Güləşdəki ənənələrimiz
yaşayır
Azərbaycanda bütün sahələrdə
olduğu kimi, idman sahəsində də böyük
uğurlar qazanılır. Ölkəmizin müxtəlif
idman növlərini əhatə edən önəmli beynəlxalq
idman yarışlarına və irimiqyaslı tədbirlərə
ev sahibliyi etməsi, eləcə də beynəlxalq
yarışlarda idmançılarımızın
iştirakı, əldə etdiyi uğurlar bunu deməyə əsas
verir. Heç şübhəsiz ki, bütün bu
uğurların təməli ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan siyasi kursla
bağlıdır.
1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi, idman da inkişaf etməyə başladı. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da bu sahənin inkişafına xüsusi diqqət göstərir. Bununla da ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
Elə bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil etmələri də bütün bunların uğurlu davamı kimi qiymətləndirilir. İdmançılarımız Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanmaqla Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldırıblar. Belə ki, komandalarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal əldə edib. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu oldu. İki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. Həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə Azərbaycan komandaları Avropada birinci olub. Onu da qeyd edək ki, aprelin 8-də Prezident İlham Əliyevin Macarıstanda keçirilən Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərək onları təbrik etməsi və öz tövsiyələrini verməsi Azərbaycan idmanına olan yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirdi ki, idmançılarımız uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Qeyd etdi ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman naliyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Həm gənclər, həm böyüklər arasında Avropada birinci olmaq böyük naliyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.
Onu da qeyd edək ki, gələcək yarışlarda idmançılarımızın qarşısında duran vəzifələrdən bəhs edən Prezident birinci növbədə iki il sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının mütləq birinci sıralarda olacağını əminliklə ifadə etdi.
Bütün bu uğurlar bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
Mənsumə
Babayeva
İki sahil.- 2022.- 13 aprel.- S.8.