Əbədiyaşarlıq və ya
ömürlərə səpilən
işıq
Onun ömrünü gur, heç vaxt öləziməyən bir işığa bənzətmək olar. Nə idi bu işıq?
O, gözünü bu dünyaya açanda ocaqlarının qırağında, süfrələrinin yuxarı başında babalarının ruhunu görmüşdü. Görmüşdü ki, bu nəsildə heç kim ölmür. Cismən ayrılıb torpağa qovuşanlar, dünyasını dəyişənlər də həmişə öz övladları və nəvə-nəticələri arasındadır: Onlar öz söz-söhbətləri, deyimləri, qoyub getdikləri xoş və unudulmaz xatirələri ilə yaşayırlar...
Bu, nəsildən, babalarından gələn işıq idimi?
Özünə işıqlı bir sənət seçmişdi- dünya işığını itirən gözlərə nur paylayırdı. Üstəlik, müəllim kimi, pedaqoq kimi işıqlı bir peşənin yolçusu idi.
Bəlkə bu, onun peşəsindən, sənətindən, tutduğu yoldan gələn işıq idi?
Demək çətindir...
Amma bir işıq da onun özü idi.
Zəhra xanım özü boyda, ömrü boyda, əməlləri boyda bir işıq idi...
İllərdir ki, bu işıq süzülə-süzülə gəlir, onun xatirələrini, izlərini nura boyayır...
Görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, Əməkdar elm və ictimai xadim Zəhra Quliyevanın əllərinin şəfasından, qəlbinin hərarətindən nur payı alanların çoxu hələ bizim müasirimizdir və onlar bu xeyirxah qəlbli xanımı həmişə hörmət və ehtiramla xatırlayırlar.
Heç də əbəs yerə deyilməyib ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Bu mənada Zəhra Quliyevanı xoşbəxt insan hesab etmək olar. O, böyük həkim, görkəmli alim idi. Zəhra Quliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasına çox böyük əmək sərf edib. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Zəhra xanımın bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə söykənirdi. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və bu iki amil onda birləşmişdir. Onun həyat yolunu vərəqlədikcə bir daha bunun şahidi oluruq.
Taleyin
sınaqları ilə üz-üzə
1923-cü il yanvarın 18-də Bakıda dünyaya göz açan Zəhra xanım dövrünün köklü, sayılıb-seçilən və nəcabətli nəsillərindən birinin övladı idi. Milli-mənəvi köklərə bağlılıqla yanaşı, Zəhra xanımın doğulduğu ailənin övladlarında elmə, sənətə böyük və tükənməz həvəs olub.
Müqəddəs bir adı daşıyan bu zərif xanım ona verilən Zəhra adının mənasından doğan “parlaq”lığı ömrü boyu yaşatdı və bu gün də həmin adın ziyası işıq saçmaqdadı.
Atası Tahir bəy Bakıda orta təhsilini başa vurduqdan sonra Moskva Dəmir Yolu Nəqliyyatı İnstitutunu bitirərək mühəndis ixtisasına yiyələnib. Vətəninə mükəmməl bilikli mütəxəssis kimi qayıdıb. Bakı-Sabunçu-Buzovna-Mərdəkan istiqamətində açılan ilk "konka" yolunun layihəsini məhz o hazırlayıb. Tahir Quliyev professor adını almış ilk azərbaycanlılardan idi. Ona həmkarları, tələbələri professor deyə müraciət etsələr də, ailədə xüsusi hörmət əlaməti olaraq “Ağa” deyiblər.
Zəhranın anası əslən Qubadan olsa da, Bakıya gəlin köçmüşdü. Ona bütün azərbaycanlı xanımlara xas olan abır-həya, ismət, mehribanlıq, alicənablıq xas idi.
Lakin tale Zəhraya iki anadan tərbiyə almağı qismət etmişdi: doğma anası Camal çox gənc ikən dünyasını dəyişib. O, həyatın ilk və ağır acısını o vaxt dadmışdı. On yaşlı Zəhra, üç yaşlı Fəridə və səkkiz aylıq Fərid ana nəfəsindən məhrum olaraq Tahir bəyin ümidinə qalır.
Tahir bəy övladlarının xatirinə ikinci dəfə ailə qurur. Onun evləndiyi xanım dostu, şair Əhməd Cavadın baldızı Nəzirə idi. Əhməd Cavad və onun həyat yoldaşı Şükriyyə xanım Tahir bəyi çox istədiklərindən Nəzirənin onun uşaqlarına analıq etməsini məsləhət görürlər.
Bundan sonra ailədə Fəhmiyyə və Faiq adında daha iki körpə dünyaya gəlir. Nəzirə Tahir bəyin əvvəlki nikahından olan üç övladını da öz balalarından seçmir, beş uşağın əziyyətinə qatlaşır.
Bundan sonra Zəhra taleyinin daha bir ağır zərbəsini
alır. 20 yaşı olanda atasını itirir. Lakin aldığı məhrumiyyətlərə,
taleyin ağır və gözlənilməz sınaqlarına
sinə gərərək özünü itirmir. Hər zaman ayaqda durmağı, özü
olmağı bacarır.
Zəhra
xanım valideynlərini həmişə xoş duyğularla
xatırlayaraq yazırdı: "Atamdan təhsilə, elmə
həvəs, zəka, səxavət, humanistlik, torpağa, xalqa
məhəbbət dərsləri almışam. Anamdan zəriflik, incəlik, mərhəmət, sədaqət,
fədakarlıq, sevgi hissləri əxz etmişəm”.
Oftalmologiyaya aparan yollar
O,
1940-cı ildə Bakıdakı 132 nömrəli orta məktəbi
“əla” qiymətlə bitirdiyinə görə Azərbaycan
Dövlət Tibb İnstitutuna imtahansız qəbul edilir. Müalicə-profilaktika fakültəsində təhsil
alır və tibbi ixtisaslar arasında daha çox ürəyinə
yatan oftalmologiyanı seçir və bütün
ömrünü göz həkimliyi kimi incə və çətin
sənətə həsr etməyi qərara alır.
1944-cü
ildə ali məktəbi əla qiymətlərlə
bitirən gənc həkimin istedadını və zəhmətsevərliyini
nəzərə alaraq Dövlət Komissiyasının vəsatətilə
ona Göz xəstəlikləri kafedrasında ordinator vəzifəsini
tapşırırlar. Zəhra xanım xatirələrində
yazırdı: "Göz xəstəlikləri kafedrasında
mən bir il professor Trubinlə işlədim. O,
dünyasını dəyişdikdən sonra kafedra müdiri
Umnisə xanım Musabəyova oldu. Mənim
oftalmologiya sahəsindəki inkişafımda professor Umnisə
xanımın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi və himayəsi altında həm
namizədlik, həm də doktorluq elmi işlərimi müdafiə
etmişəm. Umnisə xanım sadəliyin,
nəcibliyin, kübarlığın,
ziyalılığın timsalı idi".
O, ilk həkimlik
çağlarından peşəsinə can yanğısı
ilə bağlanıb. Tələbə ikən
müharibə illərində həm oxuyub, həm də
işləyib. Ötən əsrin 40-50-ci
illərində ölkədə geniş yayılan traxoma xəstəliyinə
qarşı mübarizəyə fəal qoşulub. Bu xəstəliyin ləğvi üçün gecəsini
gündüzünə qatıb.
Zəhra Quliyeva 1946-cı ildə assistent, 1959-cu ildə
dosent vəzifəsinə seçilir. O, pedaqoji fəaliyyəti ilə
yanaşı, elmi axtarışlarını da davam etdirir. Beləliklə, 1958-ci ildə “Müxtəlif
üsulla büllurun çıxarılmasında buynuz
qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi”
mövzusunda namizədlik dissertasiyasını müdafiə
edir.
Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və
akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusunda
doktorluq dissertasiyası üzərində işləməyə
başlayır. Bununla əlaqədar Moskvaya ezam olunur,
Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası
İnstitutunun rəng duyğusu laboratoriyasında
araşdırmalar aparır. 1967-ci ildə
həmin mövzudakı elmi işi uğurla müdafiə edərək
elmlər doktoru dərəcəsi alır.
Bir il sonra Zəhra xanım Azərbaycan Dövlət
Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru
seçilir. 1975-ci ildə isə həmin
kafedranın müdiri olur. Alimin tədqiqatları
o zaman oftalmologiyanın ümdə problemləri sayılan
refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, torlu
qişa və görmə siniri xəstəliklərinin
öyrənilməsi sahəsini əhatə edir.
Zəhra xanım öyrənə-öyrənə,
öyrədə-öyrədə, oftalmologiyanın incəliklərinə
yiyələnə-yiyələnə elmin uca zirvəsinə
yüksəlib. Peşəsinin dərin bilicisi olan həkimlər
haqqında deyirlər: Əlləri şəfalıdır, qəlbi
nurludur! Şəfalı əllər, nurlu qəlb
sahibi olan Zəhra Quliyeva oftalmologiyada öz məktəbini
yaradıb.
Zəhra xanım hər zaman özünü xəstənin
ən yaxını hesab edib, onlara bacı nəvazişi ilə,
ana qayğısı ilə yanaşıb. Ona görə
də ona peşəkar həkim kimi üz tutanların
sayı-hesabı olmayıb. O, xəstələrin
böyük inamını qazanıb. Nəinki Azərbaycandan,
keçmiş sovetlər birliyinin hər yerindən Zəhra
xanıma üz tutanların sayı-hesabı olmayıb. O da
dinindən, dilindən, irqi mənsubiyyətindən
asılı olmayaraq hamıya eyni gözlə baxıb və
neçə-neçə xəstəyə şəfa verib,
onların gözünü dünya işığına
açıb.
Zəhra xanım heç vaxt ad-san, şan-şöhrət,
orden-medal dalınca qaçmayıb. Bir həkim kimi yeganə
məqamı ona üz tutan xəstələrə kömək
etmək, gözü dünya işığını itirənlərə
nur paylamaq olub. Həkimlik sənəti onun
üçün öz xalqına ürəyinin hərarətini
çatdırmaqda, ona layiqincə xidmət etməkdə bir
vasitə idi. Zəhra xanım xatirələrində
yazırdı: "Həyatımda heç vaxt qarşıma
məqsəd qoymamışam ki, mən şöhrətə
çatım, alim, professor, vəzifə sahibi olum. Amma
ömrü boyu vicdanla, təmiz, halal əməyimlə
çalışmışam... Tələbəlik
illərim çox ağrılı keçib. Oxuya-oxuya işləmək məcburiyyətində
qalmışdım. Ailəyə kömək
etməliydim. Qrup yoldaşım Aliyə
İbrahimbəyovanın atası Qanköçürmə
İnstitutunda işləyirdi. Bizi də
ora işə düzəltmişdi. Donor-cərrah
kimi donorlardan qan götürürdük".
Heç şübhəsiz ki, xəstələri sevməyi,
duymağı, onların ağrılarını hiss etməyi
və var qüvvəsi ilə köməyə can
atmağı da məhz o vaxt öyrənmişdi. Bu hisslər
onu ömrü boyu müşayiət etmişdir.
Həyatda qazandığım
bütün uğurlara
görə mən yalnız ona borcluyam
Zəhra Quliyeva milli ideallara bağlı vətənpərvər
ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi
naminə yorulmadan fəaliyyət göstərib,
dövrünün ictimai-siyasi hadisələrində həmişə
ön sıralarda olub. Ümummilli lider Heydər Əliyevin siyasi
kursuna sadiqlik xəttini seçib, Ulu Öndərin rəhbərliyi
altında həyata keçirilən dövlət quruculuğu
prosesində fəal iştirak edib. Onun
ömür yollarının mənalı anlarını məhz
dahi şəxsiyyətin yaratdığı idarəçilik
məktəbindən keçməsi, Əliyevlər ailəsinin
xeyir-duası ilə başladığı işlərin
uğurları təşkil edib. Belə nəcib
ailədən görüb, öyrənib, əxz etdiyi həyat
dərsləri alimin daim bələdçisinə
çevrilib. Zəhra xanım xatirələrində
özünün xoşbəxt insan olduğunu bildirirdi.
O yazırdı: "Özümü xoşbəxt sayıram,
ona görə ki, mənəviyyatca yüksək, qüdrətli
insanlarla bir dövrdə yaşamışam,
çalışmışam, onları özümə
arxa-dayaq saymışam. Tale məni həyatda
qüdrətli şəxsiyyət Heydər Əliyevlə qarşılaşdırdı.
Bu dahi şəxsiyyət həyatıma mayak
kimi yaşıl işıq yandırdı, yüksəlişimdə,
cəmiyyətdə mövqe tutmağımda həmişə
mənə qayğı göstərdi. Həyatda
qazandığım bütün uğurlara görə mən
yalnız ona borcluyam. Rektor təyin edilməyim,
komitə sədri olmağım Heydər Əlirza oğlunun mənə
göstərdiyi etimadın, qayğının, xoş
münasibətin təzahürüdür. Bu dahi insanın həyat yoldaşı akademik Zərifə
xanımla bir yerdə işləmişəm, dostluq,
yoldaşlıq etmişəm".
Zəhra xanım bütün bunları minnətdarlıq
hissi ilə xatırlayır, ona böyük etimad göstərildiyini
həmişə qeyd edirdi.
Onun gənclik illərindən başlayaraq sədaqətli
rəfiqəsi akademik Zərifə Əliyeva olub. İllərin
sınağından çıxmış,
qarşılıqlı hörmətə əsaslanan bu dostluq
haqqında Zəhra xanım belə deyirdi: "Bizi onunla
bütün saxtakarlıqdan uzaq, təmənnasız olan
dostluq əlaqələri bağlayırdı. Bu
dostluq hissləri bir yandan bir-birini başa düşməyə
və kömək göstərməyə hazır
olmağımızla üzə çıxırdı, digər
tərəfdən isə səmimi məhəbbətə və
dərindən dərk olunan hörmətə əsaslanırdı".
İlk qadın rektor
Zəhra Quliyeva 1972-1983-cü illərdə Azərbaycan
Dövlət Tibb İnstitutunun (hazırkı ADTU) rektoru vəzifəsində
işləyib.
Onun rəhbərliyi ilə ölkəmiz
üçün dəyərli həkim kadrlar
hazırlanıb.
Həmin illər onun həyatının xüsusi mərhələsini,
bəhrəli dövrünü, maraqlı
yaşantılarını təşkil edir. İstedadı,
işgüzarlığı, qabiliyyəti, təşkilatçılığı
sayəsində o, bu vəzifəyə layiq görülüb.
Elmi işlər üzrə direktor müavini,
kafedra müdiri, tədris işləri üzrə prorektor vəzifəsində
çalışdığı zaman qazandığı zəngin
təcrübə, idarəetmə məharəti, böyük
elmi potensialı, hərtərəfli
dünyagörüşü, gözəl mənəviyyatı
Tibb İnstitutunun rektoru seçilməsinə münbit zəmin
yaradıb.
Zəhra xanım təyinatının ilk günündən
ona göstərilən etimadı doğrultmaq
üçün var qüvvəsi ilə
çalışıb. O, rektor kimi ali təhsil
ocağında, ilk növbədə, nizam-intizamın möhkəmləndirilməsinə
xüsusi diqqət yetirib, təlim-tərbiyə prosesləri təkmilləşdirilib.
Professor-müəllim heyətinin, tələbələrin
iş və məişət şəraitinin
yaxşılaşdırılmasına xüsusi diqqət yetirib.
İnstitutda yeni tədris korpusları tikilməyə
başlanılıb, abadlıq-quruculuq tədbirləri
genişləndirilib. İnstituta qəbul
olunan gənclərin sayı artırılıb. Yeni kafedralar və təlim kursları
yaradılıb. Alimlərin elmi əsərlərinin,
monoqrafiyalarının, eləcə də dərsliklərin nəşrinə
xüsusi qayğı göstərilməyə
başlanıb. Aspirantlara, namizədlik,
doktorluq dissertasiyaları üzərində işləyən
alimlərə qayğı gücləndirilib və
bütün bunlar təhsil ocağına uğur dalınca
uğurlar gətirib.
Zəhra Quliyeva 160-dan çox elmi məqalənin,
dörd monoqrafiyanın müəllifidir. Tibb
Universitetinin tələbələri və gənc həkimlər
üçün Azərbaycan dilində "Göz xəstəlikləri"
kitabı və dörd dərs vəsaiti yazıb. Bir ixtira və dörd səmərələşdirici
təklif irəli sürüb. Onun rəhbərliyi
ilə namizədlik, doktorluq dissertasiyaları müdafiə
edilib.
Müəllim öz tələbələrinə təkcə
bilik yox, həm də ədəb-ərkan dərsi
aşılayırdı. Bu mənada Zəhra xanım deyirdi: “Biz milli mədəniyyətimizi
qoruyub saxlamalıyıq, onu daha da zənginləşdirməli,
yad təsirlərdən hifz etməliyik. Heç kim Qərb mədəniyyətinin, musiqisinin,
incəsənətinin əleyhinə deyil. Biz azərbaycanlıyıq,
ingilis, ispan, fransız ola bilmərik.
İlk növbədə, öz dilimizi, anamızın
laylasını bilməli, mədəniyyətimizi, adət-ənənələrimizi
öyrənməliyik...”
Təsadüfi
deyil ki, neçə illər sonra ulu öndər Heydər
Əliyev Azərbaycan Tibb Universitetinin 70 illik yubileyindəki
nitqində Zəhra xanımın uğurlarını və
xidmətlərini yüksək qiymətləndirərək
demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim
zaman Tibb İnstitutuna uzun illər - 11 il Zəhra xanım
Quliyeva rəhbərlik edibdir. Hesab edirəm ki, o, bu institutda əvvəlki
rektorların hamısından çox işləyib... Hətta böyük fəaliyyətinə görə
biz onu Azərbaycanın Qadın Problemləri üzrə
Dövlət Komitəsinin sədri təyin etmişik və
qadın hərəkatını daha da genişləndirmək
istəyirik".
“Səhiyyə əlaçısı” Zəhra Quliyeva
1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri
olub. SSRİ dövründə o, həmçinin
Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin üzvü
seçilib.
Zəhra xanım istər həkim və alim, istərsə
də ictimai xadim kimi ölkəmizi bir sıra beynəlxalq tədbirlərdə
ləyaqətlə təmsil edib. Belə ki, 1971-ci ildə
ABŞ-ın Çikaqo şəhərində
qadınların iqtisadi və irqi birlik uğrunda birinci
qurultayının iştirakçısı, 1973-cü ildə
Varşava müqaviləsinin 20 illiyində parlament nümayəndəsi,
Polşa, Almaniya, İsveçrə, Danimarka, Norveç,
Finlandiya, Baltikyanı ölkələrdə keçirilən
sülh günlərinin iştirakçısı olub.
Hər bir qadının dayağı
və ümid yeri
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra ölkədə qadın siyasətini dövlət səviyyəsində
həll etmək zərurəti yarandı. 1998-ci il
yanvarın 14-də ümummilli lider Heydər Əliyevin Fərmanı
ilə ölkədə Qadın Problemləri üzrə
Dövlət Komitəsi yaradıldı. Bu, Azərbaycanda
deyil, onun xaricində də böyük maraq və əks-səda
doğurdu.
Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə
Qadın Problemləri üzrə Dövlət Komitəsinin
(hazırkı Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi) sədri Zəhra xanım
Quliyeva təyin olundu.
Hansı vəzifədə çalışmasından
asılı olmayaraq, Zəhra xanım həmişə ictimai
işlərdə fəal iştirak edib və onun fəaliyyəti
daim qadın hərəkatı ilə bağlı olub. Hələ
1950-ci illərdə gənc həkim Azərbaycan
qadınlarının maariflənməsi, ideya tərbiyəsi
işində yaxından iştirak edirdi, onların təhsilə,
elmə cəlb olunmasında yorulmadan təbliğat
aparırdı. Uzun müddət
Bakının Nəsimi rayonunda Qadınlar Şurasının
üzvü və sədri olub. SSRİ Ali Sovetinin deputatı
olduğu dövrdə qadın problemlərini
araşdırıb, İttifaq Sovetində Qadın Problemləri
üzrə Komitənin sədri, dünyada ilk kosmonavt qadın
Valentina Tereşkovanın müavini işləyib. 1995-ci ildə "Sevil" Qadınlar Məclisinin sədr
müavini seçilib.
Komitə Zəhra Quliyevanın rəhbərliyi ilə
ölkədə qadınlar, gənclər və uşaqlarla
bağlı dövlət qanunlarını, Prezidentin fərman
və sərəncamlarını yerinə yetirirdi. Azərbaycan
qadınlarının ölkənin ictimai, siyasi və iqtisadi
həyatında rolunu artırmaq üçün
respublikanın bütün müvafiq qurum və təşkilatları
ilə sıx əməkdaşlıq qurulurdu. Qadınların hüquqlarının qorunması sahəsində
geniş işlər aparılırdı. Ölkədə
qadın siyasəti müasir tələblər səviyyəsində
- gender siyasəti nəzərə alınmaqla həyata
keçirilirdi, mənəviyyat məsələlərinə
xüsusi diqqət yetirilirdi.
Bundan əlavə, komitənin beynəlxalq təşkilatlarla
əlaqələri günbəgün genişlənirdi. O, var qüvvəsi ilə
bütün dünyada Azərbaycan qadınının
nüfuzunun artmasına çalışırdı.
Z.Quliyeva
2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi
- sülh və inkişaf XXI əsrdə" mövzusunda
BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında
çıxış edən ilk azərbaycanlı qadın
olub. Həmin sessiyada "Qadınlara
qarşı bütün növ ayrı-seçkiliyin ləğv
edilməsi haqqında" Konvensiyanın fakültativ
protokolunun imzalanması ölkə rəhbərinin Fərmanı
ilə ona həvalə edilmişdi.
Həm SSRİ dövründə, həm də müstəqillik
zamanı Zəhra xanım bir sıra dövlət
mükafatlarına layiq görülüb. Sovetlər vaxtı o,
"Qırmızı Əmək Bayrağı" və
"Şərəf nişanı" ordenlərinə,
müstəqillik illərində isə ölkəmizin
"Şöhrət" ordeninə layiq görülüb.
Zəhra Quliyeva Yeni Azərbaycan Partiyasının və
onun Siyasi Şurasının üzvü olub.
Zəhra xanımın zəngin həyat və elmi təcrübəsi
bir məktəbdir. O, ölkədə qadın problemləri ilə
yaxından məşğul olur, tez-tez qaçqın və məcburi
köçkün qadınların yaşadıqları
ünvanlara üz tuturdu. Onun yolunu hər yerdə gözləyirdilər:
komitə sədri, həkim, müəllim, ziyalı kimi. O, həmişə
Azərbaycan qadınlarına kömək edir, onlara dayaq
dururdu.
Onun işığı ilə
Ədəbiyyat
üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor
deyirdi: “Qocaman palıdın sonrakı ömrünü onun
dibindən çıxan pöhrələr yaşadır”. Köklü, qollu-budaqlı, nəcib bir ailədə
böyüyən Zəhra xanımın yolunu bu gün yeganə
qızı Cəmilə Səttarova və nəvə-nəticələri
davam etdirir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Cəmilə Səttarova deyir: “Anam
haqqında xatirələrim yaddaşımda dərin, silinməz
izlər buraxıb. O, çox qayğıkeş, sadə və
səmimi insan idi. İstər ailədə, istərsə
də qohumlar arasında heç vaxt əməlləri,
gördüyü işlər barədə
danışmazdı. Ailə üzvlərinə,
uşaqlarına və nəvələrinə xüsusi diqqətlə
yanaşardı. O qədər mehriban və
qayğıkeş idi ki, onun yanımızdan
ayrılmasını istəmirdik, lakin işi çox
olduğundan üzünü az-az görürdük. Çox məsuliyyətli və tələbkar idi.
İndinin özündə də hansısa bir işi görəndə
öz-özümə hesabat verirəm: görəsən o, bu
məsələyə necə münasibət bildirərdi, bu
işə nə qiymət verərdi? Bu hiss bir an
da olsun məni tərk etmir. Gün ərzində bir neçə
dəfə ürəyimdə ona hesabat verirəm...”
Zəhra xanım “Həyatımın sevinci
balalarımdır”, - deyirdi. Övladlarını
xeyirxah, nəcib, qayğıkeş və hamıya
canıyanan böyütməyə
çalışırdı. Laqeydlik, biganəlik
ona yad idi, başqalarının problemini öz problemi,
ağrısını öz ağrısı kimi qəbul
edirdi.
Bəlkə də bu, onun həkimlik və müəllimliyindən
irəli gəlirdi. Göz həkimi gözlərə, müəllim
isə beyinlərə işıq və nur paylayır. Bu peşələrin hər ikisi işıqla
bağlıdır. Bu işıq onun
bütün ömründən keçirdi. İllər ötüb keçib, biz yenə də
onun qoyub getdiyi işığı tutub gedirik.
Görkəmli
alim, ictimai xadim Zəhra Quliyeva bu işıqlı dünyada
82 il yaşadı. O, öz
ömrünün çox hissəsini tibb elminin,
oftalmologiyanın inkişafına həsr etdi. Azərbaycan həkimlərinin,
oftalmoloqlarının bir neçə nəsli
üçün o, müəllim, həmkar, dost oldu.
Gələn
il - 2023-cü ilin yanvarında onun 100 illik
yubileyi qeyd olunacaq. Aradan illər keçsə də,
o, sadəliyin, nəcibliyin, kübarlığın,
ziyalılığın timsalı kimi yaddaşlarda
yaşayır.
Zəhra xanım rektor işləyərkən tələbələrdən
biri sessiyalarda iştirak etmədiyi, aşağı qiymət
aldığı üçün institutdan xaric edilir. Valideynləri
rektorun yanına gəlib, ondan kömək istəyir,
qızlarının 2 illik zəhmətinə
qıymamağı, taleyini puç etməməyi xahiş
edirlər. Zəhra xanım deyir: “Həkimlik olduqca məsuliyyətli
peşədir. Həkim insan
sağlamlığının keşikçisidir. Başqalarının səhvini bəlkə də
düzəltmək mümkündür, həkimlərin səhvini
isə yox. İndinin savadsız tələbəsinə
gələcəkdə insan taleyi bağışlamaq olmaz...”.
Zəhra xanım tələbənin valideynlərini xeyli
məzəmmət etdikdən sonra qızlarını institutda
saxlayır.
Amma bu yeganə misal deyil ki?.. Onun səhvlərini
bağışladığı, düz yol göstərdiyi, cəmiyyətə,
millətə yararlı vətəndaş kimi yetişdirdiyi
onlarla, yüzlərlə tələbələri var.
Zəhra xanım belə bir ürəyin sahibi idi, həm
öyrətməyi, həm tələb etməyi, həm tərbiyə
verməyi, həm də bağışlamağı
bacarırdı. Ona görə də hər zaman yüksəklərdə
olacaq, hər zaman xatırlanacaq və həmişə ürəklərdə
yaşayacaq.
Lap
yüz illər keçsə də...
Abdulla Suvar
İki sahil.- 2022.- 16 aprel.- S.14; 18.