DOST mərkəzləri: İnsanların
ümidlə müraciət etdikləri ünvan
Ölkəmizdə müasirləşən
sosial infrastruktur layihələrinin həyata keçirilməsi,
ölkə vətəndaşlarının rifah halının
yüksəlməsi, sosial xidmət, reablitasiya sisteminin təkmilləşdirilməsi
Prezident İlham Əliyevin insan amilinə verdiyi dəyərin
ifadəsidir
2018-ci ildə Azərbaycanda
keçirilən növbəti prezident seçkilərində
ümumxalq səsverməsi ilə yüksək etimad qazanan
Prezident İlham Əliyevin yenidən respublikamıza
başçılıq etməsi ilə ölkəmizdə
sosial siyasət yeniistiqamətlər üzrə uğurla davam
etdirildi, sosial xidmət və reabilitasiya sisteminin davamlı
inkişafı üçün imkanlar genişləndi, vətəndaşlara
xidmətin daha müasir tələblərə uyğun sahələri
formalaşdırıldı.
Dövlət
siyasətinin əsasında insan amilinin
dayandığını bəyan edən Prezident İlham
Əliyevin başlıca tövsiyələrindən biri budur
ki, iqtisadi inkişafın dinamikasından asılı olmayaraq
nəzərdə tutulan sosial islahatlar davam etdirilməli, Azərbaycan
vətəndaşı yaxşı yaşamalıdır.
Dünya
iqtisadiyyatının üzləşdiyi böhranın,
COVID-19 pandemiyasının davam etdiyi dövrdə belə təkmil
sosial paketin tətbiqi ilə 4 milyondan artıq ölkə vətəndaşının
iqtisadi-sosial vəziyyətinin
yaxşılaşdırılması təmin edildi.
Sahibkarların fəaliyyəti üçün şərait
yaradıldı. Bütün dövlətləri narahat edən,
insan amili ilə bağlı hesabatlarda hələ də istənilən
rəqəmlərlə ifadə olunmayan işsizlik probleminin həlli,
korrupsiyaya qarşı mübarizə üçün yollar
axtaran ekspertlərə bu sahədə Azərbaycanın təcrübəsi
nümunə göstərildi.
Son
illərdə Prezident İlham Əliyevin təşəbbüsü
ilə yaradılan və Azərbaycan brendi kimi diqqətçəkən
sosial layihələrdən olan «ASAN xidmət»i dünyada ilk və
alternativi olmayan yenilik kimi dəstəkləyən BMT-nin rəsmiləri
ölkəmizdə yaradılan bu sistemi iqtisadi, sosial inkişafın
vəhdəti kimi dəyərləndirirlər. Yeni xidmət
növü olan və ailələrin büdcəsinin möhkəmlənməsi
naminə «Ailə Biznesinə Asan Dəstək» («ABAD») layihəsinin
həyata keçirilməsi ilə iş yerlərinin
yaradılması, əhalinin məşğulluq səviyyəsinin
artırılması işi sürətləndirildi. «Bizim
özünüməşğulluq proqramına böyük
ümidlərimiz var. Bu proqram həm iqtisadi
inkişafımıza təkan verəcək, xüsusilə
regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək,
eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq
vərdişindən çəkindirəcək» sözləri
ilə bu layihənin genişləndirilməsini özəl
bölmənin inkişafına dəstək adlandıran cənab
İlham Əliyevin vurğuladığı kimi, bu
proqramın icrasına cəlb olunan insanlar daxili potensialdan, əmək
resurslarından istifadə etməklə ailə büdcələrini
formalaşdıracaq, halal zəhmətləri ilə pul
qazanacaq, eyni zamanda, ölkə iqtisadiyyatına töhfələr
verəcəklər.
Azərbaycan
brendi olan «ABAD»a marağın artması, sosial sahədə
aparılan islahatlar, «ASAN xidmət”in analoqu olan yeni layihənin-
Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin
təşkilini aktuallaşdırdı.
Prezident
İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın
iştirakları ilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və
Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin
açılışı sosial islahatların tərkib hissəsi
olmaqla önəmi, çoxşaxəli xidmət strukturu ilə
də fərqlənir.
Dünya
təcrübəsində ilk olan bu yeni xidmət növləri
ilə tanışlıq zamanı xarici qonaqlar bildirirlər
ki, DOST konsepsiyası – Azərbaycanın mühüm sosial
uğuru, vətəndaş məmnunluğunu ifadə edən
alternativi olmayan yenilikdir. Yenidən Prezident seçildikdən
sonra sosial islahatların coğrafiyasını genişləndirən,
istiqamətlərini şaxələndirən dövlət
başçımız İlham Əliyevin Fərmanı ilə
yaradılan
DOST
Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə
vətəndaş məmnunluğuna yönəlik
köklü islahatların ən mühüm nailiyyətlərindəndir.
DOST Agentliyinin fəaliyyətini sosial islahatların müasir
növü kimi yüksək qiymətləndirən dövlət
başçısı İlham Əliyevin bu sözlərində
xalqa dəyər, insana qayğı, məhəbbət
duyğuları əks olunub: «Bizim siyasətimiz demək olar
ki, DOST mərkəzlərində öz əksini tapır –
islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu
işlərə cəlb olunması, könüllülərin
fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın
simasını əks etdirir və ölkəmiz məhz bu
yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin
bu işlərə böyük dərəcədə
qoşulması ölkəmizin inkişafına xidmət
göstərəcək.»
Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü olan DOST
konsepsiyasının dövlət sosial xidmətlərinin (156
növdə xidmət) «bir pəncərə»dən, innovativ
yanaşmalar əsasında modern və çevik, tam şəffaf
mexanizmlər üzərində qurulması ilə ölkəmizin
bu sahədə yeni brendi formalaşıb. Təsadüfi deyil
ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə
də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir
və Azərbaycanın bu sahədəki təcrübəsini
öyrənməyə maraq göstərən ölkələrin
sayı artır.
2022-ci
ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar
Assosiasiyasının Fəxri fərmanına layiq görülən
DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin
Avropa Sosial Xidmətlər Mükafatını qazanması da
DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində
mühüm nailiyyətləri sırasında olduğunu
göstərir. «Texnologiya alətləri» kateqoriyasında
sosial xidmətlərdə smart modelin tətbiqinə görə
DOST Agentliyi 20 mindən çox səslə Avropanın
nüfuzlu Mükafatına layiq görülüb. Təşkilata
üzv Avropa dövlətlərinin DOST layihəsinə olan
marağının göstəricisi kimi həmin səslərin
17 mini qeyd edilən dövlətlərdən gəlib. DOST bu
gün Avropa Sosial Şəbəkəsi Şurasının
Avropa İttifaqı üzvü olmayan yeganə dövlət
qurumu, eyni zamanda, şəbəkənin tədbir və
müzakirələrinin fəal iştirakçısı olan
yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan
böyük marağı və onun uğurlu islahat təcrübəsi
kimi qəbul edildiyini ehtiva edir.
Hazırda
ölkəmizdə 5 DOST mərkəzi fəaliyyət göstərir
və ötən dövrdə 800 mindən çox vətəndaş
bu sosial layihənin xidmətlərindən faydalanıb. Bu xidmətlərdən
vətəndaşların məmnunluq səviyyəsi isə
98 faiz üzərindədir. «Könüllü DOST» proqramı
da bu gün aktual olan sosial layihələrdəndir. 2015-ci ildə
ölkəmizdə keçirilən Birinci Avropa Oyunları
zamanı yaranan və fəaliyyət istiqamətləri
genişlənən könüllük hərəkatı da Azərbaycana
məxsus yenilikdir. Yuxarıda adı çəkilən Avropa
Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsində
də DOST Könüllülərinin fəaliyyətinə
dair «Dəyərləri birləşdir – bərabərliyə
nail ol”» adlı ərizəsi «Möhtəşəm Heyət»
kateqoriyasında Avropa müsabiqəsinin finalçısı
olub. Qeyd edək ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO
sertifikatlarına da layiq görülüb.
Azərbaycanın
yeni brendinə çevrilən 2019-2025-ci illərdə
Bakıda və ölkəmizin regionlarında
açılacaq, ən müasir texniki avadanlıqlarla təmin
olunan 31 DOST mərkəzlərinin fəaliyyətini «Vətəndaşlara
yüksək xidmət göstərmək üçün
burada bütün şərait, bütün imkanlar var. Bina
çox gözəldir, müasirdir, həm xarici
görünüşü, həm də dizayn-tərtibat
baxımından. Bu, bir daha onu göstərir
ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən
100-150 iş yeri olacaq, bu da
çox önəmlidir.
Hər bir mərkəzdə könüllülər qrupu
fəaliyyət göstərəcək.
Beləliklə, bu mərkəzlər
vətəndaşlara yüksəksəviyyəli
xidmət etmək üçün gözəl
şərait yaradacaqdır»
sözləri ilə ölkə vətəndaşlarına
diqqət kimi dəyərləndirən, sosial
sahənin dövlət
üçün prioritet
olduğunu diqqətə
çatdıran cənab
İlham Əliyev vurğulayıb ki, bu sahə ilə
bağlı bizim siyasətimiz daha geniş miqyasda və məqsədyönlü
şəkildə icra
ediləcəkdir.
«Bizim siyasətimiz
sosialyönümlü siyasətdir»
tövsiyəsinə sadiq
qalan dövlət başçımızın işsizliyin
aradan qaldırılmasına,
qeyri-neft sektorunun inikşafına yönələn
islahatlar paketi ölkə vətəndaşları
tərəfindən rəğbətlə,
sevinclə qarşılanır. «DOST» mərkəzlərinin simasında
ölkəmizdə geniş
tətbiq olunan sosial islahatlar əksini tapır. DOST” mərkəzlərinin tərkibindəki «Çağrı
Mərkəzi» ölkə
üzrə gündəlik
5 minədək zəng
qəbuluna şərait
yaradır.
Yeni yaradılan xidmət növündən razılığını
«DOST»a
dost olaq, «DOST»u dünyada tanıdaq» sözləri ilə bildirən ölkə vətəndaşları insanların
rahatlığı üçün
yaradılan belə yüksək əsviyyəli
xidmət üçün
dövlət başçımıza
daim minnətdarlıq
edirlər.
Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan,
şəffaflıq, sosial
ədalət və yeni dövrün çağırışlarından irəli gələrək
xidmət sektorunda qabaqcıl innovasiyaların
tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali
tərəfindən rəğbətlə
qarşılanır.
DOST mərkəzlərində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq,
övladlığa götürmə,
bank, notariat, həmçinin
tibbi sosial ekspertiza sahələri üzrə bütövlükdə
132 növ üzrə
xidmət göstərilməsi
insanların əlavə
vaxt itkisinin qarşısının alınmasına
da imkan yaradır.
X. Məmmədova
İki sahil.- 2022.- 12 aprel.- S.8.