıcılığı haqqında da məqalə
yazdığını, onları düzgün qiymətləndirməyə
çalışdığını göstərir.Bununla əlaqədar
alim, B.Vahabzadənin M.Aslan haqqında yazdığı
“Sözün şəhdi,dilin nəğməsi”
adlı məqaləsi üzərində dayanır. Məqalədə
M.Aslanın poeziyasından bir neçə bənd nümunə
verildikdən sonra
xalq şairimiz yazır ki, bu şeir sözlərin,
səslərin uyarlıq nəğməsidir. Dili mükəmməl
bilmədən,duymadan onu təşkil edən
sözləri nəğmədəki melodiya kimi
yan-yanaşı düzmək olmaz.
B.Vahabzadə
elə bu məqalədə oxuculara üzünü tutaraq M.Aslanın “Səsimə
səs ver” kitabını oxumağı tövsiyə edir: “Qoy
ana dilimizin dadını, duzunu,
şəhdini, şəkərini duymaq istəyənlər bu
kitabı oxusun, səslərin düzülüşünə,
sözlərin nəğməsinə valeh olsunlar”.
Y.Seyidov göstərir ki, B.Vahabzadə M.Aslanın
tərcüməçilik fəaliyyətinə də
yüksək qiymət verir və qeyd edir ki, M.Aslan tərcümələri
niyə orijinal əsər təsiri bağışlayır? Çünki tərcüməçi ana dilini
gözəl bilir. Bilmək azdır, dilimizin bütün
imkanlarını, rəng və çalarlarını duyur,
hiss edir.
Beləliklə,
Xalq şairi B.Vahabzadə bir şair, bir alim, bir ziyalı kimi
bütün həyat və yaradıcılığı boyu
dilimizin keşiyində durmuş, onun yaşaması, yad təsirlərdən
qorunub saxlanması, təmizliyi, saflığı və
inkişafı uğrunda yorulmadan mübarizə
aparmışdır. Görkəmli sənətkarın zəngin
ədəbi-elmi irsinin dərindən öyrənilməsi filologiya elmimizin
qarşısında duran mühüm vəzifələrdən
biridir.
Aliyə Quliyeva,
Filologiya üzrə fəlsəfə
doktoru
İki sahil.- 2022.- 9 aprel.- S.25.