Postpandemiya dövrünün başlanğıcı:

Turizm sektoru canlanır

 

Azərbaycana üz tutan turistlərin sayında yenidən ciddi artım qeydə alınır

 

Pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən birinin turizm olması bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə edildi. Lakin karantin qaydaları yumşaldıldıqdan sonra turizm sektorunda canlanma hiss edilməkdədir. Ötən ilin yanvar ayından etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına başlanıldığından, daxili turizmin bərpası üçün imkanlar yaranıb. Pandemiya dövründə dünyada olduğu kimi, Azərbaycanda da turizm sahəsində 80 faiz geriləmə qeydə alınmışdı. Bu dövrdə dövlət xətti ilə sənayeyə təxminən 60 milyon manat məbləğində yardım edilib. Bu, yerlərinin qorunması üçün atılan addımlardandır. İş yerlərində müəyyən itkilər olsa da, əsasən sənaye özünü qoruyub saxlaya bildi.

Daxili turizmn bərpası sahibkarlara itkiləri bərpa etmək imkanı yaradıb. Mütəxəssislərin fikrincə, Azərbaycana gəlmək imkanı olan ölkələrin coğrafiyası artdıqca, sənaye özünü bərpa edəcək. Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 138 ölkəsindən 150,4 minya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Rəqəmlər göstərir ki, Azərbaycana üz tutan turistlərin sayında yenidən ciddi artım qeydə alınır. Rusiya-Ukrayna müharibəsi fonunda isə ümumiyyətlə, bu il ərzində ölkəmizə gələn turistlərin sayında böyük artım proqnozlaşdırılır. Xüsusən də rus turistlərin sayında əhəmiyyətli yüksəliş gözlənilir.

Hazırda Rusiyanın tur operatorları xaricdə turizm proqramlarının artırılması üzərində işləməkdə davam edirlər. Bildirilir ki, bu il rusiyalı turistlərin istirahət edə biləcəyi ölkələrin sayı cəmi 12-dir. Bunlar Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Tailand, Qətər, Misir, Maldiv adaları, Seyşel adaları, Şri-Lanka, İndoneziya (Bali), Serbiya və Ermənistandır. Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin bildirib ki, Soçidən populyar uçuş istiqamətləri sırasında Azərbaycan da yer alıb. Onun sözlərinə görə, hazırda açıq əlçatan istiqamətlər üzrə yenilənmiş uçuş proqramları formalaşdırılır: "Nəqliyyat qovşağı olan Soçi hava limanının imkanlarından istifadə etmək olar. Hazırda təkcə Türkiyə və BƏƏ-yə deyil, Ermənistan, Özbəkistan, Azərbaycana da uçuşlar varbu istiqamətlər populyardır". Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov isə qeyd edir ki, indiki halda Azərbaycan tərəfi turizm sektorunun qarşılıqlı inkişafı üçün çox münbit şərait yaradıb. O diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub.  Səfir qeyd edib ki, pandemiya səbəbindən Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı azalsa da, quru sərhədinin açılması, həmçinin “Mir” ödəniş kartının işə salınması rusiyalı turistlərin Azərbaycana axınının artmasına kömək edə bilər.

Xatırladaq ki, Azərbaycana gələn xarici vətəndaşların arasında top beşlikdə 28 min nəfərlə Rusiya, 22 min nəfərlə Türkiyə, 17 mindən çox nəfərlə İran, təxminən 5600 nəfərlə Gürcüstan, 1776 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri dayanır. İlk on beşlikdə isə 1664 nəfərlə Səudiyyə Ərəbistanı, Ukrayna, İsrail, Birləşmiş Krallıq, Özbəkistan, Qazaxıstan, Almaniya, Hindistan, ABŞ  Pakistan gəlir. Son 1 ildə Omandan gələnlərin sayı 658 dəfə, Səudiyyə Ərəbistanından 460,7 dəfə, Küveytdən 200,6 dəfə, BƏƏ-dən 54,2 dəfə, Bəhreyndən 36,3 dəfə, İsraildən 11 dəfə, Pakistandan 9,7 dəfə, Hindistandan 9,2 dəfə, ABŞ-dan 4,3 dəfə, Fransadan 3,5 dəfə, Qazaxıstandan 3,1 dəfə, Rusiyadan 2,1 dəfə, Böyük Britaniyadan 2 dəfə, Ukraynadan 1,8 dəfə, İrandan 1,8 dəfə, Türkiyədən 1,8 dəfə, Gürcüstandan isə 1,2 dəfə artıb. Bundan başqa, körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 33,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 56,7 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 6,5 min nəfər olub.

Onu da vurğulayaq ki, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 3 milyon 2 min nəfər olmuşdu. Bu statistikaya təxminən 2023-cü ildə yaxınlaşmağın mümkün olacağı proqnozlaşdırılır. 2025-ci ildə isə bu rəqəmin hətta 3 milyon 2 min sayını üstələyib, 4 milyona yaxınlaşacağı gözlənilir. Əlbəttə ki, bu proseslər pandemiyanın gedişatından asılı olacaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 14 aprel.- S.6.