Azərbaycan deyiləndə ayağa dur ki…

 

Çağdaş dünyamıza Məmməd Arazın gözü ilə baxış

 

«Ya rəbbim, bu dünya sən quran deyil!» yazan, dünyamıza öz təfəkkürü, misraları ilə «göz gəzdirən» Xalq şairi Məmməd Arazın söylədiyi kimi dünya onu sevənlərin, qoruyanlarındır Doğrudan da atalarımızın dili ilə deyilsə Nuh əyyamından indiki nəslə qalan, halal torpağı saf sularla yoğrulan, varı-dövləti , top dağıtmaz sərvəti ilə seçilən insanların olmadığı, hamının eyni səviyyədə yaşadığı , bir süfrənin ətrafında toplaşdığı, hamının haqqa, ədalətə, inanca güvəndiyi əvvəlki dünyadan fərqli olaraq çağdaş planetimiz Tanrının həyat, yaşam mənbəyi kimi yaratdığı dünya deyil. Şüurları belə dəyişən var-dövlət, sərvət toplamaq hərisliyi, torpaq uğrunda davam edən müharibələr İlahi qüvvənin ölçülü-biçili şəkildə formalaşdırdığı insanları dəyişib. Peyğəmbərimiz Adəmdən belə eyni adla ifadə olunan «insan» varlığına icmalar, tayfalar, «biz», «siz» sözləri əlavə olundu. Oxlar qılıncla, qılınclar tüfənglə, əsrlərdən sonra daha qorxulu, yüzlərlə insanı bir anda külə döndərən oxun nüvə ilə əvəz olundu. Belə bir dünyanın sakini olduğunu təəssüflə bildirən, sözü, qələmi, xalqına bağlılığı ilə seçilən, vurğunu olduğu torpaqla atasının qabarlı əllərində iz salan «əlifba dili» ilə danışan Xalq şairi Məmməd Araz haqlının haqsız qarşısında bükülən boynunun xəcalətinə, zalımın məzlumu əzmək qəddarlığına dözməyərək , dünyanı bölüşdürmək uğrunda qanlar tökən tiranları «dünya heç kimin» hikməti ilə qınadı. Gücünə güvənərək haqqı zalımlığın acısında əridənlərə ədalət dərsi verməyə gücü çatmasa da, zamanın gərdişinə üz çevirərək «Mən belə dünyanın nəyindən küsüm» gileyi ilə haqq dünyasına qovuşdu.

Ömrünün son vaxtlarına qədər ermənilərin Azərbaycana qarşı əsrlərdən bəri törətdikləri vəhşiliklərin, cinayətlərin qurbanı olan yüzlərlə azərbaycanlının nahaqdan tökülən qanları üçün narahatlıq keçirən şair «Ağıllı azaldıqca ağılsız artır, qoruyun dünyanı «ağıllılardan»» misrası ilə erməni kimi cəllada dəstək göstərən, daşnaklara arxa duran köpəklərə gəlimli, gedimli dünyanın pəncərəsindən hər kəsin baxaraq köçəcəyini, Süleymana qalmayan yalan dünyanın vəfasızlığını xatırladır. Vaxtılə zamanın dilimizdə «sənin», «mənim» qabarının yaratdığı «haralısan?» damarının peyda olduğunu ürək yanğısı ilə dilə gətirən şair dünyanın başına gətirilən müsibətləri görsəydi yenidən çözələnər, Dədə Qorqudsayaq saçını əlçim edərək yolar, Tanrının qardaş bilərək yaratdığı insanların törətdikləri faciələrdən, Araza sığmayacaq qədər tökülən qanlardan dəhşətə gələrdi.

Hər sözü açıqlama tələb edən şairin kəlmələrə çevrilən fəlsəfi düşüncələri sanki bugünümüzün aynasına çevrilib. Dünyamız yenə də od tutub yanır. 30 il ərazilərimizi qabaqlarına atılan yaldan bəhrələnməklə işğal altında saxlayan, ağalarının başlarına çəkilən tumarından ürəklənərək hələ də işğalçılıq siyasətini davam etdirməkdə israrlı olan ermənilər soyub-sovurduqları torpaqlarımızdan birdəfəlik rədd olub getmək istəmirlər.

İkinci Qarabağ müharibəsində biabırcasına məğlub olsalar belə hələ də imkan yaranan kimi qıcırtdıqları dişlərini qana batırmaqdan həzz alan vandal ermənilər sürüyə dadanan köpək kimi arada bir hürməklə qorxudan quyruqlarını da bulayırlar. Öz maraqları naminə Qarabağda sülhün qarşısına çəpər çəkənlər, erməniləri silahlandıranlar Azərbaycana qarşı təhdid dili ilə danışmaqdan yorulub, usanmırlar. Xocalı soyqırımını, Qaradağlı, Başlıbel, Ballıca, Ağdaban, Edilli, Fərrux… faciələrini törədən, günahsız azərbaycanlıların həyatına kalaşnikovların odlu nəfəsi son qoyan erməni cəlladları qandan doymurlar. Hələ də meşələrdə çaqqal kimi gizlənərək mövqelərimizə atəş açır, babaları gorbagor Andranik kimi qulaqları kəsildikdən sonra susur, ağalarından növbəti təlimatları gözləyirlər. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa- quruculuq işləri zamanı aşkarlanan məzarlıqlarda sümükləri sızıldayan azərbaycanlılar cəhənnəmə vasil olmuş Minsk qrupunda təmsil olunan, artıq ömrünü başa vuran «üçlüyün» təlimatları, yardımları, ermənilərə verdikləri silahlarla qətlə yetirilmişlər. Torpaqlarımızın işğal altında qaldığı o ağır günlərdə faciələrlə bağlı dünya ictimaiyyətinə müraciət edən Azərbaycanın harayını eşitməyənlər ədaləti boğa , haqqın səsini susdura bilmədilər. ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistana aid hissəsində 2020-ci ildə etnik erməni silahlılarının azərbaycanlıları qətlə yetirdiklərinə, işgəncələrə və ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar yer alıb. Təbii ki, Dövlət Departamentinin məlumatlarında sadalananlar xalqımıza qarşı törədilən erməni vəhşiliyinin dəryada damla misalı qədər cüzi , faciələrin tam mənzərəsi deyil. Erməni terrorçularının qana hərisliyinin bu gün də davam etməsi bölgədə sülhün yaranması üçün imzalanan sənədləri belə etibarsız edir. İşğaldan azad edilmiş ərazilərdə sülhyaratma missiyasını yerinə yetirməli olanların quldur ermənilərə yaşıl «işıq» yandırmaları, Azərbaycanın mövqelərinin hədəfə almasına göz yummaları «köhnə hamam , köhnə tas» məsəlinin izahsız şərhidir. Quldur dəstələrinin silahlarından açılan yaylım atəşindən «qızaran» «sülh» ifadəsi urvatdan düşüb. Azərbaycanın sülhə çağırış səsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənsə də, quldur dəstələrini silahlandıran erməni əsilli, erməni təfəkkürlü qana hərislərə «çatmır Bölgədə yeni hərbi əməliyyatların başlanacağını pıçıltıları ilə bildirən, «hələ ki, biz varıq» sözlərini əməlləri ilə təsdiqləyənlər təzyiq rıçaqları ilə sülhə belə «qan uddururlar

Amma ən çətin zamanlarda belə Azərbaycan boyda müqəddəs torpağına üz tutaraq ana Vətənə ağlamağın yeri olmadığını bildirən igidlərimiz Məmməd Arazın «Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm sözünə uyğun, Dəli Domrul, Qara Çobansayaq ayağa qalxdılar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şairin sözləri ilə deyilsə Vətən sərhədinin kəməndinə bir daha baxdılar. 30 il doğmalarına həsrət qalan ərazilərimizi düşməndən azad etdilər. Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlardan xalqa etdiyi müraciətlərin sayını döyüşlərdə qazanılan uğurlarla artıran hərbçilərimiz tülkü xislətli düşmənə aslan pəncəsi ilə cavab verdilər.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi xalqımıza Qələbə sevincini yaşadan dövlət başçımız İlham Əliyev quruculuq prosesinə də liderə layiq başçılıq edir. İki il əvvəl tankların, topların səsindən diksinən torpaqlarımız doğmalarının abadlıq işlərində istifadə etdikləri texnikaların gücü ilə cana gəlir. Yollar salınır, infrastruktur yenilənir, insanların doğma yurdlarına dönməsi üçün Böyük Qayıdışın coğrafiyası genişlənir.

Amma dünyamızı sarsıdan daha bir hərb meydanındakı , Ukraynadakı müharibə dünyamızı yenidən narahat edir. Yaranan vəziyyətin dəhşətlərini müharibənin nə demək olduğunu unutmayan, ağrı-acısını hələ də yaşayan, şəhid nisgillərinin sağalmayan yaralarının qopan qaysaqlarının sızıltısını çəkən azərbaycanlılar daha çox hiss edirlər. Qarabağ və Ukrayna müharibələrinin yaranma səbəbləri, günahsız yerə qətlə yetirilənlərin , evlərindən didərgin salınanların taleləri kimi üzləşdikləri bəlaların ürək parçalayan faciələri də oxşardır. Erməni silahlılarının viran qoyduqları Ağdamın, Füzulinin, Tərtərin, Kəlbəcərin, Cəbrayılın bənzəri olan Ukraynanın Kiyev, Mariupol, Çerniqov, Volnovaxa, Xarkov və digər şəhərlərin dağıdılmış mənzərəsi ürək ağrıdır. Dağıdılmış şəhərlərin küçələrində sahibsiz qalmış insan cəsədləri, öldürülən uşaqlar, yaşamaq naminə sığınacaqlarda hər an ölümün nəfəsini hiss edənlərin taleləri Azərbaycan xalqını da narahat edir. Fərq ondadır ki, nə qədər ağır mərhumiyyətlərə düçar olsalar da azərbaycanlılar Vətənlərini tərk etmədilər. Öldülər, diri-diri yandırıldılar, ən ağır işgəncələrə məruz qaldılar amma «Qarabağ Ermənistanındır», «Artsax» sözünü dedirdə bilmədilər. Bu gün bütün dünya ictimaiyyətini dilemma qarşısında qoyan, həyəcan doğuran sual budur: Azərbaycan və Ukrayna müharibələri sonuncudurmu?

 

Şairin «Hələ bu dünyanın qeylü-qalı çox,

Bilməm zəhəri çox-yoxsa balı çox.

Çox verdim özümə bu sualı çox.

Ərzin nadanından ağsaqqalı çox!

 

«Bəs niyə bu dünya düzəlmir, baba» sualının cavabını dünyanın çərxini istədikləri səmtə fırladan, iti atından baha olduğu, insanlığın çıraqla axtarıldığı bir dövrdə zamana hökm edən «dünya babaları»nın cavablandırmalarının vaxtıdır.

Dünya düzəninin pozulduğu, hələ də silahların səsləndiyi dünyamızda doğma yurdumuzu «Azərbaycan –qayalarda bitən bir çiçək, Azərbaycan –çiçəklərin içində qaya» adlandıran,

 

Başımın üstündə müqəddəs Quran,

Sənə inanıram, ölkə rəhbəri!

Sənə inanıram, keşikdə duran

Ayıq Vətən oğlu, Vətən əsgəri!

 

yazan şair sağlığında da inanırdı ki, ən çətin, mürəkkəb bir zamanlarda ölkəmizi hər cür təhlükələrdən çıxarmaq qüdrətinə malik liderimiz, sərkərdəmiz, Prezident İlham Əliyev ölkəmizə «Azərbaycan deyiləndə ayağa dur!» misrasına bənzəyən dövlət kimi nüfuz qazandırır, beynəlxalq ictimaiyyətə hər bir vətəndaşımızın adı ilə belə qürur duyduğu möhtəşəm Azərbaycanı təqdim edir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 16 aprel.- S.11.